Yeni Azərbaycan Partiyası regional partiyadan dünya miqyaslı partiyaya çevrilmək yolunda uğurlu addımlar atır

 

Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı www.yap.org.az saytına müsahibə verib

- Mübariz müəllim, bir neçə gün öncə Çin Xalq Respublikasının Sian şəhərində Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının xüsusi iclası keçirilib. Yeni Azərbaycan Partiyasının (YAP) nümayəndə heyəti həmin iclasda iştirak edib. İstərdik ki, bu tədbir və orada müzakirə olunan məsələlər haqqında məlumat verəsiniz...

- Çinin Sian şəhərində keçirilən tədbir olduqca maraqlı mövzuya həsr olunmuşdu. Belə ki, təşkilatın “Yaşıl inkişafı təşviq edək və birlikdə daha gözəl Asiya yaradaqmövzusunda xüsusi iclası keçirildi. Asiya regionunda ekoloji məsələlərin diqqət mərkəzində olduğu iclasda, həmçinin, Latın Amerikası və Afrikadan müşahidəçi statusunda nümayəndə heyətləri də iştirak etdilər. AsiyaSakit okean hövzəsi ölkələrinin quruma üzv olan 50-dən çox siyasi partiyasından 100-dən çox nümayəndənin qatıldığı tədbirdə Azərbaycanı Yeni Azərbaycan Partiyasının nümayəndə heyəti olaraq mən və YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Mirkazım Kazımov təmsil etdik.

Xüsusi iclasın açılış mərasimində Çinin vitse-prezidenti Li Yuançao, Şri-Lankanın prezidenti Mahinda Racapaksa, İCAPP-ın Daimi Komitəsinin həmsədri Xose de Venesia və digərləri özünün yeni inkişaf dövrünü yaşayan Asiyada müxtəlif çağırışların ortaya çıxdığını bildirdilər. Vurğulandı ki, bunlardan ən vacibi ekologiya, ətraf mühitin qorunması, iqlim dəyişikliyi məsələləridir. Ölkələrin aparıcı siyasi partiyalarının bu istiqamətdə görə biləcəyi işlər, birgə əməkdaşlıq, dövlət və hökumət qurumları ilə məsləhətləşmələr olduqca vacibdir. İCAPP-ın “Yaşıl inkişafı təşviq edək və birlikdə daha gözəl Asiya yaradaq” mövzusundakı xüsusi iclası da məhz bu mövzuların müzakirəsi baxımından önəmlidir. Onu da deyim ki, açılış mərasimində BMT-nin Baş katibi Pan Gi Munun videomüraciəti nümayiş olundu. Baş katib müraciətində iqtisadi inkişaf ilə ətraf mühitin mühafizəsi arasında tarazlığın pozulmamasının vacibliyini ön plana çəkmişdi.

Toplantıda mövzu ətrafında çox geniş müzakirələr aparıldı. Xüsusi iclasın seminarlarında nümayəndə heyətlərinin başçıları mövzu ilə əlaqədar çıxışlar etdilər. Belə ki, Çin Xalq Respublikasının rəhbər şəxsləri, həmçinin, Pakistan, Hindistan, İran, Yaponiya, Türkiyə və digər ölkələrin nümayəndələri çıxışlarında bütövlükdə dünyada mövcud olan ekoloji problemlər, beynəlxalq təşkilatlar tərəfindən qəbul olunmuş qərarlar barədə öz mövqelərini ifadə etdilər. Müzakirələrdə çox ciddi fikirlər və təkliflər irəli sürüldü. Çıxışlarda əsasən dünyanın ərazicə və əhalicə ən böyük qitəsi olan Asiyada ekologiya, ətraf mühitin qorunması, iqlim dəyişikliyi kimi mövzuların daim gündəmdə saxlanılmasının əhəmiyyəti vurğulandı. Toplantının yekunu olaraq bəyannamə qəbul olundu, eyni zamanda, qərara alındı ki, təşkilatın növbəti komitə iclası Türkiyədə keçirilsin.

- Toplantıda Azərbaycanda bu sahədəki vəziyyət, ətraf mühitin qorunması istiqamətində görülən işlər haqda məlumat verildimi?

- Xüsusi iclasda mən məruzə ilə çıxış edərək qeyd etdim ki, hazırda sağlam həyat, ətraf mühitin qorunması bəşəriyyətin əsas vəzifələrindən biridir. Biz gələcək nəsillərə daha təmiz ətraf mühitə malik planet verməliyik. Aydındır ki, ətraf mühitin qorunması ayrıca bir ölkənin işi deyildir. Bunun üçün hamının səylərini birləşdirmək daha məqsədəuyğundur. Bu istiqamətdə BMT və digər beynəlxalq təşkilatlar çərçivəsində yeni qərarlara ehtiyac var.

