Dövlətimiz gənclərin hərtərəfli inkişafı, həmçinin, onların öz bacarıqlarını, potensiallarını ifadə etmək üçün bütün şəraiti yaradıb

 

 İntiqam Babayev: Azərbaycan gəncliyi kifayət qədər ayıqdır, öz ölkəsinə sahib çıxmaq, dövlətini qorumaq gücündə, eyni zamanda, bu dövlətin inkişafını əngəlləmək istəyənlərə lazımi cavab vermək iqtidarındadır

 

Məlum olduğu kimi, hazırda Azərbaycanda dövlət tərəfindən uğurlu gənclər siyasəti həyata keçirilir. Onu da qeyd etmək yerinə düşər ki, dövlətin gənclər siyasətini həyata keçirən başlıca qurum Gənclər və İdman Nazirliyidir. Gənclər və idman nazirinin müavini İntiqam Babayevin qəzetimizə eksklüziv müsahibəsində həm həyata keçirilən bu siyasət, həm də ümumilikdə, gənclərlə bağlı məsələlərə toxunduq:

- İntiqam müəllim, Azərbaycan gəncliyi haqqında danışarkən ilk olaraq nəyi vurğulamaq olar?

- Birincisi, onu qeyd etmək istəyirəm ki, bu günlərdə bu mövzuda danışmaq mənim üçün daha çox önəmlidir. O baxımdan ki, bu il Azərbaycan xalqı, dövlətimiz Ümummilli liderimiz Heydər Əliyevin 90 illik yubileyini qeyd edəcək. Heç şübhəsiz, bu günə qədər keçirilən, həmçinin, bu gündən sonra keçiriləcək tədbirlərdə, toplantılarda Ulu öndərin Azərbaycanla, müstəqil Azərbaycan dövlətinin yaradılması ilə bağlı, həmçinin, müxtəlif sahələri əhatə edən fəaliyyəti haqqında çıxışlar olacaq. Mən düşünürəm ki, bu fəaliyyət içərisində Ulu öndərin məhz gənclərin inkişafına yönəlmiş siyasəti, əvvəlcədən uzun müddətə hesablanmış bir strategiya haqqında xüsusi danışmaq lazımdır. Təbii ki, Ümummilli liderimiz Heydər Əliyev tərəfindən təməli qoyulan milli gənclər siyasətinin əsas hədəfləri o idi ki, geniş dünyagörüşünə, dərin zəkaya malik olan, eyni zamanda, öz milli-mənəvi dəyərlərinə sahib çıxan, vətənpərvər, fiziki, intellektual inkişaf etmiş yeni bir nəsil, yəni, müstəqil dövlətin yeni nəsli formalaşsın. Əgər biz bu gün dönüb arxaya baxsaq görərik ki, bu illər ərzində Ulu öndərimizin arzuları gerçəkləşib və bu gün artıq müstəqilliyimizlə həmyaşıd olan yeni nəsil formalaşıb. Bu yeni nəsil də nəinki ölkə daxilində, eyni zamanda, beynəlxalq miqyasda müxtəlif sahələrdə çox fəal şəkildə öz dəsti-xəttini nümayiş etdirir.

- Bəs, ümumiyyətlə, Azərbaycanda gənclərlə bağlı hansı işlər görülüb və hazırda hansı işlər görülür?

