Xocalı faciəsi bəşər
tarixinin ən qanlı səhifələrindən biridir
“Azərbaycan Respublikası
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı
icması” İctimai Birliyinin sədri Bayram Səfərov
www.yap.org.az saytına müsahibə verib:
-
Bayram müəllim, fevralın 26-da bəşər tarixinin ən
böyük soyqırımlarından olan Xocalı qətliamının
21-ci ildönümüdür. Ümumiyyətlə, ermənilərin
azərbaycanlılara qarşı törətdiyi bu qətliamı
insanlığa qarşı cinayət olaraq necə səciyyələndirərdiniz?
- XX əsrin
ən böyük faciəsi, bəşəriyyətə,
insanlığa qarşı törədilmiş qətliam olan
Xocalı soyqırımının 21-ci ildönümü ilə
bağlı hazırda həm ölkəmizdə, həm də
xarici ölkələrdə tədbirlər keçirilir. Bu
gün bu faciə haqqında danışmaq çox çətindir.
Çünki həmin faciənin qurbanlarının-xüsusi
qəddarlıqla, amansızlıqla qətlə yetirilənlərin,
bətni yarılaraq körpəsi qətlə yetirilənlərin,
övladı göz açmamış vəhşicəsinə
öldürülən anaların, tanınmaz vəziyyətə
salınan ağsaqqalların, ağbirçəklərin faciəsinin
şahidi olmuşuq. İnsanların diri-diri
yandırılması, tankların tırtılları ilə əzilməsi
qan yaddaşımıza köçüb. Azərbaycan
xalqına qarşı zaman-zaman belə qətliamlar törədilib.
XX əsrin sonunda, sivil bir dünya düzənində belə
tükürpədici qətliamın, insanın qanını
donduran soyıqırımın baş verməsi
ağlasığmazdır.
Ermənilərin
xalqımıza qarşı apardığı soyqırım
siyasəti nə bu günün, nə dünənin
işidir. Onlar bu terror siyasətini iki yüz ildir ki, müəyyən
fasilələrlə davam etdirirlər. Son iki yüz illik
tarixin hər bir səhifəsini çevirəndə erməni
vəhşiliyini, vandalizmini görməmək mümkün
deyil. Onların yüz illərdir beyinlərində bəslədikləri
qondarma xəyalların həyata keçməsi
üçün qeyri-insani yollardan istifadəyə can
atması hər zaman qanlı qətliamlara, insanlığa
sığmayan faciələrə yol açıb. 1905-1907,
1918 və 1920-ci illərdə, o cümlədən, müasir
tariximizdəki Qaradağlı, Xocalı
soyqırımları, işğal olunan rayonlarımızda
aparılan qətliamlar onların çirkin və məkrli
niyyətlərini reallaşdırmaq üçün
apardıqları siyasətin tərkib hissəsidir. Təəssüf
ki, bizim sülhpərvərliyimizdən istifadə edən erməni
şovinistləri XX əsrin sonunda yeni bir qanlı
soyqırımına imza atdılar. 1992-ci il fevralın 26-da
baş verən Xocalı faciəsi bəşər tarixinin ən
qanlı səhifələrindən biridir.
Xocalı
faciəsi bir gecənin olayı deyildi. Ermənilər bu faciəyə
Dağlıq Qarabağ münaqişəsi başlandıqdan,
bəlkə də başlamamışdan öncə
hazırlıq görmüşdü. Onlar Qarabağın digər
ərazilərində də qətliamlar törətmişdilər.
Amma miqyası baxımından, Xocalı faciəsi onların ən
dəhşətlisi idi. Xocalı faciəsinə gedən yolun
başlanğıcı isə 1988-ci ilə, yəni, Ermənistan-Azərbaycan
münaqişəsinin daha aydın şəkildə meydana
çıxdığı dövrə təsadüf etdi.
Qarabağ müharibəsində Sovet qoşunlarının
aşkar şəkildə ermənilərə yardım etməsi
gizli fakt deyil. Hətta törədilən qətllərdə
iştirak etmiş sovet, erməni hərbçilərinin
adı bu gün açıq şəkildə bəyan edilir.
Erməniləri silah-sursatla tam təmin edən, onları
canlı qüvvə ilə kömək göstərən
imperiya dairələri azərbaycanlılarda olan ov tüfəngini
zorla yığırdılar. O dövrdə Azərbaycanda rəhbərlikdə
olanlar hələ də Kremlin əmrlərindən
çıxa bilmirdi. Məhz belə bir vəziyyətdə
Xocalı soyqırımı baş verdi. Ermənilər
366-cı alayın köməyilə tarixə ən dəhşətli
qanlı səhifələrdən birini yazdılar. Bu gün də
üstündən 21 il keçən həmin faciəni əks
etdirən fotoşəkillərə, videomateriallara baxmaq
çox ağrılıdır.