Öz ölkəmizin timsalında bildirdim ki, Azərbaycan dövləti ətraf mühitin qorunması ilə bağlı çox mühüm proqramlar həyata keçirir. Prezident İlham Əliyevin imzaladığı bir çox qanunlar və sərəncamlar ətraf mühitin qorunmasına aiddir. Bizim ölkədə ətraf mühitin qorunması ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyi fəaliyyət göstərir. Nazirlik bu istiqamətdə çox ciddi işlər həyata keçirir. Eləcə də, “Ekologiya ili” çərçivəsində həyata keçirilmiş tədbirlərin digər ölkələr üçün də örnək olduğunu vurğuladım.

Çıxışımda hazırda dünyanın bir sıra bölgələrində münaqişə ocaqlarının sülh üçün təhlükə mənbəyi olması ilə yanaşı, həmçinin, ekologiyaya böyük ziyan vurduğunu da diqqətə çatdırdım. Qeyd etdim ki, Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində ciddi ekoloji problemlər ortaya çıxıb, meşələr yandırılıb, florafaunaya böyük ziyan vurulub. Sürətlə silahlanmaya, yeni-yeni silah növlərinin yaradılmasına ayrılan vəsaiti ekoloji problemlərin həllinə yönəltmək indiki şəraitdə dünya ölkələrinin əsas vəzifələrindəndir.

- Qeyd etdiniz ki, toplantının sonunda bəyannamə qəbul olundu. Bu sənəddə nə kimi məsələlər öz əksini tapırdı?

- İki gün keçirilən iclasın yekun sənədi olaraqSian təşəbbüsü” qəbul olundu. Sənəddə güclü iqtisadi inkişafın müşahidə olunduğu Asiyada yaşıl inkişafın dəstəklənməsinə diqqətin artırılmasının vacibliyi qeyd olunur. Yaşıl inkişaf ekologiyanı daha az korlayan istehsalaistehlaka üstünlüyün verilməsini nəzərdə tutur. Sənəddə “Daha gözəl Asiyayaratmaq üçün beynəlxalq və dövlətlərarası əməkdaşlığa çağırış əksini tapıb. Bu istiqamətdə Asiya Yaşıl İnkişaf Fondunun, Asiyada Böyük Yaşıl Texnologiya Bazarının yaradılması ideyaları diqqəti çəkən məqamlardır.

Qeyd edim ki, bu sənəd hamı tərəfindən dəstəkləndi. Sian bəyannaməsində də ümumilikdə belə fikir ifadə olunur ki, ətraf mühitin qorunması üçün bütün ölkələr səylərini artırmalı, o cümlədən bu məqsəd üçün xərclənən vəsaitin artırılmasına yönələn addımlar atmalıdırlar.

- Mübariz müəllim, partiyamızın mötəbər beynəlxalq qurumlarda təmsilçiliyi geniş fəaliyyət imkanlarından xəbər verir. Bu mənada YAP-ın beynəlxalq əlaqələrinin hazırki vəziyyəti haqqında nə deyə bilərsiniz?

- Bildiyiniz kimi, Yeni Azərbaycan Partiyasının beynəlxalq əlaqələri ilbəil genişlənməkdədir. Bu gün YAP dünyanın bir çox ölkələrinin siyasi partiyaları ilə fəal əməkdaşlıq edir. Bu partiyalar həm Avropa, həm də Asiya qitəsini əhatə edir. Belə ki, partiyamız Avropa siyasi partiyalarının təmsil olunduğu qurumlarla, o cümlədən Avropa Xalqları Partiyası ilə yaxşı münasibətlərə malikdir, digər tərəfdən Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransı (İCAPP) çərçivəsində geniş fəaliyyət göstərir.

Bildiyiniz kimi, YAP İCAPP-da təmisl olunur və həmçinin, partiyamızın Sədr müavini-İcra katibi Əli Əhmədov təşkilatın rəhbər orqanı olan Daimi Komitənin üzvüdür. Daimi Komitədə Azərbaycanla birlikdə Çin, Pakistan, Rusiya, Hindistan və digər böyük ölkələr təmisl olunurlar. Yəni İCAPP-ın üzvlərinin sayı 350-dən çox olsa da, burada az sayda partiyalar Daimi Komitənin üzvləridirlər.

Ötən ilin noyabr ayında Bakı şəhərində İCAPP-ın VII Baş Assambleyası keçirildi. Bu ilin aprel ayında təşkilatın Qadınlar Qolunun ilk iclası keçirildi, avqust ayında isə İCAPP-a üzv ölkələrin gənclərinin toplantısı olacaq. Ümumiyyətlə, beynəlxalq əlaqələrimiz getdikcə genişlənir və biz bununla YAP-ın bütövlükdə regional partiyadan dünya miqyaslı partiyaya çevrilməsi yolunda addımlar atmaqdayıq.

