2013-cü il tariximizdə Azərbaycanın sürətli inkişaf ili kimi qalacaq

 

                                       Müsahibimiz Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlıdır

 

- Mübariz müəllim, 2013-cü il artıq başa çatmaq üzrədir. Sizcə, bu ilin ölkəmiz üçün ən vacib hadisələri nədən ibarət oldu? Bütövlükdə, 2013-cü ili Azərbaycan üçün necə xarakterizə edərdiniz?

- Azərbaycan son illər ərzində həm bölgədə, həm də dünyada çox böyük nüfuz qazanmış sürətli inkişaf edən ölkələr sırasına daxil olmuşdur. Bəlli olduğu kimi, Azərbaycanın inkişaf strategiyası Ümummilli lider Heydər Əliyev tərəfindən formalaşdırılmış və bu gün bu strateji kursu uğurla davam etdirən Prezident İlham Əliyev ölkənin sürətli tərəqqisini təmin etmişdir. 2013-cü ildə də Prezidentimizin rəhbərliyi ilə Azərbaycanın dinamik inkişafı davamlı olmuşdur. İlin vacib hadisələrindən söz düşmüşkən, ilk olaraq ən mühüm hadisə kimi oktyabrda keçirilmiş prezident seçkilərini qeyd etməliyik. Eyni zamanda, bu il ölkəmizin BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi iki illik fəaliyyəti başa çatır. Yeni Azərbaycan Partiyasının V Qurultayının keçirilməsi, Azərbaycanın ilk süni peykinin orbitə buraxılması da 2013-cü ilin mühüm hadisələrindəndir.

2013-cü ildə Azərbaycan sosial-iqtisadi sahələrdə də bir sıra uğurlar qazanmışdır. Hər bir ölkənin inkişafının göstəriciləri təbii ki, ilk olaraq, rəqəmlərdə ifadə olunur. Ümumi daxili məhsulun artımı, sənaye və kənd təsərrüfatı istehsalının yüksəlməsi, yeni iş yerlərinin açılması, bütövlükdə əhalinin real gəlirlərinin artması, rihafının yaxşılaşması və s. kimi faktorlar bütövlükdə dövlətlərin inkişafının indikatorlarıdır. Əlbəttə ki, hər bir dövlətin inkişaf səviyyəsi müəyyənləşdirilərkən, beynəlxalq təşkilatların, maliyyə qurumlarının hesabatları nəzərə alınır. Məhz burada tərtib olunmuş reytinq sıralamalarında dövlətlərin inkişafının ilkin göstərici qismində investisiya cəlbetmə baxımından hansı üstünlüyə malik olması təsvir edilir. Aydındır ki, cənab Prezident İlham Əliyevin rəhbərliyilə həyata keçirilən sosial-iqtisadi inkişaf kursunun nəticəsi olaraq, Azərbaycan iqtisadi sahədə keçid dövrünü arxada qoymuşdur. Əlbəttə ki, bu gənc bir dövlət üçün çox ciddi bir göstəricidir.

Ümumiyyətlə, dünyada dövlətlər inkişaf səviyyəsinə görə təsnifatlaşdırılır. Hətta bu gün planetdə elə ölkələr mövcuddur ki, onlar yoxsulluq həddində yaşayırlar. Həmin dövlətlərin adı siyasi xəritədə olsa da, beynəlxalq təşkilatlarda çəkilsə də, onlar öz xalqlarını hərtərəfli şəkildə təmin və idarə etmək iqtidarında deyillər. Amma dünyada elə dövlətlər də var ki, onlar yüksək səviyyədə inkişaf etmiş sənaye cəmiyyəti qurmaqla İnkişaf Etmiş Ölkələr qrupuna daxil olmuşlar. Belə ölkələrin sayı isə azdır. Lakin dünyada inkişaf etməkdə olan dövlətlər də mövcuddur ki, onların sayı inkişaf etmiş ölkələrə nəzərən çoxdur. Bu ölkələrin qarşısında duran hədəflər isə inkişaf etmiş ölkələrin mütərəqqi təcrübəsindən rasional şəkildə istifadə etməklə, milli dəyər və sərvətlərlə uzlaşdırmaqla yeni inkişaf mərhələsinə qədəm qoymaqdır. Hazırda Azərbaycan da dünyada inkişaf etməkdə olan ölkə hesab olunur. Amma dövlətimiz digər bu təsnifata daxil olan ölkələrdən fərqli olaraq, yürüdülən praqmatik və effektiv strategiya nəticəsində inkişafın keyfiyyətcə yeni mərhələsinə yüksəlib.

