Unudulmaz qəhrəman Oleq
Babakın şücaəti
24 yaşlı ukraynalı gənc
hərbçi Dağlıq Qarabağda bütöv bir kəndin
azərbaycanlı əhalisini erməni vəhşiliyindən
xilas edib
Sovet
İttifaqının sonuncu qəhrəmanı Oleq Babak 24
yaşında Dağlıq Qarabağda gedən
döyüşlərdə şəhid olub. O, erməni
işğalçılarına qarşı döyüşlərdə
igidlik göstərərək, müdafiəsiz, dinc azərbaycanlı
ailələrini xilas edərək qəhrəmanlığın
zirvəsinə ucalıb.
QƏHRƏMANLIĞA GEDƏN YOL
Oleq
Yakovleviç Babak 1967-ci il fevralın 25-də Ukraynanın
Priyatinsk rayonunun Poltav vilayətində Viktoriya kəndində
dünyaya gəlib. O, 1985-ci ildə SSRİ Daxili İşlər
Nazirliyinin Ali siyasi məktəbinə daxil olub, 1989-cu ildə
oranı bitirib. Babak hələ Ali siyasi məktəbdə təhsil
alarkən nizam-intizamlılığı,
tapşırıqların öhdəsindən layiqincə gəlməsi
ilə kursantlar arasında seçilib, təhsil
proqramını yüksək qiymətlərlə başa
vurub. Onu tanıyanlar Babakı geniş
dünyagörüşünə malik, əqidəli, sakit təbiətli,
təmkinli, ünsiyyətə meyilli, hərbi xidmətdəki
çətinliklərdən qorxmayan bir insan kimi təsvir edirlər.
Məhz bu keyfiyyətləri ona siyasi bölmənin rota
komandirinin müavini vəzifəsini əla göstəricilərlə
bitirməyə imkan verib. Babak Ali siyasi məktəbdə gənc
kadr kimi yetişdiyi müddətdə yüksək mənəvi-psixoloji
hazırlıq, yüksək komandir keyfiyyətləri göstərib.
Kursant olduğu dövrdə dövlət
tapşırıqlarının yerinə yetirilməsi
üçün göndərildiyi Cənubi Qafqaz
regionundakı fəaliyyəti zamanı çətin və gərgin
şəraitdə düzgün qərar qəbul etməsi,
üzərinə düşən işi dəqiq yerinə
yetirməsi, yaxşı nəzəri bilik və fiziki
hazırlıq səviyyəsi ilə özünü müsbət
cəhətdən tanıdıb. Məktəbi bitirikdən
sonra Babak Moskva vilayətindəki Sofrino qəsəbəsində
SSRİ Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı
qüvvələrinin 21-ci briqadasında xidmət göstərib.
YÜKSƏK FƏDAKARLIQ VƏ
İGİDLİK NÜMUNƏSİ
Dağlıq
Qarabağda Ermənistanın hərbi təcavüzü
başladıqdan sonra Oleq Babak SSRİ daxili
qoşunlarının hərbçisi kimi Azərbaycanın
Qubadlı rayonuna ictimai asayişi qorumaq üçün
göndərilib. Babakın yüksək peşəkarlıq səviyyəsi
özünü burada qabarıq göstərib. Lakin Babak
Qarabağda təkcə hərtərəfli
hazırlıqlı hərbçi nümunəsi göstərməyib.
Erməni hücumları nəticəsində yaranmış gərgin
vəziyyətdə o, həm də malik olduğu ali humanist dəyərləri,
yüksək insani hissləri nəinki itirməyib, əksinə,
ən bariz şəkildə nümayiş etdirib.
Belə
ki, həmin dövrdə leytenant Babak daxili qoşunların
Yuxarı Cıbıxlı kəndi
yaxınlığındakı bölməsinə rəhbərlik
edirdi. Onun son döyüş yeri də elə bura olub. Ermənistan
silahlılarının hücumları qarşısında kəndin
sakinləri müdafiəsiz qalmışdı. 1991-ci il aprelin
7-də kənd sakinlərinin ermənilər tərəfindən
qətlə yetirilməsi xəbərini alan Oleq Babak
tabeçiliyindəki hərbçilərlə hadisə yerinə
yollanıb. Ermənilərin dinc əhaliyə qarşı
hücumlarına səssiz qala bilməyən Babak bütün
gücünü, rəşadətini
işğalçılara qarşı mübarizəyə
yönəldib. Sonuncu dəfə o, 7 aprel tarixində kənd
sakinlərini hücumdan xilas etmək üçün 70-dən
çox erməniyə qarşı döyüşüb. Vəziyyətin
ən gərgin olduğu anda hərbçi yoldaşlarına
güllələri ona verib geri çəkilməyi əmr
edib. Qeyri-bərabər döyüşdə xüsusi fədakarlıq
göstərən Babak axrıncı gülləsinə kimi
vuruşub. Sonda ermənilər tərəfindən xainliklə
öldürülüb. Onun silahsız olması belə erməniləri
qorxudubmuş.
