Azərbaycan musiqisi hər zaman ermənilərə
göz dağı olub
Mübariz Tağıyev: Ermənistanda
böyümüş bir ziyalı kimi, Əkrəm Əylislinin
son hərəkətlərini millətə xəyanət hesab
edirəm
...Onunla
vədələşdiyimiz kimi, iş başında- elə
çalışdığı AzTV-nin səsyazma
studiyasında görüşdük. Gəlişimizin əsas
məqsədinin bu günlərdə tamam olmuş 65
yaşını təbrik etmək olduğunu öyrənincə,
gözlərində kövrək bir sevinc hiss olundu. Bir
anlığa susdu, gözlərini naməlum bir nöqtəyə
zillədi. Sanki ötən illərə-uşaqlıq illərinə
qayıtmışdı. İrəvanın mərkəzində,
doğulub boya-başa çatdığı azərbaycanlılar
məhəlləsində, yenə də öz həmyaşıdları
ilə top qovurdu. Düzü, onu bu xoş xatirələrdən
ayırmaq istəməsək də, vaxtın
azlığını nəzərə alıb-əvvəlcədən
bizə bir saatdan sonra telestudiyaya çəkilişə gedəcəyini
bildirmişdi, - söhbətə başlamaq qərarına gəldik.
-
Mübariz müəllim, deyəsən, uşaqlıq illərini
tez-tez xatırlayırsınız?
- Əlbəttə.
O illər ömrümün ən xoş illəridir, mənə
çox əzizdir. Əvvəla ona görə ki,
uşaqlıq illərim çox xoş keçib. İkincisi
isə ona görə ki, o yerlər,-doğulub boya-başa
çatdığım yerlər indi mənim
üçün bir əlçamtaz olub. Bilirsiz, insan yaşa
dolduqca, həmişə doğulduğu, ilk dəfə
dünyanı dərk etməyə başladığı,
sevimli insanlarını tanıdığı, ilk sevgisini
tapdığı yerlərə can atır. Bu yerlər həmişə
insanı özünə çəkir. Həmin yerlərə
getmək, uşaqlıq xatirələrini təkrar təzələmək
istəyirsən. Təəssüf ki, bu, mənim
üçün mümkün deyil. Çünki mən Azərbaycanın
qədim şəhərlərindən olan İrəvanda
doğulub boya-başa çatmışam. Evimiz şəhərin
tam mərkəzində, Azərbaycan məhəlləsində
idi, hamının tanıdığı məşhur Gedərçay
deyilən yerdə idi. İndiki kimi xatırlayıram, məhəlləmizdə
iki müsəlman məscidi var idi. Tez-tez məhəlləmizin
sakinləri dini mərasimləri, ayinləri icra etmək
üçün ora yığışardılar. Eyni zamanda,
dərdlərini bölüşərdilər. İndi nə o
məscidlər qalıb, nə məhəlləmiz, nə də
ki, orada bir azərbaycanlı. Mənə qalan yalnız o yerlər
haqda xatirələrimdir ki, tək qalanda onları
xatırlayıram.
Az əvvəl
uşaqlıq illərimin çox xoş keçdiyini qeyd
etdim. Mən ziyalı ailəsində anadan olmuşam. Elə
bu sənətə gəlməyimin də səbəbi
qandan-gendən irəli gəlir. Babam-Aşıq Muxtar 1900-cu
illərdə İrəvanın məşhur
aşıqlarından olub. Atam Hüseyn kişini isə
Göycə mahalında adla çağırardılar-mahir
kamança ustası idi. Anam uzun illər İrəvanda radioda
redaktor vəzifəsində çalışıb. Orada Azərbaycan
dilində 1 saatlıq efir vaxtı ayırmışdılar.
Sonralar “Sovet Ermənistanı” qəzetində və Ali Sovetdə
şöbə müdiri vəzifələrində
çalışıb. Valideynlərim mənim muğam sənəti
ilə məşğul olmağımı istəyirdilər.
Lakin sonradan fikirlərini dəyişdilər-skripka
çalmaqdan dərs aldım. Sonradan hiss etdilər ki, məndə
vokal sənətinə meyl daha güclüdür. Odur ki, istəyimə
qarşı çıxmadılar. Pionerlər evində bədii
özfəaliyyət kollektivinin üzvü oldum. Artıq 13-14
yaşımdan musiqi kollektivində çıxış etməyə
başladım.
