AZƏRBAYCAN XALQI
HƏR ZAMAN ÖZ ÜMUMMİLLİ LİDERİNİ
XOŞ XATİRƏLƏRLƏ ANACAQ
Ümummilli liderimiz Heydər Əliyev
fəaliyyətinin hər bir məqamı ilə xalqın,
dövlətin, cəmiyyətin və onun üzvlərinin mənafeyinə
xidmət edib, Azərbaycan torpağının, Azərbaycan
dövlətinin, Azərbaycan xalqının
bütövlüyü uğrunda fədakarlıqla
çalışıb, müstəqilliyimizin möhkəmləndirilməsi,
dövlətçiliyimizin inkişafı, demokratiyanın
genişləndirilməsi, xalqın rifah halının daha da
yaxşılaşdırılması üçün
bütün gücü ilə işləyib.
Bu
gün daha çox Ulu öndər Heydər Əliyevin
müstəqillik dövründə Azərbaycan
Respublikasına rəhbərliyi zamanı gördüyü
işlərdən geniş bəhs edilir. Ancaq unutmaq olmaz ki,
dövlətçilik tariximizin özünəməxsus bir həlqəsi
olan Sovet dövründə də bu böyük siyasətçi
və dövlət xadimi, milli inkişafımız
baxımından əvəzolunmaz nailiyyətlərə imza
atıb. Ona görə də, Ulu öndər Heydər Əliyevin
xalqımız və dövlətçiliyimiz
qarşısındakı misilsiz xidmətlərinı təsvir
etmək üçün mütləq mənada Onun hakimiyyətinin
birinci dövrünə (1969-1982-ci illər) nəzər yetirmək
lazımdır.
Azərbaycan aqrar ölkədən
sənaye dövlətinə çevrildi
Bu, bir reallıqdır ki, Heydər Əliyevin 1969-cu il 14 iyul tarixində Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilməsi ilə həmin vaxta qədər həyatın bütün sahələrində dərin tənəzzülün hökmranlıq etdiyi Sovet Azərbaycanının tarixində böyük dönüş dövrü başlandı. Çünki 1969-cu ilin iyuluna qədər Azərbaycan cəmiyyətində bədbinlik, ətalət, laqeydlik əhval-ruhiyyəsi hökm sürürdü. Sosial-iqtisadi göstəricilərin əksəriyyətinə, o cümlədən, əməkhaqqının səviyyəsinə, mənzil təminatına, məktəblərin və xəstəxanaların sayına, istehlak səviyyəsinə görə respublikamız ittifaq ölkələri arasında axırıncı yerlərdən birini tuturdu. Ərzağın xeyli hissəsi ittifaq fondundan alınırdı. Beləliklə, Ulu öndər qısa müddət ərzində həyata keçirdiyi işlərlə bütün bu neqativ halların aradan qaldırılmasına nail oldu və respublikamızın inkişafının əsasını qoydu. 1969-cu ilin iyuluna qədər inkişafına görə, keçmiş SSRİ respublikaları arasında sonuncu yerlərdə qərarlaşan Azərbaycan məhz Ümummilli liderimizin müəllifi olduğu inkişaf strategiyası sayəsində qısa zaman kəsiyində bütün sahələr üzrə öncül yerləri tutmağa başladı. Belə ki, 1969-1982-ci illərdə Azərbaycanda yüzlərlə yeni müəssisə tikildi, neftayırma və neft maşınqayırması müəssisələri tamamilə yenidən quruldu. İri elektron, elektrotexnika, radiotexnika və cihazqayırma sənayesi zavodları inşa edildi, respublikada sənaye istehsalı 2 dəfədən çox artdı. Ümumiyyətlə, 1969-cu ilin iyuluna qədər daha çox kənd təsərrüfatı ölkəsi olan Azərbaycan həyata keçirilən iri layihələr nəticəsində sənaye respublikasına çevrildi. Bu dövrdə neft-kimya, maşınqayırma, metallurgiya, mədənçıxarma və digər sahələr əhəmiyyətli dərəcədə inkişaf etməyə başladı. Azərbaycan sənaye məhsulunun artım tempinə görə, ittifaq ölkələri arasında ilk yerlərdən birini tutdu. Statistik məlumatlara əsasən, 1970-1980-ci illərdə respublikamızda istehsal olunan sənaye məhsulunun payı ümumi daxili məhsulda 66 faizə çatmışdı. Bu illər ərzində ölkədə 400-ə yaxın yeni sənaye müəssisəsi tikilərək istifadəyə verildi. 1969-cu ildə sənaye obyektlərinin sayı 735 idisə, 1982-ci ildə bu rəqəm 1048-ə çatdırıldı. Aqrar-sənaye respublikasından sənaye-aqrar respublikasına çevrilən Azərbaycanın ixrac potensialı da artdı. Bundan başqa, Azərbaycanın sənaye və kənd təsərrüfatı məhsulları təkcə ittifaq respublikalarına deyil, xarici dövlətlərə də ixrac olunmağa başladı. Məsələn, həmin illərdə respublikamızda istehsal edilən 350 adda məhsul dünyanın 65 ölkəsinə ixrac olunurdu.
