Rusiyanın Volqoqrad şəhərində “Volqoqrad-Bakı: Dostluq Parkı” açılıb

 

                                                                           Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva açılışda iştirak edib

 

Dekabrın 20-də Rusiyanın Volqoqrad şəhərində Azərbaycan-Rusiya dostluğunun rəmzi olan yeni park açılıb.

“Volqoqrad-Bakı: Dostluq Parkı”nın açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, Volqoqrad vilayəti hökumətinin sədri Sergey Bajenov, Volqoqrad şəhərinin başçısı İrina Quseva və digər rəsmi şəxslər iştirak ediblər.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva açılış mərasimində çıxış edərək səmimi qəbula görə təşəkkürünü bildirib. Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin həyata keçirdiyi layihələrdən danışan Leyla Əliyeva vurğulayıb ki, son bir neçə il ərzində Rusiyanın Ulyanovsk şəhərində məktəb binası tikilib, M.İ.Rudomino adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasında Azərbaycan Mədəniyyət Mərkəzi açılıb, Leninqrad vilayətindəki “Nevskiy pitoçok” Beynəlmiləl xatirə xiyabanında 1941-1944-cü illərdə Leninqrad uğrunda döyüşlərdə həlak olmuş azərbaycanlı əsgərlərin xatirəsinə abidə ucaldılıb.

Heydər Əliyev Fondunun vitse-prezidenti xatırladıb ki, Azərbaycan nümayəndə heyəti Volqoqrada Həştərxandan gəlib. Orada da Fondun dəstəyi ilə park, məktəb binası, uşaq meydançası tikilib, yeni uşaq bağçasının təməli qoyulub. Heydər Əliyev Fondu daha neçə belə maralı layihə həyata keçirəcək.

Azərbaycanda böyük rus mədəniyyətinə, ədəbiyyatına və tarixinə hörmətlə yanaşıldığını qeyd edən Heydər Əliyev Fondunun vitse-prezidenti respublikamızın məktəblərində rus dilinin tədrisinin tam həcmdə saxlanıldığını, Rus Dram Teatrı, Rus Mədəniyyəti Mərkəzi, Bakı Slavyan Universiteti, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin filialının fəaliyyət göstərdiyini deyib. Leyla Əliyeva əmin olduğunu bildirib ki, dostluq, etimad və qarşılıqlı anlaşmaya əsaslanan Azərbaycan-Rusiya münasibətləri bundan sonra da möhkəmlənəcək və inkişaf edəcək.

Heydər Əliyev Fondunun vitse-prezidenti mərasim iştirakçılarını Bakıya dəvət edib. O deyib ki, Xəzərin sahili boyunca uzanan Bakı bulvarı, şəhərimizin görməli yerləri onlarda xoş təəssürat oyadacaq.

Volqoqrad vilayəti hökuməti sədrinin birinci müavini Roland Xerianov çıxışında bildirib ki, Azərbaycan inşaatçıları qısa müddətdə gözəl park salıblar. Volqoqradlılar buna görə Heydər Əliyev Fonduna minnətdardırlar. Bu parkın Rusiya ilə Azərbaycan arasında dostluq əlaqələrinin möhkəmlənməsinə xidmət edəcəyini vurğulayan R.Xerianov deyib: “Əminəm ki, yeni park xalqlarımız arasında dostluğun rəmzinə çevriləcəkdir”.

O, Volqoqradda Bakı küçəsinin olduğunu, Böyük Vətən müharibəsi illərində azərbaycanlı əsgərlərin Stalinqrad döyüşlərində qəhrəmancasına vuruşduqlarını da xatırladıb.

Volqoqrad şəhərinin başçısı İrina Quseva qeyd edib ki, vilayətin hökuməti Bakıda Stalinqrad döyüşü qəhrəmanlarının şərəfinə abidə ucaltmaq niyyətindədir.

