Azərbaycan Respublikası Prezidentinin
İşlər İdarəsinin Prezident
Kitabxanası 10 illik yubileyini
qeyd edir
Bu il respublikamızın kitabxana işi tarixində hadisələr ilidir. İyun ayında Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının yaradılmasının on illiyi qeyd olunur. Bu kitabxana ölkənin ali icra hakimiyyəti orqanı olan Prezident Administrasiyasının və digər dövlət orqanlarının kitabxana-biblioqrafik və informasiya təminatını həyata keçirən başlıca qurumdur.
Prezident Kitabxanasından AzərTAc-a bildirmişlər ki, Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsindən sonra ictimai fəaliyyətin bir sıra sahələrində olduğu kimi, kitabxana işi sahəsində də əsaslı dəyişikliklər baş verdi. Kommunist Partiyası buraxıldı və onun kitabxana şəbəkəsi ləğv edildi. Lakin yeni qurulmuş dövlətin ali icra orqanı olan Prezident Aparatının, İşlər İdarəsinin fəaliyyətinin sənədlə, kitabxana xidməti ilə təminatının zəruri olması nəzərə alınmaqla, 1993-cü ildə keçmiş Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin S.M.Kirov adına Siyasi Maarif Evinin Kitabxanası Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Təsərrüfat Şöbəsinin tərkibinə verildi və ölkənin ali icra hakimiyyəti qurumunun, eləcə də digər icra orqanlarının mütəxəssislərinə xidmət etməyə başladı.
Kitabxananın tarixində ən əhəmiyyətli hadisə isə 2003-cü ilin yanvar ayının 23-də baş verdi. Ulu öndər Heydər Əliyevin göstərişi ilə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Təsərrüfat Şöbəsinin Kitabxanası və Bakı Şəhər Mərkəzi Kitabxanası (keçmiş V.İ.Lenin adına Mərkəzi Şəhər Kitabxanası) birləşdirildi və daha yüksək inzibati statusda, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kitabxanası kimi yenidən təşkil edildi. Bu zaman yeni yaranan kitabxananın kadr potensialı, maddi-texniki resursları xeyli genişləndi. Buna görə də 2003-cü il Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kitabxanasının yaradılması ili kimi qeyd edilir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2006-cı ildə kitabxanada olmuş, onun fəaliyyətini yüksək qiymətləndirmişdir. Azərbaycan Prezidenti kitabxanadan həm də alim və tədqiqatçıların, geniş oxucu kütləsinin istifadə etmələri üçün imkan yaradılmasını tapşırmışdır. 2007-ci il yanvarın 9-da isə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin müdirinin sərəncamı ilə kitabxananın adı dəyişdirilərək Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası adlandırılmışdır.
Kitabxananın fəaliyyətinin on ili ərzində bir sıra əhəmiyyətli işlər yerinə yetirilmişdir. Ən başlıcası, kitabxanada bütün kitabxana-biblioqrafik proseslərini avtomatlaşdırmağa imkan verən İRBİS 64 Kitabxanaların Avtomatlaşdırılması Sisteminin tam versiyası tətbiq edilmişdir. Bunun nəticəsində kitabxana fondunun komplektləşdirilməsi, kataloqun yaradılması, biblioqrafik vəsaitlərin tərtibi, biblioqrafik axtarış, oxucuların uçotu, kitab verilişinin qeydi və digər proseslər bu sistemin imkanları sayəsində yerinə yetirilir. Bu sistem kitabxana proseslərini dəfələrlə sürətli, yüksək keyfiyyətli, əməyə və vaxta qənaətlə yerinə yetirməyə imkan yaradır.
Mövcud direktiv sənədlərə və Kitabxananın Əsasnaməsinə uyğun olaraq Prezident Kitabxanasının əsas vəzifələri müəyyənləşdirilmişdir. Bunlara tələbatçıların sənəd-informasiya ehtiyaclarının öyrənilməsi və bunu tam şəkildə ödəməyə imkan verən dolğun kitabxana fondunun formalaşdırılması, tələbatçılara ənənəvi, həm də yeni informasiya texnologiyalarına əsaslanan kitabxana-biblioqrafiya və informasiya xidmətinin göstərilməsi, ən müxtəlif mövzulu və təyinatlı biblioqrafik vəsaitlərin, daha çox müraciət edilən mövzular üzrə sənəd-informasiya resurslarını əhatə edən portalların, layihələrin, elektron sənəd toplularının, tematik saytların yaradılması, tələbatçılara həm kitabxana binasında, həm də virtual şəkildə kitabxananın zəngin veb-saytı və elektron poçt vasitəsilə sənəd-informasiya xidmətinin təşkili aiddir.
