“Heydər Əliyev Azərbaycanı
canından çox sevirdi”
Dünya
ölkələrinin inkişaf tarixinin
araşdırılması göstərir ki, bütün
zamanlarda xarizmatik lider, müqəddəratı təhlükə
altında olan dövlətin xilaskarı missiyasının təminatçısı
olur. Həmin missiyanı Rusiyanın tarixində Böyük
Pyotr, ABŞ-ın tarixində C.Vaşinqton və A.Linkoln,
qardaş Türkiyənin tarixində böyük Atatürk
yerinə yetirmişsə, Azərbaycanın
çağdaş tarixində bu missiya Ulu öndərimiz Heydər
Əliyevin adı ilə bağlıdır.
Heydər
Əliyevlə ilk dəfə 5 fevral 1991-ci ildə o zamanlar
işlədiyim Ali Sovetin sessiyasında tanış oldum.
Yadımdadı, iclaslararası fasilədə Heydər Əliyevə
yaxınlaşaraq özümü təqdim etdim və dedim ki,
əgər Sizə hər hansı bir işdə
yardımçı ola bilərəmsə, özümü
çox xoşbəxt sanaram. Liftlə mənim otağıma
qalxdıq. Qızlardan çay hazırlamalarını
xahiş etdim. Sonra bir az söhbət etdik. Heydər Əliyev əvvəlcə
məndən özüm haqda məlumatları soruşdu və
sonra respublikadakı vəziyyətlə maraqlandı. Əvvəlcə
çox həyəcanlı idim, amma Heydər Əliyev elə
səmimi söhbət etdi ki, mənim həyəcanım tez
keçib getdi və həmsöhbət kimi bu insan
ağlı, kamalı ilə məni heyran qoydu. İlk
görüşdəcə Onun qeyri-adi insan olduğunu
anladım, görüş bitdikdə O, mənim əlimi
sıxdı. Adətən belə vəziyyətdə mütləq
müsahibinin gözlərinin içərisinə baxmalı
olursan. Mən Onun gözlərinin dərinliyində fövqəladə
bir qüvvə olduğunu hiss etdim. Səmimi söhbətimiz
boyu elə hey düşünürdüm ki, mənimlə
üzbəüz oturan insan fövqəladə keyfiyyətlərə
sahib, doğrudan da, əfsanəvi bir şəxsiyyətdir.
Heydər Əliyevlə söhbət zamanı hiss edirdim ki, O,
nədənsə daxilən narahatdır. Sonra başa
düşdüm ki, Heydər Əliyevin dövründə
Onunla birlikdə çalışan, Onun sayəsində vəzifəyə
yüksələn adamlar Ali Sovetin iclas zalının foyesində
yanından ötüb keçir, hətta salam belə vermirdilər.
Əlbəttə, bu Onun xətrinə dəyirdi.
Nahar
fasiləsinə yaxın otaqdan çıxıb liftlə
birinci mərtəbəyə düşdük. O, mənimlə
vidalaşmadı, sadəcə dedi:
- Əlaqəni
kəsmə!
Heydər
Əliyev Ali Sovetin sədri Elmira Qafarovadan xahiş etdi ki, O,
Bakıda olduğu zaman məni Onun köməkçisi təyin
etsin. Mən Onunla tez-tez əlaqə saxlayaraq Ali Sovetin işi
və respublikadakı vəziyyətlə bağlı məlumat
verirdim. Bir neçə dəfə Naxçıvana, Onun
yanına da getdim.
Heydər
Əliyev 1993-cü ildə hakimiyyətə qayıdanda Ali
Sovetdə işləyirdim və qısa müddətdən
sonra həm də faktik olaraq mən Onun köməkçisi
oldum.