Orta
məktəbi bitirdikdən sonra İrəvan Pedaqoji
İnstitutuna daxil oldum və institutun bədii özfəaliyyət
kollektivinin solisti kimi çıxış etməyə
başladım. Estrada ansamblının heyəti
qarışıq idi-burada yerlilərlə yanaşı, rus,
gürcü millətindən olanlar da var idi. Odur ki,
repertuarımız da müxtəlif idi-bütün dillərdə
mahnılar oxuyardıq. O illər bir qədər başqa
idi-tez-tez keçmiş SSRİ respublikalarının şəhərlərinə
qastrol səfərinə gedərdik, eləcə də, digər
respublikalardan bizə konsert vermək üçün gələrdilər.
- Bəs ermənilər sizi qısqanmırdılar ki, kollektivin solisti azərbaycanlıdır deyə? Axı sizin repertuarınızda həm də Azərbaycan mahnıları yer alırdı?
- 1970-ci illərin əvvəllərindən başlayaraq, ermənilərdə şovinizm hisslərinin gücləndiyini hiss edirdik. Burada bir haşiyə çıxım. Mən üçüncü kursda oxuyanda Ermənistanda gənc istedadların musiqi müsabiqəsi keçirildi. Müsabiqənin sədri əslən Bakıdan olan, Ermənistanın estrada orkestrinın rəhbəri Konstantin Orberyan idi. Təvazökarlıqdan uzaq olsa da deməliyəm, erməni dilini mükəmməl bilirdim, onların mahnılarını özlərindən yaxşı oxuyurdum. Eyni zamanda, Azərbaycan musiqisi ilə də maraqlanırdım. Daim korifey sənətkarlarımız Rəşid Behbudov, Şövkət Ələkbərova və başqalarının “Melodiya” firması tərəfindən buraxılmış vallarını- estrada orkestrinin müşayiəti ilə yazılmış mahnılarını dinləyirdim. Müsabiqədə iki- biri rus, digəri erməni dilində mahnılar oxudum və qalib oldum. İndi bunlar bilmirdilər ki, nə etsinlər-azərbaycanlı gənci necə müsabiqənin qalibi elan etsinlər. Odur ki, müsabiqənin birinci mükafatını iki nəfərə-erməni qıza və mənə verdilər. Qəribəsi isə o idi ki, müsabiqəni geniş işıqlandıran “Sovet Ermənistanı” qəzeti birinci yerin qalibinin erməni müğənni olduğunu yazmışdı, məni heç xatırlamamışdılar da. Bax bu idi erməni xisləti. Yaxşı yadımdadır. Bir dəfə estrada orkestri ilə qatı erməni daşnaqlarının yaşadığı Abovyan şəhərində konsert proqramı ilə çıxış edirdik. Hamımıza tanış olan Kərkük bayatılarını oxuyurdum. Birdən konsertin şirin yerində, zalın ortasından bir erməni qalxıb qışqırdı: “Heç türkün yeridir bura? Bu mahnını oxuyursan”. Orkestrin rəhbəri başı ilə mənə işarə etdi ki, fikir verməyim. Bir təhər mahnını oxuyub, səhnəni tərk etdim. Amma ürəyimə artıq xal düşmüşdü. Öz-özümə dedim, demək bizimki bura qədərmiş. Hərdən ermənilər yanımda söhbət edərkən, azərbaycanlı olduğumu unudub, kimləri Moskvada hansı vəzifələrə yerləşdirdiklərini bir-birinə söyləyirdilər. Sonrakı illərdə baş verən hadisələr onu göstərdi ki, ermənilər hələ 60-70-cı illərdə keçmiş SSRİ miqyasında lazımi yerlərə öz adamlarını yerləşdirirdilər ki, işğalçılıq siyasətlərinə “haqq qazandıra” bilsinlər. Elə də oldu. 1974-cü ildə əsgər getdim. Və bir də İrəvana-mənə doğma olan o yerlərə,- uşaqlıq illərimin ən maraqlı çağlarının keçdiyi o yerlərə qayıda bilmədim.
Əsgərliyim ilk əvvəl Tiflisdə, Zaqafqaziya Hərbi Donanmasında, daha sonra isə Həştərxan vilayətində keçdi. Burada da hərbi orkestrdə solist kimi çıxış edirdim. Kollektivimiz konsert proqramı ilə bütün keçmiş ittifaqın respublikalarında qastrol səfərlərində olmuşdu. Bir gün xəbər tutdum ki, qarnizon dəyib bir-birinə- general məni axtarır. Sən demə, hərbi hissəyə korifey sənətçimiz Rəşid Behbudovun imzası ilə məktub daxil olub və o məni Bakıya öz kollektivinə dəvət edirmiş.
