Zəhmət və novatorluğun
vəhdətindən ibarət şərəfli ömür yolu
Dünya şöhrətli alim, görkəmli ictimai-siyasi xadim, akademik Cəlal Əliyevin 85 yaşı tamam olur
Hər kəsin həyatının dəyəri böyük Yaradanın ona bəxş etdiyi ömür kəsiyində gördüyü faydalı işlərlə, əməlləri ilə ölçülür. Bu mənada deyə bilərik ki, Azərbaycanın dünya şöhrətli alimi, görkəmli ictimai-siyasi xadim, akademik Cəlal Əliyev xoşbəxt insandır. Onun keçdiyi şərəfli həyat yolu hər bir insan üçün örnəkdir. Bu fədakar alim cəfakeşliyi, gecə-gündüz yorulmaq bilmədən çəkdiyi ağır zəhmət sayəsində qazandığı elmi uğurları ilə çox sevdiyi Vətəninə, qürurla təmsil etdiyi xalqına bütün dünyada başucalığı gətirib.
Akademik Cəlal Əliyev zəhmət üzərində qurulan bütün şüurlu həyatını elmə həsr edib və çox böyük uğurlara imza atıb. “Elmlə məşğul olan insanın əsas məqsədi həmişə qabağa baxmaq, yeni sahələri inkişaf etdirmək, təzə ideyaları irəli sürməkdir. Dünyada həyata keçirilən hər hansı bir elmi prosesi təkrar etmək elmə töhfə vermir, yeni ideyalarla çıxış etmək lazımdır”. Bu sözlər akademik Cəlal Əliyevə məxsusdur. Görkəmli alimin həyatı boyu elmi yaradıcılığının əsas prinsipləri də məhz bu tezislər üzərində qurulub. Akademik Cəlal Əliyev həmişə irəliyə baxıb, həmişə yeniliklərə can atıb, novator ideyalarla çıxış edib. Onun həyat və yaradıcılığı, ictimai-siyasi fəaliyyəti zəhmət və novatorluğun vəhdətindən ibarətdir. Akademikin tükənmək bilməyən ideyaları həmişə zamanı qabaqlayıb və o, güclü iradəsi, daxili inamı və əlbəttə ki, zəhməti sayəsində zamanında başqaları tərəfindən, bəlkə də, lazımınca qiymətləndirilməyən, hətta müqavimətlə üzləşən yeni ideyalarının həyatda təsdiqini tapmasına nail olub.
Böyük alimin şərəfli ömür yolu
Cəlal Əlirza oğlu Əliyev 1928-ci il iyun ayının 30-da Azərbaycan Respublikasının Naxçıvan şəhərində dünyaya göz açıb. 1934-1944-cü illərdə Naxçıvan şəhərində orta məktəbdə oxuyub. 1944-cü ildə Naxçıvan Müəllimlər İnstitutunun təbiətşünaslıq-coğrafiya fakultəsini, 1951-ci ildə isə Azərbaycan (indiki Bakı) Dövlət Universitetinin biologiya fakultəsini fərqlənmə diplomu ilə bitirib. 1954-cü ildə Azərbaycan Elmlər Akademiyasının “bitki fiziologiyası” ixtisası üzrə aspiranturasını bitirib və 1955-ci ildə “Mikroelementlərin buğdanın inkişafına və məhsuldarlığına təsiri” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.
Bu istiqamətdə apardiğı elmi tədqiqatların sonrakı inkişafı “Bitkilərin fotosintetik fəaliyyəti, mineral elementlərlə qidalanması və məhsuldarlığı” mövzusunda müdafiə etdiyi (1971-ci il) doktorluq dissertasiyasında öz əksini tapıb. 1976-cı ildə Azərbaycan EA-nın müxbir üzvü, 1980-ci ildə isə həqiqi üzvü seçilib.
