“Azərsu” ASC-də “Motivasiya Proqramı” hazırlanıb

 

                          Səhmdar Cəmiyyətdə işçilərin maddi rifahının yaxşılaşdırılması və sosial müdafiəsinin gücləndirilməsi istiqamətində tədbirlər davam etdirilir

 

AzərsuAçıq Səhmdar Cəmiyyətində işçilərin maddi rifahının yaxşılaşdırılması sosial müdafiəsinin gücləndirilməsi istiqamətində tədbirlər davam etdirilir. Həyata keçirilən sosial tədbirlər çərçivəsində Səhmdar Cəmiyyətdə “Motivasiya Proqramı” hazırlanıb və dekabrın 25-də proqramın təqdimatı keçirilib.

Müxtəlif təşkilatlardan və özəl şirkətlərdən 100-dən çox nümayəndənin iştirak etdiyi tədbirdə öncə “Azərsu” ASC-nin fəaliyyəti ilə bağlı videoçarx nümayiş etdirilib. Sonra “Azərsu” ASC sədrinin müavini Mahir Məmmədov ölkəmizdə su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması sahəsində görülən işlər barədə məlumat verib. O, bildirib ki, layihələrin icrasında və qazanılan nailiyyətlərdə Səhmdar Cəmiyyətin hər bir üzvünün payı var. Mahir Məmmədov “Azərsu” ASC-də işçilərin sosial rifahının yaxşılaşdırılmasının prioritet məqsədlərdən olduğunu xatırladaraq bu istiqamətdə mühüm tədbirlər həyata keçirildiyini diqqətə çatdırıb: “Bu gün təqdimatı keçirilən “Motivasiya Proqramı” “Azərsu” ASC-də işçilərin əməyinin yüksək qiymətləndirilməsinin nümunəsidir. Proqrama uyğun olaraq sosial həyatın müxtəlif sahələrini təmsil edən aparıcı şirkətlərlə yeni əməkdaşlığa başlayırıq. Ümidvarıq ki, bu əməkdaşlıq həm sizlər, həm də “Azərsu” ASC-nin kollektivi və onların ailə üzvləri üçün səmərəli olacaqdır. Belə ki, kollektivimizin üzvləri sizin təklif etdiyiniz məhsul və xidmətlərdən müəyyən güzəştlər əldə edəcək, sizlərsə yeni korporativ müştərilər qazanacaqsınız”.

Səhmdar Cəmiyyətin İnsan resurslarının idarə olunması şöbəsinin rəisi Rahid Fətəlizadə “Motivasiya Proqramı” barədə ətraflı məlumat verərək bildirib ki, bu, hazırda respublikada həyata keçirilən ən böyük motivasiya layihələrindən biridir. Proqram çərçivəsində 100-dən çox şirkətlə əməkdaşlıq barədə ilkin razılıq əldə olunub.

Tədbirdə iştirak edən “Azərtürkbank” ASC, “DiaqnozTibb Mərkəzi, Qafqaz UniversitetiPsixoloji Konsultasiya Mərkəzinin nümayəndələri “Azərsu” ASC ilə “Motivasiya Proqramı” çərçivəsində əməkdaşlıqdan məmnunluqlarını bildiriblər. Çıxış edənlər Səhmdar Cəmiyyətin işçiləri üçün məhsulların satışında xüsusi güzəştlərin tətbiq ediləcəyini və yüksək səviyyədə xidmətlər göstəriləcəyini vurğulayıblar.

 

NADİR

Yeni  Azərbaycan.-2013.- 26 dekabr.- S.5.