Heydər
Əliyev gecə saat üçün yarısından tez evə
getmirdi və səhərlər isə adətən tez gəlirdi
işə. Respublikada ictimai-siyasi gərginlik dramatik həddə
çatmışdı. O, mahir siyasətçi kimi qarşıya
çıxan bütün çətinliklərin çox
asan yolla düzgün siyasi həllini tapırdı. Daxilən
nə qədər gərgin olsa da, bunu heç vaxt hiss etdirməzdi.
Ölkədə qısa müddətdə ictimai-siyasi
sabitliyin yaranmasında Heydər Əliyevin milli həmrəylik
missiyasının çox böyük əhəmiyyəti
olmuşdur. 1993-cü ilin iyun ayının sessiyalarının
iclaslarının birində Heydər Əliyev
çıxışında milli həmrəyliyin olduqca vacib
olduğunu dedi, insanlar arasında olan qərəzçilik,
kin-küdurətin aradan qaldırılması və Azərbaycan
dövlətçiliyin qorunması naminə hamını
barışığa dəvət etdi.
Yadımdadır
ABŞ Milli Bayramı - Respublika Günü münasibəti ilə
səfirlikdə açıq havada tədbir keçirilirdi.
Heydər Əliyev həmin tədbirdə İsa Qəmbər,
Əli Kərimli və Etibar Məmmədov olan masaya
yaxınlaşıb onlarla söhbət etməyə
başladı. Bu səhnə həm respublikada, həm beynəlxalq
aləmdə çox yaxşı qarşılandı, həm
də bununla Heydər Əliyev bir daha öz
böyüklüyünü nümayiş etdirdi.
Heydər
Əliyevin Azərbaycan Xalq Cəbhəsi və Müsavat
partiyalarının nümayəndələrinə münasibəti
normal idi. O, bir tərəfdən onları səriştəsizlikdə,
fəaliyyətlərindəki nöqsanlara görə tənqid
edirdi, digər tərəfdən milli həmrəyliyə
görə onlarla əməkdaşlıq etməyə
hazır olduğunu əməli ilə təsdiq edirdi. Heydər
Əliyev məni Prezidentin ərazi idarəetmə orqanları
ilə iş şöbəsinə müdir təyin edəndə
ilk tövsiyəsi belə oldu:
- Cəbhəçilərin,
müsavatçıların arasında ağıllı
adamlar var. Çalış onlarla münasibət qur ki, biz
onları işə cəlb edək.
Heydər
Əliyev bilirdi ki, mən vaxtilə Ali Sovetdə bərabər
işlədiyim üçün onların çoxunu
tanıyıram. Bu tapşırıqdan sonra Bakı şəhərinin
bir neçə rayon icra başçıları və digər
vəzifəli şəxslərlə söhbət etdim.
Onların hamısı əvvəlcə Heydər Əliyevlə
işləyəcəklərini çox böyük məmnuniyyətlə
bildirdilər. Sonra isə Milli Məclisdə o zamankı,
xarici işlər naziri Tofiq Qasımov başda olmaqla bir qrup
deputat elan etdi ki, onlar vəzifələrini dondururlar və
bunu bütün siyasi həmfikirlərinə şamil edirlər.
Bu qərardan sonra cəbhəçilərlə
müsavatçıları da məcbur etdilər ki, hakimiyyət
strukturlarındakı vəzifələrindən istefa versinlər.
Buna
baxmayaraq, Heydər Əliyev uzun müddət Əbülfəz
Elçibəyin təyin etdiyi hökumət üzvləri ilə
də işlədi. Onların arasında maliyyə naziri Saleh
Məmmədov, Baş nazirin müavinləri Əsgər Məmmədov
və Vahid Əhmədov, dövlət müşaviri Hidayət
Orucov, “Azərbaycan Hava Yolları” Dövlət Konserninin
baş direktoru Ədalət Əliyev, mətbuat və
informasiya naziri Sabir Rüstəmxanlı və başqaları
da var idi.
