Rusiya Federasiyası
Dağıstan Respublikası Azərbaycanla əlaqələrin
genişləndirilməsində maraqlıdır
Tərəflər arasında iqtisadi
əməkdaşlıq sürətlə inkişaf
edir
Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 26-da Rusiya Federasiyası Dağıstan Respublikasının Prezidenti Ramazan Abdulatipovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Dövlətimizin başçısı Azərbaycan Respublikası ilə Rusiya Federasiyası (RF) arasında ikitərəfli münasibətlərin genişləndirilməsində ölkəmiz ilə RF-nin ayrı-ayrı subyektləri, o cümlədən, Dağıstan Respublikası arasında əlaqələrin mühüm əhəmiyyət daşıdığını qeyd edib. Prezident İlham Əliyev Dağıstan Respublikasının Prezidenti Ramazan Abdulatipovun ölkəmizə səfərinin Azərbaycan-Rusiya ikitərəfli münasibətlərinin, eləcə də Dağıstan Respublikası ilə tarixi və mədəni köklərə əsaslanan dostluq əlaqələrinin daha da möhkəmləndirilməsi işinə xidmət edəcəyinə əminliyini bildirib. Prezident İlham Əliyev səfərin iqtisadi sahədə əməkdaşlığa dair məsələlərin müzakirəsi üçün də yaxşı fürsət yaratdığını vurğulayıb.
Öz növbəsində Dağıstan Respublikasının Prezidenti Ramazan Abdulatipov Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Dağıstan ilə Azərbaycan arasında münasibətlərin fəal şəkildə davam etdirilməsinə önəm verdiyini söyləyib. Fəxri Xiyabanda Ulu öndər Heydər Əliyevin və görkəmli dövlət xadimi Əziz Əliyevin xatirələrini ehtiramla yad etdiklərini vurğulayan Ramazan Abdulatipov Dərbənddə Heydər Əliyevin xatirəsinə yeni xiyaban və parkın salınması istiqamətində də işlərin görüləcəyini bildirib.
Dövlətimizin başçısı Dağıstanda xalqımızın Ümummilli lideri Heydər Əliyevin xatirəsinin əbədiləşdirilməsi istiqamətində görülən işlərin ölkəmizdə yüksək qiymətləndirildiyini vurğulayaraq bunun xalqımız tərəfindən əlaqələrimizin daha da gücləndirilməsi işində böyük xidmətlər göstərmiş Ulu öndərə olan ehtiramın və xalqlarımız arasında dostluq və qardaşlıq əlaqələrinin təcəssümü kimi dəyərləndirildiyini deyib. Prezident İlham Əliyev görkəmli dövlət xadimi Əziz Əliyevin həyat və fəaliyyətinin bir hissəsinin Dağıstanla bağlı olmasını da məmnunluqla xatırlayıb.
Eyni zamnada, dekabrın 26-da Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov Rusiya Federasiyası Dağıstan Respublikasının Prezidenti Ramazan Abdulatipovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüş zamanı Oqtay Əsədov Azərbaycan-Dağıstan əlaqələrinin yüksək səviyyədə olduğunu deyib. Bildirilib ki, Azərbaycan ilə Rusiya, o cümlədən Dağıstan arasında dostluğa, mehriban qonşuluğa əsaslanan hərtərəfli əlaqələr, xüsusilə iqtisadi əməkdaşlıq sürətlə inkişaf edir.
Azərbaycan-Rusiya münasibətlərindən danışan Milli Məclisin sədri ölkələrimizin qanunverici orqanları arasında da qarşılıqlı əlaqələrin yüksək səviyyədə olduğunu diqqətə çatdırıb. Sədr əmin olduğunu bildirib ki, xalqlarımızı birləşdirən, zəngin həyat təcrübəsinə söykənən mehriban dostluq, qonşuluq və əməkdaşlıq ənənələri bundan sonra da möhkəmlənəcək.
Ramazan Abdulatipov Azərbaycan-Rusiya ikitərəfli münasibətlərindən, eləcə də Dağıstan Respublikası ilə tarixi və mədəni köklərə əsaslanan dostluq əlaqələrindən danışıb.
Dağıstan Prezidenti yüksək səviyyəli qarşılıqlı səfərlərin əməkdaşlığın daha da möhkəmləndirilməsinə xidmət edəcəyinə əminliyini bildirib.