Qeyd edim ki, Prezident İlham Əliyev 2003-cü ildə xalqın mütləq əksəriyyətinin dəstəyilə ölkə başçısı seçildikdən sonra Azərbaycanın hərtərəfli inkişafı üçün ayrı-ayrı sahələr üzrə dövlət proqramları reallaşdırılmağa başlanmışdır. Buna misal olaraq, "Azərbaycan Respublikasının regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nı göstərmək olar. Vurğulanmalıdır ki, bu Dövlət Proqramı təsadüfən meydana gəlməmişdir. Bu proqram regionlarda istehsal sahələrinin yaradılmasını, iş yerlərinin açılmasını, yolların çəkilməsini, içməli su ilə təchizatın həyata keçirilməsini, orta və kiçik sahibkarlığın dəstəklənməsini və beləliklə də, insanların rifah halının yüksəldilməsini özündə ehtiva edir. Bu proqramın uğurla həyata keçirilməsinin nəticəsi kimi biz ümumilikdə ölkədə minlərlə yeni müəssisələrin yaradıldığının və 1 milyondan çox yeni iş yerlərinin açıldığının şahidi oluruq. Bütövlükdə respublikada yoxsulluğun səviyyəsinin 8-9 dəfə aşağı düşməsi, adambaşına düşən ÜDM-in həcminin artması, ölkənin valyuta ehtiyatlarının 50 milyard manata çatması bir daha sübut edir ki, Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyilə əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş siyasi kurs uğurlu şəkildə davam etdirilir və nəticə olaraq, 2013-cü il də yaddaşlarda sürətli inkişaf ili kimi qalacaqdır. 2013-cü il Azərbaycanda təkcə sosial-iqtisadi nailiyyətlərlə yadda qalmamışdır. Bu ildə də keçən dövrlərdə olduğu kimi, ölkəmizdə ictimai-siyasi sabitlik qorunub saxlanılmış, vətəndaş həmrəyliyi, cəmiyyət daxilində ictimai inam, harmoniya, xalqla hakimiyyət arasındakı vəhdət daha da möhkəmlənmiş, siyasi hakimiyyət isə insan amilini prioritet götürərək xalq üçün çalışmışdır.

- Bu inkişaf yerli, beynəlxalq təşkilatların hesabatlarında necə özünü göstərir?

- Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən düşünülmüş, məqsədyönlü siyasətin nəticəsidir ki, bu gün müstəqil Azərbaycan Respublikası demokratik və bəşəri dəyərlərin bərqərar olduğu məkan, dünya birliyinin layiqli üzvü, davamlı inkişaf edən, dayanıqlı iqtisadiyyata malik ölkədir. Tarixi baxımdan o qədər də böyük olmayan son 10 il ərzində müstəqil Azərbaycan keçid dövrünü başa vuraraq, yeni inkişaf mərhələsinə qədəm qoymuş, etibarlı tərəfdaş kimi dünyada yüksək nüfuza malik olan ölkəyə, regionun bütün siyasi və irtisadi məsələlərinin həllində əvəzolunmaz iştirakçıya və əsas söz sahibinə çevrilmişdir. Bu gün ölkəmiz böyük transmilli layihələrin təşəbbüskarı və aparıcı iştirakçısıdır, kosmosa peyk çıxaran dövlətlər sırasına daxil olmuşdur, BMT Təhlükəsizlik Şurasının üzvüdür, Davos, Krans Montana, mədəniyyətlərarası humanitar forumların, beynəlxalq müsabiqələrin, birinci Avropa Oyunlarının və digər əhəmiyyətli tədbirlərin keçirildiyi bir məkandır.

Hətta dünyanın aparıcı ölkələrinin ciddi problemlərlə üzləşməsi fonunda Azərbaycanda makroiqtisadi sabitlik hökm sürür, enerji, ərzaq və ekoloji təhklükəsizliyin təmin olunması istiqamətində qarşıya qoyulan vəzifələr uğurla yerinə yetirilir, əhalinin həyat səviyyəsi davamlı olaraq yüksəlir. Bu müddət ərzində ÜDM 3.4 dəfə, onun adambaşına düşən həcmi 3 dəfə, dövlət büdcəsinin gəlirləri 19 dəfə, qeyri-neft sənayesi 2.2 dəfə, kənd təsərrüfatı 1.5 dəfə, informasiya və rabitə sahəsi 9.5 dəfə, tikinti 5.6 dəfə, turizm 12 dəfə, nəqliyyat 2.6 dəfə, ticarət isə 3.2 dəfə artmışdır. Hazırda diversifikasiya siyasəti uğurla davam etdirlir və artıq iqtisadiyyatın qeyri-neft sektoru neft sektorunu üstələyir. Yoxsulluq səviyyəsi son 10 ildə 8 dəfə azaldılaraq 5.5 faizə enmişdir. Hazırda Azərbaycan iqtisadiyyatı Cənubi Qafqaz iqtisadiyyatının 80 faizə qədərini təşkil edir.