Elektron sənədlərin yaradılması və istifadəsi texnologiyalarının geniş yayılması müasir dünya kitabxanaçılığında bu sahəyə diqqəti artırmışdır. Prezident Kitabxanasında da həmin tendensiyalara uyğun olaraq müxtəlif mövzulu və təyinatlı tammətnli sənəd-informasiya toplularının yaradılması sahəsində xeyli iş görülmüşdür. Elektron sənəd-informasiya ehtiyatların yaradılması sahəsində ən əhəmiyyətli iş e-resurs və e-layihə tipli topluların yaradılmasıdır. İndiyədək kitabxanada 11 adda e-resurs və 10 adda e-layihə yaradılmışdır.
Bunlara misal olaraq "Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, çıxışları, müsahibələri, bəyanatları: 2003-2013", "İlham Əliyev və Azərbaycanın neft diplomatiyası", "Əsrin müqaviləsi", "Azərbaycanda Olimpiya hərəkatı", "Xoşməramlı səfir" və başqa e-resursları, "Heydər Əliyev: Elektron Sənədlər toplusu", "Azərbaycan Prezidenti İlham Əliyevin xarici siyasət fəaliyyəti", "Odlar Yurdu Azərbaycan", "XX əsrin faciəsi - Xocalı soyqırımı", "Azərbaycan. Dövlət rəmzləri və atributları" və başqa e-layihələri qeyd etmək olar.
Bu toplular yaradılarkən rəsmi sənədlərdən, kitablardan, məqalələr məcmuələrindən, jurnal və qəzet məqalələrindən, internetdə yerləşdirilmiş materiallardan və s. istifadə edilir. Kitabxanada həm də digər növlü, tammətnli sənəd resursları, ən əhəmiyyətli kitabların, dövri mətbuatda dərc edilmiş məqalələrin elektron versiyaları yaradılaraq istifadəçilərə təqdim edilir. Kitabxananın çox zəngin veb-saytı vardır. Yuxarıda qeyd edilən resursların hamısı həmin sayt vasitəsilə istifadəçilərin ixtiyarına verilmişdir.
Kitabxananın 2008-ci ildə qeyd edilmiş beşillik yubileyində olduğu kimi, onillik yubileyində də qazanılmış nailiyyətləri ümumiləşdirmək, mütəxəssislərin və alimlərin iştirakı ilə müzakirə etmək, həmkarların təcrübəsini öyrənmək və tətbiq etmək üçün Beynəlxalq elmi-praktik konfransın keçirilməsi planlaşdırılır.
"Dövlət idarəetmə orqanlarının sənəd-informasiya təminatı: müasir vəziyyət və inkişaf perspektivləri" mövzusunda həmin konfrans iyunun 28-29-da Prezident Kitabxanasında keçiriləcəkdir.
Konfransda dünyanın bir sıra ölkələrində ali dövlət qurumlarının sənədlərlə və biblioqrafik informasiya ilə təmin edilməsinin aktual məsələləri müzakirə ediləcəkdir. Konfransda respublikanın kitabxana işi sahəsində görkəmli mütəxəssisləri, bu işlə əlaqəli bir sıra dövlət qurumlarının nümayəndələri ilə yanaşı, on xarici ölkədən (Belarus, Gürcüstan, Litva, Macarıstan, Moldova, Rumıniya, Rusiya, Türkiyə və Ukrayna) nümayəndələr iştirak edəcəklər. Qonaqların əksəriyyəti ali dövlət icra və qanunvericilik orqanlarının kitabxana-biblioqrafik və sənəd informasiya təminatı ilə məşğul olan qurumlarının mütəxəssisləridir.
Bu beynəlxalq elmi-praktik konfrans həm ölkəmizdə ali dövlət orqanlarının sənəd-informasiya təminatının təkmilləşdirilməsi işinə yardım edəcək, həm də respublikamızda bu sahədə görülmüş işlərin elmi təhlili və dünya miqyasında təbliğinə bir vəsilə olacaqdır.
Yeni Azərbaycan.- 2013.- 28 iyun.- S.5.