- Məlum olduğu kimi, dövlət səviyyəsində gənclərlə iş, bilavasitə bu sahənin əlaqələndirilməsi Gənclər və İdman Nazirliyinə həvalə edilib. Biz bu sahədə həm özümüz, həm də digər aidiyyəti dövlət qurumları, digər təşkilatlarla birgə işlər görürük. Birinci növbədə əsas hədəfimiz o idi ki, bu sahədə müvafiq qanunvericilik bazası formalaşdırılsın. Bu gün üçün icramızda olan əsas sənədlərdən biri məhz Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramıdır. Bu Dövlət Proqramının yaradılma tarixcəsi də çox maraqlıdır. Çünki iki ay müddətində geniş ictimai müzakirələr təşkil olundu ki, gənclər özləri öz fikirlərini səsləndirsinlər və onlara yönələcək sənəddə gənclərin maraqları əks olunsun. Cənab Prezidentin tapşırığı ondan ibarət idi ki, bu, qarşıya real, konkret vəzifələr qoyan və tam icra ediləcək bir sənəd olmalıdır. Prezident İlham Əliyev 2011-ci ilin aprel ayında bir qrup fəal gənclərlə görüşəndə də bu məqamlara toxundu və düşünürəm ki, bu gün qəbul olunmuş Dövlət Proqramı çox mükəmməl bir sənəddir. Demək olar ki, gənclərin bütün maraq dairəsini əhatə edir və biz artıq gənclərimizi də dəvət etmişik ki, proqramın hazırlanmasında iştirak etdikləri kimi onun icrasında da iştirak etsinlər. Bu gün bizim əsas hədəflərimiz odur ki, gənclərimizin ictimai həyatda, cəmiyyətdə gedən proseslərdə fəal iştirakına, bir vətəndaş kimi formalaşmasına şərait yaradaq. Onların sosial inkişafına yönəlmiş proqramlar icra edək. İstedadlı, bacarıqlı gəncləri aşkar edək və onların gələcək inkişafına dəstək verərək, hansısa bir əlavə layihələr reallaşdıraq. Bu məqsədlə hər il müxtəlif sayda istər yerli, istərsə də beynəlxalq səviyyəli tədbirlərimiz keçirilir, konfranslar, müxtəlif müsabiqələr, sərgilər, festivallar təşkil edilir. Bir sözlə, bu sahədə kifayət qədər nailiyyətlərimiz var.

- Bu istiqamətdə qeyri-hökumət gənclər təşkilatları ilə əməkdaşlıq necə qurulub?

- Bizim gənclər siyasətini həyata keçirən bir qurum kimi digər dövlət qurumları ilə yanaşı, əsas tərəf müqabillərimizdən biri də məhz qeyri-hökumət gənclər təşkilatlarıdır. Bu gün Azərbaycanda 230-dan artıq gənclər təşkilatı fəaliyyət göstərir. Təbii ki, biz nazirlik olaraq həmin gənclər təşkilatlarının hər biri ilə əməkdaşlıq edirik. Bu gün nazirliyimiz tərəfindən, dövlət büdcəsi hesabına gənclər təşkilatlarının yüzlərlə layihələri maliyyələşdirilir. Eyni zamanda, bilirsiniz ki, Dövlət Proqramı çərçivəsində cənab Prezidentin Sərəncamı ilə Gənclər Fondu yaradılıb. Gənclər Fondu da gənclər təşkilatlarının layihələrini maliyyələşdirir. Artıq ikinci müsabiqə elan olunub. Amma birinci müsabiqədən belə çox geniş, əhatəli bir rəqəm var. Yəni, ortada 129 dəstəklənmiş layihə var. Onlardan da 80-dən artığı məhz regionlarımızla bağlı olub. 16-sı isə beynəlxalq xarakterli layihələrdir. Bir sözlə, Gənclər Fondu da öz növbəsində qarşısında duran vəzifələri icra edir.

- Bəs gənclər təşkilatları onlara göstərilən diqqət və qayğının müqabilində gözləntilərə də cavab verə bilirlərmi?

- Söz yoxdur ki, 230-dan artıq təşkilatın hamısı eyni səviyyədə fəal deyil. Onların içərisində çox yüksək səviyyədə fəal olanı, qismən fəal olanı, həmçinin, zəif fəaliyyət göstərəni var. Biz bu fəallığın necə olduğunu ortaya çıxarmaq üçün hər il gənclər təşkilatlarının sərgilərini keçiririk ki, sonuncu sərgidə də cənab Prezident İlham Əliyev şəxsən iştirak etdi və gənclər təşkilatlarının fəaliyyəti ilə tanış oldu. Bu sərgilərdə müxtəlif sayda gənclər təşkilatlarının son il ərzində olan fəaliyyəti nümayiş etdirilir. Ayrı-ayrı illərdə müxtəlif sayda gənclər təşkilatları bu sərgilərdə iştirak ediblər. Yəni, bu, o deməkdir ki, həmin təşkilatlar daimi fəaliyyətdədirlər. Amma elə təşkilat da var ki, heç cür bu sərgilərə qatıla bilmir. Çünki deyəcəyi söz, göstərəcəyi bir nailiyyət yoxdur. Bütün bunlarla yanaşı, gənclər təşkilatlarının böyük bir qismi onlara göstərilən diqqət və qayğıya adekvat olaraq öz fəaliyyətlərini qura biliblər. Cəmiyyətdə müxtəlif layihələr həyata keçirilir, gənclər təşkilatları proseslərdə çox fəal iştirak edirlər və söz yox ki, biz onlardan hər zaman daha artıq fəallıq gözləyirik. Çünki hər dövrün öz tələbi var və hər dövrə uyğun olaraq da yeni hədəflər ortaya çıxır. O hədəflərə çatmaq lazımdır.

