Gəncə şəhərində 1500 məcburi köçkün ailəsi üçün
tikilmiş yeni
çoxmərtəbəli yaşayış binaları kompleksi istifadəyə verilib
Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na, həmin Proqrama 2011-ci il 21 fevral tarixli Sərəncamla təsdiq olunmuş Əlavələrə əsasən Gəncə şəhərində 1500 məcburi köçkün ailəsi üçün yeni çoxmərtəbəli yaşayış binaları kompleksi tikilib.
AzərTAc xəbər verir ki, dekabrın 24-də kompleksin istifadəyə verilməsi ilə bağlı mərasim keçirilib.
Mərasimdə Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Aqil Məmmədov və başqaları iştirak ediblər.
Məlumat verilib ki, 25 hektar ərazini əhatə edən yeni kompleksə beşmərtəbəli 25 yaşayış binası və digər zəruri sosial infrastruktur obyektləri daxildir. Yeni binalara 1400-ü Kəlbəcərdən, 100-ü Ağdam, Cəbrayıl, Füzuli, Laçın, Şuşa, Zəngilan, Xocalı, Xocavənddən olmaqla 1500 ailə və ya 6750 nəfər məcburi köçkün köçürüləcəkdir.
Diqqətə çatdırılıb ki, inşa edilmiş 1500 mənzilin ümumi yaşayış sahəsi 115 min 380 kvadratmetrdir. Mənzillərdən 150-si birotaqlı, 650-si ikiotaqlı, 550-si üçotaqlı, 150-si isə dördotaqlıdır.
Bundan əlavə, kompleksin ərazisində 1200 yerlik məktəb, 280 yerlik uşaq bağçası, 500 yerlik Mədəniyyət Sarayı, Kəlbəcər rayon İcra Hakimiyyəti üçün inzibati bina, tibb məntəqəsi, ATS tikilib.
Bildirilib ki, kompleksin tikintisi 2013-cü ilin martında başlanıb, sentyabrında başa çatdırılıb. Tikintinin sifarişçisi Məcburi Köçkünlərin Sosial İnkişaf Fondudur.
Mərasim iştirakçıları əvvəlcə Kəlbəcər rayon İcra Hakimiyyətinin inzibati binasında olublar. Onlar binanın foyesində Ümummilli lider Heydər Əliyevin məcburi köçkünlərlə görüşlərini əks etdirən fotostendlərə baxıb, iş otaqlarında və akt zalında yaradılmış şəraitlə maraqlanıblar.
Sonra 1200 yerlik Kəlbəcər rayon 9 nömrəli tam orta məktəbdə yaradılmış şəraitlə tanışlıq olub. Məktəbin foyesində Ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkəmizdə məcburi köçkünlərlə görüşlərini, təhsilə diqqət və qayğılarını əks etdirən stendlər quraşdırılıb, kompleksin maketi qoyulub. Məktəblə tanışlıq zamanı bildirilib ki, müasir avadanlıqla təmin edilmiş bu təhsil ocağında təlim-tədris üçün hər cür şərait yaradılıb. Məktəbin kompyuter otağı, laboratoriyası, sinif otaqları və idman zalı da müasir standartlara cavab verir.
Tədbir İştirakçıları Kəlbəcər rayonundan məcburi köçkün Ofelya Məmmədovanın evində yaradılmış şəraitlə tanış olublar. Üç otaqdan ibarət mənzildə ailənin rahatlığı üçün hər cür şərait yaradılıb. O.Məmmədova məcburi köçkünlər üçün bu cür gözəl şəraiti yaratdığına və onlara göstərdiyi yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib.
Sonra mərasim iştirakçıları Mədəniyyət Sarayında olublar. Sarayın foyesində Ümummilli lider Heydər Əliyevin, Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın ölkəmizdə mədəniyyətin inkişafına göstərdikləri diqqət və qayğını əks etdirən fotoguşə yaradılıb. Mədəniyyət Sarayında teatr tamaşalarının, konsert proqramlarının və digər müxtəlif tədbirlərin keçirilməsi üçün hər cür şərait yaradılıb. Nümunəvi tərtibatı ilə diqqəti cəlb edən 500 tamaşaçı yerlik salon ən müasir işıqlandırma və səs sistemi ilə təchiz olunub.