Onu da qeyd etmək yerinə düşər ki, nəinki sənayenin, ümumilikdə, Azərbaycan iqtisadiyyatının “onurğa sütunu” olan nəhəng müəssisələr, infrastruktur obyektləri məhz həmin illərdə tikilərək istifadəyə verildi. Buna misal olaraq “Gülüstan” sarayı, Prezident Administrasiyasının, Milli Məclisin, Milli Təhlükəsizlik Nazirliyinin binaları, Azərbaycan Televiziyasının teleötürücü qülləsi, Azərbaycan Ensiklopediyası, Kosmik Tədqiqatlar İnstitutu, “Ulduz” Elektrik Cihazları Zavodu, Bakı Şampan Şərabları Zavodu, Neft Emalı Zavodu, Dəmir Yol İdarəsi, Bakı Dəmir Yolu Vağzalı, Əl Oyunları Sarayı, İdman Sərgi Kompleksi, Gəncə Avtomobil Zavodu, “Elektroterm” Zavodu, Sumqayıt İplik-Əyirici Fabriki, Lənkəran Konserv Zavodu, Xırdalan Ət və Süd Emalı Kombinatı, “Sirab” Mədən Suları Zavodu, bir neçə ayaqqabı fabriki, Bakı Zərgərlik Zavodu, Bakı Elektrik Maşınqayırma, Radiozavod, Elektron Hesablayıcı Maşınları Zavodu, Sumqayıt Kompressor Zavodu, Gəncə “Büllur” Zavodu, Dəniz vağzalı, “Azon”, “Alunit” zavodları və digər sənaye obyektlərini göstərmək olar.
Yeri gəlmişkən, 1969-1982-ci illərdə enerji təhlükəsizliyinin möhkəmləndirilməsi üçün yeni elektrik stansiyalarının tikintisi və yenidən qurulması bu gün də ölkəmizin enerji balansının əsas təməllərini təşkil edir. Bir sözlə, sosial siyasət, infrastrukturun yenidən qurulması, investisiya siyasəti Azərbaycanın iqtisadi inkişafını sürətləndirdi.
Ulu öndər Heydər Əliyevin hakimiyyətinin birinci dövründə, yəni 1969-1982-ci illərdə neft sənayesinin inkişaf etdirilməsi üçün də genişmiqyaslı proqramlar hazırlanaraq həyata keçirildi. Yeni neft siyasətinin həyata keçirilməsi isə Azərbaycanın inkişafında yeni mərhələnin başlanğıcını qoydu. Neftayırma zavodlarının köklü surətdə yenidən qurulması, Xəzərin ehtiyatlarının geoloji kəşfiyyatı və yeni yataqların işlənməsi bu illərdə daha geniş miqyas aldı. Azərbaycanda ən iri neftayırma qurğusu (ELOV-AVT) işə salındı. 1970-80-ci illərdə Azərbaycanda iri dəniz neft donanması yaradıldı. Dənizin 200 metr dərinliyində 6 min metrlik quyu qazmaq imkanına malik olan “Şelf-2” qurğusunun istismara buraxılması da məhz Ulu öndərin əməyi sayəsində mümkün oldu. Ötən əsrin 70-ci illərində Azərbaycan öz neft strategiyasını gerçəkləşdirməklə malik olduğu təbii sərvətlərindən səmərəli istifadə etdi və ölkənin güclü sosial-iqtisadi inkişafına nail olundu.
