Müxalifət bu
seçkilərdə də məğlubiyyətə məhkumdur
Yeni Azərbaycan Partiyası (YAP)
İcra katibinin müavini, millət vəkili Siyavuş
Novruzovun AzNews.az-a müsahibəsi:
- Siyavuş müəllim, seçkilər öncəsi cəmiyyətdə siyasi fəallıq hiss edilirmi?
- Dünyanın hər yerində
olduğu kimi, Azərbaycanda
da seçki ilində
cəmiyyətdə fəallıq müşahidə olunur. Ümumiyyətlə, hər bir siyasi partiyanın
qarşısına qoyduğu məqsəd
seçkilərdə iştirak edib, qələbə qazanmaqdır. Bununla bağlı ayrı-ayrı namizədlər,
siyasətçilər seçki prosesinə
hazırlaşırlar. Məlum olduğu kimi, ölkəmizdə keçiriləcək
növbəti prezident seçkisinə
artıq bir neçə ay
qalıb. Ona görə də hər bir partiya öz
daxilində müəyyən addımlar atır. Biz Yeni Azərbaycan
Partiyası olaraq seçkiyə ötən
ildən hazırlaşırıq və həmin proses bu gün
də davam edir.
- Bu
baxımdan müxalifətin durumunu necə qiymətləndirirsiniz?
- Müxalifət əvvəlki seçkilərdə olduğu kimi, indi də nə namizəd müəyyənləşdirib, nə də partiyaları daxilində islahatlar aparıblar. Mətbuatda yazılanlara baxmayaraq, ümumilikdə götürəndə, müxalifətin seçki ilə bağlı konkret mövqeyi yoxdur. Ayrı-ayrı partiya sədrləri bəyan ediblər ki, seçkilərdə namizədliklərini irəli sürəcəklər. Lakin həmin şəxslərin rəsmi şəkildə namizəd olması barədə hələ onların partiyalarının ali orqanlarının qərarı yoxdur. Bir müddət vahid namizəd məsələsini ortaya atmışdılar. Sonradan bəlli oldu ki, partiyalar, ictimai təşkilatlar özləri namizəd müəyyənləşdirmək istəyirlər. Hesab edirəm ki, bu prosesin özü çətindir. Çünki bunun üçün sosial baza, elektorat olmalı, müxtəlif proqramlar hazırlanıb cəmiyyətə təqdim edilməlidir. Müxalif qüvvələrdə isə bu potensialı görmürəm. Bütün seçkilərdə olduğu kimi, bu seçkilərdə də onlar qalib gələ bilməyəcəklər. Parlament seçkiləri keçiriləndə imza toplamaq kampaniyası sona yaxınlaşırdı, bunlar isə hələ də kimin hansı dairədən namizədliyini irəli sürəcəyini müəyyənləşdirməmişdilər. Halbuki, seçkinin qanunauyğunluğu ondan ibarətdir ki, həmin ərazilərdə, dairələrdə tədqiqat işi aparılmalıdır. Ondan sonra kiminsə həmin dairədən namizədliyinin irəli sürülməsi müəyyən edilir. Amma onlar bunu düşünmürlər.
- Müxalifət bu il keçiriləcək prezident seçkilərində qalib gələcəyinə ümid edir. Siz necə düşünürsüz, bu, mümkündürmü?
- Onlar seçkilərdə heç vaxt qalib gəlməyiblər. 1993-cü ildən bəri bələdiyyə, parlament, prezident seçkilərində həmişə məğlub olublar. Azərbaycan cəmiyyəti bu insanları tanıyır. Dünya praktikasında belədir ki, bir dəfə uduzan namizəd ikinci dəfə seçkilərə qatılmır. Amma İsa Qəmbər həmişə seçkilərdə 2-3 faiz səs toplasa da, yenidən iştirak edir. Məhz bunun nəticəsidir ki, Müsavat Partiyası parçalanıb. Təkcə İsa Qəmbər deyil, bu partiyanın digər funksionerləri də seçkilərdə iştirak etmək istəyirlər. Yəqin ki, onların ali orqanında bu məsələ ortaya çıxacaq. Bizdə məlumatlar var ki, regionlarda onların yerli təşkilatları arasında da çaxnaşma var. Həmin təşkilatlar hesab edir ki, İsa Qəmbər partiyanı geri aparır. Diqqət edin, prezident seçkilərinə qədər “Müsavat” öz qurultayını keçirmək istəmir. Qurultay keçiriləcəksə, İsa Qəmbər sədr olmayacaq. Çünki partiya daxilində vəziyyət gərgindir. İsa Qəmbər də çalışır ki, “Müsavat”ın başqanı kimi seçkilərə qatılsın və müəyyən beynəlxalq təşkilatlardan vəsait əldə etsin.
