Yeni Azərbaycan Partiyası monolit birliyi, sosial bazası və yüksək intellekti olan bir siyasi təşkilatdır

 

YAP Siyasi Şurasının üzvü, partiyanın Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov www.yap.org.az saytına müsahibə verib:

- Namiq müəllim, Yeni Azərbaycan Partiyası (YAP) V qurultayına hazırlaşır. Qurultay ərəfəsində partiyamızın cəmiyyətdəki yeri və rolu haqqında fikirlərinizi bilmək istərdik...

- Yeni Azərbaycan Partiyası cəmiyyətimizdə böyük nüfuza sahib olan partiyadır. Azərbaycanı XXI yüzilliyin və üçüncü minilliyin dinamik inkişaf yoluna gətirib çıxarmış, Ulu öndərimiz Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyası, xalqımızın və ölkəmizin həyatını kökündən dəyişdirib, eyni zamanda, siyasi mübarizələrlə dolu şərəfli bir yol keçib. İqtidar partiyası olaraq, Yeni Azərbaycan Partiyası Heydər Əliyev siyasətinin avanqard qüvvəsi kimi, xalqımızın qarşısında dayanan vəzifələrin həll edilməsinə layiqli töhfəsini verib və bundan sonra da verəcək. Öz sıralarında ictimaiyyətin bütün təbəqələrini birləşdirən Yeni Azərbaycan Partiyası Ümummilli lider Heydər Əliyevin parlaq ideyalarının daşıyıcısı kimi cəmiyyətdə aparıcı rolunu gündən-günə daha da möhkəmləndirməkdədir.

Həyat çoxdan sübuta yetirib ki, Ulu öndər Heydər Əliyevin zəngin siyasi və dövlətçilik təcrübəsinə əsaslanan Yeni Azərbaycan Partiyası ölkəmizdə ən güclü, ən monolit siyasi təşkilatdır və ictimai nüfuzuna görə onunla müqayisə edilə biləcək digər partiya mövcud deyil. Cənab Prezident, partiyamızın Sədri İlham Əliyevin vurğuladığı kimi, artıq Yeni Azərbaycan Partiyası Cənubi Qafqaz regionunun ən güclü siyasi qüvvəsidir.

Yeni Azərbaycan Partiyası bütün situasiya və məqamlarda ardıcıl və məqsədyönlü şəkildə dövlətçilik, milli-mənəvi dəyərlərimizə sadiqlik mövqeyində dayanıb, xalqımızın arzularının təcəssümü, yekdil iradəsinin ifadəçisi kimi çıxış edib.

V qurultay partiyamızın həyatında mühüm hadisə olacaq. Ümumiyyətlə, qurultay partiyanın ən ali orqanıdır. Bu baxımdan, qəbul olunan qərarlar tarixi əhəmiyyət kəsb edir.

- Partiyamızın növbəti qurultayında qarşıdan gələn prezident seçkiləri ilə əlaqədar vacib qərarların qəbul olunması gözlənilir. Necə hesab edirsiniz, Yeni Azərbaycan Partiyası bu seçkilərə hansı səviyyədə hazırlaşır?

- Yeni Azərbaycan Partiyasının böyük seçki təcrübəsi var. Təsadüfi deyil ki, 1993-cü ildən ötən müddətdə ölkəmizdə keçirilən bütün prezident, parlament və bələdiyyə seçkilərinin qalibi Yeni Azərbaycan Partiyası olub. Bu qələbələr Yeni Azərbaycan Partiyasının cəmiyyətdəki yerinin möhkəm olduğunu, həmçinin, dövlətçiliyimizin möhkəmləndirilməsi, ölkəmizin inkişafı istiqamətində həyata keçirilən proqramların nəticəsi olaraq, xalqın bu təşkilata böyük etimad göstərdiyini təsdiq edir.

Məlum olduğu kimi, qarşıdan gələn prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi partiyamızın Sədri, dövlət başçı İlham Əliyev olacaq. Partiyamızın V qurultayında Onun namizədliyi rəsmi olaraq irəli sürüləcək. Əlbəttə ki, bu qərarın verilməsinin ciddi əsasları var.

