Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu
siyasəti öz bəhrəsini verir
Mübariz
Qurbanlı: Bosniya və Herseqovina parlamentində qəbul
edilmiş qətnamə Prezident İlham Əliyevin həyata
keçirdiyi uğurlu xarici siyasətin məntiqi nəticəsidir
Məlum
olduğu kimi, fevralın 26-da Bosniya və Herseqovina Parlament Məclisinin
Xalqlar Palatasında “Azərbaycan Respublikasının
suverenliyinin və ərazi bütövlüyünün
tanınması və hörmət olunması”na dair qətnamə
qəbul edilib. YAP İcra katibinin müavini, Milli Məclisin
üzvü, Azərbaycan - Bosniya və Herseqovina parlamentlərarası
əlaqələr üzrə işçi qrupunun qəhbəri
Mübariz Qurbanlı qəzetmizə müsahibəsində həm
bu, həm də digər məsələlərə toxunub.
-
Mübariz müəllim, məlum olduğu kimi, fevralın
26-da Bosniya və Herseqovina Parlament Məclisinin Xalqlar
Palatasında “Azərbaycan Respublikasının suverenliyinin və
ərazi bütövlüyünün tanınması və
hörmət olunması”na dair qətnamə qəbul edilib. Azərbaycan
- Bosniya və Herseqovina parlamentlərarası əlaqələr
üzrə işçi qrupunun rəhbəri kimi sizin bu sənədin
əhəmiyyəti haqqında fikirlərinizi bilmək istərdik...
-
İlk növbədə, mən parlamentlərarası əlaqələr
üzrə işçi qrupunun rəhbəri kimi belə bir sənədin
qəbul olunmasına görə, bu dövlətin rəhbərliyinə
və bütün parlamentarilərinə təşəkkür
edirəm. Bosniya və Herseqovina Parlament Məclisinin Xalqlar
Palatasında “Azərbaycan Respublikasının suverenliyinin və
ərazi bütövlüyünün tanınması və
hörmət olunması”na dair qətnamənin qəbul edilməsi
Azərbaycan Prezidenti cənab İlham Əliyevin həyata
keçirdiyi uğurlu xarici siyasətin məntiqi nəticəsidir.
Ölkə Prezidenti İlham Əliyev hücum
diplomatiyasını irəli sürüb və xarici siyasətimizdə
hücum diplomatiyası həyata keçirilir. Biz
çalışırıq ki, dünyanın əksər
ölkələrində, beynəlxalq təşkilatlarda Ermənistanın
Azərbaycana qarşı təcavüzü, o cümlədən,
Xocalı soyqırımı ilə bağlı sənədlər
qəbul edilsin. Onu da qeyd edim ki, bəzi ölkələrin
50-60 ildə görəcə biləcəyi işləri
Prezident İlham Əliyevin rəhbərliyi ilə biz çox
qısa zaman ərzində həyata keçirə bilmişik.
Bilirsiniz
ki, ermənilər beynəlxalq miqyasda Türkiyəyə və
Azərbaycana qarşı çox ciddi təxribatlarla məşğuldurlar,
əleyhimizə kampaniya aparırlar. Belə bir şəraitdə
gedən ideoloji-siyasi mübarizədə bu cür qətnamələrin
qəbul edilməsi bizim xeyrimizədir. Bosniya və Herseqovina
Parlament Məclisinin qəbul etdiyi sənəd əsasən
bir neçə məsələyə diqqət yetirir.
Birincisi, burada Dağlıq Qarabağ münaqişəsi ilə
bağlı fikirlər öz əksini tapır və qeyd
olunur ki, Bosniya və Herseqovina parlamenti BMT Təhlükəsizlik
Şurasının qəbul etdiyi qətnamələrin yerinə
yetirilməsinə tərəfdardır. Qətnamədə
Ermənistan silahlı qüvvələrinin Azərbaycanın
işğal olunmuş ərazilərindən
çıxarılması tələb olunur. Eyni zamanda, Azərbaycanın
ərazi bütövlüyü və suverenliyi sənəddə
xüsusi vurğulanır. Digər bir müddəada Ermənistan-Azərbaycan
münaqişəsi zamanı Xocalı şəhərinin dinc
əhalisinə qarşı milli və etnik zəmində
kütləvi qırğın törədilməsi pislənilir
və Xocalı hadisələri soyqırımı kimi qeyd
olunur. Qətnamədə regionda sülh və əməkdaşlığa
çağırışlar var və Azərbaycanın
bölgədə apardığı siyasət birmənalı
şəkildə müdafiə edilir. Eləcə də,
ölkəmizin sülh səylərinin müdafiə edildiyi
qeyd olunur.
