“YAP-ın verdiyi qərar bütün xalqın arzusunu özündə əks etdirir”

 

Vüqar Rəhimzadə: Ölkəmizdə bundan sonra da Ulu öndər Heydər Əliyev siyasəti davam etdiriləcəkdir

Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadənin SƏS TV-yə müsahibəsi:

- Vüqar müəllim, YAP-ın V Qurultayında ölkə başçısı İlham Əliyevin prezidentliyə namizədliyi rəsmən irəli sürüldü. Bu barədə sizin təəssüratlarınız necədir?

- İlk öncə, verilən düzgün qərar görə, YAP-ın bütün üzvlərini ürəkdən təbrik edirəm. Ümumiyyətlə, ölkənin, dövlətin qüdrətlənməsi üçün çalışan, fəallıq göstərən, öz əməyi, zəhməti, ideyası ilə fəaliyyət göstərən bütün insanlara minnətdarlığımı bildirirəm. Sizin sualınıza gəldikdə isə, qeyd edim ki, YAP-ın V Qurultayı öz işini çox uğurla başa çatdırdı. Hesab edirəm ki, doğurdan da ölkə başçısı, YAP-ın Sədri İlham Əliyev son on ildə Azərbaycan dövləti, vətəndaşları, ümumiyyətlə isə bu ölkənin qüdrətlənməsi, güclənməsi yolunda kifayət qədər uğurlu addımlar atıb. Bu gün ölkəmizin bütün regionlarında çox böyük abadlıq, quruculuq işləri davam edir, müasir obyektlər, inzibati binalar inşa olunur. Bu gün Azərbaycanın o kəndi, qəsəbəsi yoxdur ki, orada quruculuq işləri həyata keçirilməsin. Preizdent İlham Əliyevin qarşıya qoyduğu ən başlıca məqsədlərdən biri odur ki, dünyada ən müasir, gözəl tikililər məhz Azərbaycanda inşa olunmalıdır. Bununla belə, dünyanın ən yaxşı yaşayan vətəndaşları, Azərbaycan vətəndaşları olmalıdır. Bu prinsiplə də sözün əsl mənasında ölkəmizdə görülən işlər, həyata keçirilən layihələr onu deməyə əsas verir ki, biz ölkə başçısı İlham Əliyevə səs verməklə, növbəti beş ildə Azərbaycanın daha qüdrətli, güclü olmasına, ailəmizin, uşaqlarımızın, ümumiyyətlə bütün vətəndaşlarımızın daha yaxşı həyat sürməsinə səs vermiş olacağıq. Hesab edirəm ki, xalqını, vətənini, dövlətini, ailəsini və s. fikirləşən hər bir şəxs birmənalı şəkildə öz səslərini Prezident İlham Əliyevə verməlidirlər. Son on ildə dövlət başçısının regionlara səfər etməsi, insanlarla birbaşa təmasda olması, onların arzu və istəklərini dinləməsi, eləcə də həmin regionlarda həyata keçirilən işlər sevindirici amil kimi dəyərləndirilməli və qiymətləndirilməlidir. Bununla belə müasir üslubda aeroportların, məktəblərin, idman komplekslərinin, mədəniyyət ocaqlarının və s. inşa olunması bu uğurlu işlərə əlavə oluna bilər. Bir sözlə, ölkəmizdə bütün sahələrdə yeni infrastruktur layihələri reallaşdırılır ki, bu da bütün vətəndaşlara, insanlara xidmət göstərən layihələrdir. Hesab edirəm ki, bu gün Azərbaycan iqtisadi, siyasi inkişafına, stabilliyinə görə tək regionun deyil, bütün dünyanın diqqət mərkəzinə çevrilib. Biz müstəqilliyimizin ilk illərində, özümüz təşəbbüs göstərdik ki, həm beynəlxalq, həm də xarici təşkilatlarla əməkdaşlıq edək. Bu da təbii ki, Ümummilli lider Heydər Əliyev siyasətinin qələbəsi, təntənəsi və bu kursun layiqli davamçısı Prezident İlham Əliyevin uğurlu fəaliyyətinin məntiqi nəticəsidir. Hələ 2003-cü ildə ölkə başçısı İlham Əliyev Prezident seçildiyi ilk günlərdə verdiyi müsahibələrinin birində qeyd edirdi ki, Azərbaycanı daha da qüdrətli, güclü dövlətə çevirmək üçün ölkəmizdə bundan sonra da Ulu öndər Heydər Əliyev siyasəti davam etdirilməlidir. Sözün həqiqi mənasında Heydər Əliyev siyasəti Azərbaycanın tərəqqisinə, vətəndaşların sosial həyat şəraitinin yaxşılaşdırılmasına xidmət edir. Hesab edirəm ki, YAP-ın verdiyi bu qərar, bütün xalqın arzu və istəklərini özündə əks etdirir.