- Bəs Rəşid Behbudov sizi neçə tapmışdı, yoxsa tanışlığınız var idi?
- Sən demə, mən əsgər gedəndən sonra erməni şovinizmi artıq baş qaldırmağa başlayıb. Hər yerdə azərbaycanlıların-türklərin əleyhinə təbliğat aparılmağa başlanılıb. Valideynlərim də başlanan bu “alovun” nə ilə nəticələnəcəyini hiss etdikləri üçün evlərini Bakıya dəyişiblər-mənim də xəbərim yox. Mənə yazdıqları məktubda isə hər şeyin normal, qaydasında olduğunu bildirirdilər. Bakıya köçəndən sonra, bir gün qardaşım bulvarda əvəzsiz sənətkar Rafiq Babayevlə rastlaşır. Onlar tanış idilər. Rafiq müəllim həmin vaxt Rəşid Behbudovun ansamblında çalışırdı. Yeri gəlmişkən xatırladım ki, Rəşid Behbudov dəfələrlə Ermənistanda konsertlər vermişdi və bizim estrada kollektivindən də xəbəri var idi. Elə olur ki, Rafiq müəllim məni soruşur, qardaşım deyir ki, əsgərliyini bitirir bu yaxınlarda, amma bilmirik nə olacaq onun işi. O isə deyir ki, gəlsin bizim kollektivdə çıxış etsin. Rafiq müəllim bunu danışır Rəşid Behbudova və beləliklə, həmin məktub yazılır.
Qəbuluna gələndə generalımız əvvəlcə məni süzdü. Sonra gülərək dedi ki, Rəşid Behbudovu çox sevir və mənə gələcək fəaliyyətimdə uğurlar arzuladı. Gəldim Bakıya və başladım Rəşid müəllimin ansamblında çıxış etməyə. Sevinirdim. Çünki burda iki dahi insanla birgə çalışırdım. Onlardan biri gözəl musiqiçi-Rafiq Babayev, o biri isə korifey sənətkar-Rəşid Behbudov idi. Bura sözün həqiqi mənasında bir akademiya idi. Bu iki sənətkar biri-birini tamamlayırdılar. İlk vaxtlarda rəhmətlik Rəşid müəllim mənə çox köməklik etdi, repertuar seçimində heç bir problem olmadı. Deyirdi ki, çalış öz yolunu tap. Bura gələnlər, adətən məni yamsılamaq istəyirlər ki, xoşuma gəlsinlər. Sən isə özün kimi oxu, sənətdə özünü axtar tap. Doğrudur, bir tərəfdən o haqlı idi. Çünki Rəşidin yanında olanda, onun boğazlarını eşidəndə, bunlar avtomatik olaraq sənin beyninə çökürdü. İstər-istəməz onu təkrarlamaq istəyirdin. Amma, mən Rəşid müəllimin tövsiyəsini dinlədim. Beləliklə, oldum Mübariz Tağıyev. 15 il birlikdə çalışdıq. Demək olar ki, dünyanın əksər ölkələrində olmuşduq, elə ölkələr var idi ki, 10-12 dəfə təkrar qastrollarda olmuşuq. Rəşidi sevdirən, fərqləndirən cəhət o idi ki, onda həm millilik, həm müasirlik var idi. Onun estrada ansamblının tərkibində həm də xalq çalğı alətləri var idi. SSRİ Xalq artisti Zeynəb Xanlarova, eləcə də, Nəzakət Məmmədova və digər məşhur müğənnilər dəfələrlə Rəşidin ansamblı ilə xaricdə qastrol səfərlərində olmuşdular. Bax, bu idi Rəşidi dünyaya sevdirən, onu məşhurlaşdıran.
- Mübariz müəllim, bayaqdan hey
keçdiyiniz o böyük sənət yolundan
danışırsız. Bəs
bir Xalq artisti kimi, bu gün estrada musiqimizin
vəziyyəti sizi qane edirmi? Yaxud bu gün gənclərin
əlindən tuta biləcək Rəşid Behbudovumuz
varmı?
- O illər
tamam başqa illər idi. Mənəviyyat məsələlərinə
çox böyük önəm verilirdi. Deyərdim
ki, mənim ən xoşbəxt illərim elə korifey sənətkarlarımız
olan Rəşid Behbudov və Rafiq Babayevlə işlədiyim
illər olub. Onlar daim axtarışda idilər.