1954-cü ildən Azərbaycan SSR-in Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik İnstitutunda kiçik elmi işçi, böyük elmi işçi, laboratoriya müdiri vəzifələrində çalışıb və hazırda “Bitki fiziologiyası” şöbəsinin müdiridir. Eyni zamanda 1976-ci ildən Azərbaycan EA-nın Botanika İnstitutunda yaradıcı qrupun rəhbəri, sonra laboratoriya müdiri vəzifələrində işləyib və 1990-cı ildən “Məhsuldarlıq prosesinin molekulyar-genetik əsasları” şöbəsinin müdiridir. 1981-1990-cı illərdə Azərbaycan EA Biologiya Elmləri Bölməsinin akademik katibi işləyib. Uzun illərdir ki, Botanika İnstitutunda fəaliyyət göstərən Müdafiə Şurasının üzvüdür. 70-dən çox elmlər namizədi və 10 elmlər doktoru hazırlayıb. Görkəmli alim 500-dən artıq elmi əsərin, o cümlədən respublikamızda və xaricdə nəşr olunan 20 monoqrafiya və tövsiyənin, 5 kitabın və 23 patentin müəllifidir.
Akademik Cəlal Əliyev UNESCO yanında “Bioetika, elmi biliklərin və texnologiyaların etikası” Milli Komitəsinin (1999) və həmçinin Azərbaycan Biokimyaçılar və Molekulyar Bioloqlar cəmiyyətinin (1999) sədri, Azərbaycan Biologiya Elminin Yeni Sahələrinin İnkişafı Fondunun (BEYSİF) (1994) prezidentidir
Cəlal Əliyev Azərbaycan elminin inkişafındakı xidmətlərinə görə 6 medal, 2 dəfə “Qırmızı əmək bayrağı” ordeni (1972, 1986); Azərbaycan Respublikasının ən yüksək mükafatları - “İstiqlal” (1998) və “Şərəf” ordenləri (2013), Gürcüstan Respublikasının “Şərəf” ordeni (2003) ilə təltif olunub, 1982-ci ildə “Əməkdar elm xadimi” fəxri adına layiq görülüb.
Cəlal Əliyevin elmi fəaliyyətində nəşr və redaksiya işi böyük yer tutur. O, AMEA-nın “Xəbərlər” (biologiya elmləri seriyası) jurnalının baş redaktoru, “AMEA-nın məruzələri” jurnalının redaksiya heyətinin üzvü, bir sıra kitab və topluların redaktorudur.
Cəlal Əliyevə məxsus ciddi prinsipiallıq, elmi gələcəyi görmə qabiliyyəti, naməlum olanı dərk etməyə çalışmaq cəhdi, cavan elmi kadrların yetişdirilməsinə diqqət onun şəxsi keyfiyyətləri və qayğıkeşliyi ilə harmoniya yaradır ki, bunu da əməkdaşları, tələbələri və iş yoldaşları daima minnətdarlıqla etiraf edirlər. Hazırda akademik Cəlal Əliyev biologiya elminin yeni istiqamətləri sahəsində elmi-tədqiqat işlərini müvəffəqiyyətlə davam etdirir.
Akademik Cəlal Əliyev elmi axtarışların istiqamətlərinin müəyyənləşdirilməsində və nəticələrin praktikaya tətbiqində novator alimdir
Ötən əsrin 70-ci illərindən başlayaraq, Cəlal Əliyev tərəfindən müxtəlif ixtisaslar, o cümlədən biologiya, kimya, fizika, riyaziyyat, aqrokimya üzrə ali məktəblərin məzunlarından ibarət elmi kollektivin hazırlanmasına başlanıb. Bu elmi ixtisasların bir-birinə qovuşması nəticəsində respublikamızda ilk dəfə biologiya elminin və kənd təsərrüfatının bir çox nəzəri və praktik məsələlərinin həllində riyazi metodlardan və kompüter texnologiyasından istifadə etmək mümkün olub. Bununla əlaqədar, Moskva, Sankt-Peterburq, Novosibirsk, Kiyev kimi şəhərlərin aparıcı elmi-tədqiqat institutları və böyük alimləri ilə elmi əlaqələrin yaranmasını və genişlənməsini xüsusi olaraq qeyd etmək lazımdır. C.Əliyev Azərbaycanda fiziki-kimyəvi biologiya, xüsusən də biokimya və biofizika sahələrində tədqiqatları genişləndirərək, respublikada yeni tədqiqat istiqamətlərinin, o cümlədən molekulyar biologiya, molekulyar genetika, gen və hüceyrə biotexnologiyası, riyazi biologiya və bioinformatikanın inkişafının əsasını qoyub.
