Xocalı soyqırımı erməni vandalizminin əsl simasıdır
Mətləb
Fətəliyev: Mənim qızım Mirvari xüsusi bir qəhrəmanlıq
etməyib, fikrimcə, hər bir azərbaycanlı bu
addımı atardı
Xəbər
verildiyi kimi, fevralın 26-da Fransa Milli Assambleyasında
Fransadakı Erməni Məsələləri Bürosunun təşkilatçılığı,
bu ölkədəki erməni icmasının nümayəndələri
və Fransa parlamentinin bir neçə deputatının
iştirakı ilə “Sumqayıt hadisələrindən 25 il
sonra; hazırkı vəziyyət və Dağlıq
Qarabağ xalqı üçün gələcək
perspektivlər” adlı tədbirdə Azərbaycan Evinin sədri,
Fransadakı Avropa Azərbaycanlıları Konqresinin və
Dünya Azərbaycanlı Gənclər Birliyinin Mərkəzi
Şurasının üzvü Mirvari Fətəliyeva və azərbaycanlı
tələbə Vüsal Hüseynov ermənilərin
hücumuna məruz qalaraq döyülüblər. Onların
döyülməsində tədbirin təşkilatçıları
olan ermənilər və Fransa Parlamentinin ermənipərəst
üzvü Fransua Roşebloun xüsusi fəallıq göstərib.
Bu barədə “Yeni Azərbaycan” qəzetinə eksklüziv
açıqlamasında Mirvari Fətəliyeva bildirib ki, o və
Vüsal Hüseynov da tədbirə qatılaraq Xocalı
soyqırımının 21-ci ildönümünün
keçirildiyini iştirakçıların diqqətinə
çatdırıblar. Onların bu mövqeyi qarşı tərəfin
ciddi etirazına səbəb olsa da, Azərbaycan diasporunun
nümayəndələri qətiyyət nümayiş etdirərək
Sumqayıt hadisələri ilə bağlı səsləndirilən
fikirlərin tarixi fakta əsaslanmadığını bildiriblər.
Bundan sonra, Fransa parlamentinin ermənipərəst üzvü
Fransua Roşeblounun təhriki ilə tədbirin təşkilatçıları
Azərbaycan diasporunun rəhbəri və azərbaycanlı tələbəyə
hücum edərək onları vəhşicəsinə
döyüblər. Tədbir iştirakçıları, o
cümlədən, Fransa parlamentinin toplantıda iştirak edən
deputatları bu vəhşiliyin qarşısını almaq
üçün heç bir cəhd göstərməyiblər.
Beləliklə,
soydaşlarımıza qarşı təzyiqlər göstərən,
bir Avropa ölkəsində vəhşicəsinə döyən
ermənilərin əsl siması bir daha üzə
çıxmış oldu. Ümumiyyətlə, bütün
məsələlərdə terrora, təzyiqə
üstünlük verən, bununla da həqiqəti gizlətməyə
cəhd göstərən ermənilər və erməni
lobbisi bu addımları ilə əsl kimliklərini bir daha
dünyaya nümayiş etdirmiş olurlar.
Qeyd
edək ki, Mirvari Fətəliyeva əslən ermənilər
tərəfindən işğal olunan Qubadlı rayonunun
Xanlıq kəndindir. M.Fətəliyevanın taleyinə hələ
gənc ikən, 14 yaşında erməni işğalı ilə
üzləşmək düşüb. Qəzetimizə
açıqlamasında M.Fətəliyevanın atası Mətləb
Fətəliyev bildirib ki, 1993-cü ildə erməni
işğalı ilə üzləşdikləri
üçün öz ata-baba yurdlarından qaçqın
düşüblər. Hələ də illərdir ki,
Qubadlı həsrəti, Xanlıq həsrəti ilə
alovlanan ürəklərində hər zaman öz doğma
torpaqlarına qayıdacaqlarına böyük inam gəzdirən
M.Fətəliyev deyir ki, erməni işğalı nəticəsində
qaçqın düşdükləri zaman Mirvarinin cəmi 14
yaşı olub: “Mirvari də bütün yaşıdları
kimi bu işğal faktı ilə barışa bilmirdi və
bu gün də bu belədir. Orta məktəbdə dərslərini
əla qiymətlərlə oxuyan Mirvari hər zaman söz
düşdükdə nə zamansa torpaqlarımızın
mütləq işğaldan azad olacağına ürəkdən
inandığını deyir. Mənim qızım xüsusi
bir qəhrəmanlıq etməyib, fikrimcə, hər bir azərbaycanlı
bu addımı atardı. Çünki həqiqət bizim tərəfimizdədir”.