- Bu gənclər təşkilatlarında fəaliyyət göstərən fəal gənclərin inkişafı istiqamətində hansı addımlar atılır?

- Biz çalışırıq ki, gənclər təşkilatlarında fəaliyyət göstərən gənclərin peşakarlığını artıraq. Çalışırıq ki, müxtəlif təlim kursları, liderlik məktəbləri, yay, qış məktəbləri təşkil etməklə həmin gənclərdə müəyyən peşəkarlıq və biliklər formalaşsın. Liderlik fəaliyyəti, komandada fəaliyyət göstərmək bacarığı, ümumiyyətlə, təşkilatı idarə etmək, təşkilatı formalaşdırmaq və s. bu kimi maraqlı məqamlarla bağlı müxtəlif tədbirlər keçiririk.

- Yəni, belə demək mümkündürmü ki, həmin təşkilatlarda məhz Azərbaycanın gələcək idarəçiləri olan gənclər formalaşır?

- Məlum olduğu kimi, dövlətimiz gənclərin inkişafı, həmçinin, onların öz bacarıqlarını, potensiallarını ifadə etmək üçün bütün şəraiti yaradıb. Eyni zamanda, ölkəmizdə müxtəlif dövlət qurumlarında, həmçinin, idarəetmə və seçkili orqanlarda, özəl sektorda çalışanlar arasında yetərincə insan var ki, məhz vaxtı ilə gənclər təşkilatlarının sıralarında formalaşıb, üzə çıxıb və bu gün istər dövlət, istərsə də özəl sektorda öz fəaliyyətini uğurla həyata keçirir. Hazırda da biz ümumilikdə gənclərə bir kadr potensialı kimi, bir resurs mənbəyi kimi baxırıq. Amma aydın məsələdir ki, bunların içərisində hər bir sahədə olduğu kimi öndə gedən qüvvə var. Yəni, bizim milyonlarla gəncimiz var. Bu milyonların önündə gedən isə müəyyən bir faizi var ki, onlar artıq bu gün gənc lider olsalar da, sabahın idarəçiləridir. Bir sözlə, biz gənclər təşkilatlarına həm də bir kadr bazası kimi baxırıq və bizim nazirlikdə də kifayət qədər əməkdaş var ki, onları məhz gənclər təşkilatlarında görmüşük. Onlar gənclər təşkilatlarında bir növ könüllü olaraq öz potensiallarını nümayiş etdiriblər. Bu gün dövlət qurumlarında çalışdıqda onlar digərlərindən fərqli olaraq daha az mənfi baxımdan bürokratiyaya qapanırlar və öz həmyaşıdları ilə sağlam, işgüzar münasibətlər qura bilirlər.

- Dediklərinizdən də aydın olduğu kimi, Azərbaycanda gənclərə diqqət və qayğı var və eyni zamanda, ölkəmizdə bacarıqlı gənclərin öz potensialını ifadə etmək üçün lazımi şərait də var. Bütün bunların fonunda bəzi qüvvələr iddia edirlər ki, guya Azərbaycanda gənclər yaddan çıxıb...

