Ulu öndər Heydər Əliyevin misilsiz xidmətləri gələcək nəsillərə böyük örnəkdir

 

 Binəqədi rayonunda Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə tədbir keçirilib

 

Aprelin 30-da Binəqədi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə tədbir keçirilib. Tədbirdə Binəqədi rayon İcra Hakimiyyətinin rəhbərliyi, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, həmçinin, millət vəkilləri Yaqub Mahmudov, Madər Musayev və Rafael Cəbrayılov, eləcə də, rayonun idarə və müəssisə rəhbərləri, təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları öncə Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş sənədli filmə baxıblar.

Sonra çıxış edən Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov Ulu öndər Heydər Əliyevin keçdiyi şərəfli həyat yolu, müasir Azərbaycanın qurulmasındakı rolu, ölkəmizin daxili və xarici siyasətinin təməlinin qoyulmasında və inkişafında əvəzolunmaz fəaliyyəti barədə məlumat verib. Natiq deyib ki, Ümummilli lider Heydər Əliyev Azərbaycan xalqının yetirdiyi və müasir tarixin dahi siyasi lideridir.

İcra Hakimiyyətinin başçısı bildirib ki, dünyanın görkəmli siyasi xadimlərindən olan Ulu öndər Heydər Əliyevin bütün mənalı ömrü və fəaliyyəti doğma xalqına və Vətəninə sədaqətlə xidmətin parlaq nümunəsidir. Onun sözlərinə görə, Ümummilli lider 1969-cu ildə respublikaya rəhbərlik etməyə başladıqda iqtisadiyyatın bütün sahələrində gerilik və durğunluq mövcud idi: “Lakin qısa zaman kəsiyində ölkədə baş verən qlobal dəyişikliklər xalqımızda gələcəyə böyük inam yaratdı. Azərbaycan keçmiş ittifaq miqyasında qabaqcıl respublikaya çevrildi”.

“Heydər Əliyevin misilsiz xidmətləri gələcək nəsillərə böyük örnəkdir”, - deyən Xaləddin İsgəndərov, həmçinin, Ümummilli liderin 1990-cı illərdə Azərbaycanı vətəndaş müharibəsindən xilas etməsindən və erməni təcavüzünün qarşısının alınmasında oynadığı roldan, ölkəmizi dünya arenasında tanıdılması sahəsindəki xidmətlərindən danışıb: “Azərbaycanın dövlət müstəqilliyinin etibarlı əsasları 1993-cü ildən sonra Ulu öndər Heydər Əliyevin rəhbərliyi, qətiyyətli siyasəti və dövlətçilik təcrübəsi nəticəsində yaradılıb”.

O, deyib ki, Heydər Əliyev ölkədə yaranmış vəziyyəti hərtərəfli və düşünülmüş şəkildə qiymətləndirərək hakimiyyət boşluğunun aradan qaldırılması, separatçılıq təhlükəsinin və silahlı quldur dəstələrinin ləğv edilməsi, döyüş qabiliyyətli ordu yaradılması kimi məsələlərin həlli naminə bütün Azərbaycan cəmiyyətini sıx birləşdirməyə və səfərbər etməyə nail olub. Dövlət çevrilişi cəhdlərinin qarşısı qətiyyətlə alınıb, hakimiyyətə silah gücünə gəlmək kimi təhlükəli ənənəyə birdəfəlik son qoyulub. Dünyanın tanınmış neft şirkətləri ilə aparılan danışıqların nəticəsində, 1994-cü il sentyabrın 20-də Bakıda “Əsrin müqaviləsi” imzalanıb, bununla da Azərbaycanın dünya iqtisadi sisteminə inteqrasiyasının əsası yaradılıb.

Hazırda Azərbaycanda hər bir sahədə inkişafın getdiyini deyən Xaləddin İsgəndərov əlavə edib ki, bütün bu nailiyyətlərin əsasında Ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilən siyasi kurs və Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır: “Bu günün fövqündən baxanda Azərbaycanın gələcəyi işıqlı və firavan görünür. Çünki müstəqil Azərbaycanın idarəçilik sükanı Ulu öndər Heydər Əliyevin siyasi varisi cənab Prezident İlham Əliyevin əlindədir”.

Çıxış edən millət vəkili, AMEA-nın Tarix İnstitutunun direktoru Yaqub Mahmudov deyib ki, Heydər Əliyev irsinə əsaslanan davamlı inkişaf konsepsiyası zəngin məzmuna və böyük təsir gücünə malik olması ilə xüsusi əhəmiyyət kəsb edir: “Tam qətiyyətlə demək olar ki, Ulu öndərimizin Azərbaycana rəhbərlik etdiyi illər tarixin ən intensiv mərhələsi kimi yadda qalıb. Bu mənada həmin dövrü tariximizin sürətli və hərtərəfli yüksəliş zirvəsi adlandırmaq, bəlkə də daha dəqiq qiymətləndirmə nümunəsi olardı. Azərbaycanın inkişaf konsepsiyasının Heydər Əliyev irsi ilə bağlılığını əhatəli şəkildə qavramağın ən etibarlı üsulu Onun xalq qarşısındakı xidmətlərinə nəzər salmaqdır”.