Azərbaycanın iqtisadi inkişafını təmin edən əsas amillərdən biri yaradılmış əlverişli biznes və investisiya mühitidir. Ölkəmizin etibarlı tərəfdaş olması, investorların hüquq və mənafelərinin müdafiəsi, mülkiyyət toxunulmazlığı, yerli və xarici iş adamlarına bərabər şəraitin yaradılması nəticəsində iqtisadiyyata 156 milyard dollardan artıq investisiya yatırılmışdır. İqtisadi qüdrəti artmış Azərbaycan artıq xaricə investisiya yatıran ölkəyə çevrilmişdir.

Azərbaycan dünyanın 150-dən çox ölkəsi ilə ticarət əməliyyatları aparır. 10 ildə xarici ticarət dövriyyəsi 8.8 dəfə, ixrac 11 dəfə, o cümlədən, qeyri-neft məhsullarının ixracı 5 dəfə, idxal əməliyyatları isə 5.8 dəfə artmışdır. Əhalinin sosial vəziyyətinin daha da yaxşılaşdırılması dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Bununla əlaqədar son 10 il ərzində dövlət büdcəsinin sosial yönümlü xərcləri 8,1 dəfə artmışdır. Bununla yanaşı əhalinin gəlirləri 6.9 dəfə, orta aylıq əmək haqqı 6.3 dəfə artmışdır. 1.2 milyondan çox yeni iş yerləri açılmış, işsizlik səviyyəsi isə 2 dəfəyədək azaldılaraq 5.2%-ə enmişdir.

Ölkəmizin bu uğurları nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilir. Dünya İqtisadi Forumunun “Qlobal Rəqabət Qabiliyyəti İndeksi 2013-2014” hesabatına əsasən Azərbaycan 7 pillə irəliləyərək 148 ölkə arasında 39-cu yerə yüksəlmiş və ardıcıl 5 ildir ki, MDB ölkələri arasında liderliyini qoruyub saxlamışdır. Beynəlxalq Telekommunikasiya İttifaqının “İnformasiya Cəmiyyətinin Ölçülməsi-2012” hesabatında Azərbaycan “İKT İnkişaf İndeksi”nə görə əvvəlki mövqeyindən 6 pillə irəliləyərək 155 ölkə arasında 68-ci yeri tutmuş, 10 “Ən dinamik inkişaf edən ölkələr” qrupunda yerini möhkəmlətmişdir. Beynəlxalq reytinq agentlikləri hətta qlobal iqtisadi və maliyyə böhranı illərində Azərbaycanın suveren reytinqini yüksəldərək investisiya səviyyəsində dəyərləndirmişlər.

Ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyası çərçivəsində həyata keçirilmiş Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri kimi möhtəşəm transmilli layihələr bu gün regionun və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Bu strategiyanın davamı olaraq Transanadolu və Transadriatik Qaz kəmərləri üzrə razılaşmaların əldə edilməsi, 21-ci əsrin kontraktı adlandırılan Şahdəniz-2 layihəsi üzrə investisiya sazişinin imzalanması Azərbaycanı dünyanın böyük təbii qaz təchizatçılarından birinə çevirəcək, bununla da hələ uzun illər xalqımızın rifahına öz əhəmiyyətli töhfəsini verəcəkdir. Sözsüz ki bu dinamik inkişafa Azərbaycan Respublikası Prezidentinin Ümummilli liderimiz Heydər Əliyevin inkişaf strategiyasına əsaslanan, düşünülmüş və uzaqgörən siyasəti nəticəsində nail olmaq mümkün olmuşdur.

- Mübariz müəllim, prezident seçkilərini bu ilin ən mühüm siyasi hadisəsi olduğunu qeyd etdiniz. Bu seçkilərin müstəqil dövlətimizin tarixində əhəmiyyəti nədən ibarətdir?