Ümumiyyətlə,
Bosniya və Herseqovina soyqırımı aktının baş
verdiyi tarixdən keçən 21 il ərzində dünyada
Xocalı soyqırımı qurbanlarının xatirəsini
özündə əks etdirən bütöv memorial kompleksin
yaradıldığı ilk ölkədir. Avropanın mərkəzində
yerləşən, 1992-1995-ci illərdə qanlı müharibəyə
səhnə olmuş, BMT və Haaqa tribunalı tərəfindən
soyqırımı kimi rəsmən tanınan Srebrenitsa faciəsinin
yaşandığı bir dövlət olaraq Bosniya və
Herseqovinanın Parlament Məclisinin Xalqlar Palatasında
Xocalı soyqırımını tanıyan qətnamənin qəbul
edilməsi, heç şübhəsiz ki, öz növbəsində
dünyada və Avropada ümumi ictimai rəyin
formalaşmasında və digər ölkələrin
parlamentləri tərəfindən bu qəbildən olan
addımların atılması istiqamətində mühüm
rol oynayacaq.
-
Ümumiyyətlə, iki ölkə arasındakı əlaqələrin
hazırki səviyyəsini necə qiymətləndirirsiniz?
-
Bilirsiniz ki, Azərbaycanın Bosniya və Herseqovinada diplomatik
nümayəndəliyi fəaliyyət göstərir və
ölkələrimiz arasında ikitərəfli əlaqələr
də yüksələn xətlə inkişaf edir. Azərbaycan
ilə Bosniya və Herseqovina arasındakı əlaqələr
bütün istiqamətlər, o cümlədən, siyasi,
iqtisadi, mədəni, humanitar sahələrdə ciddi
inkişaf etməkdədir. Yəni, bizim bu ölkə ilə
qarşılıqlı əlaqələrimiz bütün sahələri
əhatə etməkdədir. Balkan yarımadasında diqqəti
cəlb edən ölkə kimi Bosniya və Herseqovinaya Azərbaycan
həmişə böyük maraqla yanaşıb.
İkitərəfli
dostluq və qardaşlıq əlaqələrinin göstəricisi
olaraq, 2011-ci ildə Azərbaycan Prezidentinin təşəbbüsü
və tapşırığına əsasən, dövlətimizin
dəstəyi ilə Sarayevo şəhərindəki Bakı
küçəsində yenidənqurma və bərpa işləri
həyata keçirilib. 2012-ci il fevral ayında Sarayevo şəhərində,
Dobrinya çayı sahilində Heydər Əliyev Fondunun təşəbbüsü
və təşkilatçılığı ilə yeni Azərbaycan-Bosniya
və Herseqovina dostluq parkı salınıb. Bosniya və
Herseqovinanın dövlət və hökumət
qurumlarının rəsmi razılığını əldə
etməklə həmin parkda Xocalı və Srebrenitsa
soyqırımlarını özündə əks etdirən
memorial kompleks yaradılıb. Sarayevonun ən müasir istirahət
guşəsi adını qazanmış park və abidə
hazırda paytaxt sakinləri və şəhərin
qonaqlarının ziyarət məkanına çevrilib.
Azərbaycan
ilə Bosniya və Herseqovina xalqları arasında tarixi
baxımdan bənzər cəhətlərdən biri də hər
iki xalqın amansız təcavüzə məruz qalması və
bəşəriyyətə qarşı qəsd kimi dəyərləndirilən
Xocalı və Srebrenitsa faciələrini
yaşamalarıdır. Bu baxımdan, Heydər Əliyev
Fondunun təşəbbüsü ilə Xocalı soyqırımına
dair memorial kompleksin məhz Bosniya və Herseqovinanın
paytaxtı Sarayevo şəhərində ucaldılması
ciddi tarixi, siyasi və mənəvi əhəmiyyətə
malikdir. Göründüyü kimi, xalqlarımızı
bir-birinə bağlayan belə məqamlar var. Ümumiyyətlə,
Azərbaycan xarici siyasətində Balkan ölkələri ilə
əməkdaşlığa əhəmiyyət verir və
bunun göstəricisi olaraq Bosniya və Herseqovina ilə əlaqələr
genişlənir. Hesab edirəm ki, gələcəkdə ikitərəfli
münasibətlərimiz daha da inkişaf edəcək.
Çünki bunun üçün bütün imkanlar
mövcuddur.
- Bəs
Azərbaycan parlamenti ilə Bosniya və Herseqovina parlamenti
arasında münasibətlər hansı səviyyədədir?