Mətləb
Fətəliyevin ailəsi qaçqın düşdükləri
ilk dövrlərdə bir müddət Maştağa qəsəbəsində
məskunlaşıblar. Mirvari həmin vaxt Maştağa qəsəbəsində
yerləşən 187 saylı məktəbdə təhsil
alıb: “Hələ uşaq yaşlarından xarici dilləri
öyrənməyə meyli vardı və təhsilini də
elə bu istiqamətdə davam etdirdi. Azərbaycan Dillər
Universitetinin fransız dili fakültəsinə daxil oldu.
2001-ci ildə oranı bitirdi və Fransada fəaliyyət
göstərən “Paris 8” Universitetinin magistraturasına daxil
oldu. Magistraturada oxuduğu illərdə, həm də, ictimai
fəaliyyətlə məşğul olurdu. Həmin dövrdə
Fransadan olan azərbaycanlı tələbə gənclərin
təşkilatı fəaliyyət göstərirdi və
Mirvari də oranın sədri idi. Təhsilini bitirdikdən
sonra da Fransada qaldı işlədi, orada ailə həyatı
qurdu. Ailə qurduqdan sonra bir müddət Lion şəhərində
yaşadı. Lion şəhərində də öz ictimai fəaliyyətini
davam etdirdi. Hazırda Paris şəhərində
yaşayırlar. Bu yaxınlarda, təxminən 2-3 il bundan
qabaq Azərbaycan Evini təşkil edib və oranın rəhbəridir”.
Mətləb
müəllim onu da dedi ki, Xocalı soyqırımı erməni
vandalizminin əsl simasıdır: “Ermənilər öz
simalarını görməkdən qorxduqları kimi,
Xocalı adından da qorxurlar. Mən inanıram ki, ermənilər
bu hərəkətləri ilə nə qədər qorxaq,
fakt qarşısında nə qədər aciz
olduqlarını bir daha göstərdilər”.
Mətləb
müəllim deyir ki, Mirvari hər zaman öz təşkilatçılıq
qabiliyyəti ilə seçilir. Onun Fransa kimi bir yerdə Azərbaycan
diasporasındakı fəaliyyəti bunu deməyə əsas
verir: “Mirvari hər zaman təşkilatçılıq
qabiliyyəti ilə seçilir. Bundan başqa vətənpərvərlik
məsələlərində hər zaman öndə
olmağı sevən bir qızdır. Daima öz fəaliyyətində
Vətəninə layiqli olmağı
çalışır”.
Baş
verənlərdən sonra Mətləb müəllimin evinə
çox insanlar, tanışlar, qohumlar zəng edib Mirvariyə
dəstək olduğunu deyiblər. Mətləb müəllim
hər kəsə qəzetimiz vasitəsilə təşəkkür
edir və bildirir ki, dövlətimizin apardığı siyasi
kurs torpaqlarımızın işğaldan azad olmasına zəmin
yaradıb: “Dövlətimizin başçısı, möhtərəm
Prezidentimiz hər zaman vurğulayır ki, biz sülh
danışıqlarına sadiqik, amma lazımi anda biz
döyüşməyə də hazırıq. Biz öz
torpaqlarımızı mütləq şəkildə geri
alacağıq. Mən buna varlığımla inanıram.
İnanıram ki, gün gələcək yenə də
Qubadlıda, Xanlıqda yaşayacağıq...”
Pərviz SADAYOĞLU
Yeni Azərbaycan.- 2013.- 2 mart.- S.5.