- Qeyd etdiyim kimi 2013-cü ilin ölkəmiz üçün ən böyük siyasi hadisəsi oktyabrın 9-da keçirilmiş prezident seçkiləridir. Bu seçkilər müxtəlif siyasi qüvvələrin mübarizəsi şəritində keçirildi. Yeni Azərbaycan Partiyası iyun ayında keçirdiyi V qurultayında cənab İlham Əliyevin prezidentliyə namizədliyini rəsmən irəli sürdü və partiyamızın namizədi bu seçkilərdə parlaq qələbə qazandı. Bu seçkilərdə Azərbaycan vətəndaşlarının fəallığı daha yüksək səviyyədə olub və Prezidentimiz cənab İlham Əliyev seçicilərin böyük dəstəyi ilə yenidən növbəti 5 il üçün dövlətimizin başçısı seçilib.

Bütövlükdə, seçkilər haqqında ümumiləşmiş qaydada nələri demək olar? Bu sırada seçkilərin yüksək fəallıq şəraitində keçirilməsini, Azərbaycan vətəndaşlarının öz siyasi iradəsini azad və demokratik şəraitdə ifadə etməsini, seçkilərin beynəlxalq standartlara uyğun şəkildə keçirilməsini qeyd edə bilərik. Eyni zamanda, bu seçkilərdə Azərbaycan vətəndaşlarının mövqeyi bir daha onu bariz şəkildə nümayiş etdirdi ki, ölkəmizdə Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət xalqımız tərəfindən birmənalı şəkildə müdafiə olunur. Burada xalqla hakimiyyətin vəhdəti özünü açıq şəkildə göstərir. Seçkilərin keçirildiyi gün axşam ilkin nəticələr elan edildikdən sonra Prezident İlham Əliyev Azərbaycan xalqına müraciət etdi. Həmin tarixi müraciətində Prezidentimiz bu seçkilər, onun əhəmiyyəti, bütövlükdə ölkəmizdə həyata keçirilən siyasət, qarşımızda duran vəzifələr barədə çox dəyərli fikirlər söylədi. Bizim qarşımızda xalq olaraq həqiqətən də çox böyük vəzifələr dayanır. Bu vəzifələri həyata keçirmək üçün ölkəmizdə dünya siyasətini daha dolğun, daha praqmatik qəbul edərək onu Azərbaycanın maraqlarına uyğunlaşdırmağa layiq liderin olması vacibdir. Belə bir lider cənab İlham Əliyevdir və xalq da bunu daha aydın şəkildə gördüyündən bu seçkilərdə Ona böyük dəstək verdi.

Digər bir keyfiyyət isə dövlət başçısının qətiyyətli olmasıdır. Prezident İlham Əliyev 10 illik rəhbərliyi dövründə çox ciddi addımlar atıb və atdığı bu addımlarda həmişə milli maraqlarımızı öndə tutub. Prezident İlham Əliyev hansısa böyük dövlətin, beynəlxalq təşkilatın təsiri və təzyiqi ilə heç zaman qərar qəbul etməyib. Prezidentimiz qərar qəbul edərkən bir prinsip Onun üçün önəmli olub, bu da Azərbaycanın milli və dövlət maraqlarıdır. Dəfələrlə Prezident İlham Əliyev ən yüksək səviyyələrdə belə, Azərbaycana hansısa təzyiqlər olduqda qətiyyətli şəkildə öz mövqeyini nümayiş etdirib. Buna çoxlu misallar gətirmək olar. Amma xalqımız bunların hamısını görüb. Ona görə də, 9 oktyabr prezident seçkilərinin nəticələri tamamilə gözlənilən, məntiqli və siyasi zərurətdən doğan bir nəticədir. Bu nəticə xalqımızın maraqlarına uyğun nəticədir və burada siyasi hakimiyyətin müəyyən etdiyi xəttin davamlı olması, Ulu öndər Heydər Əliyevdən başlamış böyük siyasətin davam etməsi hər bir azərbaycanlının marağındadır. Ona görə də, bu seçkilərin nəticələri faktiki olaraq milli maraqlarımızın göstəricisidir. Onu da deyim ki, prezident seçkilərinin gedişini 1400-ə qədər xarici müşahidəçi, 50 minə qədər yerli müşahidəçi izləyib. Beynəlxalq müşahidəçilərin mütləq əksəriyyəti də seçkilərin azad və demokratik, beynəlxalq stğandartlara uyğun şəkildə keçirildiyini bəyan etdilər.

- Bəs 2013-cü Yeni Azərbaycan Partiyası üçün hansı uğurlarla yadda qaldı?