Bu
bir daha erməni vəhşiliyinin sərhəd
tanımadığını göstərdi. Erməni silahlı
quldurları o qədər
azğınlaşmışdılar ki,
işğalçıların daim köməyinə
sığındığı Sovet rəhbərliyinin göndərdiyi
hərbçiləri də məhv etməkdən çəkinmirdilər.
Bu arada vurğulamaq yerinə düşər ki, Dağlıq
Qarabağda SSRİ qoşunlarına rəhbərlik etmiş
rus generalı Henrix Maluşkin KİV-ə
açıqlamasında xidmət dövründə ermənilərin
azərbaycanlılara qarşı etdiyi hücumların təfərrüatlarını
açıqlayıb: “1990-91-ci illərdə I Qarabağ
müharibəsi zamanı keçmiş Ermənistan prezidenti
Robert Köçaryanı əlində avtomat Azərbaycana qarşı
vuruşan görmüşəm” - deyə, SSRİ-nin
Dağlıq Qarabağdakı qoşunlarının
komandanı, general Henrix Maluşkin bildirib.
Henrix
Maluşkin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsində tək günahkarın SSRİ-nin
ilk və sonuncu prezidenti Mixail Qorbaçovun olduğunu deyib:
“Qorbaçov Qarabağda ermənilərin azərbaycanlılara
qarşı etdiklərinə baxmayaraq, onlara bir dəfə də
olsun xəbərdarlıq etməyib”.
O,
Qarabağda azərbaycanlıların onlara qarşı
yaxşı davrandığını, yalnız ermənilərin
sovet əsgərlərini də öldürdüklərini
deyib: “Qarabağda komandan olduğum vaxtda ermənilər 8 sovet
əsgərini öldürdülər. Öldürülənlərdən
biri Oleq Babak idi. O, Qubadlının Yuxarı Cıbıxlı
kəndində azərbaycanlılara hücum edən ermənlərin
qarşısına çıxdığı
üçün öldürüldü. Ancaq bu məsələlərə
sovet rəhbərliyi reaksiya vermirdi”.
General
Henrix Maluşkin erməniləri həbs etdikləri təqdirdə
belə Moskvadan onlara zəng gəldiyini və tutulanları dərhal
azad etdiklərini deyib. Onun sözlərinə görə, belə
əmrlər, adətən, SSRİ-nin Daxili İşlər
Nazirliyindən gəlirdi.
QƏHRƏMANIN XATİRƏSİ
ƏBƏDİ YAŞADILACAQ
Hazırda
O.Babakın qəbri doğulduğu kənddədir.
Ölümündən sonra Oleq Babaka hərbi borcunu yerinə
yetirərkən göstərdiyi igidliyə və şücaətə
görə 1991-ci il sentyabrın 17-də Sovet İttifaqı Qəhrəmanı
adı verilib, “Lenin” ordeni ilə təltif olunub. SSRİ daxili
işlər nazirinin əmri ilə Sovet İttifaqı Qəhrəmanı
O.Babakın adı əbədi olaraq 21-ci xüsusi təyinatlı
Sofrino briqadasının şəxsi heyətinin
sırasına daxil edilib. 2010-cu ilin oktyabrında Moskva vilayətinin
Puşkin rayonundakı parkda Babakın abidəsi
açılıb. Qəhrəmanın adı ilk təhsilini
aldığı Viktoriya kənd məktəbinə verilib.
Bundan əlavə, Moskva yaxınlığındakı
Aşukin kəndindəki küçələrdən birinə
də Babakın adı verilib.
Hülya Məmmədli
Yeni Azərbaycan.- 2013.- 26 fevral.- S.8.