Ümummilli lider Heydər Əliyev Azərbaycan
dilinin inkişafına xüsusi diqqət yetirib
Ulu
öndərimiz bütün sahələrdə olduğu kimi
dilimizin inkişafında da müstəsna xidmətlər
göstərib
Zaman-zaman
hər bir xalqın inkişafında və tərəqqisində
müstəsna xidmətlər göstərmiş şəxsiyyətlər
yetişir. Heç şübhəsiz, Azərbaycan xalqı
da, bu baxımdan, tarixi şəxsiyyətlər yetişdirib və
bu mənada Ulu öndər Heydər Əliyev
xalqımızın yetişdirdiyi ən böyük şəxsiyyətlərdən
biridir. Məhz xalqımız üçün göstərdiyi
misilsiz xidmətlər Heydər Əliyevi Ümummilli lider zirvəsinə
yüksəldib. Bu xidmətlərin nəticəsidir ki, hər
il 10 may tarixi xalqımız tərəfindən milli bayram səviyyəsində
qeyd olunur. Məlum olduğu kimi, bu il 90 illik yubileyini qeyd edəcəyimiz
Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi
ilə Azərbaycan xalqının tərəqqi və
inkişaf dövrü başladı. Təsadüfi deyil ki, məhz
Ümummilli liderimiz Heydər Əliyevin ötən əsrin
70-ci illərinin əvvəllərindən başlayaraq
xalqımızın milli-mənəvi dəyərlərinin
qorunması, tariximizin düzgün istiqamətdə öyrənilməsi,
ana dilimizin rolunun artırılması, xalqın azadlıq istəyinin
təcəssümü kimi ortaya çıxan ədəbi-bədii
nümunələrin hücumlardan qorunması yönündə
apardığı məqsədyönlü siyasət cəmiyyətdə
milli ruhun oyanışına təkan verdi.
Ulu
öndər Heydər Əliyev Azərbaycanın gələcək
müstəqilliyi üçün zəruri olacaq sosial-iqtisadi
əsasları, infrastruktur təminatını, milli kadr
potensialını formalaşdırdı.
İnsanlarımıza milli dövlətçilik
düşüncəsini aşıladı. Hər bir azərbaycanlı
özünü bəlli bir coğrafiyanın gələcəyinə
görə məsuliyyət daşıyan vətəndaş
kimi dərk etməyə başladı. Ölkə
üçün gərəkli mütəxəssislərin
hazırlanması məqsədilə 1970-1982-ci illər
arasında və daha sonralar minlərlə azərbaycanlı gənc
məhz Heydər Əliyevin təşəbbüsü əsasında
keçmiş SSRİ-nin müxtəlif şəhərlərindəki
nüfuzlu ali məktəblərdə təhsil almağa
göndərildilər. Sadalananlar Ulu öndər Heydər Əliyevin
sovet Azərbaycanına rəhbərliyi dövründə Onun
siyasi iradəsi əsasında görülmüş işlərin
yalnız məhdud bir hissəsidir və bütün bunlar
80-ci illərin sonlarına doğru Azərbaycanın istiqlal
mübarizəsi tarixinin hərəkətverici qüvvəsi
rolunda çıxış etdi.
