Azərbaycanın UNESCO ilə
əməkdaşlığının yeni
uğurlu nəticələri
Bu günlərdə UNESCO tərəfindən
Şirvanşahlar sarayı və Qız
qalası ilə birlikdə İçərişəhərə
“gücləndirilmiş mühafizə” statusu
verilib
Məlum olduğu kimi, bu günlərdə Parisdə keçirilən UNESCO-nun Silahlı Münaqişə Zamanı Mədəni Sərvətlərin Qorunması üzrə Komitəsinin 8-ci sessiyasında İçərişəhərə xüsusi əhəmiyyət kəsb edən “gücləndirilmiş mühafizə” statusunun verilməsi qərara alınıb. Bu statusa malik mədəni obyektlər Konvensiya və onun İkinci Protokoluna qoşulmuş ölkələrin silahlı qüvvələri tərəfindən tanınan xüsusi emblem ilə nişanlanır və gücləndirilmiş mühafizə ilə təmin olunur.
Şirvanşahlar sarayı və Qız qalası ilə birlikdə İçərişəhərə “gücləndirilmiş mühafizə” statusunun verilməsi ilə bağlı sorğu idarə tərəfindən ilk dəfə 2010-cu ildə UNESCO-nun Silahlı Münaqişə Zamanı Mədəni Sərvətlərin Qorunması üzrə Komitəsinə təqdim olunub.
Ötən müddət ərzində Komitənin tövsiyələrinə əsasən, ölkə qanunvericiliyi Silahlı Münaqişə Zamanı Mədəni Sərvətlərin Qorunması üzrə Haaqa Konvensiyası və onun İkinci Protokolunun tələblərinə uyğunlaşdırılıb, habelə idarə tərəfindən İçərişəhərin qorunması ilə bağlı bir sıra daxili qayda və prosedurlar təkmilləşdirilib.
İçərişəhərin mühafizəsi məsələsinə beynəlxalq səviyyədə verilən bu yüksək qiymət Prezident İlham Əliyevin ölkəmizin milli-mədəni irsinin qorunması sahəsində uğurlu dövlət siyasətinin daha bir nəticəsidir. Azərbaycanın mədəni dəyərlərinin, o cümlədən zəngin tarixi-memarlıq irsinin incilərindən biri olan İçərişəhərin qorunması və dünyada tanıdılmasında Azərbaycanın birinci xanımı, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyevanın və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun da böyük rolu vardır.
Ümumilikdə, İçərişəhərin UNESCO-nun “Gücləndirilmiş mühafizə rejimli abidələrin siyahısı”na daxil edilməsi Azərbaycanın zəngin tarixi-memarlıq irsinin bu incisinin qorunmasının beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilməsinin göstəricisidir.
Qeyd edək ki, bu, Azərbaycan-UNESCO əlaqələrinin ölkəmiz üçün son dövrlərdə yeganə uğurlu nəticəsi deyil. Məlum olduğu kimi, bu il dekabrın əvvəlində UNESCO-nun Qeyri-Maddi-Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin Bakıda keçirilən 8-ci sessiyası zamanı Azərbaycanın çövkən oyunu UNESCO-nun Qorunmaya Ehtiyacı Olan Qeyri-Maddi-Mədəni İrs Siyahısına daxil edilib. Bununla da, ənənəvi Qarabağ atüstü oyunun bəzi dövlətlər tərəfindən özəlləşdirilməsi cəhdlərinə böyük zərbə vurulub.
UNESCO ilə əlaqələr möhkəm təməllər üzərində qurulub
BMT-nin ən mötəbər qurumlarından olan UNESCO ilə münasibətlər Azərbaycanın fəal əməkdaşlıq qurduğu beynəlxalq təşkilatlar içərisində özünəməxsus yer tutur.
Bildiyimiz kimi, Azərbaycan xalqının minilliklər boyunca yaratdığı qədim və zəngin mədəniyyət, maddi və mənəvi irs bütün dünyada maraq doğurur. Bu mühüm bəşəri dəyərlərin, irsin qorunaraq gələcək nəsillərə çatdırılması və təbliği istiqamətində ölkə rəhbərliyinin gördüyü işlərə UNESCO hərtərəfli dəstək verir.
