Ümummilli lider Heydər
Əliyev ideyaları əsasında fəaliyyət göstərən
Bakı Dövlət Universiteti özünün inkişaf
dövrünü yaşayır
Azərbaycan təhsilinin flaqmanı
olan Bakı Dövlət Universiteti bu gün özünün
inkişaf dövrünü yaşayır. Müsəlman
Şərqində Avropa tipli ilk ali təhsil müəssisəsi
olan Bakı Dövlət Universiteti yarandığı
dövrün ilk illərində çətin və mürəkkəb
dönəm keçmiş, müəyyən problemlərlə
üzləşmişdir. Hətta ötən əsrin 20-ci illərinin
sonu - 30-cu illərinin əvvəllərində Universitetin fəaliyyəti
qeyri-müəyyən səbəblərdən
dayandırılmışdı. Universitet 1934-cü ildən
sonra öz fəaliyyətini davam etdirməyə başlasa da,
70-ci illərə qədər mövcud problemlər davam
etmişdir. Azərbaycan xalqının Ümummilli lideri Heydər
Əliyevin 1969-1982-ci illərdə Respublikaya rəhbərlik
etdiyi dönəmdə bütün sahə və sektorlarda
olduğu kimi, Azərbaycan təhsilində də kardinal
islahatlar həyata keçirilmiş və bu sahədə əsaslı
inkişaf tempi qeydə alınmışdır. Bu kontekstdə
Azərbaycan təhsilinin bayraqdarı olan Bakı Dövlət
Universitetinin də fəaliyyətində əsaslı
dönüş yaranmış, Universitet milli kadr
potensialının formalaşdırılması, əsaslı
kadr islahatlarının həyata keçirilməsi işinə
əhəmiyyətli töhfələr vermişdir. Bunlarla
yanaşı, ilk növbədə, Azərbaycan təhsilinin
inkişafına bilavasitə töhfələr verən
Bakı Dövlət Universitetinin maddi-texniki bazası
yaxşılaşdırıldı. Xüsusi intellektual təbəqənin
formalaşdırılması istiqamətində normativ baza
yaradıldı və buna müvafiq olaraq praktik müstəvidə
əhəmiyyətli tədbirlər görüldü. Buna
paralel olaraq təhsil sektorunda əhəmiyyətli irəliləyişlərin
qeydə alınması üçün strateji əhəmiyyət
kəsb edən mühüm işlər görüldü. Belə
ki, Ulu öndər Heydər Əliyevin xüsusi diqqət və
qayğısının fonunda kadr potensialının
formalaşdırılması və təkmilləşdirilməsi
istiqamətində azərbaycanlı gənclər SSRİ
miqyasında fəaliyyət göstərən ali təhsil
müəssisələrinə göndərildilər. Azərbaycanlı
tələbələr Moskva, Leninqrad, Xarkov, Kiyev, Minsk, Voronej
və s. şəhərlərdə fəaliyyət göstərən
nüfuzlu ali təhsil müəssisələrində öz təhsillərini
başa vuraraq ölkəmizə qayıdır və kadr
potensialı kimi müxtəlif sahələrdə
çalışırdılar. Ümumilikdə, Heydər Əliyevin
respublikaya rəhbərlik etdiyi dövrdə SSRİ-nin ən
nüfuzlu ali təhsil müəssisələrində 18 minədək
yüksəkixtisaslı mütəxəssis hazırlandı.
Bu isə milli inkişafın intellektual əsaslarının
möhkəmlənməsinə fundamental töhfə idi.
Bütün
bunların fonunda Ulu öndər Heydər Əliyev təhsil
sektorunun inkişafının zərurətini məhz bu
cür dəyərləndirirdi: “Azərbaycanda yüksək
savada, biliyə, ixtisasa, yüksək elmə malik insanlar var və
onlar cəmiyyətin çox hissəsini təşkil edir. Əgər
onlar olmasaydı, Azərbaycanın iqtisadiyyatı, Azərbaycan
elmi inkişaf edə bilməzdi. Bunlar olmasaydı, biz indi Azərbaycanı
müstəqil dövlət kimi idarə edə bilməzdik.
Onları qiymətləndirmək lazımdır və on illərlə
əldə etdiyimiz nailiyyətləri heç vaxt
unutmamalıyıq”.