- Bu ilin iyun ayında keçirilən Yeni Azərbaycan Partiyasının V Qurultayı ölkəmizin ictimai-siyasi həyatında mühüm hadisələrdən biri oldu. Bu, eyni zamanda partiyamızın həyatında ən əlamətdar hadisələrdən biri idi. Ona görə ki, qurultayda mühüm qərarlar qəbul edildi, partiyamızın Sədri cənab İlham Əliyevin prezidentliyə namizədliyi rəsmi şəkildə irəli sürüldü, İdarə Heyətinin, Siyasi Şuranın yeni tərkibi formalaşdırıldı və s. Ümumiyyətlə, bu il partiyamızı üçün uğurlu oldu, YAP möhtəşəm seçki kampaniyası həyata keçirdi və partiyamızın Sədri seçkilərdə əzəmətli qələbə qazandı.

Ulu öndərimiz Heydər Əliyevin qurucusu olduğu müstəqil Azərbaycan dövlətini inkişaf etdirmək, yeni-yeni uğurlar qazanmaq istiqamətində Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətə hərtərəfli dəstək verərək partiyanın rayon (şəhər) təşkilatlarının gündəlik fəaliyyətlərində əsas yer tutur. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət Azərbaycanın regionda mövqelərini daha da möhkəmləndirmiş, respublikamız iqtisadi inkişafa görə lider ölkəyə çevrilmişdir.

Yeni Azərbaycan Partiyasının əsas keyfiyyət göstəricilərindən biri ölkəni irəliyə aparan, xalqa söykənən və xalqa xidmət edən siyasi təşkilat olmasıdır. Heydər Əliyev ideyaları ilə silahlanmış YAP hələ bundan sonra da Prezident İlham Əliyevin başçılığı ilə Azərbaycan dövlətçiliyinə, milli tərəqqimizə xidmət edəcəkdir. Partiya fəalları qarşısında YAP-ın Sədri, Prezident İlham Əliyev "Mən partiyanın inkişafı üçün, partiya quruculuğu üçün məsuliyyəti dərk edirəm, Heydər Əliyevdən sonra partiyaya rəhbərlik etmək böyük şərəfdir" demiş və partiya üzvlərinə xitabən – "Yeni Azərbaycan Partiyasının bayrağını uca tutun!" söyləmişdir. Bu il yaranmasının 21-ci ildönümünü qeyd edən Yeni Azərbaycan Partiyasının çoxminli üzvləri bu çağırışa həmişə əməl edəcəklər. Əminliklə demək olar ki, Heydər Əliyev yoluna sadiq olan Yeni Azərbaycan Partiyası dövlətçilik naminə, Azərbaycanın maraqları naminə fəaliyyətini daha da gücləndirəcəkdir.

- Mübariz müəllim, bir sıra siyasətşünaslar xarici siyasəti daxili siyasətin davamı kimi dəyərləndirirlər. Sizcə, 2013-cü ildə uğurlu daxili siyasətin məntiqi davamı olan xarici siyasət sahəsində hansı nailiyyətlər əldə olundu?

- Prezident İlham Əliyevin apardığı xarici siyasət kursu Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi strategiyanı əsas götürərək Azərbaycanın milli maraqlarına söykənən bir siyasətdir. Bu siyasət müstəqil fəaliyyəti və müstəqil xətti özündə əks etdirir. Doğrudur, xarici siyasət daxili siyasətin məntiqi davamıdır. Amma xarici siyasətin yaratdığı əlverişli şərait nəticəsində effektiv daxili siyasət həyata keçirilir. Əlbəttə ki, daxili və xarici siyasət bir-birilə bağlı olan sahələrdir. Onu da xüsusi vurğulamaq istəyirəm ki, Heydər Əliyev Fondunun prezidenti, YAP-ın Sədr müavini, UNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın xarici ölkələrdə humanitar xarakterli proqramlar həyata keçirməsi, xalqımızın milli adət-ənənələri təbliğ etməsi Azərbaycanın dostlarının artmasına gətirib çıxarır. Bu gün dünya mübarizə meydanıdır. Mübarizə meydanında kimin daha çox dostları varsa onun uduş imkanları daha böyükdür. Bu gün Azərbaycan istənilən təşkilatda söz sahibinə çevrilib, orada Azərbaycanın maraqlarına uyğun qərarların qəbul edilməsinə nail olunur. Bakı şəhəri beynəlxalq tədbirlərin ev sahibinə çevrilir. ATƏT PA-nın sessiyasının 2014-cü ildə Azərbaycanda keçirilməsi qərara alınıb. Ölkəmizdə AVRONEST-in, İCAPP-ın bir sıra tədbirləri keçirildi. Yəni ölkəmizdə çoxsaylı beynəlxalq tədbirlər, forumlar baş tutub. Bütün bunlar Azərbaycanın beynəlxalq müstəvidə artan nüfuzunun bariz göstəricisidir.

