Azərbaycanın Rusiyadakı səfirliyi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə əlaqədar təntənəli qəbul təşkil edib

 

Dekabrın 24-də Azərbaycanın Rusiyadakı səfirliyi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə əlaqədar təntənəli qəbul təşkil edib.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu tədbirə gələnləri salamlayıb. O, toplaşanları Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və qarşıdan gələn Yeni il bayramı münasibətilə təbrik edib. Səfir deyib ki, dekabrın 24-ü həm də Azərbaycanın görkəmli oğlu, Prezident İlham Əliyevin anadan olduğu gündür. P.Bülbüloğlu Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın inkişafından danışıb. O, xüsusilə qeyd edib ki, Prezident İlham Əliyev Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin əsasını qoyduğu siyasət xəttini 10 ildir ki, müvəffəqiyyətlə həyata keçirir. Polad Bülbüloğlu deyib: “İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan BMT Təhlükəsizlik Şurasının üzvü olmuşdur. Prezidentimizin BMT Təhlükəsizlik Şurasının - dünyanın əsas təşkilatının iclasını necə apardığını görmək hər bir azərbaycanlı üçün ən böyük fəxrdir. Mən bütün toplaşanlar adından İlham Əliyevi təbrik etmək, Ona yeni ildə və qarşıdakı illərdə Azərbaycanın rifahı naminə böyük uğurlar arzulamaq istəyirəm”.

Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) prezidenti, akademik Məmməd Əliyev Konqresin 2013-cü ildəki fəaliyyətindən, nailiyyətlərindən və növbəti 2014-cü il üçün planlarından danışıb. Qeyd edib ki, bu yaxınlarda Azərbaycanda keçən seçkilərdə ÜAK birmənalı şəkildə öz seçimini edib. ÜAK-ın prezidenti, həmçinin, Azərbaycan dövlətinin başçısı İlham Əliyevi ad günü münasibətilə təbrik edib. Məmməd Əliyev deyib: “İlham Əliyev harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının Prezidentidir”.

Moskva hökumətinin Regionlararası əməkdaşlıq, milli siyasət və dini təşkilatlarla əlaqələr departamentinin rəhbəri Yuri Artyux öz çıxışında qeyd edib ki, bütün sınaqlara baxmayaraq, Azərbaycan ilə Rusiya arasında dostluq imtahandan uğurla çıxıb. Y.Artyux deyib: “Moskva hökuməti Azərbaycan təşkilatları və bizim hamımız üçün nümunə olan bir insanın başçılıq etdiyi bu ölkənin səfirliyi ilə birlikdə bu il çox görmüşdür. Bu ilin payızında baş vermiş məlum dramatik hadisələrdən sonra biz qərara aldıq ki, Azərbaycan xalqının bütün gözəlliyini, qüdrətini, alicənablığını bir daha nümayiş etdirəcək parlaq, maraqlı bir tədbir keçirək və biz Tofiq Bəhramovun xatirəsinə futbol turniri keçirdik. Bu, Azərbaycan ilə Rusiya arasında əsl dostluq bayramı idi”.

Azərbaycan diasporunun regional təşkilatlarının nümayəndələri öz çıxışlarında vətənindən kənarda yaşayan azərbaycanlılara göstərilən diqqətə görə ölkə rəhbərliyinə minnətdarlığını bildirib. Hər bir diasporun gücünün onun birliyində olması fikri xüsusi vurğulanıb.

Azərbaycan-Rusiya münasibətlərinin möhkəmlənməsinə töhfəsinə görə Rusiyadakı Azərbaycan diasporunun ən fəal nümayəndələri Azərbaycan səfirliyinin fəxri fərmanları ilə təltif ediliblər. Onların arasında ÜAK-ın Moskva regional bölməsinin icraçı direktoru Araz Mürsəliyev, N.A.Semaşko adına Mərkəzi Klinik Xəstəxananın şöbə müdiri Fazil Qurbanov, Profilaktik Pediatriya və Bərpaedici Müalicə Elmi-Tədqiqat İnstitutunun şöbə müdiri Ayaz Məmmədyarov, “Mədəniyyətlərin dialoqu - vahid dünyaFondunun prezidenti, “Etnomir” layihəsinin rəhbəri Ruslan Bayramov və başqaları var.

Təltifetmə mərasimindən sonra təntənəli qəbul olub.

Tədbirdə Rusiyanın görkəmli ictimaisiyasi xadimləri, Azərbaycan diasporunun Rusiyanın müxtəlif şəhərlərindən və regionlarından gəlmiş rəhbərləri və fəalları iştirak ediblər.

 

Yeni Azərbaycan.-2013.- 26 dekabr.- S.6.