Heydər
Əliyev bütün vacib məsələlər, o cümlədən,
yeni kadrların seçilməsi məsələlərini
kollegial şəkildə həll edirdi. On il ərzində bir
dəfə də olsun eşitmədim ki, Heydər Əliyev
desin ki, “Mən filan şəxsi bu vəzifəyə təyin
edirəm”. O, bizi çağırır və deyirdi:
“Hansısa şəhərə və ya rayona
başçı təyin etmək üçün kadr
seçib təqdim edin”. Biz 7-8 namizəd seçir və
Prezidentə təqdim edirdik. Elə birinci müzakirədəcə
üçünün-dördünün namizədliyini qəbul
etmirdi. Qalanlarının işini götürərək
deyirdi: “Bunları isə mən özüm öyrənəcəyəm”.
Həmin
namizədlər barədə məlumatları hərtərəfli
öyrəndikdən və analiz etdikdən sonra onlardan birini
seçirdi və həmin namizəd üzərində
dayandığını, məhz nə üçün onu
seçdiyini bizə izah edirdi. Hər şeydən əvvəl
O, seçdiyi namizədin siyasi baxışlarını,
dövlət quruculuğuna münasibətini, mədəni səviyyəsini
və müasirliyə yanaşma tərzini əsas
götürürdü. O, həmişə gənc kadrlara
üstünlük verirdi və bizdən tələb edirdi:
“Çalışın gənc, perspektivli, istedadlı
kadrları tapın, çünki respublikamızın gələcəyi
onlardan asılıdır”.
Heydər
Əliyev istəyirdi ki, Onun komandasında gənclər daha
çox olsun. Deyirdi ki, “Mən onlara çox şey öyrədə
bilərəm və bu kadrlar gələcəkdə
respublikamıza böyük xeyir verə bilərlər”.
1993-1995-ci
illərdə respublikada vəziyyət hələ də
qeyri-sabit olduğuna görə icra başçısı vəzifəsinə
öz rayonunda, həmyerliləri arasında nüfuzlu,
çoxlu tanınmış qohum-əqrəbası olan şəxsləri
təyin edirdi. Respublikada ictimai-siyasi vəziyyət sabitləşəndən
və islahatlar başlayandan sonra Heydər Əliyev bizə
göstəriş verdi ki, əsasən kənd rayonlarına
icra başçıları seçərkən ən
birincisi həmin başçı o rayonun sakini
olmalıdır, ikincisi yaxşı mütəxəssis
olmalı, kənd təsərrüfatını yaxşı
bilməli, torpağı sevməlidir ki, aparılan
islahatların məqsədini yerli sakinlərə
çatdıra bilsin. Bir müddətdən sonra yəni,
islahatlar başa çatdıqdan sonra Heydər Əliyev bizdən
tələb etdi ki, taktikanı dəyişin, kadrları digər
rayonlardan seçin. Gizli deyil ki, icra başçısı həmin
rayonda olanda əsas vəzifələrə öz yaxın
qohumlarını təyin edir.
Daha
sonra isə Heydər Əliyev 5-6 il bir rayonda işləyib
müəyyən təcrübə əldə etmiş,
maksimum az nöqsanlara yol vermiş kadrları başqa rayona
göndərərək, o rayona yenisini təyin edirdi.
Heydər
Əliyev təşəbbüskar kadrları sevirdi. Eyni
zamanda, istər aparat işçisi, istər rayon rəhbəri
və ya nazir olsun, öz yerini bilməyən kadrdan Heydər Əliyevin
xoşu gəlmirdi. O, ümumiyyətlə hər bir halda
özbaşınalığa dözmürdü və hər
şeydən öncə rüşvətxorluğun qəti
düşməni idi. Əgər bilsəydi ki, hansısa rəhbər,
vəzifəli şəxs rüşvətxordur,
gözünün işığı olsa belə, onu işdən
azad edirdi. Əvvəlcə xəbərdarlıq edirdi - bir dəfə,
iki dəfə, üçüncü dəfə deyilənlər
həmin rəhbərə çatmırdısa dərhal
işdən çıxarırdı. O, dəfələrlə
təəssüf hissi ilə deyirdi: “Nə qədər
çalışıram, bu bəlaya qalib gələ bilmirəm”.
