Bakıda akademik Vasim Məmmədəliyevin
70 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi konfrans
işə başlayıb
İyunun 27-də Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun təşkilatçılığı ilə tanınmış şərqşünas alim, akademik Vasim Məmmədəliyevin 70 illik yubileyinə həsr olunmuş “Azərbaycan şərqşünaslıq elminin inkişaf yolları” mövzusunda ikigünlük beynəlxalq elmi konfrans işə başlayıb.
AzərTAc xəbər verir ki, konfransda Azərbaycan ilə yanaşı, Türkiyə, Rusiya, İran, Qazaxıstan, Özbəkistan və Türkmənistandan alimlər iştirak edirlər.
Əvvəlcə tədbir iştirakçıları foyedə AMEA-nın Mərkəzi Elmi Kitabxanasının təşkil etdiyi “Vasim Məmmədəliyev-70” mövzusunda sərgi ilə tanış olublar.
Konfransın plenar iclasında AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli Azərbaycanda tanınmış elm xadimlərinin yubileylərinin qeyd edilməsinin ənənəyə çevrilməsindən, alimlərin səmərəli fəaliyyəti üçün hərtərəfli şəraitin yaradılmasından söz açıb. Hazırda ölkəmizdə elm və təhsilin inkişafı sahəsində uğurlu strategiyanın, müxtəlif layihələrin həyata keçirildiyini qeyd edən İ.Həbibbəyli Ümummilli lider Heydər Əliyevin Azərbaycan elminə, təhsilinə xüsusi diqqət və qayğısından, Onun siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən danışıb.
İ.Həbibbəyli akademik Vasim Məmmədəliyevin həyatı, elmi və ictimai fəaliyyəti haqqında geniş məlumat verib, Azərbaycan şərqşünaslıq elminin inkişafında, bu sahədə elmi kadrların hazırlanmasında alimin müstəsna xidmətlərindən danışıb. İ.Həbibbəyli V.Məmmədəliyevin universal dünyagörüşü və çoxcəhətli elmi-pedaqoji fəaliyyəti ilə digər alimlərdən fərqləndiyini qeyd edib.
Akademik V.Məmmədəliyevin ərəb dilçiliyinə həsr olunmuş əsərlərinin keçmiş sovetlər məkanında elmi hadisə səviyyəsində qəbul olunduğu, onun hələ 32 yaşında müdafiə etdiyi “Müasir ərəb ədəbi dilinin felin zaman, şəxs və şəkil kateqoriyaları” mövzusunda doktorluq dissertasiyasının ərəb dilçilik aləmində birinci sistemli tədqiqat kimi dəyərləndirildiyi vurğulanıb.
Bildirilib ki, Bakı Dövlət Universitetinin (BDU) ilahiyyat fakültəsinin dekanı, akademik V.Məmmədəliyev Azərbaycanda İslam dininin elmi əsaslarla öyrənilməsinin təbliği məsələsinin təşəbbüskarlarındandır. Alimin elmi axtarışları ərəb dilçiliyi və ümumi dilçilik sahələrində, islamşünaslıqda, ərəb-Azərbaycan ədəbi-mədəni əlaqələrində geniş istifadə olunur. 1991-ci ildə müsəlmanların müqəddəs kitabı “Qurani-Kərim”in mərhum akademik Ziya Bünyadov və akademik V.Məmmədəliyev tərəfindən Azərbaycan dilinə tərcümə edilməsi ölkəmizin və bütövlükdə İslam dünyasının elmi-mədəni həyatında mühüm hadisə idi.
Akademik İ.Həbibbəyli yubilyarı təbrik edib, ona cansağlığı, elmi-pedaqoji fəaliyyətində uğurlar arzulayıb.
AMEA-nın vitse-prezidenti Azərbaycan alimləri ilə yanaşı, xarici ölkə mütəxəssislərinin də iştirak etdikləri tədbirin böyük elmi və siyasi əhəmiyyətini vurğulayıb, konfransın işinin uğurla nəticələnəcəyinə əminliyini bildirib.
Konfransda Şərqşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı, professor Gövhər Baxşəliyevanın “Azərbaycan şərqşünaslığının ağsaqqalı” mövzusunda məruzəsi dinlənilib. Qeyd olunub ki, akademik V.Məmmədəliyev kökləri orta əsrlərin dərinliklərinə gedib çıxan Azərbaycan şərqşünaslığının ən layiqli davamçısı, müasir şərqşünaslıq elmimizdə Mirzə Kazım bəy ənənələrinin daşıyıcısıdır. Əsas tədqiqat sahəsinin ərəb dilçiliyi olmasına baxmayaraq, onun əsərlərində Şərq filologiyası və poeziyası, İslam tarixi, kəlam, fəlsəfə, təfsir, quranşünaslıq və leksikoqrafiyanın ən mühüm məsələləri tədqiq edilib. Alim bu sahələrdə də qiymətli əsərlərin müəllifidir.