Çıxış edən Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü Eldar İbrahimov da Ümummilli liderimizin xalqımız və dövlətimiz qaşısındakı misilsiz xidmətlərindən danışıb. Millət vəkili deyib ki, Ulu öndər Heydər Əliyevin Azərbaycan tarixində yeri və rolu uzun müddət müzakirə ediləcək. Çünki Heydər Əliyevin xalqımız qarşısında xidmətləri o qədər böyük və zəngindir ki, bu, zaman-zaman tədqiqatlar mövzusu olacaq: “Ümummilli liderimizin fəaliyyəti Azərbaycanın dünəni, bu günü və gələcəyinə hesablanmış fəaliyyətdir. Ulu öndərimiz keçmişə istinad edərək bu günümüzü necə qurmağı və gələcəyimiz üçün hansı işlər görülməsinin nümunəsini bizə göstərdi. Hesab edirəm ki, bu, hər bir millətin inkişafında əsas şərtlərdən biridir. Heydər Əliyevin bu günə hesablanmış fəaliyyəti hər birimizin gözü qarşısında baş verib. Yaxın tariximizə nəzər salsaq, bu tarixə münasibətin özünü də aydın şəkildə dərk edirik”.

Onun sözlərinə görə, Azərbaycanın son onilliklər ərzində qazandığı uğurlar Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti ilə birbaşa bağlıdır: “1969-cu ildə Onun Azərbaycana rəhbər seçilməsi, əslində, çağdaş tariximizə ölkəmizin sürətli və uzun müddətli inkişafının əsasını qoyulması kimi daxil olub”.

“Ümummilli liderimiz Heydər Əliyev həmişə Azərbaycan xalqının mənafeyini düşünən bir öndər olub, bu istiqamətdə apardığı ardıcıl və məqsədyönlü siyasət Onun bütün fəaliyyətinin əsasını təşkil edib”, - deyən Eldar İbrahimov əlavə edib ki, bu gün Azərbaycanda həyata keçirilən böyük tədbirlər məhz Ulu öndər Heydər Əliyevin ölməz ideyalarının həmişəyaşar, əbədi olduğunu bir daha sübut edir. Onun sözlərinə görə, Ulu öndərimizin uzaqgörənliyi, müdrikliyi və fədakarlığı bu şəxsiyyəti təkcə Azərbaycan xalqının deyil, bütün dünya azərbaycanlılarının liderliyinə yüksəldib, ömür yolu isə Vətənə xidmətin parlaq nümunəsinə çevrilib: “Bütün həyatını xalqına və Vətəninə həsr etmiş Ümummilli liderimiz Heydər Əliyev Azərbaycan xalqının tarixinə müstəqilliyimizin memarı və qurucusu kimi daxil olub. Yorulmaz, çoxşaxəli və zəngin fəaliyyəti Azərbaycanı sürətli inkişaf yoluna çıxarıb və şübhə yoxdur ki, yaxın illərdə ölkəmiz dünyanın ən güclü dövlətlərindən birinə çevriləcək”.

Eldar İbrahimov onu da deyib ki, hazırda müstəqilliyinin 22-ci ilini yaşayan Azərbaycan ötən illər ərzində böyük inkişaf yolu keçib: “Məhz ölkəmizin inkişaf strategiyası Ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilib və Azərbaycanda Heydər Əliyev siyasətinin alternativi yoxdur. Bu gün hörmətli Prezidentimiz İlham Əliyevin bu siyasəti uğurla həyata keçirməsi nəticəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, müasirləşən, modernləşən dövlətinə çevrilib. Ötən dövr ərzində möhtəşəm iqtisadi uğurlara imza atılıb. Bunu tək Azərbaycan vətəndaşları yox, bütün dünya təsdiq edir. Azərbaycana səfər edən hər bir şəxs ölkəmizdə gedən inkişafa heyran qalır. Hətta bir sıra beynəlxalq ekspertlər ölkəmizdə təkcə yoxsulluğun səviyyəsinin son illərdə azalması faktoruna söykənərək Azərbaycanı inkişaf etməkdə olan yox, inkişaf etmiş ölkələrin sırasına daxil edirlər. Ölkəmizdə gedən inkişaf həm geniş spektrlidir, həm də bütün regionları əhatə edir. Bu da çox önəmli bir amildir. Yəni, inkişaf tək paytaxtla məhdudlaşmır. Regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilən proqramlar olduqca böyük əhəmiyyətə malikdir. Prezident İlham Əliyevin rəhbərliyi dövründə Azərbaycan Respublikası misli görünməmiş sosial-iqtisadi inkişafa nail olub, regionda lider ölkə statusunu qazanıb. Azərbaycan hazırda Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində özünəməxsus yeri olan önəmli bir dövlətdir. Ölkəmizdə çox uğurla həyata keçirilən iqtisadi siyasətin nəticəsidir ki, dünyada tüğyan edən qlobal böhran Azərbaycana təsir göstərə bilmir və başqa ölkələrdən fərqli olaraq respublikamızda dinamik artım davam edir, böyük maliyyə tutumlu layihələr həyata keçirilir, investisiya qoyuluşu genişlənir, əhalinin sosial rifah halı yaxşılaşır”.

Tədbir konsert proqramı ilə davam etdirilib.

 

 

Nadir AZƏRİ

 

Yeni Azərbaycan.- 2013.- 1 may.- S.5.