Bir sözlə, Azərbaycanda bütün infrastruktur yenidən quruldu, kənd təsərrüfatında zamanın tələbinə uyğun islahatlar həyata keçirildi. Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda yeni ali məktəblər, muzeylər, teatrlar, kitabxanalar açıldı. Bakıda milli hərbi kadrlar hazırlayan Cəmşid Naxçıvanski adına məktəb fəaliyyətə başladı.
1969-1982-ci illər ərzində Azərbaycanın əldə etdiyi ən mühüm tarixi nailiyyətlərdən biri də xalqın uzaq gələcəyini nəzərdə tutan güclü kadr potensialının, o cümlədən, nadir ixtisaslar üzrə mütəxəssislər ordusunun yaradılması idi. Daha dəqiq desək, Azərbaycanın elmi potensialının, güclü kadr bazasının yaradılmasında müstəsna xidmətlərə malik olan Ulu öndər hələ hakimiyyətinin birinci dövründə ictimai-siyasi, iqtisadi-sosial, hərbi, elmi-mədəni, humanitar və digər sahələrdə yüksək idarəetmə qabiliyyətinə malik peşəkar kadr potensialının formalaşması üçün genişmiqyaslı işlər gördü.
Yəni Ulu öndər Heydər Əliyevin uzaqgörən siyasətinin ən mühüm komponentlərindən biri də məhz Azərbaycanın güclü kadr potensialının yaradılmasının əsasının qoyulması ilə bağlıdır. Xatırladaq ki, 1969-cu ilə qədər respublikamızın təhsil sferasında vəziyyət ürəkaçan səviyyədə deyildi və ölkəmiz keçmiş ittifaq ölkələri arasında sonuncu yerlərdən birini tuturdu. 1969-cu ilə qədər Azərbaycandan ittifaq respublikalarının ali təhsil müəssisələrinə göndərilənlərin sayı cəmi 47 nəfər təşkil edirdi. Ulu öndər hakimiyyətə gələndən sonra təhsilə xüsusi diqqət göstərməyə başladı və bu sahədə təxirəsalınmaz tədbirlərin həyata keçirilməsinə start verildi. Həmin vaxt ittifaq respublikalarına təhsil almağa göndərilənlərin, ilk növbədə, ən nüfuzlu ali məktəblərdə yerləşdirilməsinə dair qərar qəbul olundu. Ümummilli lider Heydər Əliyevin bu strategiyası nəticəsində 1970-ci illərdə bütün ixtisaslar üzrə respublikamızdan kənarda təhsil alanların sayı 100 dəfəyə yaxın artdı. Həmin illərdə 3600-dən çox şəxs keçmiş ittifaqın ən nüfuzlu ali təhsil müəssisələrində təhsil aldı. Bu kadrlar peşəkar mütəxəssislər kimi yetişdikdən sonra respublikamızın dövlət strukturlarında müxtəlif vəzifələrdə işləməyə cəlb olundu. Onlar sənaye, maliyyə-iqtisadi, ictimai-siyasi, elmi-tədqiqat bölmələrində qabaqcıl kadr kimi çalışmağa başladılar. Həmin kadr potensialının bir hissəsi keçmiş ittifaqın iri sənaye, elmi-tədqiqat müəssisələrində fəaliyyətə cəlb olundu və bu, Azərbaycanın ziyalı təbəqəsinin, peşəkar kadrlarının respublikamızdan kənarda tanınmasında, şöhrət tapmasında mühüm rol oynadı.
Beləliklə, “Mənim yaratdığım hər
bir şey mənim üçün əzizdir. Zavod
da, fabrik də, elektrik stansiyaları da, yol da, körpü
də, ev də, bina da, saray da-hər bir şey. Amma mənim üçün
hər şeydən əziz mənim xalqımdır, mənim
Vətənimdir, mənim torpağımdır”, - deyən Ulu öndər Heydər Əliyevin Azərbaycana
birinci rəhbərliyi dövründə
həyata keçirdiyi bütün
bu əzəmətli quruculuq
işlərinin çox böyük
tarixi əhəmiyyəti bundan
ibarət idi ki,
xalqımızda milli qürur,
milli mənlik şüuru
oyandı, azadlıq, müstəqillik duyğuları baş qaldırdı. Bu, Ulu öndər Heydər Əliyevin
xalqımızın istiqlalı uğrunda
mübarizə tarixində misilsiz xidmətidir.