Cəlal Əliyev fundamental tədqiqatların geniş spektrini diqqət mərkəzində saxlamaqla yanaşı, tətbiqi elmə böyük önəm verir. Onun təşəbbüsü ilə fotosintez prosesinin müxtəlif istiqamətlərdə tədqiqatlarının inteqrasiyası hesabına ilk dəfə “yaxşı” fotosintez haqqında təsəvvürlər meydana çıxıb. Bu amil yüksək və keyfiyyətli məhsulun müəyyənləşdirilməsində əvəzsiz rol oynayıb. Bununla da bir sıra bərk və yumşaq buğda sortlarının yaradılmasında fundamental tədqiqatların nəticələrinin reallaşması dövrü başlanıb.
Akademik Cəlal Əliyevin yaradıcı fəaliyyətinin 50 ilindən çoxu kənd təsərrüfatı bitkilərinin, əsasən də buğdanın məhsuldarlığının vacib şərti kimi fotosintetik məhsuldarlıq nəzəriyyəsinin öyrənilməsinə həsr olunub. O, özünün məqsədyönlü və ardıcıl fəaliyyətində məhsuldarlıq prosesinin əsası kimi fotosintezin kompleks tədqiqatlarını genişləndirib. Bu tədqiqatlar dairəsi bitkilərin məhsuldarlığının fizioloji, biokimyəvi, biofiziki və molekulyar-genetik əsaslarını, həm də məhsuldarlıq proseslərinin, bitki orqanizminin fəaliyyətinin quruluş-funksional təşkilinin bütün səviyyələrində - molekulyar səviyyədən bütöv bitki və əkin səviyyəsinə qədər öyrənilməsini əhatə edir.
Cəlal Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi altında aparılan tədqiqatlar nəticəsində ideal tipli buğdanın yüksək məhsuldarlığını müəyyənləşdirən prinsiplər işlənib hazırlanıb. Tarlada bitkilərin karbon qazı mübadiləsi tədqiq olunub və genotiplərin morfofizioloji əlamətlərindən və donor-akseptor əlaqələrindən asılı olaraq, karbon qazının assimilyasiyasının variabelliyinin geniş diapazonu aydınlaşdırılıb. Kontrast genotiplərdə 14SO2 istifadə edilməklə yarpaqda və sünbüldə yaranan assimilyatların metabolizmi, daşınması və paylanması öyrənilib, ayrı-ayrı orqanların dən dolmada rolu müəyyənləşdirilib.
Akademik Cəlal Əliyevin tədqiqatlarına əsasən buğdanın fotosintez fəaliyyətinin sirlərini aydınlaşdırmaqla bunu arzu olunan istiqamətə yönəltmək üçün genetik seleksiya işləri aparılıb. Bununla da Azərbaycanda biologiya sahəsinə tədqiqatları inkişaf etdirməklə molekulyar biologiyanın, gen biotexnologiyasının inkişafının əsası akademik Cəlal Əliyev tərəfindən qoyulub. Onun rəhbərliyi ilə aparılan molekulyar tədqiqatlar əsasında uyğun fermentlərin vasitəsi ilə buğda bitkisinin genom kitabxanası yaradılıb, sintez olunmuş plazmidlərin köməyi ilə genlərin köçürülməsi nəticəsində davamlılıq geni daşıyan bitki regenerantları alınıb. Bunun əsasında gen mühəndisliyindən istifadə etməklə yad genlərin köçürülməsi nəticəsində kənd təsərrüfatı bitkilərinin klonal çoxalma sxemi işlənib hazırlanıb.