Xatırladaq ki, dünyada təhsil, elm və mədəniyyət sahələrindəki əməkdaşlığın ən böyük hökumətlərarası forumu olan UNESCO ilə Azərbaycan arasında əlaqələrin yaradılması və inkişafına Ümummilli lider Heydər Əliyev böyük önəm verirdi. UNESCO ilə əlaqələr yenicə müstəqilliyini qazanmış Azərbaycanın mədəni irsinin qorunması və dünyaya tanıdılması, ölkənin elm və təhsil sahəsində inkişaf etdirilməsi, beynəlxalq aləmə fəal inteqrasiyası baxımından önəmli idi. İlk dəfə olaraq Azərbaycandan olan nümayəndə heyəti 1993-cü ilin oktyabrında keçirilən UNESCO Baş Konfransının 27-ci sessiyasında respublikamızı təmsil edib. Həmin sessiyanın ölkəmiz üçün ən önəmli nəticələrindən biri o oldu ki, Azərbaycan şairi Məhəmməd Füzulinin 500 illik yubileyi UNESCO-nun dahi şəxsiyyətlərin doğum günlərinin qeyd edilməsi siyahısına daxil edildi. Yeni yaranmaqda olan əlaqələrin daha da genişlənməsi üçün Ulu öndər daha bir mühüm addım ataraq 1993-cü ilin dekabr ayında Fransada rəsmi səfərdə olarkən UNESCO-nun o zamankı Baş direktoru Federiko Mayorla görüşdü. Respublikamızın elm, təhsil və mədəniyyətlə məşğul olan qurumların fəaliyyətinin UNESCO-nun işi ilə əlaqələndirilməsini həyata keçirmək məqsədilə Ümummilli lider Heydər Əliyev 1994-cü il fevral ayının 21-də Milli Komissiyanın yaradılması barədə sərəncam imzaladı. Sərəncama uyğun oaraq Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin nəzdində yaradılan komissiyanın respublikanın müvafiq nazirliklərinin rəhbərlərindən, ziyalılardan və ictimaiyyətin digər nümayəndələrindən ibarət 25 nəfərlik tərkibi və daimi katibliyi formalaşdırıldı.
AZƏRBAYCAN-UNESCO ƏMƏKDAŞLIĞI DAHA DA GENİŞLƏNDİRİLİR
Bildiyimiz kimi, Azərbaycan xalqına məxsus mədəni irsin, maddi və mənəvi mədəniyyət nümunələrinin qorunması və yaşadılmasına böyük önəm verən Prezident İlham Əliyev də UNESCO ilə əlaqələrin möhkəmləndirilməsini daim diqqətdə saxlayır. Dövlət başçısı təşkilat ilə Azərbaycan Respublikası arasında qarşılıqlı əlaqələrin inkişaf səviyyəsini nəzərə alaraq, 2005-ci ildə UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası ilə bağlı əlavə tədbirlər haqqında imzaladığı Sərəncama əsasən Milli Komissiyanın tərkibi yeniləşdirilib. Azərbaycanın UNESCO ilə əməkdaşlığına dair operativ işlər Milli Komissiyanın Daimi Katibliyi və Parisdə Azərbaycan Respublikasının UNESCO yanında Daimi Nümayəndəliyi tərəfindən həyata keçirilir.
Azərbaycanla UNESCO arasında çoxşaxəli əlaqələrin mövcudluğunu sübut edən daha bir mühüm göstərici ölkəmizin təşkilat çərçivəsində qoşulduğu çoxsaylı konvensiyalardır. Bunların içərisində Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında 14 may 1954-cü il konvensiyası (1993), ona dair Protokol (1993) və İkinci Protokol (2000), Ümumdünya mədəni və təbii irsinin mühafizəsi haqqında 16 noyabr 1972-ci il Konvensiyası (1993), Qeyri-Maddi-Mədəni İrsin qorunması haqqında 17 oktyabr 2003-cü il tarixli Konvensiyası (2006) və başqalarının adını çəkmək olar.
Heydər Əliyev Fondu Azərbaycan-UNESCO əlaqələrini yeni mərhələyə yüksəldib
Heç kəsə sirr deyil ki, Azərbaycan-UNESCO əlaqələrinin bugünkü səviyyəyə yüksəlməsində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun rəhbəri, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyevanın böyük əməyi var. Dünya mədəniyyətinə töhfələr bəxş etmiş zəngin və olduqca qədim Azərbaycan mədəniyyətinin beynəlxalq aləmdə tanınması və təbliği sahəsində böyük işlər görən Mehriban xanım Əliyevanın fəaliyyəti bu baxımdan təqdirəlayiqdir. Təsadüfi deyil ki, Mehriban xanım Əliyeva ənənəvi musiqinin, ədəbiyyat və poeziyanın inkişafına verdiyi töhfələrə, musiqi təhsili və dünya mədəniyyətlərinin mübadiləsi sahəsindəki xidmətlərinə görə 2004-cü ildə bu Təşkilatın şifahi ənənələr və musiqi ənənələri sahəsində xoşməramlı səfiri adına layiq görülüb. Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Azərbaycan Mədəniyyətinin Dostları Fondunun xətti ilə UNESCO ilə əməkdaşlıq zəminində təşkil olunan beynəlxalq tədbirlər, festivallar, konsertlər, sərgilər ölkəmizin mədəni irsinin qorunub saxlanmasında və təbliğində, eləcə də, mədəniyyətlərarası dialoqun təşviqində böyük rol oynayıb.
2010-cu ilin iyulunda isə UNESCO-nun baş direktoru İrina Bokova Azərbaycana səfəri zamanı Qəbələdə II Beynəlxalq Musiqi Festivalında iştirak edib, bəşəriyyətin maddi və qeyri-maddi-mədəni irsinin populyarlaşdırılması, mədəniyyətlərarası dialoqun inkişafı naminə göstərdiyi səylərinə, mədəni müxtəlifliyin möhkəmləndirilməsinə sanballı töhfələrinə görə Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevaya “Qızıl Motsart” medalını təqdim edib.