İdarəçilikdə
və ümumi işdə yol verilmiş nöqsanlara qarşı
barışmazlıq, bütün məsələlərin həllində,
nöqsanların araşdırılmasında ədalət
prinsipi Ümummilli liderin idarəçilik üslubunun əsasını
təşkil edirdi. O, kimliyindən asılı olmayaraq hər
bir vəzifəli şəxsin nöqsan və
qüsurlarını ciddiliklə açıb göstərən,
əldə olunmuş uğurları layiqincə qiymətləndirməyi
bacaran və bütün bunları şəffaflıq şəraitində
həyata keçirən bir dövlət rəhbəri idi.
Heydər
Əliyevin tabeçiliyində olan işçilərinə
qarşı münasibəti olduqca ciddi olmaqla yanaşı,
eyni zamanda, işgüzar və tələbkar atmosfer şəraitində
olurdu.
Qəbul
edilən mühüm qərarlar kollegial fikir mübadiləsinin
nəticəsində əmələ gəlirdi. O, məsələn,
məni və ya digər bir şöbənin müdirini
yanına çağırır və deyirdi: “Mən hər
hansı bir tədbir keçirmək istəyirəm. Bu barədə
sən nə fikirləşirsən?”. Təxminən bir həftə
sonra mənimlə olan həmin mövzu aidiyyəti üzrə
komanda üzvlərindən hər hansı bir pillə
yuxarı olanla müzakirə olunurdu. Heydər Əliyev Təhlükəsizlik
Şurasının iclaslarında onun hər bir
üzvünün və dəvət olunanların fikrini dinlədikdən
sonra qərar qəbul edirdi. Təhlükəsizlik
Şurasının əksər iclaslarında adamlar alternativ
fikirlərlə çıxış edər, hər kəs
öz fikrini açıq deyirdi. Tutaq ki, kimsə
çıxış edərək deyirdi ki, “Mənim
müzakirə olunan məsələ ilə bağlı fikrim
belədir”. Başqa bir çıxış edən isə
deyirdi: “Məndən əvvəl çıxış edən
natiq belə bir fikir söylədi, mən isə cənab
Prezident, bu məsələ barədə başqa cür
düşünürəm”. Heydər Əliyev böyük təmkinlə
onları dinləyirdi, sözlərini kəsmirdi, imkan verirdi
ki, onlar problem barədə öz fikirlərini sərbəst
söyləyə bilsinlər. Sonra isə iclasa yekun vuraraq səslənən
fikirlərə qiymət verirdi. Mənim iştirak etdiyim
iclaslarda elə bir hal olmayıb ki, Heydər Əliyev tərəfindən
əvvəlcədən qərar hazırlansın. Əgər
O, hər hansı bir məsələni müzakirəyə
çıxarmağı lazım bilirdisə, demək
hamının fikrini öyrəndikdən sonra bu barədə
qərar verəcək. Elə bir məqam olmayıb ki, Heydər
Əliyev desin ki, “Mən hər hansı bir məsələ
barədə qərar qəbul etmişəm, amma sizdən
xahiş edirəm, bu məsələ barədə fikirlərinizi
bildirin”.
Eyni
zamanda, Heydər Əliyev öz işçilərinə
qarşı həmişə humanist münasibət göstərirdi.
