Ulu öndər Heydər Əliyev dünya azərbaycanlılarının birliyinin və həmrəyliyinin təminatçısıdır

 

Sirr deyil ki, Azərbaycançılığın çağdaş dövlətçiliyə tətbiqi Ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Ulu öndər Heydər Əliyevin sayəsində azərbaycançılıq təkcə milli ideologiya yox, həm də çox güclü dövlətçilik təlimi kimi böyük nüfuz qazandı. Bunun nəticəsində də Azərbaycan dövləti çağdaş dünya inteqrasiyasında beynəlxalq diqqət mərkəzinə çevrildi, sivil dövlət nümunəsi kimi həm Qərb, həm də Şərq aləmində qəbul olundu.

Ulu öndər Heydər Əliyevin neft strategiyası - “Əsrin müqaviləsi”, regionların iqtisadi inkişafı konsepsiyası, Azərbaycanın Avropa Şurasına qəbul olunması, ölkənin ərazi bütövlüyü uğrunda aparılan dönməz mübarizə - bütün bunlar məhz azərbaycançılıq ideologiyasına söykənir, onu daxilixarici siyasətimizin nəzəri-tarixi arsenalı kimi möhkəmləndirmək işinə xidmət edirdi. Heydər Əliyevin nitqlərində bütövlükdə Azərbaycan danışırdı. Ulu öndər Heydər Əliyevin ümummilli yetkin bir məfkurə kimi xalqımıza təqdim etdiyi azərbaycançılıq ideologiyasının əsasını təşkil edən dövlətçilik, vətənpərvərlik, ənənələrə bağlılıq prinsipləri bu gün milli birliyin əsas təminatçısı kimi çıxış edir.

Məlum olduğu kimi, Ulu öndər Heydər Əliyev 2001-ci ildə Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi haqqında Sərəncam verdi. Bakı şəhərində keçirilən bu qurultay xaricdə yaşayan soydaşlarımızın təşkilatlanmasında yeni bir mərhələ oldu. Həmin möhtəşəm tədbirdə dünyanın 37 ölkəsindən 600-ə yaxın nümayəndə iştirak edirdi. Qurultayda çıxış edən Ümummilli lider Heydər Əliyev vurğulamışdı: “Azərbaycan dövləti müstəqilliyini əldə edəndən sonra azərbaycançılıq aparıcı ideya kimi həm Azərbaycanda, həm də bütün dünyada yaşayan soydaşlarımız üçün əsas strateji xətdir. Siz unutmamalısınız ki, dünyada müstəqil Azərbaycan dövləti var. Bu torpaq bütün azərbaycanlıların doğma torpağıdır. Onun milli-mənəvi dəyərləri hər birimizə məxsusdur”.

İstər bu qurultayın keçirilməsi, istərsə də Ulu öndərin xarici dövlətlərə səfərləri zamanı həmin ölkələrdə yaşayan azərbaycanlılarla görüşməsi, onların fəaliyyətləri, problemləri ilə maraqlanması soydaşlarımızın fəaliyyətinə stimul verdi. Lakin sadəcə mənəvi dəstəklə kifayətlənməyən Ümummilli lider Heydər Əliyevin 5 iyul 2002-ci ildə imzaladığı Fərmanla Xarici ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi (indiki Diasporla İş üzrə Dövlət Komitəsi) yaradıldı. Komitə xaricdə yaşayan azərbaycanlılara, onların yaratdıqları qurumlara, kütləvi informasiya vasitələrinə beynəlxalq hüquq normaları çərçivəsində öz tarixi Vətəni ilə əlaqə yaratmaq, ana dilini, milli-mənəvi dəyərləri mənimsəmək, yaşatmaqinkişaf etdirmək məqsədilə müxtəlifyönlü təşkilati, informasiya, maddi və mənəvi yardım göstərir. Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması ilə dövlət-diaspor əlaqələrinin daha da möhkəmlənməsi üçün ideya-nəzəri və təşkilati şəraitin hazırlanması işi başa çatdı. Bu tədbirlər yetərincə hazırlıqlı olan milyonlarla soydaşımızı “Vahid Azərbaycan dövləti və azərbaycançılıq” ideologiyası ətrafında sıx birləşdirdi. Bu gün Azərbaycan diasporasının formalaşması və onun dövlətimizin xaricdəki mənafelərini yüksək səviyyədə müdafiə etməsi bu siyasətin uğurlu davamına daha bir sübutdur. Məhz aparılan bu uğurlu siyasət nəticəsində dünyada yaşayan bütün azərbaycanlılar Azərbaycan Respublikasını özlərinin vətəni sayır və azərbaycanlı olmaları ilə fəxr edirlər. Fəxrlə deyə bilərik ki, Azərbaycan dövləti dünya azərbaycanlılarının qəlbinə əbədi həkk olunmuş Ümummilli lider Heydər Əliyev ənənələrini uğurla yerinə yetirməkdədir. Ulu öndər Heydər Əliyev vətən və millətlə bağlı tövsiyələrinə, ilk növbədə, Özü əməl edən şəxsiyyət idi. O, Azərbaycan və azərbaycançılığı tanıtmağı məsləhət görürdüsə, hamıdan əvvəl Özü bu istiqamətdə aparırdı. O, Azərbaycan diasporunun fəaliyyətinin genişləndirilməsinin və qüvvətləndirilməsinin müstəqil dövlətçiliyimizin möhkəmləndirilməsində mühüm təsirini qeyd edərək dəfələrlə bu məsələyə toxunmuş, onları dövlətçiliyimizin möhkəmləndirilməsi işində fəal iştirak etməyə çağırmışdır. Ulu öndərin hər il dekabr ayının 31-də Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə əlaqədar Azərbaycan xalqına müraciəti, bu münasibətlə respublikamızda və xaricdə keçirilmiş tədbirlər xalqımızın özünüdərki, mənəvi bağlılığı istiqamətində atılan mühüm addımlardan idi: “Düşünürəm ki, xaricdə yaşayan soydaşlarımız həmişə ümumbəşəri dəyərlərin və mütərəqqi milli ənənələrimizin, dilimizin, mədəniyyətimizin daşıyıcıları olacaq. Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, tarixi Vətənlə yaşadıqları ölkələr arasında əlaqələrin möhkəmləndirilməsi işinə əhəmiyyətli dərəcədə kömək göstərəcəklər”.