Ana dili hər bir xalqın
varlığını təsdiq edən başlıca amildir
Təbii
ki, bu istiqamətdəki fəaliyyətində Ümummilli
liderimiz Heydər Əliyev Azərbaycan dilinin inkişafına
xüsusi diqqət yetirib. Çünki ana dili hər bir
xalqın varlığını təsdiq edən
başlıca amildir. Ana dili hər bir xalqın milli sərvəti,
həmin xalqın varlığının təsdiqidir. Dil millətin
formalaşmasında vacib olan amillərdən biridir. Xalqın
keçdiyi tarixi yol, onun mədəni səviyyəsi, ilk
növbədə, onun dilində öz əksini tapır. Dil,
həm də, çətin tarixi-siyasi dövrlərdə millətin
varlığını sürdürməsi üçün əsas
vasitədir. Dilini itirən xalq məhvə məhkumdur. Azərbaycan
dili də Azərbaycan xalqının milli sərvətidir və
xalqımız, millətimiz tarix durduqca bu sərvətin
qayğısına qalmalı və dilimizi gələcək nəsillərə
ötürməlidir. Azərbaycan dilinin bugünkü
inkişaf səviyyəsi xalqımızın dünyanın ən
qədim xalqlarından biri olduğunu təsdiqləyir. Lakin Azərbaycan
dilinin yaxın keçmişdə ciddi sınaqlarla üzləşdiyini
də unutmaq olmaz.
Belə
ki, çar Rusiyasının ruslaşdırma siyasətindən
sonra 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin
mövcud olduğu qısa müddətdə dilimizin
inkişafına böyük önəm verildi. Daha sonra Azərbaycanın
Sovet imperiyasının tərkibində olduğu illərdə
isə dilimizə qarşı hücumların yeni
dalğası başlandı. “Sovet xalqı”
formalaşdırmaq adı altında müxtəlif
xalqların dilini, mədəniyyətini, milli kimliyini yox etməyə
yönələn siyasət Azərbaycanda da özünü göstərirdi.
Belə ki, ölkədə rəsmi dövlət dili rus dili
idi, rəsmi tədbirlərdə bir qayda olaraq rus dilində
çıxışlar üstünlük təşkil edirdi.
Oxşar vəziyyət özünü radio, televiziya və mətbuatda
da göstərirdi. Ölkədə elə bir psixoloji
mühit yaradılmışdı ki, hətta, bəzən
sıravi insanlar arasında da Azərbaycan dilində
danışmaq, rus dilini bilməmək qəbahət hesab
olunurdu.
Lakin
Azərbaycan dilini sevən, ona hörmətlə yanaşan
Ümummilli lider Heydər Əliyev dilə münasibəti ilə
hər kəsə örnək oldu. 1969-1982-ci illərdə sovet
Azərbaycanına rəhbərlik edən Ulu öndər bir
çox ziyalıların cəsarət etmədiyi halda,
müxtəlif tədbirlərdə Azərbaycan dilində
çıxış etməklə dilimizə verdiyi dəyəri
göstərdi. O, həmçinin, rusdilli məktəblərdə
Azərbaycan dilində dərsliklərin daha çox istifadəsinə
dair göstərişlər də vermişdi.
Bunlarla
kifayətlənməyən Ulu öndər 1978-ci ildə
tarixi bir uğura imza atdı. Belə ki, həmin ildə qəbul
olunan Azərbaycan SSR-in növbəti Konstitusiyasında ilk dəfə
olaraq, rus dili ilə yanaşı, Azərbaycan dili rəsmi dil
statusu əldə etdi. Azərbaycan yerli dilin rəsmi dil
statusuna malik olduğu azsaylı Sovet respublikalarından biri
idi.
Ulu öndərin dil siyasəti Onun
dövlət quruculuğu siyasətinin tərkib hissəsi olub
Ulu öndər Heydər Əliyev Azərbaycan dövlətinin
rəhbəri olduğu ilk illərdən ana dilinin sosial-siyasi,
ideoloji problemləri ilə bilavasitə məşğul olub. Tarix
üçün o qədər də böyük olmayan, təxminən
onillik bir müddətdə görkəmli dövlət xadimi
həqiqətən böyük tarixi olan
aşağıdakı işləri həyata keçirib.
Birincisi, Azərbaycan dili dövlət dili olaraq Azərbaycan
SSR-in müvafiq qanunlarında (xüsusilə Konstitusiyada)
öz əksini tapıb, Moskvanın etirazlarına baxmayaraq,
respublikada rus dili ilə yanaşı, Azərbaycan dilinin də
rəsmiliyi təmin edilib.
