Nəsimi rayonunda “Azərbaycan Gəncliyi
2013-2018: Yeni Perspektivlər və Yeni Üfüqlər” adlı tədbir keçirilib
Məlahət İbrahimqızı: Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün Azərbaycan dünyanın ən inkişaf etmiş ölkələri sırasında yer almaqla bərabər, artıq donor bir ölkəyə çevrilib
Dünən Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatı və Nəsimi rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Azərbaycan Gəncliyi 2013-2018: Yeni Perspektivlər və Yeni Üfüqlər” adlı tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan YAP Nəsimi rayon təşkilatının sədri, partiyanın Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı qeyd edib ki, ölkə ictimaiyyəti bu günlərdə çox əlamətdar, tarixi günlər ərəfəsində yaşayır. Belə ki, qarşıdan 24 dekabr-möhtərəm Prezidentimiz İlham Əliyevin doğum günü və 31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik günü gəlir: “Bu gün biz, həm də başa çatan ilə bir hesabat verəcəyik. Çünki biz Yeni Azərbaycan Partiyasının, eyni bir komandanın üzvləri olaraq, birlikdə bu şərəfli yolu keçmişik”.
Üzünü gənclərə tutan millət vəkili, özlərinə gözəl bir yol seçdikləri üçün onların çox şanslı olduqlarını vurğulayıb: “Siz gənclər ona görə xoşbəxtsiniz ki, öz gələcəyinizi, taleyinizi, fəaliyyətinizi Ulu öndər Heydər Əliyevin, eyni zamanda, Azərbaycanı dünyaya tanıdan, onu bölgənin lider ölkəsinə, eləcə də Avrasiyanın ən önəmli dövlətinə çevirən möhtərəm Prezident İlham Əliyevin fəaliyyəti ilə bağlamısınız. Hazırda Prezidentimizin diqqət və qayğısı nəticəsində respublikamızın hər bir qarışı inkişaf edir, çiçəklənir, hər rayonda tikinti-quruculuq və abadlıq işləri davam etdirilir. Bu gün Azərbaycan paytaxtı dünyanın ən gözəl və ən inkişaf etmiş şəhərlərindən birinə çevrilib. Ötən il doğma Bakımız Avropanın ən nüfuzlu musiqi yarışması olan “Eurovision” mahnı müsabiqəsinə ev sahibliyi etdi. 2015-ci ildə Azərbaycan tarixdə ilk dəfə keçiriləcək Avropa Olimpiya Oyunlarına, 2017-ci ildə isə İslam ölkələri Olimpiya Oyunlarına evsahibliyi edəcək. Bütün bunlar möhtərəm Prezidentimizin ötən 10 ildə gördüyü misilsiz fəaliyyətin nəticəsidir”.
Onun sözlərinə görə, ötən 10 il müstəqil Azərbaycanın tarixinə qızıl hərflərlə yazılıb. Azərbaycanın xarici siyasət sahəsində uğurlarından danışan natiq, ötən həftə Bakıda “Şahdəniz-2” üzrə yekun investisiya qərarının imzalanmasını xüsusilə vurğulayıb. Onun sözlərinə görə, əgər Ulu öndərin müəllifliyi ilə 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” Azərbaycanı bir enerji ölkəsi kimi dünyaya tanıtdısa, son saziş Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin əsas təminatçısı kimi şöhrətini bir daha yüksəltdi.
M.İbrahimqızı əldə olunan bütün bu nailiyyətlərin, hər bir ölkə vətəndaşının, o cümlədən, gənclərin qarşısında böyük məsuliyyətlər qoyduğunu deyib. “Bu gün Azərbaycan Avropa ölkələrinə investisiya yatıran, eyni zamanda, donor bir ölkəyə çevrilib. Bu gün Azərbaycan sərmayəsini Balkanlarda, eləcə də, Avropanın digər inkişaf etmiş ölkələrində görmək mümükündür. Buna sözsüz ki, Prezidentimiz İlham Əliyevin misilsiz xidmətləri sayəsində nail olunub. Odur ki, biz Ulu öndərimizin siyasətini uğurla davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyevə yardımçı olmalı, Onun ətrafında sıx birləşməliyik”,-deyə təşkilat sədri qarşıda bizi şərəfli beşillik gözlədiyini və Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqının bu beşilliyə yeni-yeni nailiyyətlərlə getdiyini vurğulayıb.
Tədbirdə çıxış edən YAP Nəsimi rayon təşkilatının İdarə Heyətinin üzvü, Nəsimi rayon İH-nin başçısı Nəsib Məhəməliyev deyib ki, 2003-cü ildən başlayaraq, Prezident İlham Əliyev ötən müddət ərzində Azərbaycanı dünyanın ən inkişaf etmiş ölkələri sırasına çıxarıb: “Bu gün Azərbaycan nəinki regionda, hətta dünya miqyasında xüsusi çəkiyə malik bir ölkəyə, lider dövlətə çevrilib. Azərbaycan nüfuzlu beynəlxalq və regional təşkilatların üzvüdür, beynəlxalq təşkilatlarda söz sahibinə çevrilib. Ötən 10 il ərzində Azərbaycan iqtisadiyyatı 300 faiz artıb. Bu gün Azərbaycanın təkcə hərbi büdcəsi bir neçə ölkənin dövlət büdcəsindən belə artıqdır. Ötən dövr ərzində respublikamızda minlərlə orta məktəb binaları tikilib, yüzlərlə səhiyyə ocaqları, xəstəxanalar, diaqnostika mərkəzləri, klinikalar istifadəyə verilib. Bu gün Azərbaycan xarici bazarlara nəinki neft və qaz, hətta qonşu dövlətlərə artıq elektrik enerjisi ixrac etməkdədir. Bütün bunlara möhtərəm Prezidentimiz İlham Əliyevin apardığı məqsədyonlü və uğurlu daxili və xarici siyasəti sayəsində nail olunub”.
Natiq, daha sonra, ölkədə uğurlu gənclər siyasətinin də aparıldığını qeyd edib. Onun sözlərinə görə, bu gün təxminən 3000 Azərbaycan gənci dövlət büdcəsindən ayrılan vəsaitlər hesabına dünyanın ən reytinqli, nüfuzlu ali məktəblərində təhsil alırlar. Onlar sabah təhsillərini bitirərək, ölkəmizə qayıdacaq, öz bilik və bacarıqları ilə dövlət quruculuğu işlərinə töhfələr verəcəklər. “Odur ki, mən bütün gəncləri, Prezident İlham Əliyevdən nümunə götürməyə, Onun kimi öz fəaliyyətlərini xalqının və dövlətinin inkişafına həsr etməyə arzu edirəm”, - deyən N.Məhəməliyev gəncləri həmçinin, qarşıdan gələn bayramlar - Yeni İl və 31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibəti ilə də təbrik edib.
Sonda rayonun ictimai-siyasi həyatında fəal iştirak edən YAP üzvlərinə diplomlar təqdim olunub.
Sonra tədbir tanınmış incəsənət ustalarının ifasında konsert proqramı ilə davam etdirilib.
Səlim Loğmanoğlu
Yeni Azərbaycan.-2013.- 24 dekabr.- S.9.343549