Ümummilli lider Heydər Əliyevin layiqli davamçısı, möhtərəm Prezidentimiz İlham Əliyev Azərbaycana rəhbərlik etdiyi 10 il ərzində əldə edilən sosial-iqtisadi nailiyyətlər, ölkəmizdə hüquqi dövlət, vətəndaş cəmiyyətinin yaradılması prosesini sürətləndirməklə yanaşı, milli dövlətçiliyimizdə yeni-yeni ənənələrin əsasını qoydu. Cəmiyyətimizin çağdaş lider imici ilə qəbul edərək rəğbət bəslədiyi ölkə başçısı malik olduğu mənəvi keyfiyyətləri, xarizması, diplomatik qabiliyyəti, yüksək intellekti və dünya görüşü ilə XXI əsrin Azərbaycanına rəhbərlik edən Prezident portretini yaratdı.

Hörmətli Prezidentimizin yürütdüyü daxili və xarici siyasət nəticəsində Azərbaycan ilbəil güclənir, inkişaf edir və beynəlxalq müstəvidə də öz mövqeyini gücləndirir. Artıq bu gün müstəqil dövlətimiz bölgədə söz sahibidir, Azərbaycanın razılığı olmadan regionda hər hansı transmilli layihələr həyata keçirilə bilməz. Bir sözlə, Azərbaycanın Cənubi Qafqaz regionunun lider dövləti olması və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində rolunun artması dünyanın nüfuzlu siyasətçiləri tərəfindən də etiraf olunur.

Təkcə ötən ilə qısaca nəzər salsaq, 2012-ci ildə də Azərbaycanın siyasi, iqtisadi, mədəni və s. sahələrdə dünya arenasında bir çox uğurlara nail olduğunu görərik. Ötən il ölkəmiz BMT-nin Təhlükəzilik Şurasının qeyri-daimi üzvü kimi bu quruma sədrlik etdi. İqtisadi sahədə Azərbaycan qazının Avropaya nəqli üçün TANAP layihəsi imzalandı və s.

Bütövlükdə, ölkəmizdə həyata keçirilən siyasət əhalinin rifah halının yüksəlməsi ilə müşayiət olunur. İnsanların güzəranı ilbəil daha da yaxşılaşır, əməkhaqları, pensiyalar, sosial müavinətlər artırılır. Bu il ərzində bu sahədə yenə də artımların olacağı nəzərdə tutulur. Yəni, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət xalqa xidmət edir və bu siyasətin əsasında milli maraqlarımız dayanır. Ona görə də, xalqımızın növbəti seçkilərdə də cənab İlham Əliyevə etimad göstərəcəyi şübhəsizdir.

- Namiq müəllim, sosial-iqtisadi məsələlərdən də bəhs etdiniz. YAP-ın ölkəmizdə həyata keçirilən sosial-iqtisadi siyasətə dəstəyini necə dəyərləndirirsiniz?

- 20 ildən artıq fəaliyyəti dövründə YAP ölkəmizdə həyata keçirilən sosial-iqtisadi siyasətə də ciddi və davamlı dəstəyini ifadə edib. Daha doğrusu, siyasi subyekt kimi YAP dövlətin sosial-iqtisadi siyasətinin fəal təbliğatçısı qismində çıxış edib. Başqa sözlə, YAP-ın ideoloji prinsiplərində sosial məsələlər xüsusi yer tutur. Bu mənada YAP-ın da əsas prinsiplərindən biri sosial ədalətin təmin olunması istiqamətində fəaliyyətdir.

