Milli dirçəliş və
qurtuluşun əsası: Siyasi sabitliyin təmin edilməsi və
milli inkişafın başlanğıcı; lider faktoru
Ulu öndər Heydər Əliyev: Azərbaycan heç bir ölkənin təsiri altına düşməyəcəkdir. Azərbaycan öz müstəqilliyini qoruyacaqdır. Bu da bir Prezident kimi mənim siyasətimin əsas ana xəttidir. Bunun üçün də hamı bir yolla getməlidir. Burada başqa bir yol yoxdur. Burada başqa yolla gedən adam, demək, məqsəd daşıyır. O məqsədlərə bu gün Azərbaycanda yer yoxdur
Tariximizə Milli Qurtuluş Günü kimi daxil olan 1993-cü ilin 15 iyun günündə Ümummilli lider Heydər Əliyevin Azərbaycan Respublikası Milli Məclisinə Sədr seçilməsi, Azərbaycanın siyasi tarixində keyfiyyətcə yeni bir mərhələnin başlanğıcı oldu. Ölkənin mürəkkəb kataklizmlərlə müşayiət edilən daxili siyasi böhrandan qurtulması məhz bundan sonra mümkün oldu. Belə ki, Ümummilli lider Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi əsasında istinad etdiyi rasional seçim strategiyası və bunun fonunda atdığı praqmatik addımlar sayəsində ölkədə hökm sürən və mütəmadi eskalasiya vəziyyətində qeyri-müəyyənliklə təzahür olunan destruktiv proseslərin mərhələli şəkildə neytrallaşdırılmasına nail olundu. Həmin tarixi dövrün qanunauyğunluqlarına və reallıqlarına bir daha nəzər yetirdikdə belə bir nəticəyə gəlmək olur ki, qeyri-formal milli dövlət və modern cəmiyyət quruculuğu prosesinin sistematik surətdə əsası qoyulmamışdan öncə ölkə daxilində bir sıra dağıdıcı ünsürlərin qarşısının alınması, diskriminasiya və kataklizmlərlə müşayiət edilən xaotik proseslərin neytrallaşdırılması, bütün bunların fonunda isə siyasi sabitliyin təmin edilməsi lazım idi ki, Ümummilli lider Heydər Əliyev, ilk növbədə, sadalanan strateji vəzifələr üzərindən hərəkət edərək buna nail oldu.
Hakimiyyətin uzurpasiyası, yaxud “zorən prezident”
Həmin ərəfədə hökm sürən destruktiv situasiyanın fonunda mövcud problemlərin xarakteristikasını anlamaq üçün bir neçə fakta toxunmaq kifayət edir. Belə ki, ölkəmizdə o zamankı prezident Əbülfəz Əliyevin paytaxtı tərk edərək ucqar bir əyalətin əlçatmaz bir kəndinə getməsi hakimiyyət böhranının yeni mərhələyə transfer olunmasını şərtləndirdi. Məhz belə bir mürəkkəb situasiyanın fonunda ölkədə yeni prezident seçkilərinin keçirilməsi zərurəti var idi. 1993-cü ilin 3 oktyabr tarixində keçirilən prezident seçkiləri demokratiklik səviyyəsi və hüquqi prosedurlarına görə əvvəlkilərdən birmənalı şəkildə kəskin surətdə fərqləndi. Məlum olduğu kimi, Azərbaycanda keçirilən ilk prezident seçkiləri təyinat xarakterli idi. Başqa sözlə, respublikanın ilk prezidenti Ayaz Mütəllibovun hakimiyyətin ən yüksək pilləsində əyləşməsi xalqın ali iradəsi əsasında baş tutmamışdı. Üstəlik, mövcud situasiyanın fonunda prezident olmasına onun özü belə şübhə ilə yanaşırdı. Bunun nəticəsi idi ki, A.Mütəllibovun siyasi karyerasının son akkordları istefalar və yenidən dönüşlərlə zəngin oldu. 1992-ci ildə keçirilən növbəti prezident seçkiləri də, şübhəsiz, bir qrup hərəkatçının siyasi iradəsi və qrup mənafelərinə müvafiq surətdə reallaşdırıldı. Başqa sözlə, prezident olmağı arzu etməyən və uyğun olaraq xalq tərəfindən arzu olunmayan şəxs bəhs etdiyimiz bir qrup siyasi avantüristin iradəsi və təzyiqi ilə “zorən” prezident elan edildi. Məntiqi olaraq bu siyasi şou da qısa bir müddətdən sonra başa çatdı. Bundan sonra Azərbaycan xalqı ölkənin ayrı-ayrı subyektlər üçün siyasi təcrübə laboratoriyası olmasına qəti etiraz edərək öz siyasi iradəsini ortaya qoydu. Nəticə etibarilə, bunun məntiqi yekunu 3 oktyabr 1993-cü il seçkiləri ilə başa çatdı. Məhz bundan sonra mövcud problemlərin həll edilməsi istiqamətində ardıcıl strateji addımlar atıldı.