Bununla
yanaşı, azərbaycanlı gənclərin SSRİ
miqyasında fəaliyyət göstərən nüfuzlu ali təhsil
məktəblərinə göndərilməsi milli mədəniyyətimizin
təbliği və möhkəmləndirilməsi, milli diaspor
quruculuğunun formalaşdırılması işinə
mühüm strateji töhfələr bəxş etdi. Sonralar
Ulu öndər Heydər Əliyev bu missiya və prosesi məhz
bu cür dəyərləndirirdi: “O vaxtlar azərbaycanlıları
ayrı-ayrı yollarla sovetlər ittifaqının müxtəlif
yerlərinə göndərməklə dayaq yaratmaq istəyirdim.
İndi isə sərhədlər açılıb, azərbaycanlılar
hər yerdə yaşaya bilər. Bir şərtlə ki, gərək,
millətini, dinini, torpağını və ana Vətənini
unutmayasan”.
Qeyd
etmək lazımdır ki, respublikada təhsilin
inkişafına xüsusi diqqət yetirilməsi, gəncliyin
ana dilində təhsilinə üstünlük verilməsi
milli intibahımızı şərtləndirən strateji
faktorlardan biri olmuşdur. Məhz həmin dövrdə
Bakı Dövlət Universitetinin müəllim heyətinin,
demək olar ki, hamısını azərbaycanlılar təşkil
edirdi. Ümummilli lider Heydər Əliyevin ana dilinə
xüsusi əhəmiyyət verməsi öz növbəsində,
strateji nöqteyi-nəzərdən çox mühüm əhəmiyyət
kəsb edirdi və milli təhsilimizin inkişafına, milli
intellektual kadr potensialının formalaşdırılması
və təkmilləşməsinə xüsusi töhfələr
bəxş edirdi. SSRİ miqyasında rəsmi və
işgüzar səviyyədə rus dilinin hakim dil olduğu
bir dönəmdə 1969-cu ilin noyabrında
xalqımızın Ümummilli lideri Heydər Əliyevin
Universitetin 50 illik yubileyində Azərbaycan dilində
çıxış etməsi ana dilimizə və bu dildə
təhsilə nə qədər böyük önəm
verdiyini növbəti dəfə göstərmişdi.
Ümumiyyətlə, həm 1969-1982-ci illərdə Azərbaycana
rəhbərlik etdiyi dönəmdə, həm də ölkəmizin
müstəqillik əldə etməsindən sonra Ulu öndər
Heydər Əliyevin təhsil sahəsinə yüksək qayğı
və diqqətinin fonunda təhsil sistemində milli dövlətçiliyin
əsaslarını möhkəmlədən ardıcıl və
effektiv islahatlar həyata keçirilib.
Məhz
bütün bunların qanunauyğun nəticəsi idi ki, həmin
dövrdə Bakı Dövlət Universitetinin tələbə
və məzunları, bu ali təhsil ocağının
ziyalıları, bütövlükdə, kadr potensialı
ölkəmizin ictimai-siyasi, sosio-mədəni həyatında
mühüm rol oynayır, ölkə miqyasında və beynəlxalq
müstəvidə mühüm milli nailiyyətlərə
imza atırdılar. Ümummilli liderimiz Heydər Əliyev
1994-cü ildə Bakı Dövlət Universitetinin 75 illik
yubileyi münasibətilə keçirilən mərasimdə
söylədiyi geniş nitqdə bəhs olunan ali məktəbin
bu illər ərzində qazandığı uğurlara
toxunaraq bu təhsil ocağının ölkənin ictimai,
siyasi, mədəni həyatında gələcəkdə daha
böyük rol oynayacağını qeyd etmişdi. Bununla
yanaşı, Ulu öndər Heydər Əliyev Bakı
Dövlət Universitetinin 80 illiyi ilə əlaqədar
Universitetin kollektivinə 28 dekabr 1999-cu il tarixində göndərdiyi
təbrik məktubunda qeyd edirdi: “Bakı Dövlət
Universiteti öz fəaliyyətinin bütün dövrlərində
elm və təhsil məbədi olmaqla yanaşı, həm də
Azərbaycan dilinin inkişafında, milli şüurun, vətənpərvərlik
ruhunun inkişafında xidmətlər göstərmiş bir
mərkəz rolunu oynamışdır”.