Bir sözlə, partiyanın daxili siyasət strategiyasında da sosial və iqtisadi məsələlər önəmli yer tutur. Belə ki, YAP hər zaman ölkəmizin iqtisadi inkişafını sürətləndirmək və sosial islahatlar yolu ilə vətəndaşlara layiqli həyat şəraiti yaratmaq, xalqın əmək və ictimai fəallığını artırmaq, ictimai-siyasi sabitliyi qoruyub saxlamaq, insanlara sağlam həyat tərzi aşılamaq üçün fəal və məqsədyönlü şəkildə sosial siyasət aparmağa üstünlük verib. Təbii ki, YAP-ın sosial siyasət sahəsində strateji inkişaf proqramının əsasında insana qayğı, onun maddi və mənəvi tələbatlarının ödənilməsi üçün zəruri şəraitin yaradılması, sosial ədalət prinsipinin daim qorunması və müxtəlif sosial qruplar arasında kəskin təbəqələşmənin yumşaldılması durur. Partiya belə hesab edir ki, hər bir insanın yaxşı yaşamağa haqqı var. Məhz Azərbaycan dövlətinin həyata keçirdiyi siyasət də hər bir vətəndaşın zəngin, firəvan, yüksək rifah şəraitində yaşamasına xidmət edir. YAP fəaliyyətində bu yöndə dövlət siyasətinə ciddi dəstək verməkdədir. Partiya fəalları tərəfindən hökumətin bu istiqamətdə reallaşdırdığı tədbirlər, icra olunan proqramlar əhali arasında geniş şəkildə təbliğ edilir. Bununla yanaşı, YAP-ın təşkilatçılığı ilə imkansız ailələrə, ahıl insanlara və valideyn himayəsindən məhrum olmuş uşaqlara mütəmadi olaraq yardımlar edilir, milli bayramlar münasibətilə onlarla görüşlər keçirilir və bayram sovqatı təqdim edilir. Məsələn, Novruz, Qurban, Ramazan bayramlarında Bilgəh qəsəbəsində yerləşən müharibə və əmək əlilləri üçün pansionatın sakinləri ilə görüşmək, onlara bayram sovqatları təqdim etmək YAP üçün ənənə halına çevrilib.

- Rəhbərlik etdiyiniz YAP Xəzər rayon təşkilatı seçkilərə necə hazırlaşır?

- Yeni Azərbaycan Partiyasının Xəzər rayon təşkilatı ilbəil fəaliyyətini genişləndirir. Nəzərinizə çatdırım ki, təşkilatımızda partiyamızın üzvlərinin sayı 8 min 500 nəfərdən çoxdur. Sevindirici haldır ki, partiyamıza qoşulanların arasında gənclər üstünlük təşkil edir. Təşkilatımızın üzvləri ictimai-siyasi proseslərdə fəaldırlar. Belə ki, bütün seçkilərdə YAP Xəzər rayon təşkilatı xeyli fəallıq göstərib, həm seçiçilər arasında maarifləndirmə işinin, həm də partiyanın təbliğatının aparılmasında bir sıra mühüm tədbirlər həyata keçirilib.

Ötən dövrdə YAP Xəzər rayon təşkilatı tərəfindən Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatların, o cümlədən, regionların sosial-iqtisadi inkişafı, əhalinin sosial-rifahı halının daha da yaxşılaşdırılması, xarici siyasət sahəsində reallaşan tədbirlərin və qazanılmış uğurların xalqa çatdırılması məqsədi ilə bir sıra tədbirlər keçirilib. Rayon təşkilatına edilən müraciətlərin əksəriyyətində ölkə Prezidentinin yürütdüyü daxili və xarici siyasət dəstəklənir, ölkədə aparılan böyük quruculuq işlərinin bəyənildiyi ifadə olunur.

Son illərdə Azərbaycanın dinamik inkişafının nəticəsi olaraq, Bakı şəhəri və eləcə də, respublikamizin regionları inkişaf edərək öz simasını tam dəyişib. Bu dəyişikliklər Xəzər rayonunda da yüksək səviyyədə gözə çarpmaqdadır. Bildiyiniz kimi, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Milli Məclisdə Xəzər rayonu seçicilərini təmsil edir. Məhz Mehriban xanım Əliyevanın təşəbbüsü ilə rayonumuzda çox genişmiqyaslı sosial-iqtisadi layihələr həyata keçirilib. Mehriban xanım Əliyevanın ölkənin birinci xanımı kimi həyata keçirdiyi xeyirxahlıq missiyası da ictimaiyyət, o cümlədən, Xəzər rayonu sakinləri tərəfindən dəyərli bir örnək kimi qəbul olunur.

Ümumiyyətlə, Prezident İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının sıraları getdikcə daha da artmaqdadır. Bu, dövlətimizin başçısına və Yeni Azərbaycan Partiyasına Azərbaycan cəmiyyətində olan dərin inamdan və ehtiramdan irəli gəlir. Bunun nəticəsidir ki, Yeni Azərbaycan Partiyası monolit birliyi, sosial bazası və yüksək intellekti olan hakim siyasi təşkilatdır. YAP Xəzər rayon təşkilatı qarşıdan gələn prezident seçkilərinə də ciddi şəkildə hazırlaşır və əmin ola bilərsiniz ki, bu siyasi kampaniyada təşkilatımız öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışacaq.

 

 Yeni Azərbaycan.- 2013.- 5 iyun.- S.4.