- Hər bir ölkədə fikir ayrılığı, yaxud da fikir mübadiləsi, ümumiyyətlə, cəmiyyətin inkişafına xidmət edir. Amma çox təəssüf ki, Azərbaycan reallığında özlərini bugünkü Azərbaycan iqtidarına qarşı düşərgə adlandıran insanlar, qüvvələr illər keçməsinə baxmayaraq, öz mahnılarını köhnə mövzuda ifa edirlər. Və aydın məsələdir ki, bu gün onların keçirdikləri aksiyalar, onların daha çox provokasiyaya bənzəyən təşəbbüsləri öz ətrafına ən yaxşı halda 100-200 insanı toplaya bilir. Eyni zamanda, həmin toplananlar arasında heç də hamısı gənc deyil. Yəni, fikir versək görərik ki, bunların içərisində daha çox iyirmi ildir eyni sözü təkrarlayan hansısa partiyaların funksionerləridir. Kiçik bir qisim isə müəyyən qədər onların dezinformasiyasına, yalan vədlərinə uymuş gənclərdir. Lakin milyonlarla gənc onları dəstəkləmir. Bununla belə, bir məqamı da vurğulamağı vacib bilirəm. Dövlətçilik tariximizə nəzər salsaq görərik ki, hər zaman Azərbaycanımız hansısa inkişaf mərhələsinə qədəm qoyduqda, yaxud da ölkəmizdə önəmli bir hadisə gözlənildikdə, o zaman ölkəmizin inkişafını istəməyən müəyyən qüvvələr hərəkətə keçirlər və müxtəlif qanunsuz aksiyalarla, qeyri-qanuni hərəkətlərlə inkişafımıza mane olmağa çalışırlar. Çünki bu qüvvələrin normal qaydada hansısa bir qələbə, hansısa bir nailiyyət əldə etmək şansı olmadığı üçün, onlar çalışırlar ki, suyu bulandırsınlar. 2013-cü il yeni başlasa da, Azərbaycanda sabitliyin pozulmasına, inkişafın əngəllənməsinə hesablanmış bir neçə cəhdin şahidi olmuşuq. Və çox güman ki, bundan sonra da bu kimi, təxribatlar olacaq. Çünki biz bunu əvvəllər də görmüşük. Yəni, əvvəllər də ölkəmizdə seçkilərdən öncə bu tip addımlar atılıb. Beləliklə, yəqin ki, seçkilər yaxınlaşdıqca bu qüvvələr daha da “aktivləşəcək”. Lakin Azərbaycan cəmiyyəti, Azərbaycan gəncliyi kifayət qədər ayıqdır, öz ölkəsinə sahib çıxmaq, dövlətini qorumaq gücündə, eyni zamanda, bu dövlətin inkişafını əngəlləmək istəyənlərə lazımi cavab vermək iqtidarındadır. Azərbaycan gəncliyi yaxşı bilir ki, əslində, ölkəmizə qarşı yönələn daxili və xarici hücumların əsas məqsədi Azərbaycanı da xaosun girdabına atmaqdır. Çünki dünyanın nəhəng dövlətlərində belə müxtəlif gərginlik, iqtisadi tənəzzül, vətəndaş qarşıdurması, siyasi qeyri-stabillik olduğu halda kiçik Azərbaycan bu okeanda bir stabillik oazisinə dönüb. Erməni lobbisi, ermənilərin xarici havadarları, bir sözlə, anti-Azərbaycan dairələr isə bundan ciddi şəkildə narahat olurlar. Və daxilimizdəki beşinci kolon adlandıra biləcəyimiz qüvvələrdən istifadə edərək Azərbaycanı öz müstəqil yolundan, öz müstəqil siyasət xəttindən yayındırmaq istəyirlər. Amma düşünürəm ki, bu gün hər bir Azərbaycan vətəndaşı öz dövlətçiliyinə sadiq olmalıdır. Hər vəchlə çalışmaq lazımdır ki, bizim bu stabillik oazisimiz pozulmasın və inkişafımız davamlı olsun. Məlum olduğu kimi, bu yaxınlarda bizim peykimiz kosmosa buraxılıb və bu, onu göstərir ki, kiçik dövlət olmağımıza baxmayaraq, kosmik peykə malik olan azsaylı dövlətlər sırasında yer aldıq. Əminəm ki, bunun ardınca da növbəti peyklərimiz səmaya buraxılacaq. Təbii ki, bu uğurlar məhz bugünkü iqtidarın dövründə qazanılıb. Yəni, Ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu inkişaf siyasətinin bəhrəsindən biri də budur və bu gün də Prezident İlham Əliyev tərəfindən həmin siyasət davam etdirilir.