Artıq 80-cı illərin əvvələrində aparılan nəzəri və praktiki tədqiqatlar akademik Cəlal Əliyevin hazırladığı “İdeal buğda” bitkisinin modelinin testləri əsasında seleksiya materiallarının seçilməsi və qiymətli formalar yaradılması işini daha da sürətləndirdi. Bu model özündə fitosintetik fəaliyyətin göstəricilərinin və əlamətlərinin morfofizioloji və aqronomik xüsusiyyətlərinin, buğda genotiplərinin real və potensial imkanlarının xarici mühitin amilləri ilə birlikdə öyrənilməsini ehtiva etməklə, bu əsasda yüksək məhsuldarlığı təyin edən prinsiplər müəyyən edilib. Bütün bunların nəticəsində artıq 80-cı illərdə bir çox qiymətli buğda hibridləri yaradıldı, respublikamızın müxtəlif regionlarında yerləşən bölgə-təcrübə stansiyalarında ekoloji sınaqlardan keçirildi və onların stabil, yüksək məhsuldar, keyfiyyətli formaları seçilərək Seleksiya Nailiyyətlərinin Sınağı və Mühafizəsi üzrə Dövlət Komissiyasına (SNSMDK) təqdim olundu. Aparılan ekoloji sınaqlar və SNSMDK-nin nəticələri əsasında artıq rayonlaşdırılmış “Mirbəşir-50”, “Qaraqılçıq-2”, “Vüqar”, “Şiraslan-23”, “Tərtər”, “Bərəkətli-95”, “Əlincə-84” bərk, “Mirbəşir-128”, “Əkinçi-84”, “Qiymətli-2/17” yumşaq buğda sortları tezliklə respublikada geniş əkin sahəsi tutmağa başladı. Hələ 1988-ci ildə bərk buğda proqramının məntiqi nəticəsi kimi akademik Cəlal Əliyevin yaratmış olduğu məşhur “Qaraqılçıq-2” bərk buğda sortu Azərbaycanda rayonlaşmaq üçün təsdiq olunub və tezliklə keçmiş sovetlər birliyinin Dövlət Sortsınağı Komissiyası yüksək məhsuldarlığına görə bu sortun Özbəkistan və Türkmənistan respublikalarında da rayonlaşmasına qərar verib. Onun rəhbərliyi altında aparılan tədqiqatların nəticəsində alınmış quraqlığa davamlı “Bərəkətli-95” bərk buğda, “Əzəmətli-95”, “Qobustan” və “Ruzi-84” yumşaq buğda sortlarının əkin sahəsi respublikanın quraq dəmyə regionlarında artmaqdadır. Dünyaşöhrətli alimin son illərdə müntəzəm olaraq bölgələrdəki təcrübə bazalarında seleksiya materiallarının qiymətləndirilməsi, istehsalat üçün sortların seçilməsi sahəsində ardıcıl fəaliyyəti artıq öz bəhrəsini verib. SNSMDK-nın qərarı ilə rayonlaşmış və yüksək arxitektonikaya malik “Əzəmətli-95”, “Qobustan”, “Nurlu-99”, “Ruzi-84”, “Aran” yumşaq buğda sortlarının sürətlə istehsalata tətbiq olunması respublikanın taxıl istehsalının daha da artırılmasına kömək edib. Eyni zamanda, perspektivli olan “Qırmızı gül 1”, “Tale 38”, “Pirşahin 1” və “Günəşli” yumşaq buğda sortları SNSMDK-da sınaqdadır.
Cəlal Əliyevin rəhbərliyi altında Azərbaycanın torpaq-bitki örtüyündə stonsium-90 və sezium-137-nin dövranının ümumi biokimyəvi xəritəsi verilib, bitkilərin mümkün çirklənmə proqnozları müəyyən olunub və bu hallarda kənd təsərrüfatında həyata keçirilməsi zəruri olan praktiki təkliflər işlənib hazırlanıb. Başqa sözlə, radiasiya təhlükəsizliyi tədbirlərinin əsaslandırılması üçün istifadə olunan bütün işlər görülüb.
Azərbaycan elminin beynəlxalq miqyasda layiqli təmsilçisi
Akademik Cəlal Əliyevin biologiya elminə gətirdiyi fundamental yeniliklər və elmi kəşflərin kənd təsərrüfatında böyük müvəffəqiyyətlə tətbiq olunması beynəlxalq miqyasda da yüksək qiymətləndirilir. Yuxarıda qeyd etdiyimiz kimi, onun kəşf etdiyi yüksək məhsuldarlığa malik buğda sortları ayrı-ayrı ölkələrdə əkilib-becərilir. Həmin ölkələrin rəsmi qurumlarından və taxıl istehsalçılarından dünyaşöhrətli alimin ünvanına və onun fəaliyyəti haqqında ancaq xoş fikirlər səsləndirilir. Azərbaycanlı akademik vaxtaşırı dünyanın nüfuzlu elmi mərkəzlərində mühazirələr oxumağa dəvətlər alır. Onun tezislərinə tez-tez müxtəlif dillərdə çap olunan beynəlxalq nəşrlərin səhifələrində rast gəlmək mümkündür.
