HEYDƏR ƏLİYEV
- ƏBƏDİYAŞAR ÜMUMMİLLİ LİDER
Azərbaycanın dinamik inkişafının təmin edilməsində, keçmiş SSRİ məkanında geridə qalmış respublikadan birincilər sırasına çıxarılmasında Ümummilli liderimiz Heydər Əliyevin əvəzsiz xidmətləri olmuşdur.
Tarixdən bəlli olduğu kimi, 1969-cu ilədək Azərbaycanda iqtisadiyyatın digər sahələri kimi kənd təsərrüfatında da problemlər çoxalmışdı. Həmin problemlərin həlli daha çevik və düşünülmüş kadr siyasətinin həyata keçirilməsini tələb edirdi. Bu baxımdan cəmiyyətin inkişafında ciddi meyarlardan biri olmaqla kadrların düzgün seçilməsi və yerləşdirilməsinə xüsusi yanaşma tələb edilirdi. Kənd təsərrüfatı istehsalının geridə qalmasının əsas səbəblərindən biri də məhz bu sahədə buraxılan ciddi nöqsanlar idi.
1969-cu il iyulun 14-də Azərbaycan KP MK-nın birinci katibi seçilən Heydər Əliyev fəaliyyətinin ilk günlərindən kadrlara qarşı tələbkarlığı gücləndirdi, intizam formalarının möhkəmləndirilməsi istiqamətində əzmkar və məqsədyönlü işlər gördü ki, bu da respublikada bütün sahələrdə irəliləyişlərin əldə olunmasında, istehsalat nailiyyətlərinin qazanılmasında həlledici amil oldu.
Azərbaycan KP MK-nın 1969-cu il avqust plenumunda real vəziyyət və yaranmış böhrandan çıxmağın yolları müzakirə edildi.
Bütün sahələrdə kadr probleminin həllini ümdə vəzifə hesab edən Ulu öndər Heydər Əliyev kənd təsərrüfatında orta pillə kadrlarının hazırlanması və yerləşdirilməsi işinə xüsusi diqqət yetirir, onların hazırlığının qayğısına qalırdı. Belə mütəxəssislər o illərdə respublikada fəaliyyət göstərən kənd təsərrüfatı texnikumlarında hazırlanırdı.
Həmin illərdə respublikada kənd təsərrüfatının ixtisaslı kadrlarla təmin edilməsində texniki-peşə məktəblərinin də rolu əhəmiyyətli dərəcədə idi.
Beləliklə, kənddə kadrların düzgün seçilib yerləşdirilməsi nəticəsində respublika ildən-ilə tərəqqi edir, məhsul bolluğu yaranır, xalqın maddi həyat səviyyəsi yüksəlirdi.
Onu da vurğulamaq yerinə düşər ki, yüksəkixtisaslı kənd təsərrüfatı mütəxəssislərinin hazırlanması baxımından Azərbaycan Kənd Təsərrüfatı İnstitutu müstəsna rol oynamışdır. Qeyd edək ki, 1920-ci ildə yaranmış Azərbaycan Politexnik İnstitutunun tərkibindəki kənd təsərrüfatı fakültəsinin bazasında Azərbaycan Xalq Komissarları Sovetinin 1929-cu il 15 may tarixli qərarı ilə müstəqil Kənd Təsərrüfatı İnstitutu (KTİ) təşkil edilmış, 1931-ci ildə bu institut Bakı şəhərindən Gəncə şəhərinə köçürülmüşdür.
Təəssüflər olsun ki, keçən əsrin 80-ci illərinin sonundan başlayaraq 90-cı illərin başlanğıcınadək aparılan səriştəsiz siyasətin nəticələri ölkəmizdə aqrar təhsilin mərkəzi sayılan bu institutdan da yan keçmədi. O illər ərzində aqrar iqtisadiyyata, aqrar təhsilə və elmə ciddi ziyan vuruldu, uzun illər ərzində qazanılmış maddi-texniki, elmi pedaqoji potensial minimuma endirildi.
Bir tərəfdən Qarabağ münaqişəsi, Azərbaycan rayonlarının işğalı, keçirilən mitinqlər, müxtəlif çağırışlar, digər tərəfdən ali təhsil müəssisələrinin, o cümlədən bu institutun maddi-texniki bazasının yararsız hala düşməsi vəziyyəti xeyli çətinləşdirmişdi. O illərdə Akademiyada istilik sistemi yox idi, partalar çatışmırdı, Azərbaycanın təhsil sistemi kimi bu təhsil ocağı da ciddi böhran keçirirdi. Bu acınacaqlı vəziyyət 1993-cü ilin yayına kimi davam etdi. Azərbaycan xalqının təkidli tələbi ilə Ümummilli lider Heydər Əliyev yenidən hakimiyyətə gəldikdən sonra əvvəlcə ölkədə siyasi sabitlik bərqərar oldu, atəşkəs elan edildi, ölkə iqtisadiyyatı tədricən möhkəmləndi, təhsildə irəliləyişlər hiss olunmağa başladı. Ulu öndər Heydər Əliyev tərəfindən o zaman üçün çox mühüm olan ali təhsil müəssisələrinə dövlət hesabına qəbulla yanaşı, ödənişli əsaslarla tələbə qəbulu aparılması haqqında qəbul edilən qərar təhsil tarixində yaddaqalan bir sənəd oldu.
