Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması öz nəticələrini verir

 

Soyqırımı tanıyan dövlətlərin sayının artması ilə yanaşı, Azərbaycan həqiqətlərini tanıdan beynəlxalq layihələrin miqyası da genişlənir

 

Azərbaycanın yaxın keçmişinin faciəli səhifələrindən biri olan Xocalı soyqırımı təkcə xalqımıza qarşı deyil, ümumilikdə insanlıq əleyhinə törədilmiş cinayətdir. Bu cinayəti törədənlərin cəzalandırılması, azərbaycanlılara qarşı həyata keçirilən bu soyqırımı aktı barədə beynəlxalq ictimaiyyətin məlumatlanması və bu soyqırımın dünyada qəbul olunması ölkəmiz üçün prinsipial önəm daşıyır. 2012-ci il fevralın 26-da Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar Bakı küçələrindən Xocalı abidəsinə doğru on minlərlə insanın iştirakı ilə keçirilən yürüş Azərbaycan xalqının bu məsələdə prinsipiallıq nümayiş etdirdiyini, xalqımızın başına gətirilən bəlaları bir an belə olsun unutmadığını bir daha sübuta yetirdi.

Xatırladaq ki, Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı Soyqırımı Günü haqqında” qərar qəbul edib. Azərbaycan parlamenti, həmçinin, BMT-yə, dünya dövlətlərinə ünvanladığı müraciətdə bu qətliamın mahiyyətini açıqlayaraq beynəlxalq ictimaiyyəti erməni terrorizminə qarşı təsirli tədbirlər görməyə çağırıb. Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan bu siyasət Prezident İlham Əliyev tərəfindən də davam etdirilir. Məhz ölkə başçısının rəhbərliyi altında həyata keçirilən ardıcıl tədbirlər nəticəsində bu gün Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Ermənistanın xarici havadarlarının dəstəyi ilə həyata keçirdiyi insanlıq əleyhinə cinayətin beynəlxalq miqyasda ifşası istiqamətində xeyli iş görülüb, xarici dillərdə kitablar, sənədlər dərc olunub, Xocalı soyqırımı müxtəlif təşkilatlarda gündəmə gətirilib, bununla bağlı bir çox internet saytları yaradılıb. Dövlət başçısı, xüsusilə, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasını səfirliklərimiz və diaspor təşkilatlarımız qarşısında vacib məsələ kimi müəyyənləşdirib.

Sevindirici hal ondan ibarətdir ki, Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində görülən işlər son aylarda olduqca geniş miqyas alıb. Bu işdə Azərbaycan dövləti, müxtəlif ölkələrdəki səfirliklərimiz, Diasporla İş üzrə Dövlət Komitəsi, Heydər Əliyev Fondu, ölkə daxilindəki ictimai qurumlar, dünyanın dörd bir yanındakı diaspor təşkilatlarımız, ölkədə və xaricdə yaşayan soydaşlarımız qısası, Azərbaycanı sevən və ölkəmiz üçün çalışan hər bir kəs birlik nümayiş etdirərək prosesə qoşulub.

Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində vətəndaş cəmiyyəti və qeyri-hökumət təşkilatları səviyyəsində görülən işlər çərçivəsində isə Heydər Əliyev Fondunun fəaliyyətini xüsusi qeyd etmək lazımdır. Belə ki, Heydər Əliyev Fondunun son bir neçə ildə həyata keçirdiyi “Xocalıya ədalət” kampaniyası öz miqyasına və təsir dairəsinə görə diqqətəlayiqdir. Xatırladaq ki, bu kampaniya Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə keçirilir. İƏT ölkələrində, Avropa məkanında, ABŞ-da, Rusiyada, ümumilikdə, 60-a yaxın ölkədə bu deviz altında keçirilən tədbirlər kampaniyanın miqyasından xəbər verir.