- Son illər
Xocalı soyqırımı ilə bağlı Azərbaycan
dövləti, eləcə də, diaspor təşkilatlarımız
xaricdə böyük tədbirlər keçirirlər. Bu
baxımdan, həmin tədbirlər faciənin beynəlxalq
müstəvidə həqiqi qiymətini alması
üçün nə dərəcədə rol oynayır?
- Bu tədbirlərlə
biz beynəlxalq təşkilatlardan, dünya dövlətlərindən
obyektiv olmağı, erməni vəhşiliyinə münasibət
bildirməyi tələb edirik. İstər Xocalı
soyqırımının dünyada tanınması, istər
Azərbaycanın torpaqlarının işğaldan azad
olunması, istərsə də
qaçqın-köçkünlərimizin
hüquqlarının bərpası məsələsi dövlətimiz
tərəfindən başlıca məsələ kimi diqqətdə
saxlanılır və bu problemlərin həlli yönündə
siyasət davam etdirilir. Təbii ki, bu prosesdə diaspor təşkilatlarımız
da son illər fəallaşıblar.
Xüsusilə
qeyd etmək istəyirəm ki, Heydər Əliyev Fondunun təşəbbüsləri
təqdirəlayiqdir. Həyata keçirilən “Xocalıya ədalət”
kampaniyasının dünyada geniş əks-sədası var.
İstər Şərq, istərsə də Qərb ölkələrində
bu hərəkat geniş vüsət alıb. Bu kampaniya vasitəsilə
beynəlxalq təşkilatlarda, dövlətlərdə
keçirilən tədbirə qatılan insanlar Xocalı faciəsi
haqqında həqiqətlərlə tanış ola biliblər.
Bu iş çox yüksək səviyyədə təşkil
olunub, insanlıq baxımından bu məsələyə qiymət
verilir və diqqətə çatdırılır ki, bəşəriyyətə
qarşı həyata keçirilən bu qətliam yenə də
təkrar oluna bilər.
Artıq
aparılan təbliğat işləri müsbət nəticələrini
verməkdədir. Bilirsiniz ki, Pakistan, Meksika, Kolumbiya və digər
ölkələr Xocalı soyqırımını
tanıyıblar. Bu yaxınlarda Çexiya parlamenti də
müvafiq qətnamələr qəbul etdi. O cümlədən,
ABŞ-ın bir neçə ştatının qanunverici
orqanları Xocalı faciəsini insanlığa qarşı
cinayət kimi dəyərləndiriblər. 50-dən çox
dövlətin birləşdiyi İslam Əməkdaşlıq
Təşkilatı da Xocalı soyqırımı ilə
bağlı xüsusi qətnamələr qəbul edib.
Azərbaycan
dövləti bu istiqamətdə öz siyasətini davam
etdirir və Xocalı soyqırımının dünya
birliyində tanınması yönündə aparılan fəaliyyət
müsbət nəticələrini verməkdədir. Fikrimcə,
biz gələcəkdə daha çox ölkələrin bu
faciəni soyqırımı kimi tanımasının
şahidi olacağıq.
- Azərbaycan
dövləti Xocalı soyqırımına siyasi qiymət
verib. Bəs bu qətliama hüquqi qiymətin verilməsi, yəni,
bu cinayəti törədənlərin cəzalandırılması
istiqamətində nə kimi addımlar atmaq zəruridir?
- Bəli,
dövlətimiz bu qətliama siyasi qiymət verib. Həmin
hadisəni törədən cinayətkarlar da məlumdur.
Onların bir neçəsi bu gün Ermənistan dövlətinin
rəhbərliyində təmsil olunur. Ona görə də, təsadüfi
deyil ki, terrorizm Ermənistanda dövlət səviyyəsində
dəstəklənir. Bu faicənin baş verdiyi dövrdə
Azərbaycanda siyasi böhran hökm sürdüyü
üçün cinayəti törədənlərin cəzalandırılması
yönündə beynəlxalq müstəvidə zəruri
addımlar atılmadı. Biz bundan çox təəssüf
hissi keçiririk.