Akademik Cəlal Əliyev Rusiya Kənd Təsərrüfatı Elmləri Akademiyasının (1995), Ukrayna (1995) və Belarus (1996) Aqrar Elmlər Akademiyalarının üzvüdür. Bir sıra beynəlxalq və milli cəmiyyətlərin, o cümlədən Bitkilərin Molekulyar Biologiyası üzrə beynəlxalq cəmiyyətin (1994), Amerika Bitki Bioloqları cəmiyyətinin (1994), Fotosintez Tədqiqatları üzrə beynəlxalq cəmiyyətin (1995), Yaponiya Bitki Fizioloqları cəmiyyətinin (1997), Hüceyrə Stresi üzrə beynəlxalq cəmiyyətin (1998) üzvüdür.
Böyük alim Cəlal Əliyev eyni zamanda fəal vətəndaş mövqeyi ilə seçilir
Cəlal Əliyev dünya miqyasında tanınan novator alim olmaqla yanaşı, həm də müstəqil Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak edir. Cəlal Əliyev dörd çağırış (1995, 2000, 2005 və 2010-cu illər) Azərbaycan Respublikası Milli Məclisinə üzv seçilib. O, seçicilərinin etimadını doğrultmağı və qanun yaradıcılığı işinə töhfə verməyi deputat kimi fəaliyyətinin əsas məqsədi hesab edir.
Böyük alim Cəlal Əliyev Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev ideyalarının alovlu təbliğatçısıdır. O, bir ziyalı kimi, ölkəmizin xoşbəxt və firəvan gələcəyini Ulu öndər Heydər Əliyev ideyalarının təntənəsində görür. Böyük alim Cəlal Əliyevin Ulu öndər Heydər Əliyev ideyalarına sədaqətindən və fəal vətəndaş möqeyindən söhbət açarkən yada ilk növbədə ötən əsrin sonları düşür. Həmin dövrün təlatümləri, müstəqilliyimizə və ümumiyyətlə, milli varlığımıza yönələn təhdidlər yaddaşlardan silinməyib. O dövrdə xaricdəki və daxildəki bir sıra qüvvələr Heydər Əliyevin Vətənə dönməsini hər vəchlə əngəlləməyə və beləliklə də, Azərbaycanın düşdüyü ağır vəziyyətdən qurtuluşunun qarşısına birdəfəlik çəpər çəkməyə çalışırdılar. Ölkəmiz üçün belə “ölüm, ya qalım” məqamında bir qrup vətənpərvər kimi, Cəlal Əliyev də o mövqedə idi ki, Azərbaycanın nicatı, qurtuluşu Ulu öndərin Vətənə qayıdışı, çətin günlərdə xalqı ilə bir yerdə olması ilə bağlıdır. Və o, təhdidlərin, hədə-qorxuların qarşısında geri çəkilməyərək Heydər Əliyevin Böyük Qayıdışı naminə bacardığını, əlindən gələni etdi.
Bu gün Ulu öndərin ideyalarının təntənəsi, Heydər Əliyevin təməlini qoyduğu siyasi kursun dövlət başçısı İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilməsi bir alim və vətəndaş kimi Cəlal Əliyevi sevindirir. O, gündən-günə yeni zirvələr fəth edən, dünya birliyinin layiqli üzvünə çevrilən müstəqil Azərbaycanın inkişafından qürur duyduğunu səmimiyyətlə etiraf edir. Akademik bu günlərdə Bakıda “Davamlılıq üçün fotosintez tədqiqatları-2013: Cəlal Əliyev” mövzusunda keçirilən beynəlxalq konfransda bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə elmin inkişafına şərait yaradılır, intellektual sahələrə böyük qayğı və diqqət göstərilir. C.Əliyev vurğulayıb: “Bu kimi səylər ölkə iqtisadiyyatının inkişafına böyük imkan yaradır. Dünya ölkələrinə nəzər salsaq, görərik ki, iqtisadiyyatı yüksək olan ölkələrdə inkişaf etmiş elm mövcuddur. Ölkəmizdə də elmin inkişafına şərait yaradılıb, bu sahəyə xüsusi diqqət göstərilir”.
Mübariz ABDULLAYEV
Yeni Azərbaycan.- 2013.- 28 iyun.- S.6.