Yaşar öz qəhrəmanlığı
ilə əbədiyaşarlıq qazandı
Şəhid
kapitan Yaşar Əhmədovun qardaşı: O, öz hərəkəti,
davranışı ilə qardaş və bacılarına
nümunə olmağa çalışırdı
Xəbər
verildiyi kimi, fevralın 11-də düşmən çəpəri,
Vətən sipəri olan üç qəhrəman
övladımız Hərbi Hava Qüvvələri
helikopterinin ekipaj üzvləri - kapitan Əhmədov Yaşar
Mail oğlu, baş leytenant Zeynalov Rüstəm
Gülhüseyn oğlu və leytenant Zeynalov Bəhruz Novruz
oğlu növbəti tapşırığı yerinə
yetirərkən həlak olublar. Bu dəhşətli xəbər
ildırım sürətilə yayılaraq nəinki
onların ailə üzvlərini, yaxın dostlarını, həmçinin,
bütün Azərbaycan xalqını,
soydaşlarımızı sarsıtdı, kədərləndirdi.
Onların yarımçıq qalmış arzularına,
ömürlərinə, gəncliyinə heyifsiləndik. Amma
içimizdə iftixar, qürur hissi yarandı, bu
duyğuların əzəmətinə, möhtəşəmliyinə
söykənib təsəlli tapdıq. Çünki geniş
səmalarda uçan qartallarımız şəhidlik zirvəsinə
ucalaraq həmişəlik qəlbimizə köçdülər.
Onların hər üçünün müqəddəs bir
arzusu var idi: işğal olunan torpaqlarımızı azad etmək,
Vətən bayrağını Şuşada, Laçında,
Kəlbəcərdə dalğalandırmaq, şəhidlərimizin
ruhunu şad etmək. Azərbaycan Respublikasının
Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi
ilə bu arzuların gerçəkləşəcəyi
gün uzaqda deyil, tezliklə düşmənə qalib gəlib
qələbəni bayram edəcəyik. Neçə-neçə
Yaşarlar, Rüstəmlər, Bəhruzlar böyüyüb
qəhrəmanların yolunu davam etdirəcək, Vətənin
qüdrətli sipəri olacaq, şəhidlərin ruhunu
şad edəcəklər.
Kapitan
Əhmədov Yaşar Mail oğlu ailənin də, şəhid
olan üç dostun da böyüyü idi. Təmkinli, qətiyyətli,
cəsarətli addımları ilə tanınan Yaşar, adətən,
özündən böyüklərlə oturub-durardı. Ailədə
beş uşaq idilər, iki oğlan, üç qız.
Məlumat
üçün bildirək ki, kapitan Əhmədov Yaşar
Mail oğlu 1970-ci ildə Qazax rayonunun Aslanbəyli kəndində
anadan olub. Dörd min əhalisi olan Aslanbəyli kəndi
Qarabağ döyüşlərində 23 şəhid verib.
Yaşar Bakıda yaşasa da, doğma kəndlərinə gələndə
şəhidlərin məzarını ziyarət edər,
“Heç birinizin qanı yerdə qalmayacaq, mənfur
düşmənlərdən sizin qisasınızı
alacağıq”, - deyirdi.
Yaşarın
atası Mail müəllim ixtisasca riyaziyyatçı olub, uzun
müddət Aslanbəyli kənd orta məktəbində tədris
işləri üzrə direktor müavini işləyib. Kəndin
sayılıb-seçilən, ən hörmətli və
nüfuzlu ağsaqqallarından olub. O, ötən ilin noyabr
ayında evin böyüklük yükünü
Yaşarın çiyinlərinə qoyub dünyadan
köçüb. Ailə hələ bu ağır itkinin
üzüntülərindən qurtarmamış daha dəhşətli
bir xəbərin acılarına qatlaşmalı olub.
Yaşarın
anası Naimə xanım kənddə tibb bacısı
işləyib, övladcanlı, iradəli, dözümlü,
qayğıkeş anadır. Hüzr yerinə gəlib-gedənləri
özünəməxsus dəyanətlə, hörmətlə
qarşılayan, fəxarətlə yola salan Naimə xanım
“mən Yaşar kimi cəsur oğulun anasıyam” deyir: “El
yanında başım uca, üzüm ağdır. Yaşar və
yoldaşları əbədilik qazanıb, əbədiyyətə
qovuşublar”.