Ulu
öndərimiz Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın
təkidli tələbi ilə hakimiyyətə
qayıdışından sonra Xocalı soyqırımına
siyasi qiymətin verilməsi mümkün oldu. Ümummilli
liderimizin təşəbbüsü ilə Milli Məclis
1994-cü il fevralın 24-də “Xocalı soyqırımı
günü haqqında” xüsusi qərar qəbul etdi, sənəddə
hadisənin baş vermə səbəbləri, günahkarlar təfsilatı
ilə açıqlandı. Eyni zamanda, Xocalı faciəsi ilə
bağlı həqiqətlərin dünya ictimaiyyətinə
çatdırılması, erməni qəsbkarlarının
beynəlxalq müstəvidə ifşası mühüm vəzifələr
kimi önə çəkildi. Ümummilli liderimizin “Xocalı
soyqırımı qurbanlarının xatirəsinə
sükut dəqiqəsi elan edilməsi haqqında” 25 fevral
1997-ci il tarixli Sərəncamı ilə hər il fevral
ayının 26-sı saat 17.00-da Azərbaycan
Respublikasının ərazisində Xocalı
soyqırımı qurbanlarının xatirəsi ehtiramla yad
edilir. Həqiqətən də, son illərdə Xocalı həqiqətlərinin
dünyaya tanıdılması, Ermənistanın
keçmiş Sovet hərbi dairələrinin dəstəyi ilə
həyata keçirdiyi insanlıq əleyhinə cinayətin
beynəlxalq miqyasda ifşası istiqamətində xeyli iş
görülüb, xarici dillərdə kitablar, sənədlər
dərc olunub, Xocalı soyqırımı ilə bağlı
müxtəlif beynəlxalq təşkilatlar öz mövqeyini
açıqlayıb. Yəni, görülən işlər
öz bəhrəsini verməkdədir və hesab edirəm ki,
bu fəaliyyət öz nəticəsini verərək. Bu
qanlı cinayəti törədənlər gec-tez ədalət
məhkəməsində cavab verməli olacaqlar.
- Bayram
müəllim, necə hesab edirsiniz, indiyədək beynəlxalq
birliyin Ermənistana qarşı sərt addımlar
atmamasının əsasında hansı amillər dayanır?
Bu yanaşma işğalçı dövlətin
qeyri-konstruktiv mövqeyini daha da gücləndirmirmi?
- Həqiqətən
də, dünya dövlətləri, dünyada söz sahibi
olan ölkələr Ermənistana qarşı çox
yumşaq davranırlar. Bu yanaşma dünyada hələ də
ikili standartların mövcudluğunu göstərir. Artıq
belə bir mənzərə yaranıb ki, dünyadakı
problemlərin həllində beynəlxalq hüquq normaları,
qəbul olunmuş sənədlər heç bir rol
oynamır. Həmin problemlərə böyük güclər
öz maraqları çərçivəsindən
yanaşırlar. Əgər mövcud problemlər, o cümlədən,
münaqişələr həmin güclərə sərf
edirsə, məsələnin həllinə maraq göstərmirlər.
Yox, bu problemlər onların maraqlarına toxunursa, dərhal fəaliyyətə
keçirlər. Bunu sübut edən kifayət qədər
faktlar var. Necə olur ki, BMT Təhlükəsizlik
Şurasının Dağlıq Qarabağ problemi ilə
bağlı qəbul etdiyi dörd qətnamə 20 ildir ki, icra
olunmur, amma Liviya barədə qəbul olunmuş qətnamənin
icrasına həmin sənədin qəbul olunduğu gündən
başlanır? Bəs Azərbaycanda öz torpaqlarından didərgin
düşmüş, öz yurdlarından zorla
çıxarılmış bir milyon insanın
hüquqlarını niyə bərpa etmək istəmirlər?
Özlərini demokratiyanın, insan hüquqlarının
qoruyucuları kimi təqdim edən dövlətlər, beynəlxalq
təşkilatlar bizim məcburi köçkünlərin vəziyyətini
görmürlər? Bu insanlar nə vaxta qədər dözməlidirlər?
Onların münaqişə ilə bağlı mövqeyi
ümumi sözçülükdən o tərəfə
getmir. Deyirlər ki, münaqişə sülh yolu ilə həll
olunmalıdır, tərəflər özləri bu problemi həll
etməlidir. Belədirsə, bəs beynəlxalq qayda-qanunlar nə
üçün lazımdır? Ermənistan öz xoşu ilə
işğal etdiyi torpaqları azad edərmi? Əlbəttə
ki, burada böyük güclərin marağının
olması özünü göstərir. Onlar sanki,
işğalçı Ermənistanı himayə etməklə
məşğuldurlar.
İşğalçı
dövlətin prezidenti Serj Sarkisyan xarici mətbuata verdiyi
müsahibələrdə Xocalıda dinc insanları qətlə
yetirdiklərini etiraf edib. Bu fikirlərilə dünya ictimaiyyəti
qarşısında Ermənistan prezidenti özünün
terrorçu, cinayətkar, günahsız insanların
ölümünə bais olmasını bir daha boynuna alır.