-
Parlamentlərimiz arasında əlaqələr yüksək səviyyədədir.
Bu əlaqələrimizin göstəricisi kimi fevralın 5-də
Bosniya və Herseqovina Parlament Məclisi Nümayəndələr
Palatasının sədri Bojo Lyubiçin
başçılıq etdiyi nümayəndə heyətinin
ölkəmizə səfərini qeyd etmək istərdim. Səfər
zamanı nümayəndə heyəti, Milli Məclisin rəhbərliyi
ilə, eləcə də, digər qurumlarda görüşlər
keçirib. İşçi qrupun rəhbəri kimi mən də
bu görüşlərdə iştirak etmişəm.
Bu
görüşlərdə qeyd olunub ki, Avropaya inteqrasiya edən
ölkəmiz qitənin sülhsevər ölkələri, o
cümlədən, Bosniya və Herseqovina ilə də əlaqələrin
inkişafına böyük əhəmiyyət verir. Ölkələrimiz
arasındakı münasibətlərin dərinləşməsində
dövlətlərimizin başçılarının rolunu
yüksək qiymətləndirməklə bərabər hesab
edirik ki, bu səfər qanunverici orqanlar arasında da əlaqələrin
genişlənməsinə xidmət edəcək. Bu günə
qədər ölkələrimiz arasında bir sıra sənədlər
də imzalanıb. Düşünürük ki, bu sənədlər
əməkdaşlığımızın daha da dərinləşməsi
üçün möhkəm hüquqi baza yaradacaq.
Keçirilən
görüşlərdə o da vurğulanıb ki,
xalqlarımız arasındakı dostluq münasibətlərinin
möhkəm təməli var. Belə ki, bu il Bakı ilə
Sarayevo arasında qardaşlaşma haqqında memorandumun
imzalanmasının 40 ili tamam olur. Bu günə qədər hər
iki ölkədə bir sıra humanitar tədbirlər, mədəniyyət
günləri keçirilib. Bu cür tədbirlər
xalqlararası münasibətlərin möhkəmlənməsində
mühüm rol oynayır. Eyni zamanda, hesab edirik ki, dövlətlərarası
əlaqələrin inkişafında parlamentlərin xüsusi
rolu var və hər iki ölkənin qanunverici orqanında
dostluq qruplarının mövcudluğu çox təqdirəlayiq
haldır. Biz bu qrupların fəaliyyətini gücləndirməklə
əlaqələrimizin bütün sahələrdə
inkişafına nail ola bilərik.
Bütövlükdə,
Bosniya və Herseqovina parlamentinin nümayəndələri Azərbaycanı
hər zaman, hər yerdə müdafiə edirlər.
-
Mübariz müəllim, başqa bir hadisə ilə
bağlı da fikirlərinizi bilmək istərdik. Dünyada
erməni təcavüzünün hamı tərəfindən
qəbul edildiyi bir vaxtda Fransa Milli Assambleyasında keçirilən
tədbirdə bu faktları bəyan edən Azərbaycan
nümayəndələrinə hücum olub. Bu hadisəyə
münasibətiniz necədir?
- Əlbəttə,
bu həm təəssüf doğuran, həm də hiddətə
səbəb olan hadisədir. Hesab edirəm ki, Fransa hakimiyyəti
məsələyə ciddi reaksiya verməlidir. Eyni zamanda, bu
hadisənin Fransa Milli Assambleyasında baş verməsi daha
çox diqqəti cəlb edir və təəssüf
doğurur. Bu hadisənin özünü demokratik ölkə
hesab edən Fransada baş verməsi acınacaqlı haldır.
Bildiyiniz kimi, artıq Azərbaycan Fransaya nota verib. Ölkəmizin
Xarici İşlər Nazirliyi törədilmiş bu
zorakılığı pisləyərək, baş vermiş
hadisəyə Fransa Respublikasının müvafiq qurumları
tərəfindən münasibət bildiriləcəyinə və
cinayətin bu ölkənin hüquq-mühafizə
orqanları tərəfindən operativ şəkildə
araşdırılaraq, cinayətkarların məsuliyyətə
cəlb olunacağına inandığını bəyan edib.
Eyni
zamanda, YAP-ın gəncləri də bu hadisə ilə əlaqədar
Fransa parlamentinə etiraz məktubları göndəriblər.
Əlbəttə, Fransada belə bir zorakılığın
baş verməsi yolverilməz haldır və bu cür məsələlər
təkrarlanmamalıdır. Bu hərəkəti edənlər
öz qanuni cəzalarını almalıdırlar.
Nardar BAYRAMLI
Yeni Azərbaycan.- 2013.- 28 fevral.- S.3.