Formalizmdən qeyri-formal müstəviyə doğru
Həmin ərəfədə milli həmrəylik və bütövlüyə, ümummilli inkişaf və siyasi sabitliyə təhdid yaradan və mane olan başlıca amillərdən biri də müxtəlif xarici subyektlərin göstərişi və daxili qüvvələrin iştirakı ilə həyata keçirilməyə cəhd edilən dövlət çevrilişləri idi. Məhz bu cəhdlər xaricdən idarə edilən daxili antimilli qüvvələrin formal müstəqilliyə malik olan milli dövlətimizin mövcudluğu və təhlükəsizliyinə qarşı etdiyi mənfur sui-qəsd idi. Xarici güclərin milli və transmilli maraqları əsasında baş tutan çevriliş cəhdləri ilk zamanlarda ölkədə hökm sürən xaotik durumu daha da kəskinləşdirən amil qismində çıxış etməklə yanaşı, ölkədaxili qüvvələrarası antaqonist münasibətləri də olduqca şiddətləndirmişdi. Məhz bu cür dağıdıcı hallar ölkə daxilində bütün strukturların işini iflic etməklə dərin institusional kataklizmləri daha da kəskinləşdirmişdi. Bütün bunlar 1991-ci ildən 1993-cü ilədək davam edən hakimiyyət böhranı və boşluğunun, anarxiyanın doğurduğu faciəvi olaylar idi. Mövcud hakimiyyətin siyasi irrasionallığı, qeyri-praqmatik fəaliyyət mexanizmi məlum çevriliş cəhdlərinin baş tutmasına real zəmin və imkan yaradan başlıca faktorlardan idi.
Dövlət çevrilişinə cəhdlərin sonu
Ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişindən sonra da dövlət çevrilişlərinə cəhdlər edilsə də, onların qarşısı siyasi rasionallıqla zamanında atılmış addımlar və görülmüş tədbirlər sayəsində alındı. Digər tərəfdən, əgər 1991-1993-cü illər ərəfəsində edilmiş çevriliş cəhdləri hakimiyyət boşluğu və böhranından, ölkəyə rəhbərlik edən şəxslərin siyasi irrasionallığından qaynaqlanırdısa, 1993-cü ildən sonrakı cəhdlər Ümummilli lider Heydər Əliyevin siyasi sabitliyi və ümummilli bütövlüyü təmin etmək üçün gördüyü tədbirlərə əks reaksiya idi. Başqa sözlə, Ulu öndərin sistematik tədbirlər planının fonunda məlum çevriliş cəhdlərinin arxasında və əsasında duran dağıdıcı daxili və xarici qüvvələr ölkəmizdə siyasi sabitliyin təmin edilməsinə yönəlik strateji tədbirlərin qarşısını almağa və ölkədə yenidən anarxiya mühitini bərpa etməyə çalışırdılar. Amma ölkədəki situasiya əvvəlki kimi deyildi. Ulu öndər Heydər Əliyevin sürətli strateji tədbirlər planı və milli siyasəti sayəsində ictimai-siyasi palitrada kardinal səciyyə daşıyan mərhələli reformativ tədbirlər görülmüşdü və bunun sayəsində bölücü faktorların neytrallaşdırılması mümkün idi. Bütün bu strateji tədbirlər sayəsində məhz bu cür də oldu, yəni, bölücü faktorların neytrallaşdırılmasına və ictimai-siyasi müstəvidə siyasi sabitliyin təmin olunmasına nail olundu.
