Bakı şəhərinin
və onun qəsəbələrinin
inkişafı ilə bağlı kompleks
tədbirlər icra edilir
Prezident İlham Əliyev: Bakı şəhəri təkcə mərkəzdən ibarət deyildir. Bakının mərkəzdən uzaq olan yerlərində də inkişaf getməlidir və gedir
Məlum olduğu kimi, Azərbaycan hazırda sosial-iqtisadi inkişafın yeni yüksəliş dövrünü yaşayır. Bu da səbəbsiz deyil. Belə ki, məqsədyönlü iqtisadi strategiya ölkəmizin iqtisadi və siyasi sabitliyinin möhkəmlənməsinə əhəmiyyətli dərəcədə təsir edib. Neftdən daxil olan gəlirlər və düşünülmüş büdcə siyasəti ölkənin maliyyə gücünü xeyli artırıb. Eyni zamanda, qeyri-neft sektorunda gedən sürətli inkişaf respublikamızda rəqabətədavamlı milli iqtisadiyyatın formalaşdırılmasına və inkişaf dinamikasının sürətləndirilməsinə zəmin yaradıb.
Beləliklə, 2003-cü ildən etibarən liberal iqtisadi sistemin qurulması, sahibkarlığın inkişafına geniş şəraitin yaradılması, zəngin təbii sərvətlərdən və regionların potensialından səmərəli istifadə, qeyri-neft sektorunun inkişafı, investisiya mühitinin daha da yaxşılaşdırılması, yerli məhsulların rəqabət qabiliyyətinin yüksəldilməsi istiqamətində görülən tədbirlər Azərbaycan iqtisadiyyatının yüksələn xətlə inkişafını təmin edib. Ötən 10 il ərzində ölkəmizdə ümumi daxili məhsul (ÜDM) 3,4 dəfə, qeyri-neft sektoru isə 2,7 dəfə artıb. Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində əhalinin rifah halı da əhəmiyyətli dərəcədə yaxşılaşıb, vətəndaşların gəlirləri 6,1 dəfə artıb, həmçinin, 1,2 milyon yeni iş yeri açılıb. Hesabat dövründə yoxsulluğun səviyyəsi 6 faizə, işsizliyin səviyyəsi isə 5,2 faizə qədər azalıb.
Təbii ki, ölkəmizin ümumi iqtisadi, sosial inkişafını şərtləndirən əsas amillər arasında mütləq şəkildə regionların, həmçinin, Bakı və Bakıətrafı qəsəbələrin sosial-iqtisadi inkişafını nəzərdə tutan konkret Dövlət proqramlarının və layihələrin rolu əvəzsizdir. Həmin proqramların uğurla icrasının nəticəsidir ki, əldə edilən inkişafı yalnız statistik göstəricilərdə deyil, eyni zamanda, gündəlik həyatımızda da müşahidə edirik. Belə ki, həm Bakı şəhərində, həm də bütün şəhər və rayonlarımızda çox böyük quruculuq və abadlıq işləri aparılmaqdadır.
Bu məqamda qeyd etmək yerinə düşər ki, Bakı və Bakıətrafı qəsəbələrin inkişafını prioritet məsələ kimi diqqətdə saxlayan Prezident İlham Əliyev 2011-ci il mayın 4-də “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nı təsdiq edib. Proqramda qarşıya qoyulan vəzifələrə uyğun olaraq paytaxtın bütün qəsəbələrində ardıcıl tədbirlər həyata keçirilib. Bu istiqamətdə qarşıya qoyulan vəzifələrin məqsədyönlü, düşünülmüş şəkildə və məntiqi ardıcıllıqla həyata keçirilməsi nəticəsində Bakı şəhərinin və onun qəsəbələrinin sosial infrastrukturunda inkişafı təmin edən müsbət dinamika müşahidə edilib. Daha dəqiq desək, adıçəkilən bölgənin sosial-iqtisadi inkişaf proqramına uyğun olaraq beynəlxalq standartlara cavab verən asfalt yolların əsaslı təmiri və yenidən qurulması, küçə və məhəllədaxili ərazilərin işıqlandırma sistemi ilə təmin edilməsi, orta təhsil məktəblərinin, uşaq bağçaları-körpələr evlərinin əsaslı təmiri, tikintisi və bərpası ilə bağlı qısa zamanda təqdirəlayiq işlər görülüb. Eyni zamanda, infrastrukturun yenilənməsi istiqamətində paytaxt və qəsəbələrdə, eləcə də Abşeron rayonunun qəsəbə və kəndlərində - yaşayış məntəqələrinin qazlaşdırılması, elektrik xətlərinin yenilənməsi prosesi davam etdirilib.
Beləliklə, Prezident İlham Əliyevin dekabrın 23-də “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunmuş konfransındakı çıxışında bildirdiyi kimi, proqramın əsas mahiyyəti ondan ibarət idi ki, Bakı şəhərinin hər bir rayonunda ən müasir şərait yaradılsın: “Bakı şəhəri təkcə mərkəzdən ibarət deyildir. Bakının mərkəzdən uzaq olan yerlərində də inkişaf getməlidir və gedir”.