- Dediyiniz həmin qüvvələrin hədəflərindən biri də tələbələrdir...

- Təbii. Həmin qüvvələr sosial şəbəkələrdən istifadə etməklə, yəni, daha çox real deyil, virtual məkanda fəaliyyət göstərməklə tələbələrin də guya onları dəstəklədikləri görüntüsünü yaratmağa cəhd göstərirlər. Məsələn, bu günlərdə tələbələrin boykota çağırılması da deyilənlərə sübutdur. Ancaq onların digər addımları kimi, bu cəhdləri də uğursuzluğa məhkumdur. Sadəcə həmin qüvvələr növbəti manipulyativ addıma əl atırlar. Məsələn, bəzi müxalif qüvvələr seçkilər zamanı insanları boykota çağırırdılar və aydın məsələdir ki, hər bir ölkədə olduğu kimi, Azərbaycanda da seçicilərin bir qismi, bir o qədər də siyasi aktivliyi olmayan insanlar onsuz da hər hansı bir seçkiyə gəlmir. Həmin dağıdıcı müxalifət isə bu seçkiyə gəlməyənləri öz adına çıxaraq “gördünüz biz boykota çağırdıq deyə, onlar seçkidə iştirak etmədilər” iddiasını ortaya qoyurlar. İndi sosial şəbəkələrdə tələbələri boykota çağıranlar da həmin oyunu təkrarlamaq istəyirlər. Yəni, heç şübhəsiz, bəzi təhsildən yayınan, təhsildə davamiyyəti olmayan tələbə onsuz da dərsdən yayınır. Və böyük ehtimalla o boykot oyunçuları məhz bu cür davamiyyəti zəif olan tələbələrin hesabına növbəti gün elan edəcəklər ki, gördünüz biz boykota çağırdıq deyə, “tələbələr dərsə gəlmədilər”. Ancaq düşünürəm ki, Azərbaycan tələbələrinin tam əksəriyyəti bilirlər ki, onlar ilk növbədə müasir dövrdə rəqabətədavamlı bir kadra çevrilməlidirlər. Və bunun üçün də onlar gecə-gündüz öz biliklərini artırırlar, təhsilləri üzərində çalışırlar, bilavasitə tələbəyə aid olan problemlərin həlli ilə məşğuldurlar, həmçinin, dövlət də onlara dəstək verir. Bildiyiniz kimi, cənab Prezidentin dəfələrlə təqaüdlərin artırılması haqqında, təhsil ocaqlarının maddi-texniki bazasının gücləndirilməsi haqqında Sərəncam və fərmanları olub. Bu istiqamətdə ən son atılan addım kimi isə Azərbaycan Tələbə Kartı deyilən bir sosial layihə tərtib olunub. 2011-ci ilin aprelində cənab Prezidentlə keçirilən görüş zamanı gənclərlə fikir mübadiləsində bu ideya səsləndi ki, tələbələrlə bağlı vahid bir kart olsun. Cənab Prezident də buna xüsusi diqqət ayırdı və tapşırıq verdi ki, bu istiqamətdə iş aparılsın. Biz beynəlxalq təcrübəni analiz etdik və belə bir kart meydana çıxdı.

- Ümumiyyətlə, Azərbaycan Tələbə Kartı nədir? Yəni, bu kart tələbələrə hansı güzəştlər verir?

- Azərbaycan Tələbə Kartı ilk dəfə təmənnasız olaraq, yəni, dövlət hesabına ali və orta ixtisas təhsil alan tələbələrin hər birinə veriləcək. Azərbaycanda 200 minə yaxın belə tələbə var. Bu kart onların bütün təhsil müddətini əhatə edəcək və Azərbaycan daxil olmaqla, 30 Avropa ölkəsində keçərli olan güzəştli kartdır. Bu təxminən Avropa üzrə 80 min müəssisədən güzəştli istifadə hüququ əldə etmək deməkdir. Çünki Azərbaycan Tələbə Kartının üzərində Avropa Gənclər Kartının kobrendiqi var. Azərbaycanda artıq 400-dən artıq müəssisə bu güzəşt sisteminə qoşulub ki, bunların içərisində də müxtəlif dükanlar, İnternet klublar, kafelər və s. var. Onu da deyim ki, normalda Avropa Gənclər Kartını almaq üçün orta hesabla ildə 10-15 avro üzvlük haqqı ödənilir və kartın müddəti birillikdir. Azərbaycanda verilən tələbə kartı isə bütün təhsil müddəti üçün və təmənnasız, pulsuz verilir.

