Fövqəladə Hallar Nazirliyi Akademiyası
binasının açılış mərasimi olub
Azərbaycan Prezidenti İlham Əliyev
mərasimdə iştirak edib
Dekabrın 27-də Fövqəladə Hallar Nazirliyi Akademiyası binasının açılış mərasimi olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.
Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə raport verib.
Dövlətimizin başçısı əvvəlcə xalqımızın Ümummilli lideri Heydər Əliyevin akademiyanın həyətində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.
Prezident İlham Əliyev akademiyanın binasının rəmzi açılışını bildirən lenti kəsib.
Prezident İlham Əliyev son vaxtlar alınaraq Fövqəladə Hallar Nazirliyinin istifadəsinə verilən texnikalara baxıb.
Sonra dövlətimizin başçısı akademiyada yaradılan Heydər Əliyev Mərkəzində olub. Bu mərkəz Ulu öndərin zəngin həyat yolunun səhifələrini vərəqləməyə, Azərbaycan tarixinin bütöv bir qərinəsinə nəzər salmağa imkan verir. Ulu öndərin irsinin geniş əks olunduğu bu mərkəzdə yaradılan şərait, geniş ekspozisiya və fotoguşələr imkan verəcək ki, akademiyanın kursantları Ümummilli lider Heydər Əliyev irsinə dərindən yiyələnsinlər. Burada Ulu öndərin zəngin irsinin gələcək nəsillərə çatdırılması üçün virtual tədris sinfi, kitabxana, Ümummilli liderə aid sənədlərin saxlandığı xüsusi guşə fəaliyyət göstərir.
Prezident İlham Əliyev Fövqəladə Hallar Nazirliyinin Akademiyasında yaradılan muzeyə də baxıb. Burada akademiyanın yaranma tarixi və son beş ildə əldə olunan uğurlar barədə geniş məlumatlar toplanıb. Akademiyanın bayrağı da bu muzeydədir. Xatırladaq ki, Prezident İlham Əliyev bu ilin martında akademiyanın bayrağının əsasnaməsi haqqında Fərman imzalayıb.
Daha sonra Prezident İlham Əliyev akademiyanın kollektivi ilə görüşüb.
Akademiyanın kafedra müdiri Bahar Cəfərova dövlətimizin başçısına minnətdarlıq edərək deyib: “Cənab Prezident, akademiyamıza xoş gəlmisiniz. Sizi görməyimizə çox şadıq. Bu gözəl binanı bizə bəxş etdiyinizə görə Sizə təşəkkür edirik. Sizin Sərəncamınızla Aydın Qafarov Əməkdar Elm Xadimi adını almışdır. Mən isə Əməkdar Müəllim adına layiq görülmüşəm. Sizə çox minnətdarıq”.
* * *
Mərasim iştirakçılarını salamlayan Prezident İlham Əliyev deyib: “Sizi qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təbrik edirəm. Bayramlar ərəfəsində akademiyanın yeni binasının açılışını qeyd edirik. Çox gözəl binadır. Ən müasir avadanlıqlar, trenajorlar quraşdırılıbdır. Yəni, tədris prosesi üçün bütün şərait yaradılıbdır. Gözəl zövqlə, keyfiyyətlə tikilibdir. Ümumiyyətlə, Fövqəladə Hallar Nazirliyinin Akademiyası qısa müddət ərzində gözəl bir tədris mərkəzinə çevrilibdir. Ümid edirəm ki, biz gələcəkdə bu akademiyanın bazasında beynəlxalq tədris və təlim mərkəzi yaradacağıq. Burada mövcud olan imkanlar bunu deməyə əsas verir. Çünki hesab edirəm ki, bu bölgədə, yerləşdiyimiz regionda bu akademiyanın əlbəttə, öz yeri vardır. Əminəm ki, burada təhsil almaq üçün qonşu ölkələrdən də vətəndaşlar gələcəklər. Bu bazada əminəm ki, beynəlxalq tədris mərkəzini yarada bilərik. Əlbəttə ki, burada ilk növbədə xilasedicilərimiz öz biliklərini artıracaqlar. Gənclər müxtəlif peşələr üzrə öz ixtisaslarını təmin edəcəklər. Buna böyük ehtiyac vardır.