1998-ci il martın sonunda Heydər Əliyevin imzaladığı Sərəncama əsasən təhsil sahəsində islahatlar aparmaq üçün komissiya yaradıldı. Komissiya Azərbaycanın müstəqillik tarixində ilk dəfə olaraq “Təhsil islahatı proqramı” hazırladı. Ulu öndər Heydər Əliyevin iştirakı ilə dəfələrlə müzakirələr aparıldı və 1999-cu il iyunun 15-də proqram Prezident Heydər Əliyev tərəfindən təsdiq olundu. Burada təhsilin bütün pillələri, onların hər birinin mövcud vəziyyəti, problemlər, onların həlli istiqamətində mərhələlər üzrə həyata keçiriləcək tədbirlər öz əksini tapmışdı. Onu da qeyd etmək lazımdır ki, 1992-ci ildə təsdiq olunan Təhsil Qanununa görə ölkənin ali məktəblərində bakalavriat və magistratura üzrə ikipilləli ali təhsil sisteminə keçilmişdi, onların proqramları, planları təsdiq edilmişdi. 1999-cu ildən sonra, əsaslı islahatlar nəticəsində Azərbaycanda təhsil sahəsində ciddi addımlar atıldı, həmçinin, ali təhsil sahəsində də bir sıra əhəmiyyətli işlər görüldü.
Ümumiyyətlə, zamanın hər bir kəsimində dövlətin və millətin inkişafında təhsilin müstəsna xidməti olub. Təsadüfi deyil ki, Ulu öndər Heydər Əliyev təhsili millətin gələcəyi adlandırırdı. Elmi və təhsili olmayan millət, əlbəttə, qabaqcıl millətlər sırasında ola bilməz. Bu baxımdan, müasir dövrdə elm və təhsilin inkişafına daha çox ehtiyac, tələbat duyulur. Bu da onunla bağlıdır ki, artıq dünyada maddi sərvətlər tükənmək üzrədir. Dünya alimləri, elm adamları yeni qaynaqlar axtarışındadır, dünyanın inkişaf etmiş ölkələrində elmə əsaslanan iqtisadiyyatın qurulması ən prioritet tədqiqat sahələrindən biridir. Cəmiyyətin bugünkü səviyyəsi elmin, yeni texnologiyaların inkişafını birbaşa zərurət kimi qarşıya qoyur. Bu prosesdə, şübhəsiz, ali təhsilin müstəsna rolu var. Yəni, ali təhsil bu işdə lokomotiv rolunu oynayır, bir tərəfdən ölkədə təhsilin inkişafını təmin edirsə, digər tərəfdən kadr potensialını formalaşdırır.
Ulu öndər Heydər Əliyevin 2000-ci il 13 iyun tarixli Fərmanı ilə ölkəmizdə 4 ali məktəbə, o cümlədən, bu təhsil ocağına muxtariyyət hüququ verildi. Sonralar bu siyahıya 3 ali məktəb də daxil oldu. Ulu öndərimizin bilavasitə diqqəti və qayğısı sayəsində Azərbaycan Kənd Təsərrüfatı İnstitutuna (indiki Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU)) hər il güzəştli tələbə qəbulu həyata keçirilirdi, ucqar və dağlıq rayonlardan gənclərin, xüsusən azsaylı xalqların nümayəndələrinin qəbuluna daha ciddi yanaşılırdı.
Yeri gəlmişkən, məhz, Heydər Əliyevin uzaqgörən daxili və xarici siyasəti nəticəsində 1970-ci ildən başlayaraq hər il xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrinə azərbaycanlı gənclərin müsabiqədənkənar qəbulu kimi gələcək üçün çox böyük əhəmiyyətli işlər həyata keçirilirdi. Hər tədris ilinin başlanğıcından bir neçə gün öncə indiki Heydər Əliyev Sarayında Ulu öndər başda olmaqla dövlət və hökumət qurumları rəhbərlərinin tələbələrlə ənənəvi görüşü keçirilirdi. Heydər Əliyev bu görüşlərdə böyük nitqlər söyləyir, tələbələrə çox dəyərli tövsiyələrini verirdi. Bu görüşlərdən öncə Mərkəzi Komitənin bürosunda ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı nazirlərin, ali təhsil müəssisələri rektorları, partiya, komsomol, həmkarlar ittifaqı komitələri rəhbərlərinin iştirakı ilə məsələ müzakirə olunurdu. 1978-1982-ci illərdə həmin görüş və büro iclaslarında bu sətirlərin müəllifi də komsomol komitəsinin katibi və həmkarlar ittifaqı komitəsinin sədri kimi iştirak etmişdir.