Məsələn, bir gün ərzində O, səni səhər
tezdən hər hansı bir işdə yol verdiyin səhvinə
görə danlayırdı, axşam isə işdən evə
gedənə yaxın köməkçinin vasitəsilə səninlə
telefon bağlantısı yaradardı və deyirdi: “Bilirsənmi,
mən burada bəzi şeylər fikirləşmişəm,
istəyirəm ki, səninlə hansısa bir məsələni
müzakirə edək”. Bəli, bu artıq başqa cür
münasibət idi, birinci bu gərginlik aradan qalxırdı, səhər
baş verənlər artıq arxa plana keçirdi, istər-istəməz
hər birimiz bu iradlardan özümüzə xüsusi nəticə
çıxararaq həmin səhvimizi düzəldirdik və
işgüzar şərait davam edirdi. Yəni O, bu münasibət
ilə hiss etdirirdi ki, öz əməkdaşlarına
qarşı kin saxlamır və yaxud elə də olurdu ki,
axşam səni danlayır, səhər isə işə gələn
kimi özü zəng vuraraq, kef-halını soruşurdu,
deyirdi ki, “Rayonlarda vəziyyət necədir?”.
Tapşırıq verirdi. Elə rəhbərlər var ki,
öz tabeliyində olan işçisini danlayır və hətta
1-2 həftə o işçini heç yadına da salmır,
onu gərgin vəziyyətdə saxlayır. Heydər Əliyevdə
bu xüsusiyyət yox idi.
Ulu
öndər Heydər Əliyev bir Prezident kimi tabeliyindəki
şəxslərin mətbuatda hər hansı bir problem və
ya məsələ ilə bağlı açıqlama verməsinə
heç vaxt etiraz etmirdi. Həmin adam öz sahəsində hər
hansı bir problemin həlli barədə
danışırdısa, O, bunu yaxşı
qarşılayırdı, hətta zəng edərək həmin
şəxsə maraqlı çıxışlarına
görə xoş sözlərini deyirdi. Orada başqa sahələrə
toxunulurdusa, həm də qərəzli, qeyri-obyektiv,
yoxlanılmamış ara söhbətlərinə istinad
olunurdusa, əlbəttə, bu Heydər Əliyevin xoşuna gəlmirdi.
Heydər Əliyev deyirdi: “Əgər hər hansı bir
problem varsa, mənə de, biz həmin məsələyə
baxaq, müzakirə edək. Əgər bu məsələ əsaslıdırsa,
mən Prezident kimi ölçü götürərəm”.
Bir
maraqlı məqama da toxunmaya bilmərəm. Heydər Əliyevə
hər hansı bir sənədin layihəsini gətirəsən
O, bu sənədin üzərində öz əlavələrini
etmədən, işləmədən onu imzalamazdı. Biz Onun
düzəlişindən sonra sənədin necə mükəmməl
olduğuna heyrət edirdik və belə anlarda O, bizi başa
salırdı ki, nəyə görə bu sənədə hər
hansı bir fikir əlavə etmək lazımdır. Heydər
Əliyev həmişə çalışırdı ki,
tabeliyində olan işçiləri öyrətsin, onlar Onun
iş metodlarını və üslubunu mənimsəsinlər.
Heydər Əliyev rəsmi tədbirlərin hazırlığına çox ciddi nəzarət edirdi. Nə qədər ciddi hazırlansa da O, tədbirin başlanmasına qədər öz fikirlərini, təkliflərini verirdi. Tədbiri nə qədər ciddi hazırlasaq da sonda Heydər Əliyev tədbirin hazırlanmasında gözdən qaçanları nəzərimizə çatdırır və qısa müddətdə biz onu düzəldirik. Rəsmi tədbir öncəsi Heydər Əliyev hökmən bizə yaddan çıxan məqamla bağlı öz iradını bildirməklə, çox ciddi əhval-ruhiyyə ilə tədbirə qatılırdı və rəsmi tədbirlərdə heç bir qeyri-rəsmi söhbət olmurdu. Mən əvvəllər belə hallarda büruzə verməsəm də, daxilən çox narahat olurdum. Bir müddət keçəndən sonra başa düşdüm ki, bu Heydər Əliyevin iş üslubudur və müzakirə olunan məsələyə ciddi yanaşmaq üçün özünü əvvəlcədən hazırlamaqdır. Bizim üçün ən başlıcası tədbirin başlanması idi. Onda biz arxayınlaşırdıq ki, Heydər Əliyev tədbirin yüksək səviyyədə keçməsi üçün öz mahir idarəçilik gedişlərini edəcək. Rəsmi tədbirlərdən sonra isə O, tədbiri hazırlayanları yanına yığar və soruşardı “Tədbir necə keçdi”. Biz öz fikirlərimizi bildirərdik və işlərlə bağlı bizə öz tapşırıqlarını verərdi. Tədbirdən hazırlanan materialların KİV-lərdə dərc olunmasına da, TV-lərdə göstərilməsinə də şəxsən nəzarət edirdi.