Amma hələ ki, dünya dövlətləri
işğalçıya qarşı hər hansı addım
atmır. Hətta görün, iş o yerə gəlib
çatıb ki, Sarkisyan münaqişənin sülh yolu ilə
həll olunmamasında Azərbaycanı ittiham edir. Mən ona
sual verirəm ki, əgər sülh istəyirsənsə, Azərbaycan
torpaqlarını niyə işğal etmisən? Niyə bu
torpaqları işğal altında saxlayırsan? Həmin
torpaqlarda yaşayan dinc insanları, uşaq, qoca və
qadına fərq qoymadan qətlə yetirmisən. Ermənistan
bir milyona qədər dinc insanları öz doğma
torpaqlarında yaşamaq hüququndan məhrum edib. Bu
insanların evləri, doğmalarının uyuduqları məzarlıqlar
dağıdılıb, bir sözlə, həmin torpaqlarda nə
varsa hamısı məhv edilib. İndi həmin torpaqlarda erməni
hərbi birləşmələri mövcuddur. Azərbaycanın
mövqeyi belədir ki, bu torpaqlar işğaldan azad edilməli,
dinc insanlar öz torpaqlarına qayıtmalıdır.
Dağlıq Qarabağın azərbaycanlı və erməni
icmasının birgə yaşayışı təmin edilməlidir.
Biz
çalışırıq ki, Qarabağın azərbaycanlı
və erməni icmasını təmsil edən dinc insanlar
görüşüb birgə yaşayış
yollarını müzakirə etsinlər. Amma Ermənistan
hakimiyyəti buna imkan vermir, erməni icmasının bu
görüşlərdə iştirakının
qarşısını alır. Əgər Sarkisyan sülh tərəfdarıdırsa,
nə üçün bu görüşlərin keçirilməsinə
maneçilik törədir, niyə işğal olunmuş
torpaqları azad etmir? Bəli, biz başa
düşürük ki, Sarkisyan sülh deyərkən sonu
görünməyən danışıqlar prosesini
arzulayır. Yəni, belə təsəvvür yaratmağa
çalışır ki, guya bu danışıqlarda
münaqişənin həlli yolu müzakirə edilir. Amma
bununla heç kimi aldatmaq mümkün deyil, çünki
bilirik ki, bu müzakirələrin sonsuza qədər getməsi
Azərbaycan torpaqlarının işğal altında daha
çox saxlanılmasına xidmət edir. Digər tərəfdən,
bu günlərdə belə məlumat yayıldı ki,
Brüsseldə keçirilən beynəlxalq tədbirdə
Ermənistanın müdafiə naziri Ohanyan azərbaycanlı
həmkarından cəbhədə atışmaların
dayandırılmasını xahiş edib. Amma sual olunur ki, Ermənistan
hərbi birləşmələrinin Azərbaycan
torpaqlarında nə işi var? Ohanyan buna aydınlıq gətirməlidir.
- Bu məsələdə
Dağlıq Qarabağın azərbaycanlı icmasının
mövqeyi nədən ibarətdir?
- Hesab
edirəm ki, Ermənistan hakimiyyətinin bu cür
qeyri-konstruktiv mövqe tutmasında böyük dövlətlərin,
beyənlxalq təşkilatların işğalçılara
qarşı tutduğu yumşaq mövqeyin də xüsusi rolu
var. Bəzi dövlətlərin, beynəlxalq təşkilatların
nümayəndələri Dağlıq Qarabağ
münaqişənin həllinin çətin və mürəkkəb
olduğunu iddia edirlər. Amma əslində, heç də
belə deyil. Münaqişənin həllinin çox sadə
formulu var: Azərbaycan torpaqları işğaldan azad edilməli,
dinc insanlar öz torpaqlarına qayıtmalı və
Dağlıq Qarabağın azərbaycanlı və erməni
icmasının birgə yaşayışı təmin
olunmalıdır. Əgər böyük dövlətlər,
o cümlədən, ATƏT-in Minsk qrupunun həmsədr
ölkələri torpaqlarımızı işğaldan azad
etmək üçün Ermənistana, hətta kiçicik təpki
göstərsə, Sarkisyan hakimiyyəti bunu etməyə məcbur
olacaq. Çünki Ermənistan dövləti
başqalarından asılıdır, onların əlində
alətdir.
Əlbəttə,
biz sülh tərəfdarıyıq, münaqişənin
danışıqlar yolu ilə həllini istəyirik və bu
yöndə Prezident İlham Əliyevin siyasətini dəstəkləyirik.
Prezidentimiz bəyan edib ki, biz danışıqlar xatirinə
danışıq aparmırıq, əgər sülh
danışıqları nəticə verməsə,
torpaqlarımızı hərbi yolla azad edəcəyik. Belə
olan halda isə beynəlxalq birlik Azərbaycana heç bir irad
tuta bilməz.
Yeni Azərbaycan.-
2013.- 26 fevral.- S.5.