Ulu öndər Heydər Əliyev
ikinci dəfə Azərbaycanı dirçəltdi, amma bu dəfə
əbədi
Qeyd edim ki, tarix geri dönmür, ancaq təkrar olunur. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaradıldığı tarixi şərait bir qədər başqa məzmunda, lakin daha əlverişli formada əsrin sonuncu 10 illiyində yenidən təkrarlandı. SSRİ-nin dağılmasının nəticəsi olaraq, digər müttəfiq respublikalarla yanaşı, Azərbaycan da öz müstəqilliyini elan etdi: 1991-ci il oktyabrın 18-də “Azərbaycanın Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı”nı qəbul etməklə, müstəqilliyini elan və həm də bərpa etdi. Bu aktla, Azərbaycan xalqı imperiya zəncirindən rəsmən azad olsa da və ürəyində həmişə yaşatdığı, həsrətini çəkdiyi azadlıq ideallarına qovuşsa da, dövlət müstəqilliyinin qorunub saxlanılması məhz dahi rəhbərimiz Heydər Əliyevin respublika rəhbərliyinə yenidən qayıdışı ilə reallaşdı. Çünki 1991-1992-ci illərdə, o cümlədən, 1993-cü ilin birinci yarısında ölkəmizdə yaranan vəziyyət müstəqillikdən çox anarxiyanı xatırladırdı. Bir-birini sürətlə əvəz edən hakimiyyət rəhbərləri xalqın ürəyində həmişə yaşatdığı və həsrətində olduğu müstəqilliyi qoruyub saxlamaq, habelə, möhkəmləndirmək üçün zəruri tədbirlər görmək, ölkənin iqtisadi gücündən və potensialından səmərəli istifadə etmək əvəzinə, milli maraqları şəxsi mənafeyə qurban verərək, fəaliyyətdə və inkişafda olan hər bir şeyi dağıtdılar. Anarxiya və hər cür qanunsuzluqlar dövrü hesab edilən həmin dövrdə Azərbaycan dövlətçiliyi ciddi təhlükələrə məruz qaldı. Öz xalqına qarşı ağır cinayətlər törətmiş Vəzirov və Mütəllibovun xəyanətkar əməlləri, həmçinin, özbaşınalığa rəvac verən AXC-Müsavat hakimiyyətinin naşı və səriştəsiz fəaliyyəti nəticəsində, məhz Ümummilli liderin 1969-1982-ci illərdə ölkə rəhbəri olduğu dövrdə yaradılan iqtisadi potensial, demək olar ki, tam dağıdıldı, milli sərvətlərimiz talan edildi. AXC-Müsavat rəhbərliyi ölkə hakimiyyətini əldə saxlamaq üçün qanunsuz silahlı dəstələrin yaradılmasına rəvac verdi. Bu, sonradan Azərbaycanda separatizm meyillərinin güclənməsinə əlverişli şərait yaratdı.
Məhz belə bir ağır zamanda xalqımız öz xilaskarı - Ulu öndər Heydər Əliyevə müraciət etdi. Hər zaman millətinin, dövlətinin inkişafı üçün çalışmış Ulu öndər Heydər Əliyev bu ağır məsuliyyəti öz üzərinə götürdü. Daxili və xarici düşmənlərin ölkəni parçalamaq planları artıq yavaş-yavaş öz işini görməkdə idi. Bir tərəfdən, Ermənistanın və onun havadarlarının ölkəmizə qarşı elan olunmamış müharibəsi, digər tərəfdən, hakimiyyətdə olan qüvvələrin təhriki ilə separatizmə rəvac verilməsi ölkədə vətəndaş qarşıdurması yaratmışdı.
Xalqımız üçün ən qiymətli nemət olan dövlət müstəqilliyinin qorunması, o cümlədən, xalqın mənafeyini qorumaq üçün həvalə olunan hakimiyyətə yalnız mənfəət prizmasından yanaşan AXC-Müsavat cütlüyü ölkəni iqtisadi tənəzzülə uğratmaqla yanaşı, siyasi cəhətdən də gərgin bir vəziyyət yaratmışdı. Ölkədə kriminogen durum günü-gündən pisləşir, cinayətkarlıq baş alıb gedirdi, qanunun tələbləri, səlahiyyətli, vəzifəli şəxslərin əmr və sərəncamları, göstərişləri icra olunmurdu. Sadəcə, hər kəs öz silahlı dəstəsinə arxayın olaraq hakimiyyət savaşı aparırdı. Ölkədə istehsal dayanmışdı, iqtisadi böhran həyatın bütün sahələrini iflic etmişdi. Digər tərəfdən, siyasi qurumlar arasında hakimiyyət uğrunda gərgin mübarizə gedirdi.