- Müxalifətin sosial bazasının olmadığını bildirdiniz. Hesab etmirsinizmi onların cəmiyyətə çıxış imkanları məhduddur, rayonlarda görüşlər keçirmələri əngəllənir, efir vaxtı belə verilmir...
- Müxalifətə efir vaxtı verilir. Ayrı-ayrı telekanallarda debatlar keçirilir. Bu məsələlərlə İctimai Televiziya məşğul olur. Şəxsən mən “Müsavat”dan Arif Hacılı ilə, AXCP-dən Razi Nurullayevlə debatlarda iştirak etmişəm. Cəmiyyətə çıxmaq baxımından internet resursları daha əlverişlidir. Azərbaycanda kifayət qədər xəbər saytı var ki, müxalifət rəhbərlərindən müsahibələr götürməyə cəhd edirlər. Sadəcə olaraq, bu insanların deyəcəyi söz yoxdur. Eyni fikri 20 ildir ki, təkrar edirlər deyə onları dinləyən yoxdur.
- İsmayıllı hadisələrinə görə saxlanılan Tofiq Yaqublu və İlqar Məmmədovun siyasi fəaliyyətlərinə görə həbs edildikləri iddia olunur. Hətta İlqar Məmmədovun həbs edilməsini onun deputatları təhqir etməsi ilə bağlayırlar...
- O, parlament haqqında fikir söyləyəndə 40-a yaxın deputat məhkəməyə müraciət etmək üçün şikayət ərizəsi yazdılar. Sonradan belə qərara gəlindi ki, buna heç baş qoşmağa dəyməz. Çünki İlqar Məmmədov özü həbs edilməsini arzulayırdı. O əvvəldən istəyirdi ki, həbs olunsun və status qazansın. Məsələnin digər tərəfinə gəldikdə isə deyə bilərəm ki, mitinqlərdə ayrı-ayrı siyasi partiyaların mətbuat orqanlarının nümayəndələri jurnalist kimi deyil, aksiya iştirakçısı kimi hərəkət edirlər. Şüarlar deyirlər, qışqırırlar, səs salırlar və s. qanunsuzluqlar edirlər. Yaxınlaşanda isə cibindən vəsiqə çıxarır ki, mən jurnalistəm. Jurnalist, əslində baş verən prosesləri obyektiv işıqlandırmalıdır. Tofiq Yaqublu da həm Müsavat Partiyasının sədr müavini, həm də jurnalistdir. Küləyin səmtinə uyğun gah jurnalist, dah da partiyanın sədr müavini olur. Deyirlər ki, guya vəziyyəti araşdırmağa gediblər. Bunlar kimdir, hüquq-mühafizə orqanlarıdır? Bölgədə proses gedir. Proses bitəndən sonra istənilən adamdan müsahibəni götürə bilərsən. Burada sənə kim əngəl olur ki?! İndi onların bu addımları araşdırılacaq. Təqsirli olacaqlarsa, həbsdə saxlanılacaqlar.
- Müxalifətlə iqtidar arasında dialoq niyə baş tutmur? Hansı tərəf daha çox dialoqdan yayınır?
- Biz həmişə dialoqa hazır olmuşuq. Xatırlayırsınızsa, biz BMT-yə və digər beynəlxalq təşkilatlara məktub göndərmişdik. Azərbaycanda olan bütün siyasi partiyalar da buna qol çəkmişdi. Bundan sonra narazı qalanlar bəyanat verdi ki, niyə müxalifətlə hakimiyyət Dağlıq Qarabağ məsələsində sənədə imza atıblar. Bu da onu göstərdi ki, müxalifət hələ dialoqa hazır deyil. Biz həmişə demişik ki, dialoqa hazırıq.
- Müxalifət iddia edir ki, dialoqdan yayınan hakim partiyadır. Səbəb də o göstərilir ki, YAP-ın müxalifətin qarşısına çıxa biləcək qədər sözü yoxdur. Bu, doğrudanmı, belədir?
- Biz siyasi partiyaların maliyyələşməsi məsələsini qaldırdıq. Bu məsələnin müxalifətlə müzakirə olunmasına cəhd etdik. Amma onlar yaxın gəlmədi. Dağlıq Qarabağla da bağlı təkliflərimizi qəbul etmədilər. Bunların istəkləri ondan ibarətdir ki, dialoqda seçki komissiyalarının dəyişdirilməsi və sərbəst toplaşmaq azadlığı ilə bağlı məsələlər müzakirə edilsin.
