Yüz qırx illik tarixi dövrü əhatə edən teatr sənətimizdə bənzərsiz yeri olan Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı daim yeniliyə can atır

 

 Bu il 140 illik yubileyini geniş şəkildə qeyd edən Azərbaycan peşəkar milli teatrı ötən müddətdə çox böyük inkişaf yolu keçmişdir. Xalqımızın milli-mənəvi dəyərlərini, cəmiyyətimizdəki eybəcərlikləri, mübarizə dolu qəhrəmanlıq tariximizi, başımızı gətirilmiş müsibətləri, sosial problemlərimizdən tutmuş məişətimizə qədər bütün həyatımızda baş verənləri öz süzgəcindən keçirən teatrımız dünən olduğu kimi, bu gün də öz şərəfli missiyasını davam etdirməkdədir.

Ötən tarixi dövr ərzində əldə olunmuş uğurları bütün teatrımızın, o cümlədən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının qazancı kimi qəbul etmək olar. Ən azı ona görə ki, teatrlarımızın bayraqdarı olan Akademik Milli Dram Teatr ötən müddətdə öz məktəbini yaratmış, neçə-neçə müqtədir sənətkarın yetişməsi, püxtələşməsi, yeni ideyaların səhnəyə gətirilməsi, öz üslubunu qoruyub saxlaması, böyük tamaşaçı sevgisini hər şeydən yüksəkdə tutması baxımından hər zaman öndə olmuşdur.

Elə bu səbəbdən də AzərTAc-ın müxbiri Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında görülən işlər və həyata keçiriləcək layihələr haqqında daha ətraflı məlumat əldə etmək üçün bu sənət məbədinin direktoru İsrafil İsrafilov ilə görüşüb söhbət etmişdir.

- İsrafil müəllim, bildiyiniz kimi, bu il martın 1-də Prezident İlham Əliyev Azərbaycan peşəkar milli teatrın yaradılmasının 140 illik yubileyi və 10 mart - Milli Teatr Gününün təsis edilməsi haqqında sərəncamlar imzalamışdır. Sizcə, bu sərəncamların milli teatr sənətinin gələcək inkişafı baxımından əhəmiyyətini necə xarakterizə etmək olar?

- Milli Teatr Gününün təsis edilməsi Azərbaycan teatr sənətində çalışan minlərlə insanın çoxdankı arzusu idi. Nəhayət, dövlətimizin başçısının müvafiq sərəncamları ilə Azərbaycanın yaradıcı ziyalılarının, o cümlədən teatr sahəsində çalışanların arzuları çin oldu. Bu, çox böyük tarixi əhəmiyyəti olan bir hadisədir. Hesab edirəm ki, bu sərəncamlar milli teatr sənətinin bundan sonrakı inkişafında, yaradıcı adamların fəaliyyətinin vüsətinin artmasında böyük önəm kəsb edəcəkdir. Eyni zamanda, fikrimcə, bu sənədlər Azərbaycanda digər incəsənət sahələri ilə yanaşı, teatr sənətinə də verilən çox böyük əhəmiyyətin konkret ifadəsi kimi hələ bundan sonra da neçə-neçə Azərbaycan teatr sənətində çalışan nəsillərin iftixar etdiyi bir hadisə olacaqdır.

Məlum olduğu kimi, bu il Azərbaycan teatrının 140 yaşı tamam olur. Bilirsiniz ki, 140 ildə milli teatrımız irili-xırdalı müxtəlif ictimai-siyasi, mədəni hadisələrin fəal iştirakçısı olmuşdur. Bu müddətdə milli teatrımızın itkiləri də olub, qazandıqları da. Amma bu gün Azərbaycan teatrı müstəqillik dövrünün gözəl nemətlərini dadır və özünün fəaliyyətində artıq milli teatr sənətini ölkənin hüdudlarından kənara çıxarır. Milli teatrımız özünün nailiyyətlərini təbii olaraq öz demokratik yaradıcılıq təbiətinə uyğun tərzdə dünyaya bəyan edir. Bu, çox mühüm bir məsələdir. Əvvəllər biz bunları ancaq arzulaya bilərdik. Bütövlükdə, Azərbaycan teatrı tarixən həmişə cəmiyyətin fəal tərəflərindən olmuşdur. Bu günün özündə də ölkəmizin teatr sahəsində çalışan insanlar Azərbaycan dövlətçiliyinin möhkəmlənməsinə, onun beynəlxalq nüfuzunun artmasına və bütövlükdə bir xalq olaraq yeni inkişaf mövqelərinə çıxmasına çalışır. Hesab edirəm ki, bu mühüm hadisə bizim nəzərdə tutduğumuz böyük məqsədlərə aparan yolda ən etibarlı köməkçimiz və fəaliyyətimizi stimullaşdıran bir vasitə olacaqdır.

