Siyasi elmin aktual problemlərinə həsr olunmuş dərslik

 

Müasir dövrdə bu və ya digər cəmiyyətlərdə sosial-siyasi münasibətlərin, milli dövlətlərin daxili və xarici siyasət strategiyasının öyrənilməsi baxımından siyasi elmin müasir problemlərinin tədqiqi xüsusi əhəmiyyət kəsb edir. Siyasi münasibətlər və proseslər dinamik xarakterə malik olduğu üçün bu sahədə davamlı tədqiqatların aparılması, əldə edilən yeni nəticələrin sistemləşdirilməsi araşdırmaçıların qarşısında əhəmiyyətli vəzifə kimi durur. Bu baxımdan, Azərbaycanda da siyasi elmin müasir problemlərinin araşdırılması istiqamətində fundamental tədqiqat əsərləri, həmçinin, dərslik və dərs vəsaitləri hazırlanaraq ərsəyə gətirilir. Bəhs etdiyimiz nöqteyi-nəzərdən Azərbaycan Respublikası Prezidentinin yanında Dövlət İdarəçilik Akademiyasının professoru, fəlsəfə elmləri doktoru Nigar Ələkbərovanın müəllifliyi ilə işıq üzü görmüş “Siyasi elmin müasir problemləri” adlı dərslik bu sahədə fundamental məsələlərin ehtiva olunduğu mühüm mənbə səciyyəsi daşıyır.

Dərslikdə siyasi elmin aktual və fundamental problemləri kompleks və sistemləşdirilmiş şəkildə izah olunur, siyasi elmin son 30-40 il ərzindəki durumu, inkişaf dinamikası, spesifik xüsusiyyətləri xronoloji ardıcıllıqla açıqlanır. Bu mötəbər mənbədə idarəetmənin əsasları, siyasi elmin başlıca nəzəriyyələri, siyasi institutların mahiyyəti və fəaliyyət mexanizmi, vətəndaş cəmiyyətinin funksionallığı kimi məsələlər izah olunur, eyni zamanda, Azərbaycan Respublikasının mədəniyyət siyasəti, beynəlxalq mədəni əməkdaşlıq və digər problemlər öz əksini tapır.

Dərsliyin elmi-nəzəri əsaslarının daha dəqiq müəyyənləşdirilməsi baxımından burada əksini tapmış bir sıra məsələlərə sistematik surətdə toxunmaq məqbuldur.

Hazırda sosial elmlərin xüsusi tədqiqat obyekti qismində idarəetmənin təşkili və əsaslarının öyrənilməsi çıxış etməkdədir. Ümumiyyətlə, idarəetmə anlayışı özündə müxtəlif institusional məfhumları və səviyyələri ehtiva edir. İdarəetmənin səmərəliliyi isə çoxkomponentli olmaq etibarilə sistemli prosesin qanunauyğun nəticəsi kimi çıxış edir. Ona görə də, ilk növbədə, dərslikdə öz əksini tapmış idarəetmə məsələlərini şərh etmək məqsədəmüvafiqdir.

Ümumiyyətlə, ixtiyari sahədə idarəetmə prosesinin səmərəli təşkil edilməsi üçün ilk növbədə, onun elmi-praktik əsaslarının düzgün müəyyənləşdirilməsi lazımdır. Bunun üçünsə bir neçə mərhələdən ibarət olan metodoloji qaydalara effektiv surətdə əməl edilməsi strateji zərurət kimi çıxış edir. Əlbəttə ki, lokal və ya qlobal səviyyəli olmasından asılı olmayaraq idarəetmənin elmi-praktik əsaslarının düzgün müəyyənləşdirilməsi üçün fundamental araşdırmalar və analitik materiallar ortaya çıxarmaq, növbəti mərhələdə isə ona müvafiq taktiki və strateji əsaslar formalaşdırmaq gərəkdir. Bu nöqteyi-nəzərdən, müxtəlif sahələrdə idarəetmə ilə bağlı əsaslı tədqiqatlar aparan araşdırmaçı-alimlərin əsərləri aktual olaraq qalmaqdadır.

Bu gün siyasi, iqtisadi, mədəni, hərbi, sosial və digər sahələrdə idarəetmə ilə bağlı müxtəlif xarakterli əsərlər, metodoloji vəsaitlər işıq üzü görməkdədir. Bu əsərlərdə müxtəlif cəmiyyət və dövlətlərin idarəetmə təcrübəsinin və modellərinin öyrənilməsi ilə yanaşı, konkret elmi-praktik və nəzəri-metodoloji tövsiyə və təkliflər yer alır ki, bütün bunlar konkret idarəetmə nümunəsi kontekstində strateji əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasında da müxtəlif sahələrdə idarəetmənin təşkili ilə bağlı elmi-nəzəri və analitik-empirik tədqiqatlar ortaya qoyulur və hər bir araşdırma nümunəsi yönəldiyi sahədə idarəetmənin təkmilləşdirilməsi üçün fundamental baza əhəmiyyəti daşıyır. Bu baxımdan, fəlsəfə elmləri doktoru, professor Nigar Ələkbərovanın işləyib hazırladığı “Siyasi elmin müasir problemləri” adlı dərslik xüsusi əhəmiyyət kəsb edir.

