Dədə Heydər - Atatürk

 

Azadlıq allahı tək əyləşib öz yerində,

Yerin-göyün nuru var peyğəmbər gözlərində.

Sadəliyi nur saçır, əzəməti dərində.

Gedir, polad çiynində Kəpəz, Qoşqar boyda yük.

Dədə Heydər - Atatürk.

 

Dərin mavi gözləri sakit yanan od-ocaq,

Alovunda satqınlar yanacaq, kül olacaq.

Qaranlıqda işıqdır - o işığa yol açaq.

Məsləki varlığından böyükdür, min qat böyük.

Böyüklük heykəlidir Dədə Heydər - Atatürk!

 

Dörd tərəf qar-qiyamət, sərt qış... o, güllü yazdır,

Dinc, mülayim səsi də qaynar bir ehtirasdır.

Ərzurumdan Xəzərə şığıyan Xan Arazdır.

Dalğasında dönüklər ağ köpükdür, boz köpük,

Dalğalanır nəhr tək Dədə Heydər - Atatürk.

Azərbaycan, Türkiyə... Daş qala - qoşa səngər,

Bütün qasırğalara birləşməklə sinə gər.

Bu birlik qarşısında düşmən tük salacaq, tük...

Qucur iki sahili Dədə Heydər - Atatürk.

 

Xəlil Rza Ulutürk

 

Yeni Azərbaycan.- 2013.- 15 iyun.- S.11.