- Dövlət Proqramı çərçivəsində daha hansı addımların atılması nəzərdə tutulur?

- Ümumiyyətlə, Dövlət Proqramı çərçivəsində bir sıra addımların atılması nəzərdə tutulur. Məsələn, gənclər üçün Prezident mükafatının təsis olunması nəzərdə tutulur və bu mükafat da ilk dəfə olaraq veriləcək. Söz yox ki, burda çox sərt bir seçim olacaq. Yaxşıların yaxşısı bu mükafata layiq görüləcək. Burada da konkret istiqamətlər göstərilib-elm, təhsil, mədəniyyət və ictimai fəallıq. Yəni, məhz bu sahələrdə gənclərin fəaliyyətinin stimullaşdırılması, onları təşviq etmək qarşıya məqsəd qoyulub.

Eyni zamanda, gənclərin kadr bankının yaradılması istiqamətində iş gedir. Bununla bağlı ötən il Nazirlər Kabinetinin sərəncamı oldu və bizim nazirlik bu məsələdə əlaqələndirici qurum kimi üzərinə düşən işi yerinə yetirməkdədir. Belə ki, artıq biz müxtəlif nazirliklərdən, dövlət qurumlarından namizədlərin siyahısını alırıq və proqrama müvafiq olaraq kadrlarla bağlı informasiyanın toplanması davam edir. Hesab edirəm ki, bu il ərzində biz artıq ictimaiyyətə geniş məlumatlar verəcəyik. Amma söz yox ki, bu məlumat bankından istifadə etmək səlahiyyəti yalnız dövlət qurumlarına verilir. Çünki hansısa dövlət qurumuna kadr tələb olunduqda həmin qurum bu məlumat bankından yararlansın.

Bundan başqa, biz keçən il vətənpərvərlik mövzusunda ölkə üzrə geniş düşərgə şəbəkəsi təşkil etdik. Həmin düşərgələrdə üç mindən artıq gəncin istirahətini təmin etdik. Özü də bir qədər fərqli formada. Məsələn, Lənkərandan olan gənclər Qubada, Qubadan olanlar İsmayıllıda düşərgələrdə oldular. Bunda da əsas məqsəd gənclərimizin öz regionlarımızı yaxından tanımasına yardım etməkdir. Bu gün elə gənclərimiz var ki, Avropanı yaxşı tanıyır, amma qonşu kənddən xəbəri yoxdur. Bizim məqsədimiz də gənclərimizə Azərbaycanın hər yerini yaxından tanıtdırmaqdır.

Ən nəhayət, diqqət yetirdiyimiz sahələrdən biri də beynəlxalq mübadilədir. Beynəlxalq mübadilə ildən-ilə genişlənir. Bu gün nazirlik olaraq bizim 60-dan artıq ölkə ilə ikitərəfli və çoxtərəfli mübadiləmiz var. Biz bir neçə ildir ki, müxtəlif ölkələrdə məktəblilər və tələbələr arasında “Mən Azərbaycan haqqında nə bilirəm” adı altında müsabiqələr keçiririk. Həmin müsabiqənin qaiblərinin Azərbaycana səfərini təşkil edirik. Özü də ildən-ilə bu müsabiqənin arealı da genişlənir və daha yeni-yeni ölkələrdən olan məktəbli və tələbələr bu müsabiqədə iştirak etmək istədiklərini bildirirlər. Bütün bunlar isə onu göstərir ki, müxtəlif ölkələrdən olan gənclərin Azərbaycana çox böyük diqqəti və marağı var.

- Məlumdur ki, Azərbaycan dövləti həm də daha bilikli, potensiallı gənclərimizin xarici ölkələrdə təhsil almasına da diqqət yetirir. Bəs, xaricdəki tələbələrimizlə əlaqələri hansı formada qurmusunuz?