Ümummilli
lider Heydər Əliyev daim Universitetin fəaliyyətini
yüksək qiymətləndirərək bu ali təhsil
ocağının məzunu olmaqdan qürur duyduğunu qeyd
edirdi. 1957-ci ildə Bakı Dövlət Universitetinin Tarix
fakültəsini əla qiymətlərlə, fəxri diplomla
bitirən Ulu öndər Heydər Əliyev Azərbaycan təhsilinin
flaqmanı olan Bakı Dövət Universitetinin
inkişafını, səmərəli fəaliyyətini daim
diqqətdə saxlayır, Onun xüsusi diqqət və
qayğısı sayəsində bu ali təhsil
ocağının fəaliyyəti üçün hər
cür şərait yaradılırdı. Qeyd etmək
lazımdır ki, Bakı Dövlət Universitetinin
hazırkı 1 saylı və 2 saylı doqquzmərtəbəli
tədris korpusları, Universitetin tələbə şəhərciyi,
onun 4 beşmərtəbəli yataqxanası, xarici tələbələr
üçün 1 beşmərtəbəli bina, böyük
kitabxana Ümummilli lider Heydər Əliyevin göstərişi
ilə tikilərək istifadəyə verilmişdir.
Bu
gün Respublikanın aparıcı elm və təhsil, o
cümlədən elmi-tədqiqat mərkəzi olan Bakı
Dövlət Universiteti həm Azərbaycan təhsilinin
inkişafına, həm də ikitərəfli səmərəli
beynəlxalq əməkdaşlıq əlaqələrinə
malik olmaqla Azərbaycan təhsilinin beynəlxalq inteqrasiyasına
fundamental töhfələr bəxş edir. Sirr deyil ki, bu
gün Universitet geniş beynəlxalq əlaqələrə
malikdir və dünya reytinq sıralamasında davamlı irəliləyişə
malikdir. Təkcə bir faktı qeyd etmək lazımdır ki,
2010-cu ilin dekabrında akademik göstəricilərə
görə universitetlərin reytinqi üzrə siyahıda
dünyanın ən yaxşı 2000 universitetinin adı
göstərilmişdi və bu siyahıda Azərbaycandan
yalnız Bakı Dövlət Universiteti yer almışdı.
Məhz
hazırki dönəmdə də Prezident İlham Əliyevin
rəhbərliyi ilə həyata keçirilən milli
inkişaf strategiyasının sayəsində ölkəmizdə
təhsil sektorunun tərəqqisi müasir dövrün
reallıqlarına və qanunauyğunluqlarına müvafiq surətdə
davam edir. Ulu öndər Heydər Əliyevin miras qoyduğu,
özündə ali norma və dəyərlər sistemini
ehtiva edən ənənələr Prezident İlham Əliyev
tərəfindən uğurla davam etdirilir. Dövlət
başçısının yüksək diqqəti və
effektiv göstərişləri əsasında atılan
addımlar, icra edilən dövlət proqramları təhsil
sistemində keyfiyyətcə yeni inkişaf meyillərinin əldə
edilməsinə, uğurlu nəticələrin
qazanılmasına xidmət edir. Bu da, şübhəsiz,
ölkəmizin milli kadr potensialının kəmiyyət və
keyfiyyət baxımından təkmilləşdirilməsi
işinə mühüm töhfələr verir.
Bir məqama
xüsusilə toxunmaq gərəkdir ki, Bakı Dövlət
Universitetindən məzun olan kadrlar cəmiyyətin
ayrı-ayrı sahələrində, ictimai-sosial münasibətlər
sistemində təmsil olunmaqla idarəetmənin müasir
prinsipləri üzrə təşkilinə təkan verməkdədirlər.
Bakı Dövlət Universitetinin səmərəli fəaliyyəti
müxtəlif sahələr üçün yararlı,
yüksəksəviyyəli kadr potensialının
formalaşdırılması işinə də geniş
imkanlar yaradır. Bu proses həm Azərbaycanda peşəkar
kadr potensialının yetişdirilməsi, həm də gənclərin
müxtəlif ölkələrdə təhsil almasına
geniş şərait və imkanlar yaradılması vasitəsilə
həyata keçirilir.
Nəticə
etibarilə, bu gün Ümummilli lider Heydər Əliyev
ideyaları əsasında fəaliyyət göstərən
Bakı Dövlət Universiteti Azərbaycan təhsilinin
bayraqdarı kimi çıxış edir və təhsilimizin,
milli dövlətçilik ənənələrinin
inkişafına əhəmiyyətli töhfələr verir,
eyni zamanda, perspektiv inkişafın strateji əsaslarını
formalaşdırır.
NURLAN QƏLƏNDƏRLİ,
Bakı Dövlət Universitetinin
“BDU-nun
dünya şöhrətli məzunu
Heydər Əliyev”
mövzusunda keçirdiyi
müsabiqəyə təqdim olunur
Yeni Azərbaycan.- 2013.- 1 may.- S.6.