Azərbaycanın xarici siyasətinin mühüm istiqamətlərindən birini məhz qlobal enerji təhlükəsizliyi prosesində iştirakı təşkil edir. Dövlətimiz karbohidrogen ehtiyatların ixrac olunması üçün 7 neft və qaz kəmərinə malikdir ki, bu da Azərbaycana effektli diversifikasiya siyasətinin həyata keçirilməsinə şərait yaradır. Həmçinin, zəngin qaz yataqlarının aşkar olunması, Azərbaycanın dünya dövlətlərinin enerji təhlükəsizliyinin təmin olunması məsələsində aktiv iştirakı onu qaz ixrac edən ölkəyə də çevirmişdir. Fakt ondan ibarətdir ki, enerji sahəsində əməkdaşlığın genişləndirilməsi prosesi çərçivəsində Azərbaycanla dünyanın bir çox dövlətləri arasındakı əməkdaşlıq daha da möhkəmlənmişdir. Bu yaxınlarda «Şahdəniz-2» layihəsi üzrə sazişin imzalanması ölkəmizin Avropanın enerji təhlükəsizliyində rolunu daha artıracaq.

Qeyd edim ki, müstəqil Azərbaycan Respublikasının xarici siyasəti sülh xarakterlidir. Məhz bu xarici siyasət kursu sayəsində Azərbaycan bölgənin, hətta dünyanın nüfuzlu dövlətinə çevrilmişdir. Bu fakt isə Azərbaycanın beynəlxalq təşkilatlardakı yeri və rolu sübut edir. Bu gün Azərbaycan Aİ, AŞPA, ATƏT, QDİƏT, İƏT, İKT, MDB və digər beynəlxalq təşkilatlar çərçivəsində bir çox dövlətlərlə ikitərəfli və çoxtərəfli konstruktiv əməkdaşlıq edir. Yəni, görünən odur ki, Azərbaycan hansısa dövlətlərin diktəsi ilə deyil, öz iradəsi, maraqları çərçivəsində hərəkət edir. Müstəqil xarici siyasət yürüdən Azərbaycan Respublikasının bu kimi faktorlara görə nüfuzu daha da artmaqdadır. Bunu isə 2011-ci ildə oktyabr ayının 24-də Baş Assambleyada 155 dövlətin dəstəyilə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçilməsi sübut etmişdir. Bu 20 yaşlı gənc bir dövlət üçün tarixi uğur, nailiyyət idi.

- Bu il Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi iki illik fəaliyyəti başa çatır. Bu iki fəaliyyət dövrünü necə qiymətləndirirsiniz?

- Azərbaycanın BMT Təhlükəsizlik Şurasının üzvü seçilməsi ölkəmizdə həyata keçirilən siyasətin məntiqi nəticəsi olmaqla milli və dövlət maraqları baxımından çox mühüm siyasi məsələdir. Prezident İlham Əliyevin bununla əlaqədar verdiyi bəyanatda çox aydın şəkildə ifadə edilib ki, bu, bizim üçün tarixi əhəmiyyət kəsb edən bir hadisədir.

Azərbaycan üçün BMT TŞ-nin qeyri-daimi üzvü mənəvi-psixoloji və ideoloji qələbə oldu. Azərbaycan bu qurumda təmsil olunmaqla dünya miqyasında gedən böyük siyasətin əsas oyunçusuna çevrildi.

İki il BMT TŞ-nın üzvü kimi ölkəmiz çox mühüm fəaliyyət ortaya qoydu. Bunlar beynəlxalq sülh və sabitliyin qorunması, ölkələrin davamlı inkişafı, mədəniyyətlərarası anlaşmanın artırılması, ətraf mühitin qorunması və s. kimi məsələlərdir. Bununla yanaşı, Azərbaycan BMT TŞ-də fəaliyyət göstərməklə özünün üzləşdiyi çətinliklərin həll edilməsi, xüsusilə Ermənistanın təcavüzkarlığının daha geniş miqyasda ifşa olunması üçün çoxşaxəli fəaliyyət göstərdi. Azərbaycan TŞ-də təmsil olunmaqla BMT üzvü olan ölkələr arasında nüfuzunu daha da artırmış oldu.