Tamaşaçını maraqda saxlamaq
üçün daim yenilik axtarırdılar. Hər müğənninin repertuarında ən
azı 30-40 mahnı var idi. Həmin
mahnıların hamısı bədii şurada təsdiq
olunmuş mahnılar idilər. O illərdə bədii
şuradan keçməyən mahnı nəinki televiziya efirinə,
eləcə də, konsert proqramına daxil edilə bilməzdi.
Mahnılar “süzgəcdən” keçib efirə
vəsiqə alırdılar. İndi isə
təkcə xalq mahnılarımız düzgün ifa
olunurlar. Çünki burada nəzarət
güclüdür, bunun məktəbi var. Estarada
mahnıları haqda bunu demək olmaz. Efirdən elə
mahnılar eşidirsən ki, adam lap xəcalət
çəkir. Bəzən elə olur ki,
heç bir akkordu yerində olmayan mahnını efirə verirlər.
Elə müğənnilər var ki, onlar hələ
də bilmirlər ki, hansı janrda mahnı oxuyurlar. Biri çıxıb səhnədə bu gün rok
musiqisi oxuyur, o birisi gün başqa bir janrda. Hər müğənninin öz janrı
olmalıdır. Dinləyici bilməlidir
ki, bu müğənni hansı janrda mahnı oxuyur. Bütün bunlar ondan irəli gəlir ki, bizdə
şou-biznes mərkəzi yoxdur. Bu sahə
tam nəzarətsizdir. Əslində,
bütün restoranlar, əyləncə mərkəzləri
qabaqcadan öz proqramlarını
açıqlamalıdırlar ki, ona gedən müştərilər
bilsin ki, bu gün hansı mahnını dinləyəcək.
Hər müğənni gəlir, yanında da bir disk
daşıyan “prodyüseri”, diski qoyur, mahnısını
“oxuyur”, pulunu alır və çıxıb gedir. Heç kimi maraqlandırmır o nəyi necə
oxudu. Görün indi nə vəziyyət
yaranıb ki, biri durub gəlir TV-yə, deyir yeni mahnı
yazmışam, musiqisi də mənimdir, sözləri də.
Baxırsan ki, üç akkord üzərində
yazılan bəsit bir mahnıdır-heç sözləri də
yerində deyil. Belə olmaz. Doğrudur, Ələkbər Tağıyev də
peşəkar bəstəkar olmayıb. Amma,
onun bəstələri bu gün sevilir. Elə
götürək Kamalın
mahnılarını-başımız üstə Allah var. Nə
olsun ki, peşəsi tamam başqadır, amma onun
mahnıları ürəyə yatımlıdır-ölkəmizdən
kənarda da sevilir. Bu siyahıya Novruz
Aslanı da əlavə etmək olar. Bunlar
konservatoriya bitirməsələr də, həvəskar bəstəkar
kimi mahnıları çox sevilir. Amma
bugünkü “həvəskar”ı yalnız mahnının
qiyməti - onu neçəyə sata biləcəyi
maraqlandırır. Qiyməti də ki, ən
azı 3-5 min manat. Vallah bizim
vaxtımızda belə şeylər yox idi. Bu, əsl faciədir. Əgər bu sahəyə
nəzarətsizlik belə davam edərsə, estrada
musiqimizin gələcəyi bilinmir nə olacaq. Məni narahat
edən məsələ həm də odur ki, estrada
musiqisinə əsasən gənc nəsil qulaq asır,
artıq onlarda zövqlərin aşılanması prosesi gedir.
Efirə mütləq nəzarət
olmalıdır. Mən demirəm senzura
olsun, bu, bizim cəmiyyətə yaddır. Amma, bədii
şuralar mütləq yaradılmalıdır ki, estrada musiqimiz inkişaf edə bilsin.
O ki,
qaldı sualınızın ikinci hissəsinə, gənclərə
dəstək vermək hər birimizin borcudur. Amma,
maliyyə cəhətdən imkansızlıq burada bir qədər
çətinlik yaradır. Elə
götürək məni. Aldığım
məvacib o qədər böyük deyil ki, kimin
üçünsə konsert təşkil edə bilim.
Yenə sağ olsun dövlət başçısı, mənə
Prezidentin fərdi təqaüdü ayrılıb, birtəhər
ailəmi dolandıra bilirəm. Amma hansısa gəncə
maliyyə yardımı etmək, bu, imkan xaricindədir. Bir haşiyə çıxım. Mənim də münsif olduğum bir musiqi
yarışmasında artıq 10 müsabiqə arxada qalıb.