- Ölkəmizin əldə etdiyi inkişafı, eyni zamanda, dövlətimizin tələbə gənclərə olan qayğısını əks etdirən məqamlardan biri də odur ki, bu gün dövlətimiz konkret olaraq gənclərimizin xarici ölkələrin aparıcı təhsil ocaqlarında təhsil almalarına şərait yaradır. Bu gün yüzlərlə gəncimiz məhz dövlət proqramı çərçivəsində xaricdə təhsil alır və onun bütün xərcləri də dövlət tərəfindən qarşılanır. Eyni zamanda, digər xətlərlə, yəni, dövlətlərarası ikitərəfli sazişlər çərçivəsində, yaxud da müstəqil şəkildə müxtəlif ölkələrdə oxuyan minlərlə Azərbaycan gənci var. Onu da qeyd edim ki, həmin tələbələr yüksək biliklərə yiyələnməklə yanaşı, Azərbaycanın gənc səfiri olaraq lobbiçilik fəaliyyətində, ölkəmiz haqqında həqiqətlərin Avropa ölkələrinə çatdırılması istiqamətində mühüm işlər görürlər. Bununla yanaşı, hər il Avropa ölkələrinin birində xaricdə təhsil alan tələbələrimiz bir araya gəlir və müvafiq dövlət qurumlarımızın təmsilçilərinin də qatıldıqları bu toplantılarda gənclərimizi narahat edən, onları maraqlandıran suallara cavab verilir, həmçinin, onlara tövsiyələr verilir. Bu il də növbəti belə bir forumun İtaliyada keçirilməsi nəzərdə tutulur. Eyni zamanda, dünyanın müxtəlif ölkələrində gənclər təşkilatlarımız yaranıb və qeydiyyatdan keçib. Mən bu məsələdə Rusiyada fəaliyyət göstərən və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın rəhbərlik etdiyi Rusiya Azərbaycanlı Gənclər Təşkilatını xüsusilə qeyd etmək istəyirəm. Çünki ilk dəfə olaraq Rusiya Federasiyasının bütün əyalətlərini, federal subyektlərini əhatə edən və özündə azərbaycanlılarımızı, gənclərimizi birləşdirən bir təşkilat yaranıb. Bu təşkilat tərəfindən hər il onlarla maraqlı layihələr həyata keçirilir. Təbii ki, digər ölkələrdə də bizim gənclər təşkilatlarımız fəaliyyət göstərir. Onu da deyim ki, bu təşkilatlar bir sıra aksiyaların keçirilməsində də öncüllük edirlər. Bu günlərdə dünyanın müxtəlif ölkələrində Xocalı soyqırımının 21-ci ildönümünə həsr olunmuş çeşidli aksiyaların önündə də gənclərimizin getməsi dediklərimizə daha bir sübutdur. Məlum olduğu kimi, artıq bir neçə ildir ki, Leyla xanım Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət” kampaniyası keçirilir və xaricdə təhsil alan gənclərimiz də bu kampaniyada çox fəal iştirak edirlər.

- İntiqam müəllim, son olaraq gənclərimizə nəyi tövsiyə edərdiniz?

- Mən hər bir Azərbaycan vətəndaşına, xüsusilə də gənclərə üzümü tutub demək istəyirəm ki, gəlin biz stabil inkişafda olan, həmçinin, dünyanın maraq dairəsində olan dövlətimizi qoruyaq. Biz buna borcluyuq. Mən bu gün hər bir gəncə tövsiyə edirəm ki, onlar ayıq olsunlar, ətrafımızda, həmçinin, bəzi ölkələrdə baş verənləri dərindən analiz etsinlər və görsünlər ki, ssenari hər bir yerdə oxşar addımlarla gedir. Biz ona imkan verə bilmərik ki, kimlərsə Azərbaycanı da xaosun, anarxiyanın girdabında boğulan ölkələrin sırasına qata bilsin. Əsas odur ki, Azərbaycan hər zaman inkişafda olan, stabil dövlət olmalıdır. Çünki stabillik olmayan ölkədə iqtisadi inkişafdan, tərəqqidən danışmaq olmaz.

 

 

Nadir AZƏRİ

 

Yeni Azərbaycan.- 2013.- 26 fevral.- S.6.