İkincisi, Azərbaycandilli məktəbin, maarifin
inkişafına xüsusi qayğı göstərilib, bir
sıra digər Sovet respublikalarından fərqli olaraq, Azərbaycanda
gəncliyin ana dilində təhsilinə üstünlük
verilib.
Üçüncüsü,
Azərbaycan dilində mətbuatın, elmin tərəqqisi
üçün dövlət rəhbərliyi əlindən gələni
edib, Azərbaycanın böyük yazıçıları
öz əsərlərini, demək olar ki, yalnız ana dilində
yazıb, Azərbaycan Yazıçılar
İttifaqının aparıcı mətbuat orqanları - “Azərbaycan”,
“Ulduz” jurnalları, “Ədəbiyyat və incəsənət”
qəzeti Azərbaycan dilində nəşr edilib.
Dördüncüsü,
Azərbaycan dilinin tarixi o zamana qədər görünməmiş
bir ardıcıllıqla araşdırılıb,
çoxcildlik “Müasir Azərbaycan dili” kitabları
yaradılıb, həmin çoxcildliklərdən biri - ali məktəblər
üçün “Müasir Azərbaycan dili” dərsliyi Azərbaycan
Dövlət mükafatına layiq görülüb, ana dilini
araşdıran alimlərin əməyi yüksək qiymətləndirilməklə,
əslində, ana dilinin nüfuzu bir daha təsdiq edilib.
Beşincisi, həm rəsmi, həm də qeyri-rəsmi
yığıncaqlarda, məclislərdə Azərbaycan dilində
danışmaqdan çəkinməyən respublika rəhbəri
praktik olaraq ana dilinin ictimai-siyasi mövqeyinin yüksəlməsinə
bilavasitə təsir göstərib, başqalarına nümunə
olub və s.
Bütün bunlar onu göstərir ki, Azərbaycan
xalqının Ümummilli lideri Heydər Əliyevin
hazırlayıb həyata keçirdiyi dil siyasəti Onun
dövlət quruculuğu siyasətinin tərkib hissəsi
olub. Ali məktəblər
üçün yazılmış “Müasir Azərbaycan
dili” dərsliklərinin Respublika Dövlət mükafatına
layiq görülməsi, anadilli ədəbiyyatın
inkişafı üçün hər cür şəraitin
yaradılması, Azərbaycan ədəbiyyatı klassiklərinin
təbliği məhz bunun nəticəsi idi.
Müstəqilliyə gedən yolda
ana dilinin ictimai-siyasi nüfuzunun güclənməsi Ulu
öndərin vaxtilə yürütdüyü siyasətin nəticəsi
idi
1980-ci illərin sonu, 90-cı illərin əvvəllərində
Azərbaycanda milli azadlıq hərəkatının
gedişində ana dilinin ictimai-siyasi nüfuzunun güclənməsi
də Ulu öndər Heydər Əliyevin vaxtilə
yürütdüyü siyasətin bilavasitə nəticəsi
idi. Lakin həmin illərdə, başqa sahələrdə
olduğu kimi, dil quruculuğu, dil siyasəti, geniş mənada
dil mədəniyyəti sahələrində də hədsiz hərc-mərcliyə
yol verilirdi - xüsusilə AXC-Müsavat
cütlüyünün hakimiyyətdə olduğu zaman
etnik-kulturoloji məsələlərlə bağlı
buraxılan səhvlər milli dilin (dövlət dilinin)
nüfuzuna mənfi təsir göstərdi. Belə ki,
yaxın dövrün tarixi varisliyi gözlənilmədən
ana dilinə (dövlət dilinə) münasibətdə kəskin
sıçrayışlarla səciyyələnən, hər
cür əsasdan məhrum “tədbirlər” görülməsinə
başlandı ki, həmin “tədbirlər” nəticə
etibarilə idarəolunmaz bir situasiyaya çevrildi və ana
dili bütövlükdə təhlükə altında
qoyuldu. Eyni zamanda, geniş, hərtərəfli müzakirələr
aparılmadan (nə ictimaiyyətin, nə də mütəxəssislərin
rəyini öyrənmədən) ana dilinin “türk dili”
adlandırılması, eləcə də, kiril əlifbasından
latın əlifbasına keçidə hazırlıqsız
başlanması sonralar bir sıra problemlər törətdi.