Qeyd edək ki, Azərbaycanın beynəlxalq miqyasda soyqırımı həqiqətlərinin tanınması ilə bağlı gördüyü işlər öz nəticələrini verməkdədir. Belə ki, artıq beynəlxalq ictimaiyyət Azərbaycan xalqının başına gətirilən bu faciəyə münasibətini ortaya qoyur. Azərbaycan ərazilərinin işğaldan azad edilməsini tələb edən, Ermənistanı təcavüzkar dövlət kimi tanıyan çoxsaylı qətnamələr qəbul edən İslam Əməkdaşlıq Təşkilatı Xocalı soyqırımını tanıyan ilk beynəlxalq təşkilatdır. Öz növbəsində, ABŞ-ın Xocalı soyqırımını tanıyan və bu cinayəti pisləyən ştatlarının sayı hər il artmaqdadır. Belə ki, artıq Massaçusets, Texas, Nyu Cersi, Corciya və Meynin ardınca bu il Nyu-Meksiko və Arkanzas ştatları Xocalı qırğınını tanıyıblar. Onların bəziləri faciəni soyqırımı kimi tanıyıb. Bundan əlavə, ABŞ-ın Kaliforniya ştatı Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyan qətnamə və proklamasiyalar qəbul edib.

Xocalı soyqırımı ayrı-ayrı dövlətlər səviyyəsində də tanınır. Yəni, 2011-ci ilin dekabr ayında Meksika, 2012-ci ilin fevral ayında Pakistan, aprelində isə Kolumbiya Xocalı soyqırımını rəsmən tanıyıb. Bir müddət öncə isə Çexiya Respublikası Avropa İttifaqının üzvləri arasında Ermənistanı dinc Xocalı sakinlərinin qətliamına görə rəsmən pisləyən və bu hərəkətləri insanlığa qarşı cinayət kimi tanıyan ilk dövlətə çevrilib. Fevralın 7-də bu ölkənin ali qanunvericilik orqanının Deputatlar Palatasının Beynəlxalq Əlaqələr Komitəsi 21 il əvvəl “erməni hərbi bölmələri tərəfindən Azərbaycanın işğal olunmuş Xocalı şəhərində 613 müdafiəsiz dinc sakinin vəhşicəsinə qətlə yetirilməsi ilə törədilmiş qırğına görə” Ermənistanı pisləyən qətnaməni yekdilliklə qəbul edib. Qəbul edilmiş sənəddə o da qeyd edilir ki, “Azərbaycan torpaqlarının qonşu Ermənistan tərəfindən işğalına son qoyulmasına çağıran BMT-nin Təhlükəsizlik Şurasının 822 (1993), 853 (1993), 874 (1993) və 884 (1993) saylı qətnamələri indiyədək yerinə yetirilməyib. BMT Baş Məclisi, Avropa Parlamenti, Avropa Şurası və ATƏT-in Parlament Assambleyası öz qətnamələrində Azərbaycan Respublikasının Dağlıq Qarabağ da daxil olmaqla suverenliyini və ərazi bütövlüyünü dəstəkləyirlər”.

Sənəddə Xocalıda törədilmiş qırğının insanlığa qarşı cinayət hesab olunması öz əksini tapıb. Beləliklə, Çexiya parlamenti Avropa İttifaqında Ermənistanı Xocalıda bəşəriyyət əleyhinə törətdiyi cinayətlərə görə pisləyən ilk qanunverici orqandır.

Bu və digər faktlar beynəlxalq ictimaiyyətin Azərbaycan həqiqətlərinə verdiyi qiymətin göstəricisi olmaqla yanaşı, ölkəmizin informasiya sahəsində qələbəsi, eləcə də, diaspor siyasətinin uğurudur. Müxtəlif dövlət və ştatların Xocalı soyqırımını tarixi gerçəklik kimi tanıması, Azərbaycanın dövlət və ictimai qurumlar səviyyəsində illərlə bu istiqamətdə apardığı davamlı fəaliyyətin nəticəsidir. Bu o deməkdir ki, artıq beynəlxalq ictimaiyyət ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi soyqırımı və digər vəhşiliklərlə bağlı daha yaxşı məlumatlanıb və bu cinayətlərə öz münasibətini ortaya qoyur. Beynəlxalq ictimaiyyətin həqiqətləri bilməsi və təsdiqləməsi isə tarixi təhrif edən yalan məlumatların sürətlə yayılmasının və möhkəmlənməsinin qarşısını alır.