Heydər Əliyev müxtəlif bayram tədbirlərini çox böyük ustalıqla idarə edirdi. O, tədbirə xoş ovqat verərdi. Azərbaycanın görkəmli xalçaçı rəssamı Kamil Əliyevin yubiley tədbirində ürəkdən gələn mənalı, təsirli sözlər dedi, yubilyarla çoxlu zarafatlar etdi. Onunla bir masa arxasında oturanlarla xoş ünsiyyət yaratdı. Bu da imkan verdi ki, yubileydə hamı sərbəst olsun, ürəklə, çəkinmədən iştirak etsin.
Heydər Əliyev sahibkarlığın inkişafına xüsusi önəm verirdi. İlk dövrlərdə zavodlar, fabriklər işləməyəndə Heydər Əliyevin devizi belə idi ki, zavod və fabrikləri ucuz qiymətə də olsa özəlləşdirib imkanlı adamların sərəncamına vermək lazımdır ki, həmin müəssisələr işləsin, məhsul istehsal etsin, insanlar işləyib öz ailələrini dolandıra bilsinlər.
Heydər Əliyevin Sərəncamı ilə Sahibkarlar Şurasının yaradılması, onun iclaslarının vaxtaşırı keçirilməsi, mövcud nöqsanların aradan qaldırılması, xüsusilə, sahibkarların işlərinə qeyri-qanuni müdaxilələr, hüquq mühafizə orqanları tərəfindən əsassız yoxlamaların aparılmasının qarşısının alınması, respublikada bu sahənin inkişafında başlıca rol oynadı.
Yadımdadır, bir dəfə Təhlükəsizlik Şurasının iclasında Gəncə şəhəri “Plasmas qablar” zavodunun özəlləşdirilməsi ilə bağlı məsələ qaldırıldı və zavodun özəlləşdirilməsində müəyyən nöqsanlar bəhanə gətirilərək sahibkardan onun geriyə alınması təklif edildi. Onda Heydər Əliyev dedi ki, “Sizə məsləhət görürəm ki, insanların əmlakına toxunmayın. Bunu bu gün, siz etsəniz gələcəkdə onu sizə qarşı edəcəklər”.
Azad sahbkarlığın inkişafı məqsədilə, aqrar islahatların həyata keçirilməsi nəticəsində ölkədə 862630 ailəyə 1 milyon 522 min hektardan çox torpaq sahəsi verildi. 819769 nəfər kənd əhalisinə ümumi dəyəri 378,7 milyon manat olan əmlak paylandı.
Azad sahbkarlığın digər mühüm sahəsi olan dövlət mülkiyyətində olan sənaye müəssisələrinin - zavodların, fabriklərin, emal sexlərinin, kiçik müəssisələrin özəlləşdirilməsi uğurla həyata keçirilirdi.