Məhz belə bir ağır zamanda xalqın israrlı tələbi ilə Bakıya gələn Ulu öndər Heydər Əliyev Ali Sovetin Sədri kimi fəaliyyətə başladığı ilk aylarda atdığı müdrik addımlar sayəsində qısa müddət ərzində vətəndaş müharibəsi təhlükəsinin qarşısını aldı, hakimiyyəti qeyri-qanuni ələ keçirmək istəyən cinayətkar dəstələr zərərsizləşdirildi. Ümummilli liderimizin müdrikliyi, dünyada gedən proseslərə dərindən bələd olması, baş verən hadisələrin səbəblərinin təhlili zamanı əvəzolunmaz məharət və bacarığı, hadisələrin qarşısının alınması üçün qabaqlayıcı tədbirlər görmək səriştəsi öz bəhrəsini verdi və Ulu öndərin Bakıya gəlişindən bir neçə ay sonra ölkədə siyasi sabitlik yaradıldı. Bu isə hüquqi dövlət quruculuğu sahəsində atılması vacib olan ilk addımlardan idi. Çünki ölkənin gələcək hüquqi inkişafı məhz sabitliyə əsaslanırdı.
Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra hüquqi dövlət quruculuğuna başlandığı bəyan olunsa da, bu vəzifənin həyata keçirilməsi müstəqil Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış ilk Milli Konstitusiyanın qəbul olunması ilə reallaşdı. Konstitusiyada yer alan müstəqilliyin, suverenliyin və ərazi bütövlüyünün qorunması, Konstitusiya çərçivəsində demokratik quruluşa təminat vermək, vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq, xalqın iradəsinin ifadəsi kimi qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq, ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq, hamının layiqli həyat səviyyəsini təmin etmək, ümumbəşəri dəyərlərə sadiq olaraq bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərmək kimi müddəalar dövlətin xarici-daxili siyasətinin prioritetini təşkil etdi.
Ulu öndər Heydər Əliyev
insan hüquq və
azadlıqlarının genişləndirilməsi, demokratik dövlət quruculuğunun
inkişafı istiqamətində qanun
bazasını yaratmaqla dövlətin hüquqi əsasını qoydu.
Bu gün Azərbaycan Konstitusiyasında insan və vətəndaş hüquq
və azadlıqları ilə yanaşı, xalq
hakimiyyəti və dövlətin əsasları, dövlət
hakimiyyətinin qolları, yerli
özünüidarəetmə orqanları, hüquq
və qanun ilə əlaqədar olan ictimai münasibətlərin
nizamlanması da əhatəli şəkildə
təsbit edilmişdir
ki, bu da
ölkəmizin Əsas Qanununun demokratik prinsiplərin
daşıyıcısı olan beynəlxalq
aktlar sırasına daxil
olmasına imkan verir.
Müasir Azərbaycanın inkişafı
dönməzdir, əbədidir...
Ümummilli lider Heydər Əliyev hakimiyyətə gəldiyi ilk gündən əsas diqqətini həm də ölkəmizin Avropa məkanına inteqrasiyasının gücləndirilməsinə yönəltmişdi. Məhz ölkəmizin Avropa Şurasına qəbul olunması bu istiqamətdə atılan böyük addımlardan biri idi. Görülən çoxşaxəli işlər qısa müddət ərzində öz bəhrəsini verdi. 1996-cı ilin iyununda Azərbaycana Avropa Şurasında “xüsusi qonaq” statusu verildi. “Azərbaycan Respublikası ilə Avropa Şurası arasında əməkdaşlığın dərinləşdirilməsi sahəsində tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 20 yanvar tarixli Sərəncamı, “Birləşmiş Millətlər Təşkilatının Ümumdünya insan hüquqları bəyannaməsinin 50 illiyinin keçirilməsi haqqında” 1998-ci il 16 aprel tarixli Sərəncamı, “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramının təsdiq edilməsi haqqında” 1998-ci il 18 iyun tarixli Sərəncamı Azərbaycanın bu yolla inamlı irəliləyişi idi. Sonrakı dövrlərdə Azərbaycan beynəxalq təşkilatlar ilə yaxından əməkdaşlıq proqramları həyata keçirməyə başladı. Ulu öndər Heydər Əliyevin gərgin və məqsədyönlü fəaliyyəti nəticəsində nail olduğumuz bu nəticələr Azərbaycanın demokratik inkişaf prosesinə dönməz xarakter verdi, azadlığın və qanunçuluğun möhkəm təminatını yaratdı və 2001-ci il yanvarın 25-də Azərbaycanın Avropa Şurası üzvlüyünə qəbul olunmasını şərtləndirdi.