Anası
deyir ki, Yaşar ali rütbəyə çatmaq, hamıya
nümunə olmaq arzusu ilə yaşayardı: “Yaşarın
bizə ən qiymətli yadigarı gözəl ailəsi və
övladlarıdır. Bu gün yüzlərlə insan,
nüfuzlu şəxslər, ölkəmizin müxtəlif
yerlərindən gələrək dərdimizə şərik
olur, təsəlli verirlər. Mən fəxr edirəm ki,
Yaşar kimi oğul böyütmüşəm. Ölkə rəhbərliyinin
qayğı və diqqəti hər an üzərimizdə
olduğuna görə çox minnətdaram”.
Qardaşı
İlham Əhmədov deyir ki, Yaşar uşaq vaxtı bizə
nizam-intizamı, səliqə-sahmanı öyrədər, dərslərimizi
yaxşı oxumağı tövsiyə edərdi: “Özü
də əla qiymətlərlə oxuyardı. Bizə
qarşı çox tələbkar idi. Ümumiyyətlə,
o, öz hərəkəti, davranışı ilə
qardaş və bacılarına nümunə olmağa
çalışırdı. Onu da deyim ki, Yaşar
1988-1990-cı illərdə Rusiyanın Çita vilayətində
hərbi xidmətdə olub. Hərbi təhsilini Ukraynada
alıb. Sonra Vətənə qayıdaraq Hərbi Hava Qüvvələrində
xidmətə başlayıb. Bir dəfə xəstə
aparmaq üçün Ağstafaya gəlmişdi. Məsafə
yaxın olduğundan kəndimizdəki qəbiristanlığın
yanında helikopterdən yerə enib, gəlib bizimlə
görüşüb getdi. İndi onu həmin yerdə
torpağa tapşırdıq. Sağlığında dəfn
olunacaq yerini də beləcə müəyyənləşdirdi,
qardaşım”.
İlham
bir anlığa susub baxışlarını uca göylərə
tutur, yaşla dolu gözlərini bizdən gizlətməyə
çalışır. Sonra dərindən nəfəs
alıb “Doğma Vətən sağ olsun” - deyir.
Bibisi
oğlu Qərib Cəlilov bildirib ki, Yaşar və onun
dostlarının vətənpərvərliyi, igidliyi
hamımıza baş ucalığı gətirib: “Yaşar
kimi qeyrətli oğul nəslimizə Tanrı vergisi idi.
Yaxşı yadımdadır, bir dəfə atasına dedi ki,
ona maşın alsın. Atası dedi ki, bala maşın bərk
gedir, sənə traktor alacağam ki, yavaş sürəsən.
Atası xəstə olanda ona baş çəkməyə, dərdinə
əlac etməyə gəlmişdi. Atasının
ağrılarına məlhəm olmaq üçün
uşaqlıq xatirələrindən danışdı ki,
atasının kefini açsın. Dedi ki, ata yadındadır, dedim mənə maşın al, dedin traktor alacağam sənə. Amma idarə etdiyim
helikopter traktordan da, maşından da bərk gedir”.
Qeyd edək
ki, Yaşar Əhmədov orta məktəbdə öz biliyi ilə daim fərqlənib. Qazax
rayon Aslanbəyli kənd
orta məktəbin direktoru Dilqəm Məmmədovun sözlərinə
görə, Yaşar məktəbin əlaçı
şagirdlərindən olub:
“Ən çox sevdiyi hərbi dərslər idi. Silahı çox səliqə ilə söküb-yığmağı
xoşlayardı. Mən də,
bütün müəllimləri
də bilirdilər ki, o, hərbi təyyarəçi olacaq.
Bu arzusunda da
çox israrlı idi. Təyyarəçi də oldu, Vətənə layiq övlad da oldu.
Yaşarın şəkli
məktəbimizin şərəf
lövhəsini bəzəyəcək,
xatirəsi qəlbimizdə
hər zaman yaşayacaq, məzarı müqəddəs ziyarətgahımız
olacaq! Vətən belə övladları
ilə öyünür”.
Bacısı Mehparə Əhmədova
isə hələ də olanlara inanmaq istəmir: “Ailəmizin ilki, qəlbimizin bir parçası, ciyərparamız
idi Yaşar. Atamgil adını Yaşar qoymuşdular ki, yaşasın bizə arxa-dayaq olsun. Amma qismət olmadı. Bizi çox erkən tərk etdi. İki övladını, anasını,
bizi gözüyaşlı,
qardaşı İlhamı
tək qoydu. Adını
biz qoyduq, ölümsüzlüyü,
əbədiyaşarlıq yolunu
isə o, özü seçdi”.
Allah rəhmət eləsin!
F.İSMAYILOV
Yeni Azərbaycan.-
2013.- 2 mart.- S.6.