Bütün bunlarla yanaşı, normal təhsil görməmiş,
mədəniyyətdən uzaq bir sıra “dövlət xadimləri”nin,
“siyasi xadimlər”in müxtəlif
çıxışları, məntiqsiz mülahizələri
Azərbaycan ədəbi dilinin tarixən müəyyənləşmiş
normalarına, funksional üslublarına (ümumən ana
dilinin əxlaqına) sayğısız, məsuliyyətsiz
münasibət yaratmağa başladı və s.
1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə
yenidən hakimiyyətə qayıdan Ulu öndər Heydər
Əliyev qısa bir zamanda ölkədə iqtisadi, ictimai-siyasi,
ideoloji-mənəvi həyatın normallaşmasına, stabilləşməsinə
nail oldu. Və Onun xüsusi diqqət yetirdiyi məsələlərdən
biri də məhz dil məsələsi idi. Məsələnin
ciddiliyini nəzərə alan dövlət
rəhbəri mütəxəssislərin iştirakı ilə
geniş müzakirələr keçirdi və həmin
müzakirələr mövcud problemlərin həlli
üçün kifayət qədər məhsuldar oldu.
Ümumiyyətlə, müstəqil Azərbaycan dövlətinin
dil siyasətinin müəyyənləşməsində Ulu
öndərin müstəsna xidmətləri var. Azərbaycan
dilinin qorunması və inkişafı ilə bağlı uzaqgörən
addımlar atan Ümummilli liderin “Millətin milliliyini saxlayan
onun dilidir” ifadəsi dərin məna daşıyır. Azərbaycan
müstəqillik əldə etdikdən sonra dövlətə
və xalqa yenidən rəhbərlik edən Ümummilli lider
ana dili məsələsinə yeni səviyyədə -
müstəqil dövlət quruculuğunun tələb etdiyi səviyyədə
yanaşmağın təcrübəsini verdi.
1995-ci ildə qəbul edilən Konstitusiyada Azərbaycan
dili milli dövlətçiliyimizin rəmzlərindən biri
olaraq təsbit edildi. Konstitusiyanın qəbulu ərəfəsində
dövlət dilinin adı ilə bağlı keçirilən
geniş ictimai müzakirələr Azərbaycan dilinin
nüfuzunun artırılmasına təsir etdi, dövlət
dilinin müstəqil dövlət üçün nə demək
olduğunu əyani şəkildə göstərdi. Həmin müzakirələr sübut etdi ki,
yalnız milli ictimai təfəkkür deyil, bilavasitə mütəxəssislər
də ana dilinin qeyd-şərtsiz “türk dili”
adlandırılmasının əleyhinədir. Hər
şeydən əvvəl, ona görə ki, iki müstəqil
türk mənşəli dilin hər ikisinin eyni bir adla
adlandırılması özünü doğrultmur və təcrübədə
onları istər-istəməz ayrı-ayrı adlarla (Azərbaycan
türkcəsi - Türkiyə türkcəsi) adlandırmaq
lazım gəlir; Azərbaycan ərazisində yaşayan
qeyri-türk mənşəli müxtəlif xalqlar, etnoslar “Azərbaycan
dili”nin “türk dili” adlandırılmasından hər hansı
halda narahat olurlar, bir sıra qüvvələr isə bundan
istifadə edərək “xırda millətçilik” hisslərini
qızışdırırlar; “Azərbaycan dili” adı
artıq neçə on illərdir ki, uğurla işlənir,
kifayət qədər böyük işlənmə təcrübəsinə
malikdir.