- Bu yaxınlarda Tehranda başa çatmış 31-ci “Fəcr” Beynəlxalq teatr festivalında Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının yaradıcı kollektivi tanınmış yazıçı-dramaturq, Əməkdar İncəsənət Xadimi Afaq Məsudun eyniadlı əsəri əsasında hazırlanmış “Qatarın altına atılan qadın” tamaşasını nümayiş etdirmişdir. Ümumiyyətlə, bu kimi festivallarda, həmçinin dünya teatrları ilə qarşılıqlı əməkdaşlıq yaradıcı kollektivinizə nə vəd edir?

- İranın mədəni həyatında böyük əhəmiyyət kəsb edən “Fəcr” festivalı hər il Tehranda və İran İslam Respublikasının digər şəhərlərində keçirilir. Artıq 31-ci dəfə keçirilən bu festival dünya teatr məkanında böyük nüfuza malikdir. “Fəcr”in dünya festival hərəkatında yerini və miqyasını nəzərə alsaq, deməliyik ki, bu müsabiqə nəinki Akademik Milli Dram Teatrı üçün, eləcə də Azərbaycan teatr sənətinin ölkənin hüdudlarından kənarda tanınması üçün mühüm əhəmiyyət kəsb edir.

“Fəcr” Beynəlxalq teatr festivalının proqramına İranın və xarici ölkə teatrlarının ən uğurlu tamaşaları daxil edilmişdir. İran İslam Respublikası, İtaliya, İsveçrə, Polşa, Macarıstan, Koreya Respublikası, Livan, Avstraliya və digər dövlətlərin teatr kollektivlərinin iştirak etdikləri festivalda Azərbaycanı təmsil edən Akademik Milli Dram Teatrı, qeyd etdiyiniz kimi, tanınmış ədib Afaq Məsudun eyniadlı əsəri əsasında hazırlanmış “Qatarın altına atılan qadın” tamaşası ilə çıxış etmişdir. Ümumiyyətlə, biz “Fəcr” festivalına 20-dən artıq tamaşanın disklərini təqdim etmişdik. Festivalın münsiflər heyəti Afaq Məsudun eyniadlı əsəri əsasında hazırlanmış “Qatarın altına atılan qadın” tamaşasının üzərində dayandı. Tamaşanın quruluşçu rejissoru Mehriban Ələkbərzadə, quruluşçu rəssamı Nazim Bəykişiyev, bəstəkarı və aranjemançısı Vüqar Camalzadədir.

Tehran səhnəsində iki dəfə göstərilən tamaşa istər mütəxəssislər, istərsə də tamaşaçılar tərəfindən böyük maraqla qarşılandı.

Məlumdur ki, hər hansı ölkənin milli teatrı yeni ictimai-siyasi, mədəni reallıqda dünya teatr prosesindən təcrid olunaraq yaşaya bilməz. Mədəni əlaqələr, o cümlədən teatr əlaqələri xalqların biri-birinə yaxınlaşmasında, mədəniyyətlərin zənginləşməsində və qarşılıqlı bəhrələnmələrdə mühüm əhəmiyyətə malikdir.

Ümumiyyətlə, beynəlxalq mədəni əlaqələr sahəsində işimiz yüksək səviyyədədir. Bu işləri həyata keçirmək üçün teatrda prodüser şöbəsi fəaliyyət göstərir. Şöbəyə sənətşünaslıq üzrə fəlsəfə doktoru Rəcəb Məmmədov başçılıq edir.

2011-ci ilin mayın sonunda və iyunda M.F.Axundzadənin “Lənkəran xanının vəziri”, H.Mirələmovun “Xəcalət” pyeslərinin tamaşaları ilə Tbilisi şəhərində qastrol səfərində olmuşuq. Tamaşalara gürcü ictimaiyyətinin nümayəndələri ilə yanaşı, Gürcüstanda yaşayan soydaşlarımız da baxmışlar. Həmin ilin oktyabrında isə ölkəmizi Daşkənd Beynəlxalq teatr festivalında J.Koktonun “İnsan səsi” pyesinin tamaşası ilə təmsil etmişik. 2012-ci ildə də bir neçə festivala dəvət almışdıq. Ötən ilin martında Belqrad şəhərində keçirilən XI “Slaviya” Beynəlxalq teatr festivalında mayda isə Moldovanın Kişineu şəhərində təşkil olunmuş Beynəlxalq teatr festivalında H.Mirələmovun “Xəcalət” pyesinin tamaşası ilə çıxış etmişik.