Dövlət başçısı İlham Əliyevin və UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın səmərəli fəaliyyətinin nəticəsi olaraq 2003-cü ildə Azərbaycanın muğam sənəti, 2009-cu ildə aşıq sənəti, 2010-cu ildə Azərbaycan xalçası, 2012-ci ildə tar ifaçılıq sənəti UNESCO-nun Qeyri-maddi-mədəni irs siyahısına daxil edilib. Qeyd edək ki, Novruz bayramının da beynəlmiləl qeyri-maddi-mədəni irs kimi siyahıya daxil olmasında da Azərbaycanın rolu böyükdür. Həmçinin, İçərişəhər, Qız qalası, Şirvanşahlar Sarayı və Qobustan Dövlət Tarix və Bədii Qoruğu da UNESCO-nun Dünya İrsi Siyahısına salınıb.
Azərbaycan-UNESCO əlaqələrinin inkişafında Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun təhsil sahəsində gördüyü işlərin də əhəmiyyəti böyükdür. Fond indiyədək təhsil sahəsində bir sıra məktəblərin, uşaq bağçalarının və uşaq evlərinin inşa edilməsi və yenidən qurulması, orta və ali məkəblərin dərsliklərlə təmin olunması, internat məktəblərində xeyriyyə tədbirlərinin həyata keçirilməsini həyata keçirib.
Heydər Əliyev Fondunun humanitar tədbirləri ölkə sərhədləri ilə məhdudlaşmır. Pakistanda baş vermiş zəlzələ nəticəsində dağılan məktəbin yerində Mehriban xanım Əliyevanın təşəbbüsü ilə qızlar üçün yeni müasir məktəb inşa edilərək 2007-ci ildə istifadəyə verilib.
Qeyd etdiyimiz kimi, Azərbaycanın görkəmli şəxsiyyətlərinin və əlamətdar hadisələrin yubileylərinin UNESCO çərçivəsində qeyd edilməsi də bu qurum ilə əlaqələrin yüksək səviyyəsinin bariz göstəricisi sayıla bilər. Həmçinin, dünya şöhrətli alim, akademik Yusif Məmmədəliyevin, “Leyli və Məcnun” operasının ilk tamaşasının, görkəmli yazıçı, alim Mir Cəlal Paşayevin 100 illik yubileyləri, habelə bu sıradan olan digər tədbirlər UNESCO çərçivəsində böyük təntənə ilə qeyd edilib. 2013-cü ilin mayında isə UNESCO Azərbaycanın böyük şairi Məhsəti Gəncəvinin 900 illiyini qeyd edib. Azərbaycanın gənc istedadları - Dövlət Gənclər Simfonik Orkestri və Uşaq xoru - “Azərbaycanın xoşməramlı mələkləri” də dəfələrlə UNESCO-nun iqamətgahında çıxış ediblər. Heydər Əliyev Fondunun dəstəyi ilə reallaşan bu tədbirlər Azərbaycan mədəniyyətinin zənginliyini, möhtəşəmliyini nümayiş etdirməklə yanaşı, ölkəmiz haqqında həqiqətlərin yayılması baxımından da böyük önəm kəsb edir.
Bunlarla yanaşı bildiyimiz kimi, 2013-cü ildə Azərbaycan-UNESCO əlaqələrinin 20 ili tamam olub. Bu münasibətlə iyulun 18-də qurumun Parisdəki baş qərargahında keçirilən mərasimdə çıxış edən UNESCO-nun baş direktoru İrina Bokova qurumla əməkdaşlığa verdikləri töhfələrə görə Azərbaycan Prezidenti İlham Əliyevə və Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun Xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyevaya təşəkkürünü bildirib, UNESCO-nun Azərbaycan ilə əməkdaşlığının zəngin və genişmiqyaslı olduğunu deyib. Tədbirdə çıxış edən Mehriban xanım Əliyeva Azərbaycanın bir sıra maddi və qeyri-maddi mədəniyyət nümunələrinin UNESCO-nun dünya irsi siyahısına salınmasından fəxr duyduğunu bildirərək qarşılıqlı əlaqələrin perspektivlərinə nəzər salıb: “Əminəm ki, Azərbaycan UNESCO ilə əməkdaşlığını davam etdirəcəkdir. Bu da gələcəkdə əlaqələrimizi daha da gücləndirmək üçün mövcud olan böyük potensialın tam şəkildə həyata keçirilməsinə şərait yaradacaqdır”.
Bütün bunlar onu göstərir ki, Azərbaycan UNESCO-nun ən fəal və uğurlu tərəfdaşlarındandır. Bu əlaqələrin davamı həm Azərbaycan mədəniyyətinin qorunmasına və təbliğinə, həm də dünyada sivilizasiyaların bir-birinə yaxınlaşmasına və mədəniyyətlərarası dialoqun genişlənməsinə mühüm töhfədir. Sadalanan nailiyyətlər isə Azərbaycan və dünya mədəniyyətinə verilən töhfələrin bariz nümunələridir.
Hülya MƏMMƏDLİ
Yeni Azərbaycan.-2013.- 25 dekabr.- S.8.