2001-ci ildə Ümummilli liderimizin imzaladığı
“Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi
haqqında” Fərman isə yalnız cari bir sənəd deyil,
xüsusi tarixi əhəmiyyət daşıyan böyük
siyasi hadisə idi. Məhz Ulu öndər Heydər Əliyevin
yürütdüyü dil siyasətinin nəticəsində
bütün dövlət və qeyri-hökumət təşkilatlarında,
indiyə qədər Azərbaycan dilindən istifadə etməmiş
qurumlarda dövlət dili, sözün həqiqi mənasında,
bərqərar edildi. Eləcə də, latın
qrafikasına keçid prosesi başa
çatdırıldı.
30 sentyabr 2002-ci ildə isə Ulu öndər Heydər Əliyev
tərəfindən “Azərbaycan Respublikasında dövlət
dili haqqında” Qanun təsdiq olundu. Bu sənəddə göstərilir
ki, Azərbaycan Respublikası Azərbaycan dilinin dövlət
dili olaraq işlədilməsini öz müstəqil dövlətçiliyinin
başlıca əlamətlərindən biri sayır, onun tətbiqi,
qorunması və inkişaf etdirilməsi qayğısına
qalır, dünya azərbaycanlılarının Azərbaycan
dili ilə bağlı milli-mədəni özünüifadə
ehtiyaclarının ödənilməsi üçün zəmin
yaradır. Bu qanun, ölkə Konstitusiyasına
uyğun olaraq, Azərbaycan Respublikasında Azərbaycan dilinin
dövlət dili kimi hüquqi statusunu nizamlayır. Ötən illər ərzində isə bu qanun xeyli
dərəcədə təkmilləşdirilib.
Ulu
öndər Heydər Əliyevin qərarı ilə 1 avqust
tarixi hər il Azərbaycan Əlifbası
və Azərbaycan Dili Günü kimi qeyd olunur
Yeri gəlmişkən,
Ümummilli lider Heydər Əliyevin 2001-ci il
avqustun 9-da imzaladığı Sərəncama əsasən
avqustun 1-i respublikamızda Azərbaycan Əlifbası və Azərbaycan
Dili Günü kimi qeyd edilir. Bu, Azərbaycan
dili tarixində əlamətdar, önəmli hadisədir.
Bundan əlavə, qəbul edilən digər Fərman
və sərəncamlar əsasında dilimizin inkişafı,
ana dilində təhsilin keyfiyyətinin
yaxşılaşdırılması istiqamətində
mühüm addımlar atılıb.
Ulu öndər müxtəlif ölkələrdəki
diaspor nümayəndələrimizlə görüşlərində
dəfələrlə vurğulayıb ki, hansı ölkədə
yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı
öz ana dilini, milli adət-ənənələrini
unutmamalıdır. “Nə yaxşı ki, Azərbaycan dili
bütün tələblərə cavab verir. Daha
doğrusu, onun böyük potensialı imkan verib ki, o,
artıq dünya dilləri içərisində öz layiqli
yerini tutmuşdur”, - ifadəsi də böyük öndərimizə
məxsusdur.
Ulu öndərimizin dil siyasəti
uğurla davam etdirilir
Ümummilli lider Heydər Əliyevin həyata
keçirdiyi dil siyasətini bu gün Azərbaycan Prezidenti
İlham Əliyev uğurla davam etdirir. Latın
qrafikasında kütləvi nəşrlərin meydana
çıxması bunun parlaq göstəricisidir. Ümumiyyətlə, Azərbaycan xalqının
Ümummilli liderinin siyasəti Azərbaycanda ana dilinin -
ümumxalq dilinin tərəqqisi üçün elə bir
tarixi şərait yaratdı ki, biz həmin siyasətin uzun illər
uğurla davam edəcəyinə tam əminik.