Gənclərin arasında istedadlıları
çoxdur. Haradasa 50-dək gənci sadalaya bilərəm
ki, onlar öz ifaları ilə estrada
musiqimizi yaşada, irəli apara bilərlər. Elə
götürək “Evrovision” musiqi yarışması
iştirakçılarını-Səfurə Əlizadə,
Aysel Teymurzadə, yaxud İlhamə Qasımovanı -
onların sayı çoxdur. Amma bu istedadları
ölkə xaricinə çıxara bilmək
üçün xeyriyyəçi insanlara ehtiyac var. Bax bu məsələdə
diaspor təşkilatlarımız aktiv fəaliyyət göstərməlidirlər.
Bu gün bu sahədə Heydər Əliyev
Fondunun gördüyü işlər təqdirəlayiqdir.
Fondun dəstəlyi ilə
muğamlarımız -milli musiqimiz dünyada uğurla təbliğ
olunur. Diasporumuz bu prosesə dəstək verərsə,
digər musiqi janrlarımız-caz, estrada
musiqimiz dünyada layiqincə təbliğ oluna bilər.
-
Mübariz müəllim, son günlər “ziyalı” - Əkrəm
Naibovun bədnam bir əsəri ictimaiyyət arasında kəskin
etirazlarla qarşılanmaqdadır. Ermənilərin
içərisində böyümüş bir ziyalı kimi,
buna münasibətiniz necədir?
- Bu məsələni
eşidəndə, sözün düzü, şok
keçirdim. Fikirləşdim ki, bu insanda nələr
baş verib ki, birdən-birə belə bir hərəkət
edib. Axı, biz onun vaxtilə ürək
dolusu çıxışlarını eşitmişdik.
Bəs nədən bu adam millətinə xəyanət
edərək, erməniləri tərifləməyə
qalxdı? Min belə əsər yazılsın, indi kim mənə ermənilərin azərbaycanlılardan
üstün olduğunu inandıra bilər? Axı mən ermənilərin
içində böyümüşəm-onların iç
üzlərini görmüşəm. Ermənilər
heç bir vaxt öz millətinə qarşı belə xəyanət
etməzlər. Bunun bir adı var-millətə, dövlətə
xəyanət! Bir insan ki, “Xalq
yazıçısı” adını daşıya, onun necə
əli gələr ki, öz xalqına qarşı belə sərsəm
fikirlər yaza? Hələ SSRİ
vaxtında ermənilər bizim üzümüzə baxa-baxa
türkün (əslində, azərbaycanlıların)
anasını, bacısını, ata-babasını
söyürdülər. İndi durub necə
bunların tərəfini saxlamaq olar? İnanın
ki, mən öz fikirlərimi ifadə etməyə söz
tapmıram. Hesab edirəm ki, Prezildentimizin
verdiyi sərəncamlar vaxtında oldu və doğru addım
idi. Az öncə, uşaqlıq illərimdən
danışarkən İrəvandakı məscidləri əbəs
yerə xatırlamadım. İndi hanı o məscidlər?
Birinin yerində Andranikə abidə
ucaldıblar, o birini isə yerlə-yeksan ediblər. Budurmu ermənilərin mədəniyyəti,
insanlığı, humanistliyi? Əkrəm
bəs bunları niyə yazmırdı? İndi
nəinki İrəvanda, eləcə də, bütün Ermənistanda
- Azərbaycan türklərinin ata yurdunda bir dənə də
olsun tarixi abidə qalmayıb-hamısı vəhşicəsinə
dağıdılıb. Bəs görəsən,
o, bunlardan da xəbərsiz idi? Hesab edirəm
ki, Əkrəmkimilərin fəaliyyəti ermənilərin dəyirmanına
su tökmək üçündür. Çünki
onlar ölkəmizdəki bu inkişafı, bu
abadlıq-quruculuq işlərini görərək,
paxıllıqdan nə etdiklərini bilmirlər. Mən əminəm ki, Prezident İlham Əliyevin rəhbərliyi
ilə Azərbaycan bundan sonra da inkişaf edəcək, daha da
çiçəklənəcəkdir. Mən
ölkəmizin gələcəyini çox parlaq görürəm.
Və azərbaycanlı olmağımla, Azərbaycan
vətəndaşı olmağımla qürur duyuram.
Səlim Loğmanoğlu
Yeni Azərbaycan.- 2013.- 20 fevral.-
S.6.