- Prezident İlham Əliyevin üçüncü dəfə prezident seçkilərində iştirak etməsi cəmiyyətdə narazılıqla qarşılana bilərmi?
- Qəti şəkildə narazılıqla qarşılana bilməz. Bu, Azərbaycanın Konstitusiyasında da öz əksini tapıb. Burada göstərilir ki, seçkili vəzifənin müddəti ola bilməz. Məsələn, millət vəkili istəsə, on dəfə seçkidə iştirak edə bilər. Türkiyənin baş naziri Süleyman Dəmirəl 8 dəfə seçkidə iştirak edib. Həmçinin, Rəcəb Tayyib Ərdoğan da ardıcıl olaraq seçkilərdə iştirak edir. Yəni, müxtəlif ölkələrdən misallar gətirə bilərik. YAP yekdilliklə hazırki Prezident İlham Əliyevin namizədliyini irəli sürəcək və Onun böyük qələbəsinin şahidi olacağıq. Azərbaycanda aparılan abadlıq-quruculuq işləri, yeni iş yerlərinin açılması, beynəlxalq təşkilatlarda ölkənin nüfuzunun artması buna əsas verir. Bu, xalqın tələbidir.
- Seçkilər keçirilən zaman xarici qüvvələr seçkilərin saxtalaşdırılmasını, insan hüquqlarının pozulmasını bəhanə edib, Azərbaycana qarşı təzyiq edə bilərlərmi?
- Siyasi məhbuslarla bağlı Avropa Şurasında məruzə oldu. Həmin məruzədən bəlli oldu ki, siyasi məhbusların siyahısına salınan adamların çoxu azadlıqdadır, siyahıda olan adamlardan bir neçəsi, ümumiyyətlə, ölkədə yoxdur. Toyuq və dana oğrusunu da siyahıya salıblar. Heç bunların siyasətə aidiyyətləri yoxdur. Bəzi hüquq müdafiəçiləri bunu biznesə çeviriblər. Onların bu addımları iflasa uğradı. Ola bilər ki, təzyiq göstərməkdən ötrü belə bir kampaniya aparılsın. Lakin bunun heç əhəmiyyəti yoxdur.
- Müxalifətdən başqa ölkə daxilində hansısa digər qüvvələr fəallaşa bilərmi?
- Ayrı-ayrı dövlətlərə xidmət edən insanlar var. Onlar da qarışıqlıq yaratmaq üçün rəhbərlərindən komanda alırlar. Bilirsiniz, hakimiyyətin mənbəyi xalqdır. Azərbaycan xalqı hakimiyyəti formalaşdırır. Ona görə də, belə məsələlərdə sözü xalq deyəcək.
- Məhkəmə icraçılarının Turqut Qəmbərə görə İsa Qəmbərin evindəki əşyaları siyahıya alması qanunidirmi?
- Xatırlatmaq istəyirəm ki, Mülki hüquqda mülkiyyətin sahibliliyi məsələsi öz əksini tapıb. Əgər həmin şəxs orada yaşayırsa, orada qeydiyyatdadırsa, eyni təsərrüfatın idarə olunmasında iştirak edirsə, deməli, mülkiyyətə hüquqlu şəxsdir. Yəni, mülkiyyət hüququndan məhrum olunmayıb. Gedib bunu Ayda axtarmayacaqdılar ki?! Onlar İsa Qəmbərin evinə getməli idilər. Hərdən məsələ qaldırırlar ki, cərimələrin məbləği çoxdur. Burada söhbət qanunsuz hərəkətin qarşısının alınmasından gedir. Vətəndaşa əvvəlcədən xəbərdarlıq edilir. Anlaqlı vəziyyətdə qanunu pozursansa, cərimələnməlisən.
- Əkrəm Əylisli məsələsində müxalifətin mövqeyi sizi qane etdi?