3-4 oktyabr 1994-cü il hadisələrinin müvafiq profilaktik tədbirlərin görülməsi sayəsində qarşısının alınmasından sonra ölkəmiz bölücü xarakterli çevriliş cəhdlərinin son halqası olan 16 mart 1995-ci il hadisələri ilə qarşı-qarşıya qaldı. Bu qiyam, əslində, 3-4 oktyabr hadisələrinin məntiqi davamı idi. Çünki hər iki akt eyni bir mərkəzdən idarə olunurdu və analoji məqsədlərə xidmət edirdi. Son məqsəd isə 70 illik fasilədən sonra öz müstəqilliyini yenidən əldə etmiş Azərbaycanı müxtəlif spontan qüvvələrin iştirakı ilə parçalamaq, ölkəni xarici qüvvələrin transmilli maraqlarına müvafiq surətdə zəiflədərək idarə olunan qeyri-suveren subyektə çevirmək idi. Məhz belə bir mövqeyin fonunda isə son hədəf Azərbaycanı federativ dövlət formasına çevirmək və belə bir konfederasiya şəraitində ölkəni periferiyaya döndərmək idi.
Xarici faktorlar
O zaman təbii strateji müttəfiq kimi qəbul etdiyimiz milli aktorlardan birinin məhz bu çevriliş cəhdinə göstəriş verməsi bir daha sübut etdi ki, məhz belə bir situasiyanın fonunda milli həmrəyliyin və ictimai-siyasi sabitliyin təmin edilməsi bilavasitə milli qüvvələr və resurslar hesabına baş tuta bilər. Çünki həmin təşəbbüs bir daha göstərdi ki, milli maraqlar milli-etnik identiklik və ortaq tarixi keçmişdən öndə duran dəyişməz strateji istinad nöqtəsi və məfhumudur. Belə ki, xalqımızla eyni tarixi keçmişə və ortaq dəyərlərə, milli etnik identikliyə malik olan dövlətlərdən birinin ölkəmizdə xaos və anarxiya ilə müşayiət ediləcək çevrilişə cəhd etməsi bütün ortaq dəyərlərin üstündən xətt çəkilməsinə və korporativ səciyyəli strateji maraqların təmin edilməsi naminə milli-etnik identiklik faktorunun arxa plana keçirilməsinə dəlalət edirdi. Azərbaycanı federasiya ilə konfederasiyanın bir sıra xüsusiyyətlərindən təşkil edilmiş siyasi təsisatda periferiyaya çevirmək istəyən həmin qüvvələr, əslində, ölkəmizə qarşı yeni növ istismarçı müstəmləkə siyasəti yeridirdilər. Məhz bu cür siyasətin uzantısı kimi ölkəmizi “arxa bağça”ya çevirmək üçün “Cənubi Qafqaz şahmat taxtası”nda ardıcıl həmlələr edilir və ölkədaxili siyasi proseslərə xaotik və anarxik oriyentasiya verilməyə çalışılırdı.