- Amma nədənsə, bu inkişafı radikal düşərgənin üzvləri hələ də həzm edə bilmirlər. Məhz elə həmin gün yəni, iyunun 7-də, YAP-ın V Qurultayı ilə eyni vaxtda “Milli şura” adlı qurum da təsis olundu. Lakin hər dəfə olduğu kimi müxalifət nümayəndələri arasında yenə də fikir ayrılığı, özlərinə inam hissinin olmaması öz sözünü dedi. Bu barədə fikirlərinizi bilmək istərdik...

- “Milli şura” adlı qurumun ətrafına toplaşan insanlar yalnız keçmişi düşünən və həmin dövrdə qalan insanlardır. Hesab edirəm ki, bu insanlar gələcəyi görməyən və gələcəyə kor kimi baxanlardır. Burada cəmləşən insanlar öz şəxsi maraqlarını, mənafelərini güdürlər. Xalq onları bir illik hakimiyyətləri dövründən yaxşı tanıyır. Bunlar xalqın başına gətirdikləri faciələrlə, müsibətlərlə daim zövq alan insanlar olub. Həmin insanlara xalq birmənalı şəkildə “yox” deyir və onlar tarixin arxivinə atılmışlar sayılır. Bu gün cəmiyyətimiz, vətəndaşlarımız bir sözlə hamı ağı-qaradan yaxşı seçir. Onlar indiyədək “Milli şura”ya bənzər xeyli sayda qurumlar yaradıblar. Lakin həmin qurumların da aqibəti gözlənildiyi kimi məhvə məhkum olub. Bu hadisələr hər birimizin gözlərinin önündə baş verib. Radikal müxalifətin iç üzünü ortaya qoyan bu insanlar yaratmağa çalışdıqları “Milli şura” daxilindəki çəkişmələri ilə də gündəmə gəliblər. Həmin şəxslər ölkə vətəndaşlarının mənafeyi naminə heç bir iş görməyib. Bunlar ermənipərəst qüvvələrlə iş birliyi quran, onların əlində alətə çevrilən və erməni siyasətçilərinin dəyirmanına su tökən insanlardır. Həmin insanlar hər an Azərbaycanı bir qarın yeməyə qurban verməyə hazır olanlardır. Bir sözlə, bunlar xəyanətkar və satqın adamlardır.

- Hər dəfə olduğu kimi AXCP sədri Əli Kərimli növbəti dəfə də sərsəm bəyanatla çıxış edib. Bu barədə nə deyə bilərsiniz?

- AXCP sədri Əli Kərimli xəstə təfəkkürə malikdir. Bu onun fizionomiyasından və fikirlərindən də açıq-aydın görünür. Bu insan yaddaşlarda daim sərsəm çıxışları ilə qalıb. Həmin insanlar Azərbaycan xalqının və dövlətinin mənafeyini zərrə qədər də düşünmürlər. Əli Kərimli kimi insanlar yalnız şəxsi mənafelərini güdən siyasət dəllallarıdır. Onun kimilərini xalq çoxdan lənətləyib, bir kənara tullayıb. Hələ 1992-ci illərə nəzər salsaq görərik ki, Əli Kərimli kimi insanların təmsil olunduğu hakimiyyət dövründə xalq sabaha ümidini itirmişdi. Həmin insanlar minlərlə ölkə vətəndaşının qanına bais olublar. Əli Kərimli xarici təşkilatların, qüvvələrin çubuğu ilə idarə olunan fiqurdur. Bir sözlə, xalq həmin insanlara qətiyyətlə “yox” deyib.

- Son günlər Almaniya və Türkiyədə kütləvi etiraz aksiyalar keçirilir. Aksiyaların dağıdılması zamanı isə polislə aksiya iştirakçıları arasında zorakılıq halları baş verir. Xüsusilə, demokratik dəyərlərdən dəm vuran Almaniyada polisin zorakılığı daha qabarıq şəkildə özünü göstərir. Bu hadisələrə münasibətiniz necədir?

- Almaniya tarixən faşist siyasəti ilə hərəkət edən ölkə olub. Azərbaycan müstəqil dövlət olaraq digər dövlətlərin qanunlarına hörmətlə yanaşıb. Amma təəssüflə qeyd etmək lazımdır ki, Almaniya kimi dövlətlər bəzi inkişaf etməkdə olan ölkələrə aşağılayıcı nəzərlərlə baxmağa cəhd göstərirlər. Almaniyada baş verənlər insanlığa qarşı yönəlmiş hadisədir. Bu ölkə müstəqil dövlət olan Azərbaycan haqqında daima böhtan, qərəz dolu fikirlər səsləndirib. Azərbaycan müasir, gənc dövlət olaraq davamlı şəkildə inkişaf edir. Məhz belə olan şəraitdə, Almaniya kimi ölkələr Azərbaycanın inkişafından qısqanclıq hiss keçirirlər.

 

Yeni Azərbaycan.- 2013.- 11 iyun.- S.6.