Rusiya Prezidenti İdarəsinin regionlararası və mədəni əlaqələr departamentinin müşaviri Valeri Maksimov deyib ki, Volqoqrad mərkəzi mədəniyyət və istirahət parkının ərazisi qısa müddətdə göz oxşayan mənzərəli, abad əraziyə çevrilib. Burada şəhər sakinlərinin və qonaqların istirahəti üçün rahat infrastruktur yaradılıb.

Yeddi hektardan çox ərazidə salınmış parkda Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin barelyefi, uşaq meydançası, yaşıl zona, “Buta” və “Çay” fəvvarələri, “Qız Qalası” abidəsi, “Bakı” kafesi, Nobel qardaşlarının fotostendi var. XIX əsrin sonlarında bu parkın yerində Nobel şəhərciyi olub. Böyük Vətən müharibəsi illərində isə Bakıdan Volqa çayı ilə gətirilən neft buradakı anbarlarda saxlanılırdı. Həmin Bakı neftindən hazırlanan yanacaq döyüş təyyarələrini və tanklarını hərəkətə gətirirdi.

Dostluq” parkı qəhrəman şəhərin sakinlərinin də ürəyincədir.

Volqoqradda yaşayan həmyerlimiz Leyla Zeynalova deyib: “Azərbaycan və Volqoqrad memarlarının birgə əməyinin bəhrəsi olan bu park şəhərin bəzəyidir. Belə bir parkın yaradılması biz azərbaycanlıları daha çox sevindirir”.

Şəhərin digər sakini Natalya Sevelobova deyib ki, indi volqoqradlılar bu təmiz və abad parkda dincələcəklər: “İnşaatçılar veteranları da unutmayıblar. Heydər Əliyevin barelyefi çox xoşuma gəlir. Volqoqrad beynəlmiləl şəhərdir. Əminəm ki, burada müxtəlif millətlərin nümayəndələri mənalı istirahət edəcəklər”.

Xatırladaq ki, parkın təməli 2013-cü il iyunun 5-də Volqoqradda “Rusiya-Azərbaycan: regionlararası dialoq - 2013” IV Beynəlxalq Forumun ilk günündə keçirilən təntənəli mərasimdə qoyulub.

Parkın açılış mərasimindən sonra Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə nümayəndə heyəti Volqoqrad hökumətimin binasında qubernator Sergey Bajenov ilə görüşüb.

Görüşdə Heydər Əliyev Fondunun vitse-prezidenti vurğulayıb ki, Azərbaycan ilə Volqoqrad arasında əlaqələr inkişaf etdiriləcək, yeni layihələr reallaşdırılacaq. Leyla Əliyeva Rusiya Azərbaycanlı Gənclər Birliyinin bu regionda yeni bölməsinin açılacağını diqqətə çatdırıb.

Qubernator Sergey Bajenov ictimai və gənclər təşkilatları arasında təcrübə mübadiləsinin aparılmasının vacibliyini vurğulayıb, gələn il Bakıya işgüzar səfər etmək niyyətində olduğunu söyləyib.

İkitərəfli görüşün nəticəsi olaraq Volqoqrad vilayəti ilə Azərbaycan arasında ticarət-iqtisadi, elmi-texniki, mədəni sahələrdə əməkdaşlıq haqqında saziş protokolu imzalanıb.

Qubernator Sergey Bajenov sənədlərin imzalanması mərasimindən sonra bildirib ki, ikitərəfli dostluq və tərəfdaşlıq münasibətləri uzun illərin əməyinin bəhrəsidir və bu əlaqələr nəsillərdən nəsillərə ötürülür.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Heydər Əliyev Fondunun dəstəyi ilə Volqoqraddakı 3 nömrəli gimnaziyanın həyətində inşa olunmuş idman meydançasının açılış mərasimində iştirak edib. Yeni müasir idman meydançasında şagirdlərin basketbol, voleybolfutbol oynaması üçün hər cür şərait yaradılıb.

 

Yeni Azərbaycan.-2013.- 24 dekabr.- S.3.