Heydər Əliyevlə bir yerdə işləmək mənim üçün həm böyük məsuliyyət, həm də böyük xoşbəxtlik idi. Onun rəhbərliyi altında 10 il müddətində mən nəinki, idarəçilik məktəbi, həm də böyük bir həyat məktəbi keçdim. Heydər Əliyev öz məktəbini yaratmaq üçün çox çalışdı və bu məktəbi yaratdı. Onun xarakterindəki gözəl xüsusiyyətlər, iş üslubu, işə münasibəti, bunlar artıq bizim milli sərvətimizə çevrilib. Biz Heydər Əliyevdən ən birinci nəyi öyrəndik? Nə qədər təntənəli səslənsə də, deyəcəm, Azərbaycanı sevməyi öyrəndik biz Ondan. Heydər Əliyev bizə, insanlara humanist, insani münasibət göstərməyi öyrətdi. Respublikada baş verən ən xırda hadisəyə məsələn, kiçik avtomobil qəzası baş verdikdə, O bunu ürək ağrısı ilə qarşılayırdı. Bir dəfə Göyçayda pambıqçı qızları işə aparan maşın qəzaya uğramışdı. Bir necə nəfər həlak olmuşdu. O, bu hadisəni ürək ağrısı ilə qəbul etdi.
Metroda terror aktı baş verəndə bu hadisənin Ona necə təsir etdiyini təsəvvür edə bilməzsiniz. Bu hadisədən dərhal sonra Prezident Aparatının şöbə müdiri Şahin Əliyevlə artıq Prezidentin otağındaydıq. Birdən metroda yeni qəza baş verdiyi barədə daha bir xəbər də gəldi. Onun əhvalı tamamilə dəyişdi. Əlləri ilə başını tutdu və dedi: “Yenə də insanlar öldü, yenə də qəm-kədər bizim evlərə ayaq açdı”. O, bu hadisəyə ürəkdən sarsıldı. Biz bacardığımız qədər Onu sakitləşdirməyə çalışdıq, dedik ki, Allah kömək olar, bu dəfə itkisiz keçər bu qəza. Tezliklə Prezidentin köməkçisi Tarıyel Ağayev gəldi və məruzə etdi: “Cənab Prezident, qorxulu heç nə baş verməyib, hər şey qaydasındadır, ölüm yoxdur”. Bu xəbərdən sonra Heydər Əliyevin əhval-ruhiyyəsi nisbətən düzəldi. Bu cür hadisələri O, çox ürəyinə salırdı, bu isə Onun qəlbində dərin iz buraxırdı. O, bu və ya digər görkəmli şəxsiyyətlərin ölüm xəbərini böyük kədərlə qarşılayırdı. Ziya Bünyadovun ölüm xəbərinin Heydər Əliyevə necə ağır təsir göstərdiyini sözlə ifadə edə bilmirəm. Ümumiyyətlə O, insana çox böyük dəyər verirdi. İstər tanınmış adam olsun, istərsə də ölkənin sadə vətəndaşı, hamı Onun üçün doğma və əziz idi. Mən hərdən yaddan çıxarıram ki, O, bizim aramızda deyil, və çox tez-tez xəyalən Onunla məsləhətləşirəm və fikirləşirəm: Görəsən, bu məsələni Ulu öndər necə həll edərdi? Yəqin ki, illər ötdükcə biz Onun yoxluğunu daha çox hiss edirik. Onun fiziki cəhətdən həyatdan getməsi ilk növbədə xalq üçün, sonra isə bəşəriyyət üçün əvəzolunmaz itkidir.
Təsəlliverici odur ki, Heydər Əliyevin siyasi kursu Onun layiqli davamcısı möhtərəm Prezident İlham Əliyev tərəfindən çox uğurla davam etdirilir. Cənab İlham Əliyev ölkəyə rəhbərlik etdiyi dövrdə Ulu öndərimizin əsasını qoyduğu inkişaf strategiyasını layiqincə davam etdirmək iqtidarında olduğunu öz işi ilə sübuta yetirdi. 2003-cü ildən sonrakı dövr ölkənin daha da möhkəmlənməsi, vahid bir siyasi xətt üzrə irəliyə aparılması, milli həmrəyliyin qorunub saxlanılması, regionda həyata keçirilən xarici siyasətə yönələn adekvat reaksiyalar və digər amillər bir daha sübuta yetirdi ki, Prezident İlham Əliyevin malik olduğu keyfiyyətlər Onun lider statusunu önə çəkir.
