20 iyun Ümumdünya Qaçqınlar Günüdür

 

Azərbaycan dövləti həmişə qaçqın və məcburi köçkünlərin problemlərinin həllinə, onların sosial qayğılarının aradan qaldırılmasına, mənzil şəraitinin yaxşılaşdırılmasına xüsusi diqqət göstərir

Bu gün Ümumdünya Qaçqınlar Günüdür. Məlumat üçün bildirək ki, BMT Baş Assambleyası 4 dekabr 2000-ci ildə hər il iyunun 20-nin Ümumdünya Qaçqınlar Günü kimi qeyd edilməsinə dair qətnamə qəbul edib. BMT-nin açıqlamasına görə, hazırda dünyada 15,4 milyon insan qaçqınlıq həyatı yaşayır və onların sayı artmaqda davam edir. Açıqlamada o da bildirilir ki, həmin 15,4 milyon qaçqının beşdə dördü kasıb ölkələrin payına düşür. Qaçqınların ümumi sayının dörddə birindən bir qədər çoxu isə 3 ölkəyə - Pakistan, İran və Suriyaya aiddir.

Bu məqamda vurğulamaq yerinə düşər ki, beynəlxalq hüquqa görə, qaçqın statusunu itirən hallardan biri digər ölkənin vətəndaşlığını qəbul etməkdir. Hazırki şəraitdə həmin kateqoriyalı şəxslər beynəlxalq aləmdə qaçqın kimi tanınmırlar. Öz ölkəsi daxilində didərgin düşmüş insanlara gəlincə, hazırda onların sayı 28,8 milyon nəfərdir ki, bu da son iki onillikdə ən yüksək rəqəmdir. Buraya BMT Qaçqınlar üzrə Ali Komissarlığının (QAK) yardım göstərdiyi 17,7 milyon nəfər də daxildir. BMT QAK-ın məcburi köçkünlərə yardımı birbaşa deyil, hökumətlərin müraciəti əsasında həyata keçirilir.

Beynəlxalq Qaçqınlar Günü hər il Azərbaycanda da qeyd edilir. Bu da təsadüfi deyil. Belə ki, Azərbaycan xalqı bir əsrdə dörd dəfə ermənilər tərəfindən soyqırımına məruz qalıb, mənfur qonşularımız tərəfindən tarixi torpaqlarına təcavüz edilib, nəticədə minlərlə soydaşımız qaçqın həyatı yaşamağa məcbur olub. Sonuncu dəfə isə 250 min etnik azərbaycanlı Ermənistandakı tarixi torpaqlarından qovulub, Azərbaycana pənah gətirib, 700 minə yaxın soydaşımız isə Ermənistan silahlı qüvvələrinin işğal etdiyi Dağlıq Qarabağ və 7 rayondan didərgin salınaraq ölkənin 67 rayonunda 1600 məntəqədə müvəqqəti məskunlaşıblar. Bundan başqa, Fərqanə hadisələri vaxtı Orta Asiyadan gələn təxminən 50 min nəfər Ahıska türkü, həmçinin, 11 minə yaxın sığınacaq axtaranlar da qaçqın kimi ölkəmizdə qeydiyyatdadır.

Azərbaycan dövləti həmişə qaçqın və məcburi köçkünlərin problemlərinin həllinə, onların sosial qayğılarının aradan qaldırılmasına, mənzil şəraitinin yaxşılaşdırılmasına xüsusi diqqət göstərir. Bu siyasi kursun əsası isə Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulub. Ulu öndər Heydər Əliyev xalqın tələbiylə hakimiyyətə qayıtdıqdan sonra Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsilə əlaqədar ATƏT rəhbərliyi, Minsk qrupunun təmsilçiləriylə keçirdiyi 200-dən artıq, 80 ölkənin dövlət başçıları ilə isə 500-dən çox görüşlərində, beynəlxalq və yerli qurumların tədbirlərində bu problemə toxunaraq, onu ölkədə bir nömrəli problem adlandırmışdır. Məhz Ulu öndər sayəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyəti dünya ictimaiyyətinə çatdırılmışdır. Münaqişənin siyasi həlli, işğal olunmuş ərazilərin azad edilməsi, qaçqın və məcburi köçkünlərin doğma yurdlarına qaytarılması ilə bağlı beynəlxalq hüquq normalarına uyğun qərarlar - BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi qəbul edilmişdir. Eyni zamanda, ATƏT-in 1994-cü ildə Budapeşt, 1996-cı ildə Lissabon, 1999-cu ildə İstanbul sammitlərində münaqişənin dinc və siyasi yollarla həlli istiqamətində tədbirlər müəyyənləşdirilmiş, həmçinin, ABŞ konqresinin müstəqil Azərbaycana yardım göstərilməsini qadağan edən ədalətsiz 907-ci düzəlişinin icrası dayandırılmışdır. 1998-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən “Qaçqınların və Məcburi köçkünlərin problemlərinin həlli üzrə Dövlət Proqramı” təsdiq edilmişdir. Ondan bir il sonra ölkə Prezidentinin Fərmanı ilə dünya təcrübəsində ilk olaraq Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu yaradılmışdır.