Azərbaycan təsir altına düşmədi
Amma “Biz Azərbaycanı bu vəziyyətdən çıxarmağa qadirik, çıxarmalıyıq və çıxaracağıq” deyən Ulu öndər Heydər Əliyevin realist təfəkkürün fonunda etdiyi ardıcıl strateji və taktiki həmlələr sayəsində bölücü aktlar neytrallaşdırıldı və ölkə daxilindəki antaqonist qüvvələr arasında ümumi konsensusa nail olunmaqla siyasi sabitlik bərpa edildi. Bütün bu prosesləri və olayları rasional və praqmatik təfəkkürün fonunda dəyərləndirən Ulu öndər Heydər Əliyev deyirdi: “Azərbaycan heç bir ölkənin təsiri altına düşməyəcəkdir. Azərbaycan öz müstəqilliyini qoruyacaqdır. Bu da bir Prezident kimi mənim siyasətimin əsas ana xəttidir. Bunun üçün də hamı bir yolla getməlidir. Burada başqa bir yol yoxdur. Burada başqa yolla gedən adam, demək, məqsəd daşıyır. O məqsədlərə bu gün Azərbaycanda yer yoxdur”.
Ümumxalq toplantısı xalqa hesabat idi
1996-cı il aprel ayının 5-də və 6-da Respublika sarayında ölkəmizin ictimai-siyasi həyatının təhlilinə həsr edilmiş ümumxalq nümayəndələrinin toplantısında bütün bu proseslərin və olayların bir sıra məqamlarına bir daha aydınlıq gətirildi. Çıxışlar zamanı ifadə edilən faktlardan və aşkar olunan bir sıra reallıqlardan məlum oldu ki, 1990-cı il 20 yanvar müsibəti ilə başlayan və 1995-ci ilin mart ayınadək davam edən, xalqımızın müstəqilliyi, azadlığı əleyhinə yönəldilmiş hadisələr arasında zəncirvari bağlılıq olmuşdur. Toplantıda məhz bütün bu olayların mahiyyətini aşkar edən bir neçə istiqamətli məsələlərə toxunuldu. Bunlardan biri də həmin dağıdıcı, bölücü olaylara daxildən dəstək verilməsi və bir sıra antimilli qüvvələrin ölkəni parçalamaq niyyətlərini gerçəkləşdirmək istəmələri faktı oldu. Belə ki, ümumxalq toplantısında bəzi müxalifət qüvvələrinin 1995-ci il mart qiyamını dəstəkləməsi faktının səsləndirilməsi və bütün hüquq-mühafizə orqanlarının rəhbərləri tərəfindən bu faktın üzərində xüsusi şəkildə durulması bir daha onu göstərdi ki, cəmiyyətimizdə silah gücünə zor işlətməklə-uzurpasiya vasitəsilə hakimiyyətə gəlməyə çalışan dağıdıcı qüvvələr mövcuddur. Onların içərisində AXC və Müsavat partiyalarının bəzi liderlərinin olması faktı isə özlərini “demokratik” müxalifət adlandıran bu qüvvələrin, əslində kim olmaları haqqında cəmiyyətdə geniş və aydın təsəvvür yaratdı. Bu məsələylə bağlı digər bir maraqlı fakt isə ondan ibarət idi ki, bu zamanadək bir-birinə qarşı barışmaz mövqedə olan bir sıra siyasi qüvvələr təşkil edilən illeqal siyasi hərəkatların fonunda iqtidarı devirmək və ölkə prezidentini fiziki baxımdan məhv etmək məsələsində işbirliyi yaratmışdılar. Onların təməl məqsədi hakimiyyəti uzurpasiya vasitəsilə ələ keçirdikdən sonra Dövlət Şurası yaratmaq, Şuraya bütün eks-prezidentləri dəvət etmək, “demokrat” imici yaradılmış Əbülfəz Əliyevi isə bu quruma sədr seçmək idi. Əbülfəz Əliyev isə gizli məşvərət zamanı, hətta keçmiş baş nazir Surət Hüseynovun da Şuraya salınmasını istəmişdi. Məhz bütün bunlar və hadisələrin sonrakı inkişafı bir daha belə bir məqamı sübuta yetirdi ki, Azərbaycan siyasi palitrasında həmin zaman kəsiyində müxalifət statusunda təmsil olunan bir sıra subyektlər xarici güclərin avantürist geosiyasi layihələri və ssenariləri əsasında ölkədə xaos mühiti yaratmaq, daha sonra isə bu situasiyadan istifadə edərək özlərinin korporativ maraqlarını gerçəkləşdirməyə çalışırdılar. Məhz belə bir situasiyada milli maraqlar və milli dəyərlərin dəfələrlə zərbə altına qoyulması, ölkənin vətəndaş müharibəsinə sürüklənməsi kimi hallar və faktlar müşahidə edildi.