G.Baxşəliyeva akademik V.Məmmədəliyevin mənalı həyat yolundan, zəngin elmi fəaliyyətindən danışıb, böyük alimin “Ərəb ədəbi dilində felin zaman, şəxs və şəkil kateqoriyaları”, “Bəsrə qrammatika məktəbi”, “Kufə qrammatika məktəbi”, “Ərəb dilçiliyi” əsərləri ilə ərəb dilçiliyinin ən ümdə məsələlərinin kamil tədqiqatçısı kimi şöhrət qazandığını qeyd edib. Bildirib ki, azərbaycanlı alim ilk dəfə ərəb qrammatika məktəblərini sistemli şəkildə tədqiq edib, məşhur Bağdad, Əndəlus, Bəsrə, Kufə, Misir qrammatiklərinin əsaslandıqları nəzəri və metodoloji prinsipləri yüksək səviyyədə öyrənib. Bir çox qədim ərəb mənbələrindən faydalanan alim ərəb dilçilik elminin əsas inkişaf yollarını izləməklə, bu mühüm qrammatika məktəblərinin təlimlərini müqayisəli şəkildə şərh edib. V.Məmmədəliyev “Ərəb dilçiliyi” adlı fundamental əsərində ilk dəfə “ərəb dilçiliyinin Azərbaycan məktəbi” ifadəsini işlədib və Azərbaycanda dilçilik ənənəsinin çoxəsrlik tarixə malik olduğunu sübut edib.
Tədbirdə BDU-nun Şərqşünaslıq fakültəsinin dekanı, professor Elxan Əzizov akademik V.Məmmədəliyevin pedaqoji fəaliyyətindən danışıb. Akademikin rəhbərlik etdiyi ilahiyyat fakültəsinin ölkəmizdə ilahiyyat və islamşünaslıq üzrə hərtərəfli savadlı mütəxəssislərin hazırlanmasında böyük rol oynadığı, eləcə də V.Məmmədəliyevin mərhum akademik Ziya Bünyadovla birgə Azərbaycan dilinə tərcümə etdiyi müqəddəs “Qurani-Kərim”in ölkəmizdə İslama, bu dinin tarixinə, fəlsəfəsinə və mədəniyyətinə dair araşdırmalara güclü təkan verdiyi vurğulanıb.
Daha sonra Şərqşünaslıq İnstitutunun böyük elmi işçisi Lalə Bayramovanın “Zirvələri fəth etmiş müəllim”, BDU-nun ərəb filologiyası kafedrasının müəllimi Könül Eyvazovanın “Akademik V.Məmmədəliyevin elmi fəaliyyəti” mövzusunda məruzələri dinlənilib.
AMEA-nın Humanitar və İctimai Elmlər Bölməsinin akademik-katibi, akademiyanın müxbir üzvü Kamal Abdullayev, Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri, akademik Ziyad Səmədzadə V.Məmmədəliyevin Azərbaycan elmi və mədəniyyəti tarixində, ərəb filologiyası və ilahiyyat elmlərində görkəmli yer tutan, milli şərqşünaslıq elmimizə böyük töhfələr verən, onu beynəlxalq aləmdə tanıdan və həmişə ən yüksək səviyyədə təmsil edən böyük alim olduğunu söyləyiblər. Natiqlər tanınmış alimin hələ uzun müddət öz tədqiqatları ilə şərqşünaslıq elmini zənginləşdirəcəyini, onu yeni-yeni zirvələrə doğru aparacağını əminliklə vurğulayıblar.
İraqın Azərbaycandakı səfiri Heydər Şiyə Qubeyşi Əl-Barrak, Türkiyənin Karabük Universitetinin dosenti Əli Əskər, Rusiya Elmlər Akademiyası Dağıstan Regional Etnosiyasi Araşdırmalar Mərkəzinin əməkdaşı Aslanbek Adiyev, İranın Zəncan Universitetinin müəllimi Moctəba Şoai, AMEA-nın İqtisadiyyat İnstitutunun direktoru, professor İsa Alıyev, Şərqşünaslıq İnstitutunun şöbə müdiri Vilayət Cəfərov və başqaları yubilyarı təbrik edib, ona yeni yaradıcılıq uğurları arzulayıblar.
Akademik V.Məmmədəliyev bu zirvəyə görkəmli alimlərdən dərs alaraq çatdığını vurğulayıb, müəllimlərini hörmət və ehtiramla yad edib. Yubilyar tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirib.
Sonra konfrans işini AMEA-nın Şərqşünaslıq İnstitutunda bölmə iclasları ilə davam etdirib.
Beynəlxalq konfrans iyunun 28-də başa çatacaq.
Yeni Azərbaycan.-
2013.- 28 iyun.- S.7.