Müstəqillik əldə etdikdən sonra Azərbaycan dünyanın bütün ölkələri ilə, xüsusən yaxın coğrafi ərazidə yerləşən dövlətlərlə dinc və mehriban qonşuluq münasibətlərinə əsaslanan xarici siyasət xətti yürütməyə başlayıb. Bu siyasi kursda RF ilə münasibətlər xüsusi yer tutur. Müstəqil dövlət quruculuğu prosesində Rusiya ilə əlaqələri inkişaf etdirmək Heydər Əliyevin xarici siyasət kursunda müstəqil istiqamət kimi həyata keçirilib. Keçmiş ittifaq dağıldıqdan sonra iki müstəqil dövlətə çevrilən RF və Azərbaycan arasında qarşılıqlı-faydalılığa əsaslanan münasibətlərin qurulmasında hər iki dövlət maraqlı olub və bu qarşılıqlı milli maraqlara cavab verən bütün sahələrdə - siyasi, iqtisadi, mədəni - əlaqələr hazırda da uğurla davam etdirilir.
Qeyd etmək lazımdır ki, 2001-ci ildə RF-nin Prezidenti Vladimir Putinin Azərbaycana rəsmi səfəri 2 ölkə arasında siyasi-iqtisadi münasibətlərin inkişafına təkan verib və bununla da hərtərəfli münasibətlərin inkişafında yeni mərhələnin əsası qoyulub. Adıçəkilən səfər çərçivəsində tərəflər arasında münasibətlərin genişləndirilməsini nəzərdə tutan Bakı Bəyannaməsi imzalanıb. Azərbaycan-Rusiya münasibətlərində bu mərhələnin digər yadda qalan hadisəsi 2004-cü ildə Azərbaycan Prezidenti İlham Əliyevin bu ölkəyə rəsmi səfəri olub. Səfər zamanı Prezident bəyanatında bildirib ki, ölkələrimiz arasındakı münasibətlər bugünkü mərhələdə qonşular arasında münasibətlərə nümunə ola bilər: “Bizim çox ciddi siyasi dialoqumuz, regional məsələlərdə, beynəlxalq siyasət məsələlərində tam qarşılıqlı anlaşmamız var. Əlbəttə, biz ikitərəfli münasibətlərimizdə ildən-ilə böyük tərəqqi olduğunu və bütün istiqamətlərdə əlaqələrin yaxşılaşdığını görürük. Bu, iqtisadi əlaqələrimiz, humanitar sahədə münasibətlərimiz üçün çox ciddi zəmindir. Bu bazanın əsası Vladimir Vladimiroviç Putinin və Heydər Əlirza oğlu Əliyevin birgə səyləri ilə qoyulmuşdur. Onların ölkələrimizin əlaqələrinin möhkəmlənməsinə yönəlmiş qarşılıqlı münasibətləri, fəaliyyəti, aralarındakı tam qarşılıqlı anlaşma və qarşılıqlı hörmət elə bir zəruri siyasi baza olmuşdur ki, bütün istiqamətlərdə münasibətlər bunun üzərində qurulmağa başlamışdır”.
Ümumiyyətlə, V.Putinin baş nazir və Prezident olduğu dövrlərdə 2 ölkə arasında iqtisadi münasibətlər yüksələn xətt üzrə inkişaf edib. Bu cür inkişaf isə öz başlanğıcını, ilk növbədə, iki ölkə arasında qurulan sağlam siyasi-iqtisadi münasibətlərdən götürür.
Bu gün Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Rusiya və Azərbaycan arasında ticari-iqtisadi əlaqələrin inkişafında regionlararası əməkdaşlıq vacib rol oynayır. Qeyd etmək lazımdır ki, Şimali Qafqaz regionu ilə əlaqələrin inkişafı Azərbaycan-Rusiya ticarət-iqtisadi əlaqələrinin tərkib hissəsi olmaqla, əməkdaşlığın daha da dərinləşməsinə xidmət edir. RF-nin şimal əyalətlərinin rəsmi təmsilçilərinin, nümayəndə heyətinin böyük tərkibdə Azərbaycana səfərləri, eləcə də bu səfərlərin qarşılıqlı şəkildə baş tutması iki ölkə arasında iqtisadi sahədə əməkdaşlığın genişlənməsinə təsir etməkdədir. Məsələn, 2006-cı ildə Azərbaycan və Rusiya regionları arasında iqtisadi-ticarət əlaqələrini inkişaf etdirmək məqsədilə 29 sənəd, o cümlədən Moskva şəhəri ilə 12, Həştərxanla 5, Dağıstan və Sankt-Peterburqla 3, Sverdlovsk vilayətilə 2, Kalmıkiya və Tatarıstan respublikaları, Saratov vilayətlərilə 1 sənəd imzalanıb. Sözügedən sənədlər Rusiyanın adıçəkilən regionlarında Azərbaycanda istehsal edilən kənd təsərrüfatı məhsullarının reallaşdırılması işini asanlaşdırmağı nəzərdə tutur.