Ulu öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin 2004-cü il 1 iyul tarixli Sərəncamı ilə təsdiqlədiyi “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” bu baxımdan xüsusi əhəmiyyətə malikdir. 2007-ci ildə həmin Sərəncama əlavələr edilib və buna müvafiq olaraq qaçqınların və məcburi köçkünlərin sosial durumunun, yaşayış şəraitinin daha da yaxşılaşdırılması məqsədilə xeyli sayda tədbirlər həyata keçirilib. Ümumiyyətlə, görülən tədbirlər nəticəsində son 10 ildə ölkənin ayrı-ayrı şəhər və rayonlarında qaçqın və məcburi köçkün ailələri üçün 67 yeni qəsəbə salınıb. Qəsəbələrdə 20 min mənzil tikilib, su, elektrik, qaz xətti, yollar çəkilib. 100 min nəfərdən çox soydaşımız yeni evlərə köçürülüb, 130 təhsil, 50-yə yaxın səhiyyə, rabitə və mədəniyyət ocaqları tikilib istifadəyə verilib, müvafiq infrastruktur yaradılıb. Hazırda məcburi köçkünlərin sosial problemlərinin həlli, mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində işlər ardıcıl olaraq davam etdirilir.

“Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na edilən yeni əlavələrə müvafiq olaraq 2012-2014-cü illər ərzində Bakı və Sumqayıt şəhərlərində başqa vətəndaşlara məxsus olan mənzillərdə və evlərdə müvəqqəti məskunlaşmış 5445 nəfərdən ibarət 1210 məcburi köçkün ailəsi üçün Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu ərazisində çoxmərtəbəli yaşayış binaları tikiləcək və həmin ailələrin bu binalara köçürülməsi təmin olunacaq.

2011-2014-cü illərdə Ağcabədi rayonunun Taxta Körpü ərazisində yeraltı qazma və daxmalarda xüsusilə ağır şəraitdə yaşayan 6300 nəfərdən ibarət 1500 məcburi köçkün ailəsinin müvəqqəti yerləşdirilməsi üçün ayrılmış torpaq sahələrində yaşayış evlərinin tikilməsi və ya qəsəbələrin salınması, eyni zamanda, Gəncə şəhərinin Kəpəz rayonunda, Hacıkənd qəsəbəsində müvəqqəti məskunlaşmış 2595 nəfərdən ibarət 519 məcburi köçkün ailəsi (Xocalı rayonundan olan 1665 nəfərdən ibarət 333 ailə, Kəlbəcər rayonundan olan 930 nəfərdən ibarət 186 ailə) üçün Göygöl və Goranboy rayonları ərazilərində qəsəbələrin salınması və həmin ailələrin bu qəsəbələrə köçürülməsi reallaşacaq.

Bütün bunlar təbii olaraq, Azərbaycan Prezidentinin qaçqın və məcburi köçkünlərə yüksək diqqət və qayğısının bariz təzahürüdür. Prezident İlham Əliyevin siyasətini hər zaman dəstəkləyən və Onun ətrafında sıx birləşən qaçqın və məcburi köçkünlər yurd həsrətinə son qoyulacaq günün uzaqda olmadığına qəti əmindirlər. Çünki dövlətin, onun rəhbərinin bu istiqamətdə atdığı addımları, həyata keçirilən məqsədyönlü siyasətin uğurlu nəticələrini aydın görürlər.

 

Oktay Hacımusalı

 

Yeni Azərbaycan.- 2013.- 20 iyun.- S.6.