Təqdirəlayiq haldır ki, Ümummilli liderin
ideyalarını layiqincə yerinə yetirən Azərbaycan
Prezidenti İlham Əliyev doğma dilimizə, milli adət-ənənələrimizə,
qədim mədəniyyətimizə böyük həssaslıqla
yanaşır.
Azərbaycan ədəbiyyatını, azərbaycanlı
düşüncəsini əks etdirən sanballı əsərlərin
latın qrafikasında yenidən nəşr
edilməsi məhz dövlət başçısının
təşəbbüsü ilə baş tutdu. Prezidentin
2004-cü il yanvarın 12-də
imzaladığı “Azərbaycan dilində latın
qrafikası ilə kütləvi nəşrlərin həyata
keçirilməsi haqqında” Sərəncamı, həm də,
əlifba ilə bağlı problemləri tamamilə həll
etdi. Bunun da nəticəsində kütləvi nəşrlərin
latın qrafikasına keçirilməsi təmin
olundu. Dövlət başçısının sonrakı sərəncamları
əsasında isə 150 cildlik “Dünya ədəbiyyatı
kitabxanası”, 100 cildlik “Dünya uşaq ədəbiyyatı
kitabxanası”, 100 cildlik “Azərbaycan ədəbiyyatı
kitabxanası” seriyasından olan yeni nəşrlər respublika
kitabxana şəbəkəsinin latın qrafikalı ədəbiyyat
fondunu zənginləşdirdi.
Prezident
İlham Əliyevin həyata keçirdiyi mühüm və
uğurlu tədbirlərdən biri də 2004-cü il 13 yanvar tarixində imzaladığı “Azərbaycan
milli ensiklopediyasının nəşri haqqında” Sərəncam
oldu. Prezident İlham Əliyev milli xüsusiyyətlərimizin
saxlanmasında ana dili və ədəbiyyatımızın
başlıca amillərdən olduğunu dəfələrlə
diqqətə çəkərək deyib: “Bizi millət kimi
qoruyub saxlayan məhz dilimiz, ədəbiyyatımız,
tariximiz, ənənələrimizdir”.
Ölkə
başçısı, həmçinin, 2012-ci il
mayın 23-də “Azərbaycan dilinin qloballaşma şəraitində
zamanın tələblərinə uyğun istifadəsinə
və ölkədə dilçiliyin inkişafına dair
Dövlət Proqramı haqqında” Sərəncam
imzalayıb. Sərəncamda deyilir: “Son dövrlərdə
müasir Azərbaycan ədəbi dilinin tükənməz
imkanlarından lazımınca və düzgün istifadə
edilməməsi diqqət çəkir. Ədəbi
dilimizin özünəməxsus inkişaf
qanunauyğunluqlarına xələl gətirə biləcək
yad ünsürlərin üzə çıxarılması və
qarşısının alınması istiqamətində
mütəxəssislər heç də həmişə
çeviklik nümayiş etdirə bilmirlər. Nəticə etibarilə dövlət dilimizin tətbiqi
sahəsində bir sıra problemlər özünü
qabarıq şəkildə büruzə verir”.
Beləliklə, minilliklər boyu formalaşan və bu
günümüzə gəlib çatan Azərbaycan dili
xalqımızın qədimliyinin simvolu, qürur mənbəyidir. Bu gün
müstəqil bir dövlətimizin mövcudluğu dilimizin
qorunması, dünya dilləri içərisində layiqli yer
tutması baxımından vacib tarixi imkandır. Məhz Ulu öndər Heydər Əliyevin əsasını
qoyduğu dil siyasəti bu sahədə əldə etdiyimizi
uğurların əsasını təşkil edir.
Nardar BAYRAMLI
Yeni Azərbaycan.-
2013.- 2 mart.- S.4.