- Qəti şəkildə məni qane etmədi. Əkrəm Əylisli Azərbaycan xalqını, Türk dünyasını, İslamı təhqir edib. Əsərində elə sətir yoxdur ki, orada azərbaycanlılar aşağılanmasın. Guya ki, Əkrəm Azərbaycan iqtidarına qarşı olduğuna görə müxalifət ona söz demir. Bunlar da Azərbaycan xalqının nümayəndələridirlərsə, işlərini xalqın rifahı naminə aparırlarsa, mövqe ortaya qoymalı idilər. Amma buradan bəlli oldu ki, onlar xalqın maraqlarına xidmət etmirlər. Müxalifət yalnız iqtidarda səhv axtarır. Nə “Ziyalılar forumu”, nə İctimai Palata, nə də digər siyasi partiyalar bu məsələyə münasibət bildirmədilər. Bir şeyi də xatırladım ki, “Eurovision” mahnı müsabiqəsi keçiriləndə Azərbaycanda iki müxalifət partiyasının rəhbərliyində təmsil olunan şəxslərin övladları ermənilərə səs vermişdilər. Araşdıranda dedilər ki, biz iqtidara etiraz olaraq erməniyə səs vermişik. İqtidara etiraz olaraq erməniyə niyə səs verirsən? Ermənistan Azərbaycanın ərazilərini işğal edib. Ölkə ərazisi təkcə iqtidarın deyil ki?! Azərbaycanda bu düşüncə tərzinin daşıyıcıları da var. O cümlədən də, Əkrəm Əylisli.
- Necə hesab edirsiniz, ölkədə Əkrəm Əylisliyə qarşı atılan addımlar beynəlxalq aləmdə Azərbaycanın nüfuzuna xələl gətirməzmi?
- Təbii ki, bundan siyasi riyakarlıqla istifadə edəcəklər. Artıq Fransa Əkrəm Əylisliyə vətəndaşlıq verir. Halbuki, bütün hüquqlarından məhrum olmuş qaçqına və yaxud Xocalıda bütün ailəsini itirmiş bir uşağa yardım etməyiblər. Amma Əkrəm Əylisliyə vətəndaşlıq verməklə bağlı Fransa, ABŞ hazır olduqlarını bildirdilər. Bunlara belə vətən xainləri lazımdır ki, istifadə etsinlər. Bilirsiniz ki, ermənilər Əkrəmin əsərinə film çəkməyə hazırlaşırlar. Əkrəmə bu lazım idi. Bu arzusuna da çatdı.
- Yeri gəlmişkən, xeyli müddət Gülər Əhmədova ilə çalışmısınız. Onun qohumlarında erməni olduğunu bilmirdiniz?
- Biz anket dolduranda soruşmuruq ki, sənin qohumlarının içərisində erməni var, ya yox. Azərbaycan vətəndaşıdırsa, müraciət edir, rayon təşkilatı buna baxıb qəbul edir. Bizim partiyamızda ruslar da, yəhudilər də, avarlar da, talışlar da, ləzgilər də təmsil olunurlar. Bizdə onların statistikası var. Yəni, bizim partiyada Azərbaycanda yaşayan xalqların nümayəndələri təmsil olunurlar. Bu hüquqları kimsə məhdudlaşdıra bilməz.
- Necə düşünürsünüz, Prezident İlham Əliyevin son çıxışından sonra ölkədəki məmur-vətəndaşlar münasibətləri normallaşacaqmı?
- Prezident öz xəbərdarlığını etdi. Bildirdi ki, məmurların fəaliyyətindən xəbəri var. Məmurların hər birinə şans verdi ki, nöqsanlarını aradan qaldırsınlar. Kimsə buna əməl etməyəcəksə, təbii ki, Prezidentin Sərəncamı ilə tutduğu vəzifədən kənarlaşdırılacaq. Hesab edirəm ki, onların gələcək fəaliyyətlərində də bu məsələlər nəzərə alınacaq.
- Tez-tez icra başçıları bir rayondan digərinə göndərilir, yerdəyişmə edilir. Əgər icra başçısı nöqsanlara yol verirsə, həmin yerdə də fəaliyyətini bu cür davam etdirəcək...
- Rotasiya olmalıdır. İcra başçısı 5 il bir yerdə işləyib yaxşı işlər görürsə, onu digər rayona göndərirlər. Bu ənənə əvvəldən var. İnsan başqa sahələri də öyrənməlidir. Amma kiminsə nöqsanı varsa, o vəzifəsindən, ümumiyyətlə, uzaqlaşdırılır.
- Ümumiyyətlə, məmur-vətəndaş münasibətlərinin indiki durumunu necə qiymətləndirirsiniz?
- Prezidentin də qeyd etdiyi kimi, burada əsas faktor insandır. Məmurlar insanlara hörmətlə və diqqətlə yanaşmalıdırlar. Məmurun qapısı həmişə vətəndaşın üzünə açıq olmalıdır. İnsanları dinləmək lazımdır. Hesab edirəm ki, bu istiqamətdə işlər aparılır.
Yeni Azərbaycan.- 2013.- 22 fevral.- S.5.