1996-cı il aprel ayının 5-də və 6-da Respublika sarayında keçirilən ümumxalq toplantısında Ümummilli lider Heydər Əliyev yekun nitqində bu məsələyə məhz bu cür birmənalı qiymət verdi: “Əgər 1992-ci ildə hakimiyyətə gəlmiş Xalq Cəbhəsi həqiqətən xalqın cəbhəsi idisə, nə üçün 1993-cü ilin may-iyun aylarında xalq onu müdafiə etmədi? Deməli, onlar bir il müddətində xalqın inamını itirdilər və hesab edirəm ki, artıq Xalq Cəbhəsi adını daşımaq hüququnu da itiriblər... O vaxt Azərbaycan cəmiyyətinə düşmüş həmin yoluxucu xəstəlik-xalqı, ölkəni, idarə etmək üçün yox, öz şəxsi məqsədlərinə nail olmaq, şəxsi imtiyazlar əldə etmək üçün hakimiyyət, vəzifə hərisliyi Azərbaycanı belə ağır vəziyyətə gətirib çıxardı”.
Beləliklə, ölkə daxilində olduqca mürəkkəb kataklizmlərin hökm sürməsinə və siyasi böhranın pik nöqtəyə çatmasına baxmayaraq, Ulu öndər Heydər Əliyevin rasional və praqmatik tədbirləri sayəsində siyasi sabitliyin təmin olunması missiyasına nail olundu.
Siyasi sabitlik hakimiyyətin legitimliyi və səmərəliliyi ilə müəyyən olunur
Siyasət nəzəriyyəsində siyasi sabitlik “siyasi sistemin daxili və xarici ətraf mühitin təsiri altında özünün strukturunu və ictimai dəyişikliklər prosesinə nəzarət etmək qabiliyyətini saxlamaqla səmərəli işləməyə və inkişaf etməyə imkan verən davamlı durumu” kimi səciyyələndirilir. Araşdırmaçı Seymur Lipset bildirir ki, siyasi sabitlik hakimiyyətin səmərəliliyi və legitimliyi ilə müəyyən olunur. Onun qənaətincə, hər iki göstəricinin olmaması siyasi sistemin qeyri-sabitliyini şərtləndirir, onlardan birinin olması isə nisbi sabitliyə imkan yaradır. Məhz bu təsbitdən yola çıxaraq qeyd edə bilərik ki, 1991-1993-cü illərdə hakimiyyətin fəaliyyət mexanizminin səmərəsizliyi və qeyri-legitimliyi siyasi sabitliyin təmin edilməsini mümkün etmədi. Amma 1993-cü ildən-Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra hakimiyyətin fəaliyyət mexanizminin effektivliyinin artırılması və sürətli legitimləşdirmə tendensiyası ictimai-siyasi müstəvidə sabitliyin təmin edilməsini şərtləndirdi.