Bu gün dünya azərbaycanlılarının həmrəyliyini daha da gücləndirmək və birliyini möhkəmləndirmək məqsədilə həm dövlət səviyyəsində, həm də ictimaielmi təşkilatlar səviyyəsində xeyli görülmüş və görülməkdədir. Bu məqsədlə son illərdə respublikamızda keçirilən tədbirlərin sayəsində xarici ölkələrdə yaşayan soydaşlarımızın xalqımızın, millətimizin ümumi mənafeyi naminə fəaliyyəti xeyli intensivləşib. Xalqımızın söz, əqidə və əməl birliyinə nail olmaq üçün Azərbaycan dövləti tərəfindən görülən işlərin miqyası ildən-ilə genişlənir. Dünyanın dörd bir yanına səpələnmiş milyonlarla azərbaycanlı gücün birlikdə olması həqiqətini getdikcə daha aydın dərk edir. Azərbaycan diaspor təşkilatları və icmaları arasında bağlar möhkəmlənir, soydaşlarımız milli hüquqların müdafiəsi işində bir-birinə dayaq durur, tarixi Vətənlə əlaqələrini gücləndirirlər. Onlar yaxşı başa düşürlər ki, milli-mənəvi bütövlüyün möhkəm təməli üzərində qurulan Azərbaycan bütün soydaşlarımızın və həmvətənlərimizin güvənc yeri olan qüdrətli bir dövlətə çevrilib. Azərbaycan Prezidenti İlham Əliyevin dünya azərbaycanlılarının birləşməsi sahəsində gördüyü prinsipial işlər xalqımız və bütün dünya azərbaycanlıları tərəfindən yüksək qiymətləndirilir. Məhz bu mənəvi birlikmilli həmrəylik dövlət müstəqilliyimizin daha da möhkəmləndirilməsinə və bu yolda yeni uğurlar qazanılmasına xidmət edir.

Ulu öndər Heydər Əliyev Özündən sonra gələn nəsillər üçün çox zəngin irs qoymuşdur. Bu irs bütöv bir idarəçilik məktəbini, xalqımızın özünütəsdiq və həmrəylik hisslərini, dövlətçilik şüurunu, çağdaş ictimai- siyasi fikrin ən ümdə keyfiyyətlərini özündə ehtiva edir. Onun müstəqil dövlətçilik və azərbaycançılıq məfkurəsi bu gün Prezident İlham Əliyev tərəfindən zənginləşərək qloballaşan dünyamızdakı mürəkkəb proseslər fonunda Azərbaycanı zirvələrə aparan ideoloji baza kimi şərəfli bir missiyaya xidmət edir.

 

Sevinc Fətəliyeva

Milli Məclisin Beynəlxalq

münasibətlər və parlamentlərarası

əlaqələr komitəsinin sədr müavini

Yeni  Azərbaycan.-2013.- 29 dekabr.- S.10.