Müstəqilliyimizdən ötən müddət ərzində Azərbaycan Respublikasının keçdiyi inkişaf yolunun təhlili göstərir ki, artıq Azərbaycanın sosial-iqtisadi inkişafında yeni mərhələnin təməli qoyulub, yüksək iqtisadi artım üçün əsaslı zəmin yaradılıb. Azərbaycan Respublikasının demokratik inkişaf yolu ilə inamla irəliləməsi üçün ölkəmizdə zəruri olan təsisatlar və hüquqi baza formalaşıb. Azərbaycanın Silahlı Qüvvələri qüdrətli bir orduya çevrilib. Sosial-iqtisadi və dövlət quruculuğu sahələrində, insan hüquqları və azadlıqlarının təmin edilməsi yolunda qazanılmış uğurlarla yanaşı, digər mühüm nailiyyətlər də ölkəmizdə müstəqilliyin möhkəmləndirilməsinə xidmət edir. Azərbaycan dövlətçiliyi möhkəmlənməkdə, gündən-günə güclənməkdədir. Artıq Azərbaycanda demokratik, hüquqi və dünyəvi dövlət qurulub. Ölkəmiz intensiv inkişaf dövrünü yaşayır.
Ulu öndər Heydər Əliyevin
rəhbərliyi ilə görülən işlər, əldə
olunan nəticələr müstəqilliyimizin
dönməz, sarsılmaz və əbədi olacağına dəlalət
edir. Bu, Azərbaycan
xalqının ən müqəddəs arzusudur.
Heydər Əliyev
siyasəti uğurla davam
etdirilir
Beləliklə, Azərbaycan tarixində xalqımızın birləşməsi, dövlətçiliyimizin möhkəmləndirilməsi, ərazi bütövlüyünün təmin edilməsi, insanların rifahının yaxşılaşdırılması uğrunda ardıcıl, məqsədyönlü mübarizə aparan və uğurlu, dayanıqlı nəticələrə nail olan, Azərbaycanın milli qürurunu özünə qaytaran, dövlətimizi öz tükənməz sərvətlərinin sahibi edən ən müdrik və ən cəsarətli rəhbər Ümummilli liderimiz Heydər Əliyev olub.
Müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu öndər Heydər Əliyevin uzaqgörənliklə işləyib hazırladığı inkişaf strategiyasının ən böyük uğurlarından biri də başlanan işlərin ardıcıllıqla davam etdirilməsidir. Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında ən böyük xidmətlərindən biri şübhəsiz ki, Prezident İlham Əliyev kimi siyasi varisin hazırlanması oldu.
Heydər Əliyev dövlətçilik məktəbinin layiqli yetişdirməsi olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev iqtisadi-siyasi sahələrdə təməli atılmış işləri daha da inkişaf etdirir. Qısa müddət ərzində Azərbaycanın dövlət büdcəsi bir neçə dəfə artırılıb, ölkəmizdə ordu quruculuğu və digər sahələrdə yüksək inkişaf əldə olunub.
Bu gün Ulu öndərimiz Heydər Əliyev fiziki olaraq aramızdan ayrılıb. Amma Heydər Əliyev ideyaları, Heydər Əliyev siyasi məktəbi və inkişaf strategiyası bu gün də Azərbaycan xalqının inkişafının təməl prinsipi sayılır. Bu baxımdan, Azərbaycan xalqı hər zaman öz Ümummilli liderini xoş xatirələrlə anacaq.
Ağabəy ƏSGƏROV,
“Azərbaycan” Nəşriyyatının
baş direktoru,
YAP Siyasi Şurasının
üzvü
Yeni Azərbaycan.- 2013.- 3 may.- S.4.