Bununla yanaşı, S.Lipset bildirir ki, qeyri-sabitlik mənbəyi qismində çıxış edən problemlərin aradan qaldırılması siyasi sabitliyin təmin edilməsində başlıca strateji faktor kimi səciyyələndirilməlidir. O, qeyri-sabitlik mənbəyi kimi çıxış edən amillərə məhz bunları aid edir: hakimiyyətin delegitimasiyası və fərdiləşdirilməsi, dövlətin siyasətində hakim elitanın korporativ maraqlarının fundamental faktor kimi çıxış etməsi, milli-etnik zəmində qarşıdurma meyilləri və hallarının mövcud olması, siyasi hakimiyyətin varisliyinin təmin edilməsi ilə bağlı çətinlikləri, müxalif qüvvələrin silahlı müqavimət və hücum kimi qeyri-leqal mübarizə üsullarından istifadə etməsi və sair. Araşdırmaçı belə bir qənaət ifadə edir ki, hakimiyyətin fəaliyyət mexanizminin effektivliyi də bilavasitə yuxarıda əks olunmuş problemlərin həll edilməsi səviyyəsindən asılıdır. Dolayısıyla, siyasi sabitliyin təmin edilməsi hakimiyyətin effektivliyinin başlıca göstəricisi və şərtidir.
Sabitlik həm də təhlükələrdən qorunmağı bacarmaq kimi səciyyələndirilir
Bunlarla yanaşı, empirik faktlarla təsbit edilmiş siyasət nəzəriyyəsində sabitlik daxili siyasət nöqteyi-nəzərindən dövlətin və iqtidarın zorakılığa və təhlükəyə məruz qaldığı zaman özünü qoruya bilmək qabiliyyəti kimi təsvir edilir. Bir sıra araşdırmaçılar isə sabitliyi effektiv fəaliyyət mexanizminə malik olan hakimiyyətin uzunmüddətli fəaliyyəti kimi səciyyələndirirlər.
Müvəqqəti və daimi sabitlik məsələsi empirik kontekstdə
Politoloq Samuel Hantinqtonun qənaətincə, sabitlik müvəqqəti və daimi olmaq etibarilə iki istiqamətdə dəyərləndirilməlidir: “Siyasi sabitlik hakimiyyətin fəaliyyət mexanizminin səmərəlilik səviyyəsini göstərən başlıca amillərdəndir. Hakimiyyət mövcud resurslarının fonunda sabitliyin təmin edilməsi üçün müxtəlif vasitə və metodlara istinad etməklə siyasi sabitliyə nail ola bilər. Ancaq istifadə edilən metodların xarakterinə və mahiyyətinə görə siyasi sabitlik müvəqqəti və ya uzunmüddətli olur. Başqa sözlə, siyasi sabitliyin dayanıqlılığı hakimiyyətin istinad etdiyi resurslar və vasitələrin səciyyəsindən asılıdır. Mütəmadi surətdə zorakı metodlara istinad edilən, tez-tez konstitusiyası formal surətdə dəyişdirilən, fövqəladə vəziyyət elan edilən, parlamenti buraxılan, dövlət başçısı və ya hökumətləri istefaya göndərilən, hərbçiləri mülki və inzibati vəzifələri həyata keçirən, dini, etnik və irqi zəmində qarşıdurmalar yaranan ölkələrdə siyasi sabitlik uzurpasiya metodları vasitəsilə təmin edilir ki, bu da uzunmüddətli ola bilməz. Amma siyasi-hüquqi islahatların davamlı şəkildə aparıldığı, siyasi qüvvələrarası münasibətlərin rəqabət əsasında formalaşdırıldığı və hakimiyyətin effektivliyinin maksimum səviyyədə təmin edildiyi ölkələrdə uzunmüddətli sabitliyə nail olunması mümkündür. Bunların əsasında isə siyasi idarəetmənin səmərəliliyi və lider faktoru dayanır. Başqa sözlə, praqmatik fəaliyyət mexanizminə malik olan siyasi liderin həyata keçirdiyi effektiv idarəetmə siyasi sabitliyin təmin olunmasının əsasını təşkil edir”.
Ümummilli lider Heydər Əliyev təməl strateji məsələləri həll etdi
Beləliklə, bütün bu təsbitlərin fonunda bir daha məlum olur ki, Ulu öndər Heydər Əliyevin praqmatik strateji kursunun fonunda yuxarıda sadalanan problemlərin həll edilməsi və təməl strateji vəzifələrə nail olunması, yəni sürətli legitimləşdirmə tendensiyasının əsasının qoyulması, milli siyasətdə ümummilli maraqların və mənafeyin əsas götürülməsi, milli-etnik zəmində qarşıdurma meyilləri və hallarının qarşısının alınması kimi fundamental işlər siyasi sabitliyin əldə edilməsini şərtləndirmiş oldu.