Bəhs olunan dərslik fundamental metodoloji vəsait olmaq etibarilə Qərb ölkələrinin elmi təcrübəsinin, bu istiqamətdəki başlıca tendensiyaların öyrənilməsi, eyni zamanda, yeni tədqiqat istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm mənbə rolunu oynayır. Dərs vəsaitində, həmçinin, sosial siyasət idarəetmə anlayışı və müxtəlif institutların fonunda idarəetmə prosesi sistemli analiz obyektinə çevrilib, fərdi, qrup, institusional idarəetməyə, eyni zamanda, dövlət idarəçiliyinə xüsusi diqqət yetirilib. Məhz bu yanaşma ona görə xüsusi əhəmiyyət kəsb edir ki, müasir dövrdə bu və ya digər sosiumun tərəqqisi və ya təkamülü məhz müxtəlif institusional səviyyələrdə idarəetmənin düzgün təşkil edilməsindən asılıdır. Nəzərə alsaq ki, dövlət ən böyük və kütləvi ictimai-siyasi institutdur, məhz o zaman qeyd edə bilərik ki, cəmiyyətin inkişafı, sosiumda rasional münasibətlərin təşəkkül tapması üçün dövlət idarəçiliyinin səmərəli təşkil olunması ən əhəmiyyətli strateji prioritetdir. Bundan başqa, dünya miqyasında xalqlar arasında rasional əlaqələrin formalaşması və davam etməsi məhz beynəlxalq müstəvidə idarəetmənin səmərəli təşkil edilməsi ilə bilavasitə əlaqədardır.

Bundan başqa, dərslikdə qloballaşmanın müxtəlif aspektlərindən söz açılır, siyasi, sosial və mədəni qloballaşmanın müasir beynəlxalq münasibətlərə təsiri öyrənilir. Şübhəsiz, qloballaşma prosesinin bu cür geniş aspektdən öyrənilməsi xüsusi əhəmiyyət kəsb edir, çünki müasir dövrün gerçəklikləri və tələbləri bu tendensiyanın bəşəriyyət üçün nə qədər böyük əhəmiyyət (neqativ və pozitiv kontekstdə) daşıdığını göstərir. Ümumiyyətlə, qloballaşma prosesi müasir dünya siyasəti və beynəlxalq münasibətlər sisteminin başlıca tendensiyalarından biri hesab edilir. Məhz buna görə də, bu problem müxtəlif strateji araşdırmaların fundamental tədqiqat obyekti kimi çıxış etməkdədir. Qloballaşma yeni proses olmayıb, tarixin müxtəlif dövrlərində bu və ya digər səviyyə və formada təzahür etmişdir. Qloballaşma, həmçinin, yekcins istiqamətli proses deyil. Onun müxtəlif sfera və istiqamətləri mövcuddur ki, bunların hər birinin ayrılıqda təhlil və izah edilməsi strateji önəm kəsb edir. Bu proses struktur baxımından çoxölçülü tendensiya kimi qiymətləndirilir. Ona görə də, sözügedən dərs vəsaitində bu prosesin bütün detalları ilə nəzəri və praktik əhəmiyyətinin göstərilməsi təqdirəlayiqdir.

Dərsliyin mühüm məziyyətlərindən biri də budur ki, orada siyasi elmin ən müasir nəzəriyyələri (hakimiyyət nəzəriyyəsi, postmodernizm nəzəriyyəsi, demokratiya nəzəriyyəsi, rasional seçim nəzəriyyəsi, siyasi elitalar və siyasi liderlik nəzəriyyələri) öz əksini tapmışdır. Bu nəzəriyyələrin təqdim və izah olunması müasir sosial-siyasi problemlərin dərk olunması baxımından əhəmiyyətlidir.

Demokratiya nəzəriyyəsində bu məfhumun mənası, həmçinin, demokratiyanın müxtəlif konsepsiyaları diqqətə çatdırılır. Eyni zamanda, demokratik dəyərlərdən bəhs olunur, “xalq hakimiyyəti”nin empirik və praktik əsasları da diqqət mərkəzinə çəkilir. Şübhəsiz, demokratiyanın mahiyyətinin bu cür əhatəli izah olunması əhəmiyyətlidir, çünki müasir dövrdə siyasətşünaslar və siyasətçilər tərəfindən ən çox manipulyasiyaya məruz qalan məfhum məhz demokratiyadır. Ümumiyyətlə, demokratiya haqqında mövcud fikir və mülahizələrin hamısı bir-birindən elmi, məntiqli, maraqlı və cəlbedici görünsə də, bütün hallarda nəzəriyyəçilərin ya qeyri-səmimiliyi, ya da sonunadək izah edə bilməmələri açıq görünür. Bizim qənaətimizcə, demokratiya haqqında ən kütləvi və ən ümumiləşmiş fikir olan “demokratiya xalqın hakimiyyətidir, yaxud onun insan hüquqları ilə məhdudlaşdırılmış hakimiyyətidir” tezisi o qədər də doğru deyil. Xalqın hamısının eyni vaxtda hakimiyyətdə olması praktik baxımdan gülüncdür.