BMT-nin Nizamnaməsindən də göründüyü kimi, TŞ-yə üzv olmaq hər bir ölkə üçün geniş imkanlar yaradır. TŞ üzvləri qlobal problemlərin həllində yaxından iştirak edir, dünya miqyasında söz sahibinə çevrilirlər. Bu mənada Azərbaycan BMT TŞ-ya üzvlük müddətində dünyada baş verən məsələlərin həlində fəal iştirak edib. Bu müddətdə ölkəmiz quruma iki dəfə sədrlik edib. Sədrlik müddətində də Azərbaycan həlli vacib olan problemləri bu mötəbər beynəlxalq təşkilatın gündəminə gətirdi.

- Azərbaycanın balanslaşdırılmış xarici siyasət strategiyası Cənubi Qafqazın hərbi-siyasi və iqtisadi təhlükəsizliyinin təmin olunmasına birbaşa töhfələr verməkdədir. Amma buna baxmayaraq, Dağlıq Qarabağ münaqişəsi regional təhlükəsizliyə ciddi təhdid kimi çıxış edir. 2013-cü ildə münaqişənin həlli istiqamətində atılan addımları necə dəyərləndirmək olar?

- Əlbəttə ki, Azərbaycanın xarici siyasətindən bəhs edərkən, mütləq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də toxunmaq lazımdır. Çünki Prezident İlham Əliyevin rəhbərliyilə yürüdülən xarici siyasətdə Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsi prioritet yer tutur. Buraya isə əsas məsələlər kimi Ermənistanın təcavüzkar siyasətinin dünya miqyasında ifşa olunması, Azərbaycanın torpaqlarının Ermənistan tərəfindən işğal edildiyini göstərən qətnamələrin qəbuluna nail olunması, problemin həllində dünya dövlətlərinin dəstəyinin alınması və s. daxildir. Məhz Prezident İlham Əliyevin elan etdiyi hücum diplomatiyası sayəsində haqqında danışdığımız istiqamətdə mühüm nəticələr əldə olunmuşdur.

Bilirsiniz ki, iki il idi ki, prezidentlər səviyyəsində görüş keçirilmirdi. Bu ilin noyabr ayında belə bir görüş keçirildi. Bu da sülh prosesinin irəliyə aparılması üçün yeni imkanlar yarada bilər. Eyni zamanda, bu il dünyanın bir sıra dövlətlərinin parlamentlərində, beynəlxalq təşkilatlarda Ermənistanın işğalçı siyasətini ifşa edən qətnamələr, qərarlar qəbul edilmişdir. İkincisi, Ermənistanın xarici siyasəti iflasa uğradılmış və işğalçı dövlət dalana dirənmişdir. Üçüncüsü, ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri mövcud status-kvonun qəbuledilməz olduğunu bildirmişlər. Bu isə sözün əsl mənasında Azərbaycanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində tutduğu ədalətli və beynəlxalq hüquqa əsaslanan mövqeyinin dəstəklənməsi deməkdir. Dördüncüsü, Azərbaycan regional siyasətini elə aparmışdır ki, Ermənistan seyt-not vəziyyətində qalmışdır. Bunun nəticəsində isə işğalçı ölkədə sosial-iqtisadi problemlər daha da dərinləşmiş, mühacirətin sürəti dəfələrlə artmışdır.

Yəni bu il ərzində də Azərbaycan bu məsələdə nəinki bir addım geri çəkilməyib, əksinə mövqeyini daha da gücləndirmişdir. Prezident İlham Əliyevin həyata keçirdiyi hücum diplomatiyası nəticəsində işğalçı Ermənistan dalana dirənmişdir.

- Qeyd etdiyiniz kimi cari ilin vacib hadisələrindən biri də Azərbaycanın ilk telekommunikasiya peykinin fəzaya çıxarılmasıdır. Bu hadisənin əhəmiyyəti nədən ibarətdir?

- 2013-cü ilin fevral ayının 8-də Azərbaycanın müstəqillik tarixinin ən əlamətdar və tarixi hadisələrindən birinin, Azərbaycan Respublikasının ilk telekommunikasiya peyki - “Azərspace-1”in uğurla orbitə çıxarılmasının şahidi olmuşuq. Bu hadisə Azərbaycanın parlaq gələcəyini təmin edəcək informasiya-kommunikasiya texnologiyaları sahəsinin inkişafı istiqamətində atılan əhəmiyyətli bir addım kimi qiymətləndirilməlidir. Telekommunikasiya peyki yerətrafı orbitdə geostasionar orbit olmaqla, həm Azərbaycanın, həm də Şərqi Avropa, Şimali Amerika, Mərkəzi Asiya və digər region ölkələrini əhatə etməklə böyük arealda insanların telekommunikayaya olan tələbatını ödəyəcək.