Ümumiyyətlə, Fövqəladə Hallar Nazirliyi yaranandan bu günə qədər böyük bir yol keçmişdir. Ölkə daxilində, xaricdə böyük işlər görmüşdür. Əfsuslar olsun ki, təbii fəlakətlər bizdən də yan keçmədi. Həm sel, daşqın, ondan sonra zəlzələ iqtisadiyyatımıza, insanların yaşayış səviyyəsinə böyük zərbə vurdu. Ancaq xoşbəxtlikdən nə daşqın, nə sel, nə də son zəlzələ zamanı heç bir bədbəxt hadisə, ölüm hadisəsi olmamışdır. Bütün vətəndaşlar vaxtında müvəqqəti yaşayış yerlərinə köçürülmüşlər. Ondan sonra əlbəttə ki, gərgin iş başlanmışdır. Çünki daşqın nəticəsində 10 minlərlə hektar torpaq, minlərlə ev su altında qalmışdır. Biz qısa müddət ərzində bütün bu vəziyyətdən əziyyət çəkən insanları yeni evlərlə təmin etdik. Dövlət hesabına minlərlə yeni ev tikilmiş, vətəndaşlara pulsuz, hədiyyə kimi verilmişdir. Məktəblər tikilmişdir. O cümlədən deyə bilərəm ki, biz zəlzələ zonasında da bir il ərzində əsas işlərin görülməsinə nail olduq. Ondan sonrakı dövrdə də tamamlama işləri aparılmışdır.
Bəyan etdiyim kimi, heç bir təbii fəlakət bizi sarsıda bilməz. Azərbaycan dövləti güclü dövlətdir. Siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Bütün bərpa işlərini və evlərin tikintisini Azərbaycan dövləti öz üzərinə götürüb. Dövlət bütün maliyyə xərclərini çəkmişdir. Texniki tərəfdən bu işləri Azərbaycan mütəxəssisləri görmüşlər. Fövqəladə Hallar Nazirliyinin bu işlərdə böyük rolu olmuşdur. Bu, bir daha onu göstərir ki, vaxtilə nazirliyin yaradılmasında böyük məna var idi. Eyni zamanda, bu gün bizim xilasedicilərimiz xarici ölkələrdə xilasetmə missiyasını icra edirlər. Bir neçə ölkədə zəlzələ, daşqın, yanğınlar zamanı bizim qruplarımız xilasetmə işlərində iştirak etmişlər, yüksək qiymətə layiq görülmüşlər, xarici ölkələrin yüksək mükafatları ilə təltif edilmişlər. Mən hesab edirəm ki, bu təcrübə də bizim üçün çox önəmlidir. Xilasedicilərimiz həm daha çox təcrübə toplayırlar, eyni zamanda, Azərbaycan bu sahədə də xoş niyyətini göstərir. Çünki mən dəfələrlə demişəm ki, bizim beynəlxalq siyasətimiz əməkdaşlıq əsasında qurulur. O cümlədən biz də çətin vəziyyətdə olan ölkələrə yardım əlimizi uzatmalıyıq, bunu edirik.
Bütövlükdə bu gün texniki təminat yüksək səviyyədədir. Son illərdə lazım olan bütün texniki avadanlıq alınmışdır. Burada quraşdırılan trenajorlar da bunun bir hissəsidir. Yəni, bu gün texniki təchizatla bağlı heç bir problem yoxdur. Düzdür, köhnədən bəzi avadanlıq hələ qalıbdır. Tədricən o da yenilənəcəkdir. Bir sözlə, Fövqəladə Hallar Nazirliyinin maddi-texniki bazası möhkəmdir, işçilərin peşəkarlığı artır, tədris prosesi düzgün təşkil edilibdir. Akademiyanın yeni binası bunu bir daha göstərir. Əminəm ki, gələcəkdə nazirliyin funksiyaları ilə bağlı heç bir problem olmayacaqdır.
Bu yaxınlarda nazirliyə əlavə funksiyalar verildi, o cümlədən strateji obyektlərin mühafizəsi. Xüsusilə, Mingəçevir və Ceyranbatan su anbarlarının mühafizəsi nazirliyə tapşırılıbdır. Qısa müddət ərzində bütün mühafizə tədbirləri görülübdür. Həm müşahidə kameraları, həm mühafizə sistemi, siqnalizasiya ən müasir səviyyədə qurulubdur. Yəni, strateji obyektlərimiz lazımi səviyyədə qorunmalıdır və qorunur. Əminəm ki, gələcəkdə də nazirliyin əməkdaşları ləyaqətlə işləyəcək, doğma Vətəninə sədaqətlə xidmət edəcəklər.
Bu gözəl hadisə münasibətilə sizi bir daha təbrik edirəm”.
* * *
Sonda xatirə şəkli
çəkdirilib.
Yeni Azərbaycan.-2013.- 28 dekabr.-
S.2.