Uğurlu səfərlərimizdən biri də ötən ilin sentyabrında Tbilisi şəhərində Beynəlxalq teatr festivalında Elçinin “Şekspir” pyesinin tamaşası ilə olmuşdur.

Bu festivallarda aldığımız mükafatları, fəxri fərmanları sadalasam, uzun bir siyahı alınar. Ən mühüm nəticə ondan ibarətdir ki, biz həmin festivallarda ölkəmizin teatr mədəniyyətini ləyaqətlə təmsil edə bilmişik. Bu teatr mövsümü müddətində isə Rusiyanın Sankt-Peterburq şəhərinə, Tümen vilayətinə, Gürcüstana, həmçinin Qazaxıstanın Karaqanda vilayətinə qastrol səfərlərinə dəvətlər almışıq.

- Bir müddət əvvəl Azərbaycan Dövlət Akademik Milli Dram Teatrına əcnəbi rejissorlar dəvət etmişdiniz. Bu rejissorlar teatrınıza yenililiklər gətirə bildilərmi?

- Şübhəsiz. Yeni rejissor yeni metodika, fərqli estetik baxış və yaradıcılıq təcrübəsi deməkdir. Biz əcnəbi rejissorları qeyri-adi bir iş, möcüzə yaratmaq üçün dəvət etmirik. Sadəcə, truppanın yaradıcılıq təcrübəsini tanış olmayan dəst-xətlə təcrübəsini sınamaq istəyirik.

- Hazırda bu sənət məbədində yeni dram əsərlərinin səhnələşdirilməsi istiqamətində hansı işlər görülür? Bu il üçün hansı yaradıcılıq planlarınız vardır?

- Bu ilin birinci yarısında hazırlanacaq əsərlər arasında Elçinin “Sənətkarın taleyi”, Kamal Abdullanın “Hamı səni sevənlər burdadır”, Əli Əmirlinin “Şah Qacar”, Hüseyn Cavidin “Topal Teymur” və s. pyesləri xüsusi qeyd etmək istəyirəm. Bu səhnə əsərlərinin tamaşaçıların rəğbətini qazanacağına heç bir şübhəm yoxdur.

- İsrafil müəllim, Siz teatra yeni rəhbər təyin olunan vaxt çox ciddi kadr islahatlarına başladınız, təbii ki, bunlar heç də birmənalı qarşılanmadı. Son illər teatrda baş verən müsbət dəyişikliklər deməyə əsas verir ki, heç də yanılmamısınız, hazırda bu istiqamətdə işlər davam etdirilirmi?

- Bəzilərinə elə gəlir ki, islahatlara başlanıldısa, iki-üç ilə böyük nəticələr əldə edilməlidir. Bu, sadəlövh düşüncədir. Bilirsiniz ki, hətta bir ağacı əkəndə belə, onun meyvəsini dadmaq üçün bir neçə il vaxt lazım olur. Necə deyərlər, xəstə nə qədər tələssə də, armud vaxtında yetişər. Bütövlükdə bu, böyük və uzun bir prosesdir. Məlum olduğu kimi, dövlətimizin başçısı 2009-cu il mayın 18-də “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramını təsdiq etmişdir. Məhz bizim də fəaliyyətimizin əsas ana xətti bu proqramın uğurlu icrası ilə bağlıdır.

- Bu gün teatrların qarşısında duran əsas məsələlərdən biri də tamaşaçını özünə cəlb edən, onu düşündürən əsərləri səhnəyə gətirməkdir. Sözsüz ki, bunun üçün yeni əsərlərə ehtiyac duyulur. Bu baxımdan Akademik Milli Dram Teatrı öz repertuarını yeniləyə bilirmi?