Son dövrlərdə regionlararası əməkdaşlıq sahəsində əhəmiyyətli sıçrayış baş verib. Hazırda RF-nin 71 subyekti Azərbaycanın yüzlərlə təsərrüfat subyektləri ilə xarici iqtisadi əlaqələrə malikdir. Tatarıstan və Dağıstanın nümayəndəlikləri, “Torgovıy dom Ural” QSC, “Torgovıy dom Tatarstan” MMC, Rusiyanın reqional aviaşirkətləri (“Başkirskiye avialinii”, “Permskiye avialinii”, “Pulkovskie avialinii”, “Samarskiye avialinii”, “Uralskiye avialinii” və s.) Azərbaycanda fəaliyyət göstərirlər. Bu gün Azərbaycanda idxalın ümumi həcminə görə Rusiya 1-ci yerdədir.
Hazırda Azərbaycan ilə əmtəə dövriyyəsinə görə Rusiya regionları arasında Dağıstan birinci yeri tutur. 2010-cu ildə bu dövriyyənin həcmi 202 milyon dollar olub. Bu isə Azərbaycan və Rusiya arasında əmtəə dövriyyəsinin 10 faizini təşkil edir. Rusiyanın cənub regionu və Azərbaycanın şimalı arasında əmtəə dövriyyəsi ildən-ilə artır və bu amil Cənubi Dağıstanın əhalisinin həyat şəraitlərinin yaxşılaşmasına gətirib çıxarır.
Qeyd etmək yerinə düşər ki, 2012-ci il aprelin 26-da İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə biznes forum keçirilib. Tədbirdə Azərbaycan Respublikası və Rusiya Federasiyasının Dağıstan Respublikası tərəfdən rəsmi şəxslərlə yanaşı, iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən iş adamları iştirak edib.
Biznes forumda çıxış edən iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov ölkəmizin qazandığı sosial-iqtisadi nailiyyətlər barədə məlumat verib. Bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilən sosial-iqtisadi islahatlar nəticəsində Azərbaycan dinamik inkişaf edən ölkəyə çevrilib, sahibkarlıq fəaliyyəti genişlənib, biznes və investisiya mühiti daha da yaxşılaşıb. Görülən genişmiqyaslı işlər ölkəmizin iqtisadi qüdrətini daha da artırıb, Azərbaycan investisiya ixrac edən ölkəyə çevrilib.
Qeyd olunub ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, iqtisadi inkişaf naziri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti Rusiya Federasiyasının Şimali Qafqaz regionunda investisiya imkanlarının araşdırılması məqsədilə 25-30 noyabr 2011-ci il tarixlərində bu regionda (Dağıstan, Çeçenistan, İnquşetiya, Şimali Osetiya-Alaniya, Qaraçay-Çərkəz, Kabardin-Balkar, Stavropol diyarı) səfərdə olub. Keçirilən biznes forum da verilən tapşırıqların icrası istiqamətində həyata keçirilən işlərin tərkib hissəsidir.
Tədbirdə Azərbaycan və Rusiya Federasiyasının Dağıstan Respublikası arasında əməkdaşlığın inkişaf etdirilməsi imkanları barədə məlumat verilib, əlaqələrin inkişafında biznes forumların, işgüzar görüşlərin keçirilməsinin əhəmiyyəti qeyd edilib.
Rusiya Federasiyası Dağıstan Respublikasının baş nazirinin müavini Rizvan Qazımaqomedov Rusiya Federasiyası Dağıstan Respublikasının Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlı olduğunu vurğulayıb, iqtisadiyyatın müxtəlif sahələri üzrə əməkdaşlığın genişləndirilməsi və Dağıstana investisiya qoyuluşu imkanları barədə məlumat verib.
Tədbir iş adamları arasında ikitərəfli görüşlərlə davam edib. Görüşlərdə işgüzar əlaqələrin inkişafı perspektivləri müzakirə edilib. Səfər çərçivəsində Dağıstan nümayəndə heyəti Sumqayıt Texnologiyalar Parkında, Binə qəsəbəsindəki “Qrintek” istixana kompleksində istehsal prosesi ilə tanış olublar.
Sevinc NURİYEVA
Yeni Azərbaycan.-2013.- 28 dekabr.-
S.8.