Milli Məclisin payız sessiyası başa
çatıb
31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi
Günü münasibətilə Milli Məclisin müraciəti
qəbul olunub
Dünən Milli Məclisin payız sessiyasının
son iclası keçirilib. Milli Məclisin sədri
Oqtay Əsədov millət vəkillərini qarşıdan gələn
Yeni İl bayramı və 31 dekabr - Dünya Azərbaycanlılarının
Həmrəyliyi Günü münasibətilə təbrik
edib. Daha sonra millət vəkilləri cari
məsələlərlə bağlı
çıxış ediblər.
Millət
vəkili Zahid Oruc ATƏT-in Varşavada yerləşən
Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun
(DTİHB) Azərbaycandakı prezident seçkiləri ilə
bağlı yekun hesabatına münasibət bildirib. Z.Oruc
deyib ki, ATƏT/DTİHB casus şəbəkəsidir: “Bu qurum
özünün QHT-lərdən ibarət casus şəbəkəsini
yaradıb. Azərbaycandan onlara informatorluq edənlər
var, bu barədə ciddi faktlar ortadadır. Bu gün ATƏT-in Minsk qrupu nədirsə,
Varşava bürosu da Azərbaycan üçün odur. Bu, yaxşı heç nə vəd eləmir.
Ona görə də, ən yaxşı variant
bizim Varşava bürosu ilə əməkdaşlıqdan
imtina etməyimizdir. Bunun Azərbaycan
üçün heç bir siyasi zərəri olmayacaq, əksinə,
xeyri olacaq”.
Milli Məclisin
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin
sədr müavini, “Azərbaycan Respublikası Dağlıq
Qarabağ bögəsinin azərbaycanlı icması”
İctimai Birliyinin idarə heyətinin üzvü Rövşən
Rzayev çıxışında bildirib ki, Azərbaycanın
ərazi bütövlüyünün təmin olunması,
qaçqın və məcburi köçkünlərin
doğma torpaqlarına qayıtması dövlətimizin
qarşısında duran əsas vəzifədir. Onun sözlərinə görə, vaxtilə
Ümummilli lider Heydər Əliyev bu istiqamətdə ciddi səylər
göstərib, hazırda bu siyasət Prezident İlham
Əliyev tərəfindən davam etdirilir. R.Rzayev qeyd edib ki, Azərbaycan BMT Təhlükəsizlik
Şurasının üzvü kimi iki illik fəaliyyətində
dünyada sülhün və təhlükəsizliyin təmin
olunmasına öz töhfələrini verib. Onun sözlərinə
görə, bu təşkilatın Dağlıq Qarabağ
münaqişəsi ilə bağlı qəbul etdiyi qətnamlərin
yerinə yetirilməməsi təəssüf doğurur:
“Dünya dövlətləri ölkəmizin sülh səylərini
dəstəkləyir, amma vacibdir ki, işğalçı Ermənistana
qarşı tədbirlər görülsün. Dağlıq
Qarabağın azərbaycanlı icması olaraq erməni
icması ilə görüşlərin keçirilməsini,
dialoqun qurulmasını istəyirik. Bu təşəbbüs
reallaşarsa, icmalar böyük sülh müqaviləsinə
öz töhfəsini verə bilər”.
Millət vəkili Musa Qasımlı başa çatmaqda
olan 2013-cü ilin ölkəmiz üçün uğurlu
olduğunu deyib. Onun sözlərinə görə, həm daxili, həm
də xarici siyasətdə nailiyyətlər qazanılıb:
“Bütün bunların fonunda 2014-cü ilə yeni imkanlar və
böyük ümidlərlə gedirik”.
Millət
vəkili İlham Əliyev bildirib ki, aqrar sahənin
inkişafı üçün ölkəmizə xaricdən
gətirilən gübrələrin keyfiyyəti məsələsinə
diqqət yetirilməlidir: “Bu, bütövlükdə, ölkəmizdə
aqrar sahənin inkişafı üçün
lazımlıdır. Ona görə də,
ölkəyə gətirilən gübrələrin keyfiyyətinə
ciddi nəzarət edilməlidir”.