- Bilirsiniz, gündəlik həyatda hər kəs dəbli geyimə üstünlük verir. Dəb isə, məlum olduğu kimi, yerində saymır, ildən ilə dəyişir. Hər kəsin yaxşı bildiyi və etiraf etdiyi kimi, yetərincə mürəkkəb yaradıcılıq müəssisəsi olan teatr öz təbiəti etibarilə dəyişməyə meylli bir bədii orqanizmdir. Yəni, burada, istər texniki sahə, istər bədii tərtibat, istərsə də teatrın özünüifadə vasitələri heyrətamiz sürətlə dəyişkənliyə məruz qalır. Başqa cür olarsa, teatr ətalət halına düşər, onun bütün komponentləri estetik kirəcləşməyə düçar olur. Yəni, onun idarəetməsindən başlamış reklam işinə, rejissor-aktyor münasibətləri və bədii axtarışlarından tutmuş, yeni ifadə vasitələrinin tətbiqinə qədər yeni bədiilik prinsipləri, oyun texnologiyaları daimi təkmilləşmə tələb edir. Təbiidir ki, bu zaman dramaturji material da dədə-baba qaydaları ilə yazılmamalı, burada üslub və düşüncə arxaizminə yer olmamalıdır. Çünki səhnə-oyun materialı kimi nəzərdə tutulan, poetika elementləri mövzu, janr, konflikt, hadisələr xətti, ali məqsəd və s. baxımdan naqis olan dramaturji əsər çox zaman təcəssüm üçün yararlı olmur. Bu zaman müxtəlif yollarla hər hansı səhnəyə yol tapan pyesin təcəssümü teatrın yaradıcılıq təbiətinə təcavüz edilməsinə bərabərdir. Çünki bu halda rejissor sənəti solğunlaşır, aktyor fərdiyyəti cılızlaşır, bir küll halında götürsək, teatrın yaradıcılıq mühiti cırlaşmaya sövq edilir.

Milli teatrımızın son iyirmi beş illik fəaliyyəti ilə bağlı apardığımız təhlillər belə düşünməyə əsas verir. Məişətdən örnək gətirsək; bəzən olur ki, dərziyə parça gətirən adama, o, bu parçadan yaxşı kostyum alınmayacağını söyləyir, yaxud kababçı ətə baxıb, ondan yaxşı kabab olmayacağını bildirir. Məncə, bu, həmin şəxslərin qərəzli münasibəti yox, bir peşəkar olaraq öz əməyinin nəticəsi ilə bağlı narahatlığının və məsuliyyətinin göstəricisidir.

Çağdaş dövrün dramaturgiyası “mövzu aktuallığı”nın əsarətindən çıxmaq, Yer kürəsinin sakini olan insanın bəşəri düşüncələrindən daha çox onun dünyanı dəyişəcək əməllərinin teatr vasitələri ilə təqdimini önə çəkir. Bu zaman dramaturgiya ədəbi qayğılarla yanaşı, səhnə sənəti qayğılarını da çəkir. Həmin dramaturgiya ədəbi-estetik konstruksiyası etibarilə, mükəmməl olmaqla bərabər “səhnəlik”, “teatrallıq” kimi kateqoriyaları əsas bədii prinsip kimi əsas tutur.

Yuxarıda qeyd etdiyimiz müəlliflərlə bərabər, necə deyərlər, üfüqdə görünən yeni imzalara da rast gəlirik. Çox deyil, amma əsası odur ki, vardır. İndiki mərhələdə dramaturji istedadı ilə seçilən Günel Anarqızı və Orxan Fikrətoğlunun yaradıcılığı, onların teatrımız ilə əməkdaşlıq münasibətləri qurması bizi sevindirir. Bundan əlavə, gənc dramaturqlar İsmayıl İmanovun, Natella Osmanlının, Şəbnəm Xeyrullanın, Samir Sədaqətoğlunun da teatrımızın səhnəsində dramaturji debütü ilə bağlı perspektivləri nəzərdən keçiririk.

Bu gün, mütəxəssislərin qeyd etdikləri kimi, teatrımızın fərqli estetikada görünməsi, əldə etdiyimiz uğurlu nəticələr kollektivin bütün üzvlərinin, o cümlədən yeniləşməyə can atan, mənim sənət mövqeyimi dəstəkləyən yaradıcı heyətin istedadı və zəhməti sayəsində mümkün olmuşdur. Amma deməliyəm ki, görəcəyimiz işlər gördüklərimizdən qat-qat çoxdur. Yəni tamaşaçılarımız yaxın zamanlarda neçə-neçə uğurlu tamaşalar, aktyor heyətinin neçə-neçə parlaq səhnə ifaları ilə tanış olacaqlar.

Uşaq auditoriyası üçün xüsusi repertuar hazırlanması vacib idi. Biz həmin boşluğu aradan qaldırmaq məqsədilə ibtidai sinif şagirdləri üçün A.Şaiqin “Danışan gəlincik”, nisbətən yuxarı sinif şagirdləri üçün isə “Qaraca qız” tamaşasını hazırlamışıq.

- İsrafil müəllim, müsahibəyə görə təşəkkür edir, Sizə və rəhbərlik etdiyinin kollektivə yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.

 

 

 Yeni Azərbaycan.- 2013.- 28 mart.- S.6.