Beləliklə, 1991-1993-cü illər arasındakı zaman kəsiyindən fərqli olaraq, Ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlməsindən sonra görülən sistematik və kompleks strateji tədbirlərin sayəsində hakimiyyətin effektivliyi təmin edildi və qeyri-formal milli dövlət quruculuğu prosesinin mərhələli surətdə həyata keçirilməsi mümkün oldu.
Əlbəttə, ölkəmizdə hökm sürən xaotik və anarxik meyillərin neytrallaşdırılmasında, mürəkkəb siyasi-hüquqi kataklizmlərin qarşısının alınmasında və ictimai-siyasi sabitliyin əldə edilməsində Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin liderlik keyfiyyətləri birinci dərəcəli amil kimi xüsusi rol oynadı. Məhz o cür mürəkkəb situasiyanın fonunda milli-etnik və subyektlərarası barışmaz ziddiyyətləri aradan qaldırmaq, simmetrik sosial inteqrasiyanı və onun davamlılığını təmin etmək, xalqla hakimiyyətin kommunikasiyasını və milli ideoloji həmrəyliyi təmin etmək kimi zəruri strateji funksiyaları müvəffəqiyyətlə yerinə yetirən Heydər Əliyev Azərbaycan xalqının Ümummilli lideri olmasını ölkəmizin müstəqilliyini qoruyub saxlamaqla və yeni inkişaf üfüqləri açmaqla bir daha sübut etdi.
Siyasi lider meyarı və təsnifatı
Siyasətşünaslıq elmində siyasi
liderlər müxtəlif meyarlar əsasında bir neçə
qrupda təsnif edilir. İlk növbədə, təsdiqinə
görə siyasi liderlər formal və qeyri-formal olmaq etibarilə
iki qrupda təsnif edilir. Formal liderlər inzibati qayda və
resurslarla müəyyən quruma rəhbərlik edən şəxslərdir
ki, onların rəhbərliyi rəsmi xarakter
daşıyır və nüfuz-təsir imkanları bilavasitə
rəsmi, inzibati resursların fonunda müəyyən edilir.
Qeyri-formal liderlərin isə rəsmi, inzibati resurslarla quruma rəhbərlik
etməsi şərt deyil. Onlar şəxsi keyfiyyətləri
və nüfuzları, xarizmatik xüsusiyyətləri ilə
müəyyən qurum və qrup tərəfindən lider kimi
qəbul edilirlər. Bəzən
bir şəxs həm formal, həm də qeyri-formal lider statusu
daşıya bilir. Məsələn, Azərbaycan
Respublikası müstəqillik əldə etdikdən sonra
1993-cü ildə ikinci dəfə hakimiyyətə gəldikdən
sonra Heydər Əliyev formal və qeyri-formal lider statusu
daşımağa başladı. Əgər müstəqilliyin
ilk iki ilində, O, ölkəyə rəhbərlik etmədiyi
zaman kəsiyində şəxsi nüfuzu, keyfiyyətləri
və xarizması ilə qeyri-formal lider idisə, 1993-cü ildən
sonra xalqın seçimi nəticəsində həm formal, həm
də qeyri-formal lider statusu daşımağa başladı.
Bundan
başqa, funksiyalarına görə siyasi liderlər
“bayraqdar”, “təmsilçi”, “yanğınsöndürən”,
“faydalı”, “sahibkar” “aktyor”, “tacir” rəhbərlər kimi səciyyələndirilərək
təsnif edilir. “Bayraqdar” lider cəmiyyətdə ali, nəcib
şəxsi keyfiyyətlərə malik olan əsl rəhbər
kimi qəbul və müdafiə edilir. Onun
uğurlarının əsasında həmin şəxsə
qarşı olan yüksək dəstək amili dayanır. Məhz
bu cür siyasi liderlər olduqca realist, rasional və praqmatik təfəkkürə
malik olurlar və qarşılarına qoyduqları dərk
edilmiş məqsədlərə uğurla çata bilirlər.