Ümummilli liderin ciddi elmi təməllərə söykənən inkişaf strategiyasını inamla davam etdirən cənab Prezident İlham Əliyev qısa müddətdə Azərbaycanı Cənubi Qafqaz regionunun ən sürətli inkişaf edən sabit və qüdrətli dövlətinə çevirməyə müvafiq oldu.
Zaman etibarilə o qədər böyük olmayan müddətdə ölkə iqtisadiyyatının 3 dəfə, dövlət büdcəsinin isə 12 dəfədən çox artımı, yoxsulluğun minimuma enməsi, insanların real pul gəlirlərinin dəfələrlə yüksəlməsi, dinamik inkişafın real mənzərəsinin göstəricisidir.
Respublikada nəhəng quruculuq-abadlıq işləri geniş vüsət alıb. Bakı şəhəri ilə yanaşı, bütün bölgələrimizin hətta ən ucqar kəndlərimizin siması dəyişir, yerlərdə infrastrukturlar yaradılır, sənaye və emal müəssisələri, təhsil və səhiyyə ocaqları, müasir Olimpiya İdman Kompleksləri tikilib istifadəyə verilib. Dünya standartlarına cavab verən ən müasir yollar, su və kanalizasiya sistemləri tikilib istifadəyə verilib.
2012-ci ildə Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi, 2015-ci ildə ilk Avropa Olimpiya Oyunlarının Bakı şəhərində keçirilməsinə dair qərarın qəbul edilməsi ölkəmizin beynəlxalq aləmdə artan nüfuzunun bariz göstəricisidir.
Bütün bu uğurlar Ulu öndərimizin həmişəyaşar müdrik siyasi kursundan qaynaqlanır. Azərbaycan xalqının milli iftixarı, tariximizin yaddaşına əbədi həkk olunan bəşəriyyətin fenomen, fövqəlbəşər şəxsiyyətlərindən olan Heydər Əliyev artıq 10 ildir ki, cismən aramızda yoxdur. Lakin bütün dünya azərbaycanlılarının Ümummilli liderinə və and yerinə çevrilmiş Heydər Əliyev ideyaları daim qəlblərdə yaşayır. Həyatımızın elə bir sahəsi yoxdur ki, orada Ulu öndərimizin xatirəsi əbədiləşdirilməsin, adına möhtəşəm abidə ucaldılmasın. Müstəqil Azərbaycanın qurucusu və banisi, dövlətçiliyimizin qarantı olmuş bu dahi şəxsiyyətin ölkəmiz və xalqımız üçün etdikləri əsrlər keçsə də tarixi dəyərini itirməyəcəkdir. Heydər Əliyevin siyasi-mənəvi irsi təkcə xalqımızın deyil, eyni zamanda, bəşəriyyətin xəzinəsinə çevrilmişdir.
Prezident İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət ilk növbədə məhz Azərbaycan dövlətinin və xalqımızın milli mənafelərinə xidmət edir.
Azərbaycanda alternativi olmayan bu siyasət bizə daimi uğur gətirir və gətirəcək. Azərbaycanın qarşısında bu gün daha böyük uğurlar görünür, gücümüz və qüdrətimiz artır.
2013-cü ilin oktyabr ayında respublikada növbəti prezident seçkiləri keçiriləcək. Əminik ki, Azərbaycan xalqı öz taleyini Heydər Əliyev siyasətinin layiqli davamçısı, hər bir azərbaycanlının Prezidenti İlham Əliyev şəxsiyyətinə bağlamaqla, Onun xidmətlərini yetərincə qiymətləndirəcək və növbəti 5 ildə də öz taleyini Ona etibar edəcək.
Yusif Hümbətov,
“Azərsutikinti” Səhmdar
Cəmiyyətinin sədri, YAP
İdarə Heyətinin
üzvü
Yeni Azərbaycan.-
2013.- 2 may.- S.4.