Qeyd edim ki, dünya ölkələrinin heç də hamısının peyki yoxdur. Bu gün dünyanın altı ölkəsindən birində peyk texnologiyası tətbiq olunur və peykin imkanlarından istifadə edirlər ki, özlərinin iqtisadi və digər təlabatlarını ödəsinlər. Bu isə o deməkdir ki, Azərbaycan artıq bir kosmos ölkəsidir, başqa sözlə desək, kosmik klubun üzvüdür. Bu mənada, peykin orbitə çıxarılması yaratdığı texniki imkanlarla yanaşı, həm də Azərbaycanın beynəlxalq nüfuzunun artmasına da səbəb olmuşdur.

Artıq hamıya məlumdur ki, dövlətin inkişafına, onun vətəndaşlarının yüksək rifah halına yalnız yüksək texnologiyaların tətbiqi ilə nail olmaq mümkündür. Bu məqsədlə, son dövrlərdə İKT sahəsi ölkədə prioritet sahə elan edilmiş, bir çox iri layihələrin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Həyata keçirilən siyasətin məntiqi nəticəsi olaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2013-cü ili “İKT ili” elan etmişdir. Yüksək texnologiyaların tətbiqi istiqamətində kosmik sənayenin yaradılması mühüm bir məqsəd kimi qarşıya qoyulmuşdur ki, artıq addım-addım bu məqsəd həyata keçirilir.

Onu da bildirim ki, “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı”na və “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasına uyğun olaraq 2020-ci ilədək telekommunikasiya və yeri müşahidə peyklərinin orbitə çıxarılması nəzərdə tutulmuşdur. 2-ci telekommunikasiya peyki – “Azərspace-2”-nin 2016-cı ildə orbitə çıxarılması planlaşdırılır. 2015-cı ildə isə ilk milli Yerin Müşahidə Peykinin istismara verilməsi gözlənilir.

- Mübariz müəllim, bəs 2014-cü ildə qarşıda duran vəzifələr və strateji hədəflər barədə nə deyə bilərsiniz?

- Əminliklə qeyd etmək olar ki, 2014-cü il Azərbaycan üçün hər bir sahədə böyük perspektiv vəd edir. Hesab edirəm ki, iqtisadiyyatımızın inkişafı davamlı olacaq. Qeyd etmək lazımdır ki, Azərbaycan iqtisadiyyatı neft və qazdan asılı deyil amma neft-qazın istehsalı və ixracı iqtisadiyyatın inkişafına mühüm töhfələr verir. Eyni zamanda, neft və qazdan əldə edilən gəlirlər qeyri-neft sektorunun inkişafına yönəldilir ki, bu da inkişafı təmin edən mühüm amillərdən biri kimi dəyərləndirilməlidir.

Dövlətimizin inkişaf siyasətinin əsas məqsədlərindən birini də yoxsulluğun səviyyəsinin daha da aşağı salınması təşkil edir. Bu kontekstdə görülən digər tədbirlərin fonunda, eyni zamanda, iqtisadi islahatlar və sosialyönümlü tədbirlər sayəsində dövlətimizin inkişaf etmiş dövlətlərin səviyyəsinə çatdırılması strateji hədəf kimi müəyyənləşdirilmişdir. 2014-cü ildə iqtisadi islahatların daha da dərinləşdirilməsi, ərzaq təhlükəsizliyinin təmin olunmasına dair proqramların həyata keçirilməsi də nəzərdə tutulmuşdur. Bu gün regionlarımız sürətli inkişaf tempinə malikdir, bölgələrdə yeni sənaye müəssisələrinin tikintisi davam etdirilir, əhalinin məşğulluq səviyyəsinin artırılmasına dair əhəmiyyətli tədbirlər görülür.

Qeyd etmək lazımdır ki, Prezident İlham Əliyevin inkişaf siyasəti özündə uzunmüddətli və çoxşaxəli perspektiv hədəfləri ehtiva edir. Belə ki, dövlət başçısı tərəfindən təsdiq olunmuş “Azərbaycan-2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyası bütövlükdə, Azərbaycanın uzunmüddətli inkişaf üçün strateji vəzifələr müəyyən edir. Bu konsepsiyanın həyata keçirilməsi ölkəmiz üçün böyük perspektivlər vəd edir və biz gələcək uğurlarımızın şahidi olacağıq.

 

Yeni  Azərbaycan.-2013.- 31 dekabr.- S.4-5.