“2013-cü il ərzində Azərbaycan bütün sahələr
üzrə böyük uğurlar qazanıb. Bu
uğurların qazanılmasında milli həmrəyliyimiz
mühüm rol oynayır”. Bu fikirləri
isə Azərbaycan Ağsaqqallar Şurasının sədri,
Milli Məclisin deputatı Fəttah Heydərov deyib. F.Heydərov bildirib ki, 31 dekabr - Dünya Azərbaycanlılarının
Həmrəyliyi Günü xalqımızın ən
böyük bayramlarından biridir. Onun sözlərinə
görə, milli həmrəyliyimizin güclənməsində
əsas amillərdən biri ölkəmizə Ulu öndər
Heydər Əliyev siyasətini davam etdirən Prezident İlham
Əliyevin rəhbərlik etməsidir: “Həmrəylik həqiqətən
də böyük töhfələr verir. Bu həmrəyliyin
uğurlu nəticələrini 2013-cü ildə də
gördük. Bu nəticələr həm
siyasi arenada, həm iqtisadiyyatda, beynəlxalq arenada
özünü göstərdi. Beynəlxalq
aləm, dünyanın ölkələrinin liderləri də
Azərbaycanın həyata keçirdiyi siyasəti təqdir
edirlər. Hesab edirəm ki, həmrəylik
həmişə xalqımıza, cəmiyyətə lazımdır.
Kiçik hadisələrlə, düşmən
qüvvələrlə əlbir olub Azərbaycanın
uğurlarına ləkə salmaq istəyənlərə
deyirik ki, belə hərəkətlər gərək deyil.
Bizə həmrəyliyimizi bundan sonra daha da
gücləndirmək lazımdır”.
Ombudsmanın
və hakimlərin maaşları artırılıb
Daha sonra millət vəkilləri gündəlikdəki məsələləri
müzakirə ediblər. Əvvəlcə, “Azərbaycan
Respublikasının insan hüquqları üzrə müvəkkili
(Ombudsman) haqqında” və “Konstitusiya Məhkəməsi
haqqında” qanunlara dəyişikliklər məsələsi
müzakirə olunub. Layihələr barədə
parlamentin Hüquq siyasəti və dövlət quruculuğu
komitəsinin sədri Əli Hüseynli məlumat verib.
Ə.Hüseynli bildirib ki, “Azərbaycan Respublikasının
insan hüquqları üzrə müvəkkili (Ombudsman)
haqqında” Konstitusiya qanununun 16.1-ci maddəsinə təklif
olunan dəyişikliyə əsasən Ombudsmanın
maaşı 1800 manatdan 2025 manata qaldırılır. Ombudsmanın maaşına edilən artım qanuna
müvafiq olaraq Ombudsman Aparatı işçilərinin də
maaşına təsir edəcək. “Konstitusiya Məhkəməsi
haqqında” qanunun 71.2-ci maddəsinə təklif olunan dəyişikliyə
əsasən isə Konstitusiya Məhkəməsi sədrinin
aylıq vəzifə maaşı 1785 manatdan 2120 manata
qaldırılır. Artım Konstitusiya Məhkəməsinin
hakimlərinin də aylıq maaşlarına təsir edir.
Hər iki layihə səsə qoyularaq qəbul
olunub. Bildirilib ki, bu məsələlər
Konstitusiya qanununa edilən dəyişikliklər olduğu
üçün 6 ay sonra yenidən təkrar təsdiqlənmək
üçün Milli Məclisdə səsə qoyulacaq.
“Məhkəmələr və hakimlər haqqında”
Qanuna edilən dəyişikliklərə görə isə
bütün hakimlərin və məhkəmə sədrlərinin
maaşı artırılıb.
İclasda həmçinin, “Azərbaycan
Respublikasının Müdafiə Nazirliyi və Amerika Birləşmiş
Ştatlarının Müdafiə Nazirliyi arasında
avadanlığın alınması və
qarşılıqlı xidmət haqqında Sazişin
(USA-AZE-02) təsdiq edilməsi barədə” sənəd
müzakirə olunub. Milli Məclis sədrinin birinci müavini Ziyafət
Əsgərov bildirib ki, sənəd faktiki olaraq 10 il əvvəl imzalanmış sazişin
müddətinin daha 5 il uzadılmasını nəzərdə
tutur. Sazişin Azərbaycan üçün
mühüm əhəmiyyətə malik olduğunu
vurğulayan deputatlar sənədin ratifikasiya olunmasını
vacib sayıblar. Sənəd səsə
qoyularaq təsdiq edilib.