Ulu öndər Heydər Əliyevin böyük diqqət və qayğısı nəticəsində 1978-ci ilin iyun ayında Azərbaycan KP MK, SSRİ Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan SSR Nazirlər Sovetinin “Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda kadr hazırlığının daha da yaxşılaşdırılması və onun tədris-maddi bazasının möhkəmləndirilməsi tədbirləri haqqında” 210 nömrəli birgə qərarı qəbul olundu. Bu qərarda tədris prosesinin, elmi-tədqiqatların, tərbiyə işlərinin keyfiyyətinin daha da yaxşılaşdırılması proqramı nəzərdə tutulmuşdu. Həmin qərarın tələblərinə uyğun olaraq Gəncə-Göygöl (Xanlar) şəhərləri arasında 300 hektarlıq sahədə Kənd Təsərrüfatı İnstitutunun böyük kompleksinin tikilməsi planlaşdırılmışdı.
1979-cu ildən bu işlərə ciddi şəkildə başlanıldı, xeyli tikintilər və kommunikasiya işləri həyata keçirildi, yataqxanalar, qazanxanalar tikildi, bir neçə tədris korpusunun, dendroloji parkın, ippodromun əsası qoyuldu. Sonralar bu işlər məlum səbəblərdən dayandırıldı.
SSRİ Ali Soveti Rəyasət Heyətinin 16 may 1979-cu il tarixli fərmanı ilə zəngin tarixə malik bu tədris və elm ocağı yüksəkixtisaslı mütəxəssis hazırlığında və kənd təsərrüfatı elminin inkişafında xidmətlərinə görə “Şərəf nişanı” ordeni ilə təltif edildi, 1980-ci il dekabrın 16-da həmin ordeni Sovetlər İttifaqı rəhbərliyinin adından institutun kollektivinə o illərdə Azərbaycanın rəhbəri olmuş, Ulu öndər Heydər Əliyev təqdim etdi. Ulu öndər Heydər Əliyevin nitqində xüsusi olaraq qeyd etdiyi “Azərbaycan Kənd Təsərrüfatı İnstitutu nəinki yüksəkixtisaslı kadrlar hazırlamalı, həm də respublikada kənd təsərrüfatını daha da inkişaf etdirmək sahəsində elmi tədqiqatların mühüm mərkəzi olmalıdır” fikri kollektivin hər bir əməkdaşı üçün bu gün də gələcək fəaliyyət proqramına çevrilmişdir.
Ölkə Prezidenti cənab İlham Əliyevin diqqəti, qayğısı və yaxından dəstəyilə 2003-2013-cü illərdə bütövlükdə Azərbaycanda, o cümlədən təhsil sistemində çox ciddi işlər həyata keçirildi. Azərbaycanın büdcəsi davamlı olaraq artdı, ümumdaxili məhsul, vətəndaşların əməkhaqları yüksəldi. Prezident belə bir vacib ideya irəli sürdü ki, “qara qızıldan, maddi dəyərlərdən əldə edilən kapital ölkədə insan kapitalının inkişafına yönəldilməlidir”. Cənab Prezident İlham Əliyev belə bir konseptual ideya da irəli sürdü ki, “təhsil Azərbaycanın davamlı inkişaf strategiyasının ən öncül istiqamətlərindən biridir”.
Son 10 il ərzində ölkəmizin ali təhsil sistemində əhəmiyyətli dəyişikliklər baş vermişdir. 2005-ci ilin mayında Azərbaycan rəsmi olaraq Bolonya prosesinə qoşuldu və Bolonya Bəyannaməsinin tələblərinə uyğun ali məktəblərimizdə islahatlar aparılmağa başlandı. ADAU-nun da beynəlxalq əlaqələri genişləndi, maddi-texniki bazası sürətlə möhkəmlənməyə başladı.
Ümumiyyətlə, son illərdə Azərbaycanda təhsillə bağlı ciddi irəliləyişlər baş verir, bu nailiyyətlər beynəlxalq təhsil ekspertlərinin hesabatlarında da öz əksini tapmışdır. Təsadüfi deyil ki, ötən ilin may ayında ölkənin birinci xanımı, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə UNESCO-nun və İSESCO-nun təhsillə bağlı beynəlxalq konfransları məhz müstəqil Azərbaycanın paytaxtı Bakı şəhərində keçirilmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin son 10 ildə həyata keçirdiyi daxili və xarici siyasət beynəlxalq aləmdə xalqımızın iradəsinin təsdiqinə, ölkəmizin beynəlxalq imicinin artmasına əlverişli şərait yaradır. Bu siyasi kursun əsasını isə xalq və dövlət qarşısında öz xilaskar missiyasını şərəflə yerinə yetirmiş Ulu öndərimiz, əbədiyaşar Heydər Əliyev qoymuşdur.
N.HÜSEYNOV,
dosent, qabaqcıl təhsil işçisi
Yeni Azərbaycan.- 2013.- 15 may.- S.5.