Sözsüz ki, Azərbaycanın bu sahədə artan fəallığı, ölkəmizin informasiya müharibəsində erməni diasporunun və lobbisinin fəaliyyətini geridə qoyması işğalçı ölkə rəhbərliyinin təşviş və narahatlığını da artırmaqdadır. Çünki işğaldan keçən illər ərzində Azərbaycan xalqı olanları nəinki unutmur, əksinə, Qarabağsız böyüyən yeni nəsil torpaqlarımızın azad olması uğrunda hər bir sahədə - siyasi, ideoloji, hərbi sferalarda əlindən gələni etmək üçün daha böyük səy göstərir. Bütün bunlar təbliğat maşınını işə salaraq yalan dolu informasiyaları bütün dünyaya yaymaqla özünü məzlum xalq kimi təqdim etməyə çalışan ermənilərin planlarını alt-üst edir. Çünki Azərbaycanın məqsədyönlü və həqiqətə söykənən təbliğat strategiyası əslində kimin soyqırıma məruz qaldığını tarixi faktlar əsasında açıq şəkildə ortaya qoyur.

Bu il Xocalı soyqırımının ildönümü ərəfəsində beynəlxalq səviyyədə görülən işlər isə miqyasına və effektliliyinə görə əvvəlki illərlə müqayisədə daha da təkmilləşib, həmçinin, yeni metodlardan geniş istifadə olunur. Belə ki, Xocalı faciəsinə ABŞ hökumətindən münasibət bildirilməsi məqsədilə Ağ Evin saytında yerləşdirilən petisiya lazım olan 100000 səs artıqlaması ilə toplanıb. Eyni zamanda, Azərbaycanın ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğalına diqqəti çəkən və Minsk qrupunun üzvü kimi ABŞ-ın rolunu gücləndirməsinə çağıran petisiyaya da lazım olan eyni miqdarda səs artıq toplanıb və hər iki petisiyanı təsdiqləyənlərin sayı artmaqda davam edir.

Bundan başqa, ABŞ-da Azərbaycan-Amerika Alyansının təşkilatçılığı ilə həyata keçirilən multimedia layihələri çərçivəsində Vaşinqtonda, Kolumbiya dairəsində və Nyu-Yorkda “Xocalı... Azərbaycana qarşı insan faciəsi” başlıqlı plakatlar metroda, avtobus dayanacaqlarında, stasionar və hərəkət edən reklam sipərlərində yerləşdirilib. Həmçinin, Vaşinqtondakı binalara və Nyu-Yorkda BMT-nin yerləşdiyi binaya Xocalı hadisələri haqqında məlumatları özündə əks etdirən təsviri proyeksiya edilir. Xocalı soyqırımını dünya ictimaiyyətinə tanıtmaq məqsədilə bənzər kampaniya bu il Almaniyada da keçirilir.

Bütün bunlar Azərbaycanın informasiya məkanında nə qədər aktivləşdiyinin və erməni lobbisi ilə müqayisədə üstünlüyü ələ aldığının göstəricisidir. Əminliklə demək olar ki, dövlət, vətəndaş cəmiyyəti və diaspor təşkilatlarının fəaliyyətinin uğurlu əlaqələndirilməsi və bir məqsədə hədəflənməsi sayəsində təmin olunan bu üstünlük Azərbaycan həqiqətlərinin dünya miqyasında tanınmasında yeni-yeni uğurlara yol açacaq.

 

 

  Hülya Məmmədli

 

  Yeni Azərbaycan.- 2013.- 20 fevral.- S.5.