Ona görə də, bu tezis daha çox ictimai ahəngdarlığı və hormoniyanı qorumaq və azlığın (bir qrupun) hakimiyyətini təmin etmək üçün düşünülmüş təbliğata bənzəyir. Demokratiya bütün digər növ cəmiyyət quruluşu modelləri kimi, cəmiyyətin təbii tələbatı olan qrup hakimiyyətini təmin edir. Digər deyilənlər isə siyasi aksesuarlardan başqa bir şey deyil. Üstün cəhət isə sadəcə vaxtında seçkilərə getməklə hakim qrupun təzələnməsidir. Hakimiyyətin mütləq məzmunu isə hökm etməkdir. Bu, bütün cəmiyyətlərin yazılmamış ali qanunudur.

Ancaq demokratiya üstün dəyər kimi bu gün daha çox siyasi spekulyasiya vasitəsinə, hətta qlobal güc mərkəzlərinin imperiya maraqlarının reallaşdırılmasına xidmət edən alətə çevrilib. “Demokratiya” mərkəzlərindən ixrac edilən bu cür “genetik modifikasiya olunmuş demokratiya” isə heç də həqiqi demokratiya istəyən xalqların milli maraqlarına uyğun gəlmir. Ancaq “demokratiya bazarı” imperialist “demokratlar”ın inhisarında olduğu üçün “bazar”da başqa “əmtəə”, alternativ yoxdur. Biz mütləq demokratiya adı altında bizə sırınanları almalıyıq. Ona görə də, nəzəriyyəyə çox da aludə olmadan bütün hallarda milli və dövlət maraqları ilə uzlaşmayan demokratiyadan imtina etmək lazımdır. Bizcə, qloballaşan, hamının bir-birinə bənzədilməsinə çalışılan dünyada milli-mənəvi dəyərlərin qorunmasının ən məqbul yolu budur.

Dərslikdə toxunulan mühüm elmi problemlərdən biri də vətəndaş cəmiyyətidir. Bəlli olduğu kimi, vətəndaş cəmiyyəti müasir ictimai-siyasi məsələlər kontekstində xüsusi olaraq diqqət mərkəzinə çəkilən problemdir. Bu institutun funksionallığı məsələsinə dair birmənalı yanaşmanın mövcud olmaması müəyyən elmi polemikaların meydana çıxmasına səbəb olur. Vətəndaş cəmiyyəti anlayışı elmi ədəbiyyatda müxtəlif təriflərlə səciyyələndirilsə də, ən müxtəlif yanaşmalarda mahiyyət etibarilə eyni nəticə və qənaətlər əldə edilməkdədir. Bir çox mənbələrdə vətəndaş cəmiyyəti sosial ideal və real ictimai vəziyyət arasındakı nisbəti ifadə edən anlayış kimi səciyyələndirilir. Ümumiyyətlə, vətəndaş cəmiyyəti siyasi sistemin struktur elementi olsa da, qeyri-siyasi təmayülü və xarakteri ilə fərqlənir. Belə ki, vətəndaş cəmiyyəti dövlətdən asılı olmayan, amma dövlətlə əlaqəsi olan, inzibati deyil, könüllü qaydada yaradılan sosial birlikdir. Başqa sözlə, vətəndaş cəmiyyəti mülki şəxslərin könüllü birləşməsi nəticəsində yaranan, özünütənzimləmə və özünüidarə mexanizminə malik olan, qeyri-siyasi səciyyəsi ilə sivil şəxslər və münasibətlər sistemini ehtiva edən ictimai birlik kimi səciyyələndirilir. Bəhs etdiyimiz dərslikdə bütün bu məsələlər ətraflı izah olunur.

Nəticə etibarilə, dərslik dünyanın müxtəlif ölkələrində, o cümlədən Azərbaycanda siyasi elmin əsaslarının, bu sahədə mövcud təcrübələrin, nəzəri məsələlər və praktik gerçəkliklərin öyrənilməsi baxımından mötəbər mənbə kimi dəyərləndirilməlidir. Hesab edirik ki, dərslik siyasi elmlərlə bağlı araşdırma aparan tədqiqatçılar, siyasətşünaslar, bütövlükdə, geniş oxucu kütləsi üçün faydalı elmi-nəzəri və analitik-empirik mənbədir.

 

Hikmət BABAOĞLU

 

Yeni  Azərbaycan.-2013.- 27 dekabr.- S. 6.