Daha sonra Mədəniyyət Sarayının tərkibində fəaliyyət göstərən musiqi məktəbində yaradılmış şəraitlə tanışlıq olub. Burada sinif otaqları ilə yanaşı, 50 yerlik zal da fəaliyyət göstərəcək.
Mədəniyyət Sarayında yeni kompleksin istifadəyə verilməsi ilə bağlı tədbir keçirilib.
Tədbirdə çıxış edən Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirib ki, qaçqınların və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması hər zaman Azərbaycan dövlətinin diqqət mərkəzində olub. Vurğulanıb ki, məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması Prezident İlham Əliyevin yürütdüyü siyasətin təməl prinsiplərindən biridir. Məcburi köçkünlərin maddi rifahının yaxşılaşdırılması üçün Dövlət proqramları qəbul edilib, onların sosial müavinətlərinin artırılması istiqamətində mühüm tədbirlər görülüb. Gəncədə 1500 məcburi köçkün ailəsi üçün tikilmiş yeni kompleksdə yaradılan şərait onlara göstərilən diqqət və qayğının bariz nümunəsidir.
Bildirilib ki, Prezident İlham Əliyevin 10 illik fəaliyyəti nəticəsində Azərbaycan inkişaf edərək dünya miqyasında ən qabaqcıl ölkələrdən birinə çevrilib. Təsadüfi deyildir ki, bu gün regionda Azərbaycanın razılığı olmadan heç bir layihə reallaşdırılmır. Bütün bu uğurların təməlində Prezident İlham Əliyevin Ulu öndər Heydər Əliyevin siyasətinə olan sadiqliyi dayanır. Bu gün hər bir azərbaycanlı qısa müddətdə böyük inkişaf yolu keçmiş ölkəmizlə, bu uğurlu siyasəti həyata keçirən Prezidenti ilə fəxr edir.
Əli Həsənov vurğulayıb ki, Azərbaycan Prezidentinin uğurlu fəaliyyəti nəticəsində ölkəmizdə neft kapitalı insan kapitalına çevrilib. Son 10 ildə dövlət büdcəsinin gəlirləri 19 dəfə, iqtisadiyyat 3,4 dəfə artıb, yoxsulluğun səviyyəsi 46 faizdən 5,5 faizə düşüb. Bütün bunlar Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə əldə edilmiş nailiyyətlərin bariz göstəricisidir.
Bu gün Azərbaycanda Dağlıq Qarabağ münaqişəsindən başqa heç bir ciddi problemin qalmadığını söyləyən Baş nazirin müavini əmin olduğunu bildirib ki, bu münaqişənin həlli istiqamətində Prezident İlham Əliyevin gördüyü işlər tezliklə öz nəticəsini verəcək.
Komitə sədri Gəncə şəhərində istifadəyə verilən bu kompleksin son 20 ildə tikilmiş ən böyük kompleks olduğunu diqqətə çatdırıb. Ümumilikdə 1993-2013-cü illər ərzində bu tipli 82 qəsəbənin salındığını deyən Əli Həsənov qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllinə bu müddət ərzində dövlət tərəfindən 4,3 milyard manat həcmində vəsaitin sərf olunduğunu qeyd edib. Diqqətə çatdırılıb ki, indiyədək Azərbaycan hökuməti tərəfindən 40 min ailənin və ya 180 min qaçqın və məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılıb. Məcburi köçkünlər arasında yoxsulluq səviyyəsi son 10 ildə 75 faizdən 15 faizədək azalıb.
Otuz nömrəli məktəbin müəllimi Şəlalə Məmmədova tədbirdə çıxış edərək onlara göstərdiyi diqqət və qayğıya görə məcburi köçkünlər adından Prezident İlham Əliyevə minnətdarlığını bildirib. Bildirilib ki, bu gün Azərbaycan sürətli iqtisadi inkişaf dövrünü yaşayır, ölkəmiz daha parlaq gələcəyə doğru inamla addımlayır. Cəmiyyətimizin elə bir sahəsi yoxdur ki, orada sürətli inkişaf müşahidə olunmasın. Təbii ki, bütün bu uğurlar dövlətimizin başçısı İlham Əliyevin yorulmaz səylərinin nəticəsidir.
Tədbir bədii hissə ilə davam edib.
Yeni Azərbaycan.-2013.- 25 dekabr.-
S.4.