Həmin çıxışında qısa müddət ərzində böyük işlərin görüldüyünü, infrastruktur layihələrinin icra edildiyini qeyd edən dövlət başçısının sözlərinə görə, qəsəbələrlə bağlı kompleks tədbirlər icra edilir: “Mən Bakı qəsəbələrində tez-tez oluram. Biz problemləri dərindən öyrənirik və son iki il ərzində onların bir hissəsi, deyə bilərəm ki, böyük hissəsi həll olunmuşdur. Qalan hissəni də biz yaxın illərdə həll edəcəyik. Qəsəbələrarası yolların tikintisi sürətlə gedir. Bu yollar təkcə qəsəbələrarası yollar deyil, bütövlükdə Bakı şəhərinə xidmət göstərir. Yeni yollar çəkilir, bərpa edilir, genişlənir. Yəni, Bakıda yaşayan vətəndaşlar bunların hamısını yaxşı bilir. Bəlkə də bu barədə çox danışmağa ehtiyac yoxdur. Ancaq biz kompleks şəkildə yanaşmışıq ki, qəsəbələrdə bütün məsələlər öz həllini tapsın. Məktəb, xəstəxana, yollar, su, kanalizasiya, işıq, qaz, iş yerləri, - bu məsələyə də diqqət göstərilir. Əgər ilkin mərhələdə Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə daha çox bölgələrə kreditlər ayrılmışdısa, hazırda Bakı qəsəbələrinə də güzəştli şərtlərlə böyük həcmdə kreditlər ayrılır”.
Statistik göstəricilərə gəlincə, vurğulamaq yerinə düşər ki, 3 il ərzində proqram çərçivəsində paytaxt və qəsəbələrdə, eləcə də Abşeron rayonunun qəsəbə və kəndlərində 3500 kilometr qaz kəmərləri çəkilib, əlavə 132 min abonent qazla təmin olunub. 39 elektrik yarımstansiyası və 264 transformator tikilib və ya təmir edilib, 4400 kilometr elektrik kabel xətləri çəkilib və nəticədə əhalinin və iqtisadiyyatın enerji təchizatı təmin edilib. Zabrat-Maştağa-Buzovna yolunda və Zığ dairəsi-aeroport yolundan Qala stansiyasınadək gedən yolda yenidənqurma işləri başa çatıb. Bilgəh-Novxanı-Sumqayıt, Zabrat-Kürdəxanı-Pirşağı, Zığ-Hövsan yollarında və Binə qəsəbəsinin baş yolunda isə işlər davam etdirilir. 22 qəsəbənin 420 mindən çox sakininin istifadə etdiyi 62 kilometr qəsəbələrarası yollar təmir olunub, rayon və qəsəbədaxili yollara 3 milyon kvadratmetrdən çox asfalt örtüyü salınıb, 41 körpü, tunel və piyada keçidi istifadəyə verilib. Rabitə və informasiya-kommunikasiya texnologiyaları sahəsində 11 ATS, 9 poçt şöbəsi üçün bina tikilib, 28 ATS rekonstruksiya olunub, Zirə, Gürgan və Pirallahı qəsəbələrinə fiber optik kabel çəkilib, Bakinternetin qlobal internet şəbəkəsinə çıxış sürəti saniyədə 7,5 qiqabitə çatdırılıb.
Aparılan sənayeləşmə siyasəti şəhərin və ətraf qəsəbələrin dinamik inkişafına ciddi təkan verib, son 3 ildə ümumi investisiya qoyuluşu 2 milyard manat olan Bakı gəmiqayırma, müasir tikinti materialları, metal konstruksiyalar, gəmi təmiri, təcrübə-sınaq, sement zavodları və digər sənaye müəssisələri tikilib, bir sıra istehsal və emal müəssisələrinin tikintisi davam etdirilir.
Bakıətrafı qəsəbələrdə aqrar sahənin inkişafına dəstək vermək məqsədilə Abşeron magistral kanalında yenidənqurma işləri davam etdirilib, Xəzər, Sabunçu, Suraxanı və Abşeron rayonlarında əkin və həyətyanı sahələrin su təminatının yaxşılaşdırılması üçün 278 min poqonmetr boru kəmərləri çəkilib, 6 baytarlıq məntəqəsi tikilib.
Dövlət Proqramının qəbulundan ötən dövr ərzində Bakı qəsəbələrində sahibkarlığın inkişafına dövlət dəstəyi çərçivəsində Fondun xətti ilə Bakı qəsəbələri üzrə 680 sahibkara 148 milyon manat güzəştli kreditlər verilib və 5300-dək yeni iş yerinin açılması imkanı yaranıb. Müasir texnologiyaların tətbiqinə əsaslanan 53 iri layihə, o cümlədən 13 çörək zavodu, 48 hektar ərazidə 13 istixana kompleksi, 9 quşçuluq təsərrüfatı, 2 ət emalı fabriki, 2 metal konstruksiya və 14 digər sənaye müəssisəsi maliyyələşdirilib.
Sosial siyasətə uyğun olaraq vətəndaşlara xidmət edən, yeni və müasir tibb müəssisələrinin açılması, mövcud müəssisələrin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində rayon və qəsəbələrdə 41 xəstəxana, poliklinika, sanatoriya və digər tibb müəssisələri tikilib və ya təmir edilərək müasir avadanlıqla təchiz olunub. Bundan əlavə, ixtisaslaşdırılmış ruhi-əsəb internat evi əsaslı təmir olunub, Bilgəh qəsəbəsində əlillər üçün pansionatın yeni korpusu tikilib, 13 səhiyyə obyektində, əlil və yetkinlik yaşına çatmayanlar üçün 4 bərpa mərkəzində işlər davam etdirilir.
Proqram çərçivəsində 12 mədəniyyət obyektində təmir-tikinti işləri yekunlaşıb, xüsusilə gənc nəslin hərtərəfli inkişafına xidmət edən bədən tərbiyəsi və idman infrastrukturunun inkişafı istiqamətində 9 gənclər və idman obyektində təmir-tikinti işləri yekunlaşıb, 17 obyektdə isə işlər davam etdirilir.
SEVİNC
Yeni Azərbaycan.-2013.- 25 dekabr.- S.4.