- Bu təşkilat çərçivəsində ikitərəfli münasibətlər hansı səviyyədədir?

- YAP-ın İCAPP-la ikitərəfli əlaqələri getdikcə dərinləşir, biz bu əlaqələrə çox böyük əhəmiyyət veririk. Partiyamızın təşəbbüsü ilə qurumun bəzi tədbirləri keçirilib və belə təşəbbüslərimiz davam edəcək. Qeyd edim ki, bizim təşəbbüslərimiz İCAPP-da yüksək dəyərləndirilir. Bizim, həmçinin, İCAPP-da təmsil olunan bir çox partiyalarla çox yaxşı ikitərəfli münasibətlərimiz var. Çinin, Vyetnamın, Pakistanın, Tacikistanın, Türkiyənin, Rusiyanın, Kambocanın və digər ölkələrin siyasi partiyaları ilə YAP-ın ikitərəfli əlaqələri mövcuddur. YAP təmsil olunduğu bu təşkilatda ikitərəfli əlaqələrə böyük əhəmiyyət verərək İCAPP-ın fəaliyyətinin daha da güclənməsinə töhfələr verməkdədir.

Qeyd edim ki, İCAPP beynəlxalq aləmdə də gücünü artırır, Afrika, Latın Amerikasının siyasi partiyaları ilə də əməkdaşlığı genişləndirir. Sian toplantısı bir daha göstərdi ki, Asiya qitəsi və onun siyasi dairələri bir araya gələrək bütövlükdə bu məkanın üzləşdiyi çətinlikləri aradan qaldırmaq üçün səylərini artırmaq istəyirlər və bu səylər güclənəcək.

- Mübariz müəllim, bildiyimiz kimi, Yeni Azərbaycan Partiyası bu günlərdə növbəti - V qurultayını keçirəcək. Sizcə, qurultayda qəbul olunacaq qərar cəmiyyətimizdə necə qarşılanacaq?

- Qeyd edim ki, partiyamızın qurultayına hazırlıq işləri yüksək səviyyədə başa çatıb. Belə ki, YAP-ın rayon və şəhər təşkilatlarının hamısında konfranslar keçirildi, qurultaya nümayəndələr seçildi. Qurultaya hazırlıq çərçivəsində yerli strukturlar qarşıdan gələn seçkilərə hazırlıq istiqamətində də müəyyən işlər görüblər.

Bildiyiniz kimi, V qurultayda Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti İlham Əliyev partiyamızın növbəti prezident seçkilərində namizədi kimi rəsmən elan ediləcək. Cənab İlham Əliyevin bu seçkilərdə namizədliyinin irəli sürüləcəyi barədə partiya rəhbərliyinin fikirləri xeyli müddət əvvəl ictimaiyyətə çatdırılıb. Hamıya bəllidir ki, Prezident İlham Əliyevin namizədliyini bir sıra ictimai-siyasi təşkilatlar da müdafiə edirlər. Ancaq rəsmi surətdə bu qərar qurultayda qəbul olunacaq.

YAP-ın yerli strukturlarının konfranslarının gedişatında bir daha müşahidə etdik ki, partiyanın bütün üzvləri cənab İlham Əliyevin namizədliyini birmənalı şəkildə müdafiə edirlər. Ümumiyyətlə, bütövlükdə Azərbaycan cəmiyyəti Prezident İlham Əliyevin namizədliyini dəstəkləyir. Prezidentimizin güclü, zəngin, qüdrətli Azərbaycan quruculuğu istiqamətində həyata keçirdiyi siyasət cəmiyyətimizdə hamı tərəfindən müdafiə olunur. Hazırki siyasətə qarşı ölkəmizdə narazılar çox cüzi səviyyədədir və onlar seçkinin nəticəsinə zərrə qədər də təsir etmək imkanına malik deyil.

Biz əminik ki, qarşıdan gələn seçkilərdə cənab İlham Əliyevin namizədliyi xalqımız tərəfindən tam müdafiə olunacaq. Və cənab İlham Əliyev növbəti illərdə də Azərbaycan Prezidenti kimi Ulu öndər Heydər Əliyev tərəfindən başlanan böyük işləri davam etdirəcək, dövlətimiz yeni-yeni zirvələr fəth edəcək, xalqımızın rifahı daha da yüksələcək, uğurlarımız daha da artacaq.

 

Yeni Azərbaycan.- 2013.- 5 iyun.- S.4.