Bir sözlə, “bayraqdar” liderlər sözün əsl mənasında
yeganə və əsas aparıcı qüvvə qismində
çıxış edirlər.
“Yanğınsöndürən”
liderlər isə mürəkkəb situasiyanın fonunda
xüsusi fəaliyyətləri ilə milli həmrəylik və
bütövlüyün təmin olunmasına nail ola bilən,
birləşdirici və xilasedici rəhbər qismində
çıxış edirlər. Bir çox liderlərdən
fərqli olaraq onlar ən mürəkkəb situasiyalarda
özlərinin şəxsi təcrübə və keyfiyyətlərindən
xüsusi məharətlə yararlanırlar və
xalqının ali mənafeyinin təmin edilməsi
missiyasını uğurla yerinə yetirirlər.
“Sahibkar”
imicli liderlər isə özlərinə bənzərlik
effektinə xüsusi diqqət yetirir və öz
davamçılarını məhz bənzərlik əsasında
müəyyən edirlər. Siyasət nəzəriyyəsində
bu cür liderlər irrasional xüsusiyyətlərin məcmusu
kimi təsvir edilsə də, bir çox situasiyalarda
onların fəaliyyət mexanizmi inkişaf mənbəyi kimi
çıxış edir.
“Faydalı”
liderlər özlərində xüsusi keyfiyyətləri cəmləşdirmiş
və bir çox lider modellərinin xüsusiyyətlərini
sintez etmiş rəhbər qismində səciyyələndirilir.
Məhz bu cür siyasi liderlər ictimai-siyasi proseslərin dərinliklərinə
nüfuz edir və sözün əsl mənasında sabitləşdirici
və inkişafetdirici qüvvə önəmi kəsb edirlər.
Rasional liderlər qrupuna aid edilən bu şəxslər zaman
və məkanın bütövlüyünü lokal surətdə
təmin edərək cəmiyyətin və xalqın ali
maraqlarının ifadəedicisi qismində
çıxış edirlər.
“Təmsilçi”
liderlərin isə fəaliyyət mexanizminin əsasında təmsil
etdiyi qrup və subyektlərin maraqlarının təmin edilməsi
prinsipi dayanır. Onlar sahib olduqları bütün resurslardan
xalqın mənafeyinin təmin edilməsi və tələbatlarının
ödənilməsi istiqamətində istifadə etməyi zəruri
strateji prinsip kimi qəbul edir və fəaliyyət fəlsəfələrini
məhz bu nöqteyi-nəzərdən müəyyən edirlər.
Heydər
Əliyev bayraqdar, “təmsilçi”,
“yanğınsöndürən”, “faydalı”, nəhayət
Ümummilli lider kimi
Beləliklə,
bütün bu liderlik növləri və modellərinə nəzər
yetirdikdə məlum olur ki, Azərbaycan xalqının
Ümummilli lideri Heydər Əliyev fəaliyyət mexanizminin
substratlarına görə “bayraqdar”, “təmsilçi”,
“yanğınsöndürən”, “faydalı” lider kimi səciyyələndirilməlidir.
Bunlarla yanaşı, Ulu öndər Heydər Əliyev həm
də rasional-leqal və xarizmatik liderlər qismində dəyərləndirilməlidir.
Təsadüfi deyil ki, bütün bu xüsusiyyətlərin
daşıyıcısı kimi çıxış etmiş
Heydər Əliyev xalqımız tərəfindən
ÜMUMMİLLİ LİDER statusu ilə qiymətləndirilir.
Hikmət BABAOĞLU
Yeni Azərbaycan.- 2013.- 15 iyun.- S.4.