“Polis
haqqında” Qanuna əlavə və dəyişikliklər
edilib
Daha sonra “Polis haqqında” Qanuna əlavə və dəyişikliklər
məsələsi müzakirəyə
çıxarılıb. Layihə barədə
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin
sədri Əli Hüseynli məlumat verib. Layihəyə
görə, tutulmuş və ya həbs edilmiş şəxs
həbs yerinə gətirildikdən dərhal sonra ona
tutulduğu və ya həbsə alındığı, harada
saxlanıldığı barədə yaxın qohumlarına,
yaxud əlaqə saxlaması onun üçün qanuni maraq
doğuran digər şəxslərə telefon və digər
vasitələrlə məlumat vermək imkanı
yaradılmalıdır. Tutulmuş və
ya həbs edilmiş şəxsin qocalığı, yetkinlik
yaşına çatmaması, sağlamlıq və psixi vəziyyəti
ilə bağlı hallar istisna olmaqla, belə məlumatları
tutulan öz təşəbbüsü ilə verməlidir.
Əgər tutulmuş və ya həbs
edilmiş şəxs əcnəbi, yaxud vətəndaşlığı
olmayan şəxsdirsə, onun vətəndaşı
olduğu və ya daimi yaşadığı dövlətin Azərbaycanda
olan diplomatik nümayəndəliyinə, konsulluğuna, yaxud
ona himayədarlığı öz üzərinə
götürmüş milli, yaxud beynəlxalq təşkilata
bu barədə dərhal məlumat verməli və bu cür məlumatın
verildiyi qeydə alınmalıdır. Maddənin qeyd
olunan bəndinin hazırda qüvvədə olan variantı isə
belədir: “Tutulmuş və ya həbsə alınmış
şəxsin yaxın qohumlarına, onun tələbi ilə
iş və ya təhsil yerinə tutulması və ya həbsə
alınması barədə təxirə salınmadan məlumat
verilməlidir (qocaların, yetkinlik yaşına
çatmayanların və psixi vəziyyətinə görə
imkanı olmayan tutulmuş şəxslərin ailə üzvlərinə
müvəqqəti saxlama yerlərinin müdiriyyəti öz
təşəbbüsü ilə xəbər verir)”.
Bundan başqa, polisin səlahiyyətləri ilə
bağlı daha bir neçə qayda dəyişdirilib.
Əmək
müqavilələri elektron qaydada sənədləşdiriləcək
İclasda Əmək Məcəlləsinə də bir
sıra dəyişikliklər edilib. Dəyişikliklərdən biri
budur ki, əmək müqaviləsinin qüvvəyə minməsi
ilə bağlı şərtlər dəyişdirilir və
yenilənir: əmək müqaviləsinin bağlanması,
ona dəyişiklik edilməsi və ya xitam verilməsi
yalnız bununla bağlı elektron informasiya sisteminə daxil
edilmiş əmək müqaviləsi bildirişinin həmin
elektron informasiya sistemində qeydiyyata alınmasından, bu barədə
işəgötürənə elektron qaydada məlumat
göndərilməsindən sonra hüquqi qüvvəyə
minir. Elektron informasiya sisteminə daxil edilmiş əmək
müqaviləsi bildirişinin qeydiyyata alınması barədə
1 iş günündən gec olmayaraq sistem vasitəsilə
işəgötürənə elektron qaydada məlumat
göndərilməlidir.
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin
sədri Ə.Hüseynlinin sözlərinə görə,
layihənin əsas mahiyyəti əmək müqavilə sisteminin
elektron xidmətə keçməsidir. Bu isə daha
çox işçilərin maraqlarına xidmət edir.
Müzakirələrdə çıxış
edən Milli Məclisin Sosial siyasət komitəsinin sədr
müavini Musa Quliyev bildirib ki, bu sənəd
işçi-işəgötürən münasibətlərini
daha sivil və hüquqi müstəviyə keçirəcək.
Onun sözlərinə görə, bu sahədə
elektron xidmətə keçid çox yaxşı haldır.
Məsələ
ilə bağlı çıxış edən YAP İcra
katibinin müavini, millət vəkili Siyavuş Novruzov bildirib
ki, bu, insanların uzun illər gözlədiyi məsələdir:
“Bu dəyişikliklərdə söhbət vətəndaşların
hüquqlarının qorunmasından gedir. Ən
çox maraqlı isə işə götürülən tərəf
olmalıdır. O neqativ halların
qarşısını almalıdır, öz
hüquqlarını dərk edib müqaviləsini təmin etməlidir
ki, sonra problem yaranmasın. Münasibətlərin
düzgünlüyü əmək müqaviləsində əks
olunmalıdır. Bir sözlə, bu ciddi
yenilikdir və biz bu yeniliyi dəstəkləməliyik”.
Sonra Məcəllədə və məcəllədən
irəli gələrək İnzibati Xətalar, Vergilər məcəllələrində
də bir sıra dəyişikliklər layihəsi qəbul
olunub.
Körpələr
evləri və uşaq bağçaları vergilərdən
azad olundu
İclasda “Körpələr evlərinə, körpələr
evi - uşaq bağçalarına, xüsusi uşaq
bağçalarına və uşaq evlərinə müddətli
vergi güzəştlərinin verilməsi haqqında” qanun
layihəsi müzakirəyə çıxarılıb. Layihə barədə
İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə
məlumat verib. O qeyd edib ki, layihə ölkə
Prezidentinin imzası ilə Milli Məclisə daxil olub. Cəmi
2 maddədən ibarət olan yeni qanun layihəsinə əsasən
körpələr evləri, körpələr evi - uşaq
bağçaları, xüsusi uşaq bağçaları və
uşaq evləri 2014-cü il yanvarın
1-dən başlayaraq, 10 il müddətinə Vergilər Məcəlləsi
ilə müəyyən edilmiş hüquqi şəxslərin
mənfəət vergisini və sadələşdirilmiş
vergini ödəməkdən azaddırlar. Z.Səmədzadə
bildirib ki, ölkədəki 1-5 yaşlı uşaqların cəmi
15 faizi bağçalara gedir: “Ölkədə ciddi
bağça çatışmazlığı var. Bu dəyişiklik
özəl şirkətləri bağça tikməyə həvəsləndirəcək.
Hazırda ölkədə 40 özəl
bağça var. Sahibkarları bu sahəyə sərmayə
qoymağa çağırıram”.
YAP
İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov
deyib ki, vergi güzəştlərindən sonra özəl
seçktorda uşaq bağçaları, körpələr
evinin tikilməsinə diqqət xeyli arta bilər. Özəl şirkətlərin daha çox gəlirli
sahələrə üstünlük verdiyini deyən
S.Novruzovun sözlərinə görə, əhali
üçün ən zəruri olan uşaq
bağçalarıdır. S.Novruzov deyib
ki, “Təhsil haqqında” Qanuna əsasən uşaqlar orta məktəbə
bağçadan gəlməlidirlər.
Millət
vəkili özəl bağçaların çox baha
olduğunu da nəzərə çatdırıb:
“Bağçalara elə bir qiymət qoyublar ki, ailənin
bütün üzvləri işləsə belə,
uşağı bağçaya qoymaq üçün yetərli
olmaz. Elə bağçalar var ki, qiymətlər
700 manatdan 1000 manatadək dəyişir. Amma
bizim müzakirə etdiyimiz qanunda nəzərdə tutulan
güzəştlər həmin özəl bağçalara
da şamil olunur. Onlar vergilərdən azad
edilsələr də, bağçaları qoyduqları qiymət
reallığı əks etmir. Buna görə
də, hesab edirəm ki, vergi güzəştlərinə fərdi
qaydada yanaşmaq lazımdır. Uşaq
bağçaların Təhsil Nazirliyinin nəzdindədirsə,
dövlət balansındadırsa, bu güzəştlər tətbiq
olunsun. Əgər bu güzəştlər
kimlərinsə cibinin doldurulmasına, gəlir vasitəsinə
çevrilə bilərsə, onlara yanaşmamız başqa
formada olmalıdır”.
Müzakirələrdən sonra qanun layihəsi qəbul
olunub.
İclasda həmçinin, “Yaşıllıqarın
mühafiəzi haqqında” qanun layihəsi qəbul olunub. Layihə
haqqında parlamentin Aqrar siyasət komitəsinin sədri Eldar
İbrahimov məlumat verib.
Son olaraq isə, 31 dekabr - Dünya Azərbaycanlılarının
Həmrəyliyi Günü münasibətilə Milli Məclisin
müraciəti qəbul olunub. Milli Məclis 31 dekabr
- Dünya Azərbaycanlılarının Həmrəyliyi
Günü münasibətilə Azərbaycan Prezidenti
İlham Əliyevə təbrik məktubu göndərib.
Parlamentin payız sessiyası dövlət himninin səsləndirilməsi
ilə başa çatıb.
Nardar BAYRAMLI
Yeni
Azərbaycan.-2013.- 28 dekabr.- S.3.