Heydər Əliyev xalqı üçün, sözün əsl mənasında, xilaskar olmuşdur

 

 Heydər Əliyev və Türkiyə-Azərbaycan əlaqələri

 

Azərbaycan geostrateji mövqeyinə, başda neft ehtiyatları olmaqla yeraltı və yerüstü sərvətləri vasitəsilə əldə etdiyi iqtisadi potensialına görə müxtəlif qarşıdurmalara və ziddiyyətlərə səhnə olmuş mürəkkəb bir coğrafiyadır. 1879-cu ildə Bakıda neft şirkəti təsis edən Nobel qardaşlarının da bölgədəki neft ehtiyatlarının qan və gözyaşına səbəb olmasını ifadə etməsi bu gerçəkliyin bariz ifadəsidir. 1813-cü il tarixli Gülüstan və 1828-ci ildə imzalanmış Türkmənçay müqavilələrindən sonra Çar Rusiyasının hakimiyyətinə daxil olan bu torpaqlarda aparılan azadlıq mübarizəsi, 1920-ci ildə başlanan Sovet dövrü, Stalinin səhnəyə çıxması ilə özünün pik nöqtəsinə çatan təzyiq və repressiya siyasəti, II Dünya müharibəsi, onun ardınca başlayan “Soyuq müharibə” dönəmi və nəhayət, Qarabağ məsələsi son illərə qədər davam edəcək bu qarşıdurma və ziddiyyət dolu dönəmin əhəmiyyətli cizgilərini təşkil edir.

Azərbaycanı hakimiyyətə gəldiyi 3 oktyabr 1993-cü il tarixindən etibarən həyata keçirdiyi islahatlarla və mütərəqqi siyasəti ilə bu qarşıdurmalar və ziddiyyətlərdən xilas edən, ölkəni, sözün həqiqi mənasında, yenidən inşa edən şəxsiyyət, heç şübhəsiz, Heydər Əliyev olmuşdur. Heydər Əliyev siyasi və iqtisadi baxımdan ciddi problemlərin hökm sürdüyü bir dönəmdə hakimiyyətə gəlməklə xalqı üçün, sözün əsl mənasında, xilaskar (qurtuluş vəsiləsi) olmuşdur. O, 20 Yanvar 1990-cı ildə SSRİ-nin Bakıda həyata keçirdiyi qətliamdan sonra Moskva ilə körpüləri yandırmış, 1991-cı ilin iyul ayında Kommunist Partiyasından ayrılaraq vəfat etdiyi 12 dekabr 2003-cü il tarixinə qədər bütün varlığını, fəaliyyətini ölkəsinə həsr etmişdir.

Əgər bu gün Azərbaycan iqtisadiyyatı dünyanın sürətli inkişaf tempinə malik olan iqtisadiyyatları sırasında yer alırsa, məhz bu, Onun əsəridir. Məhz Onun hakimiyyəti dönəmində Azərbaycan beynəlxalq miqyasda tanınmış, müstəqillik və ərazi bütövlüyü məsələsində beynəlxaq hüquqi təminat yaradılmış, elm və mədəniyyət sahəsində mütərəqqi addımlar atılmışdır.

Xarici əlaqələrə böyük önəm verən Heydər Əliyev hakimiyyətə gəldiyi gündən etibarən bu istiqamətdə gərgin fəaliyyət göstərmiş və qısa zaman kəsiyində gələcəyə yönəlik əhəmiyyətli nailiyyətlər, dividendlər əldə etmişdir. İlk növbədə, Azərbaycanın Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv kimi qəbul olunmasına nail olmuş, Rusiya, Ukrayna, Gürcüstan, Türkmənistan və bir çox Mərkəzi Asiya ölkələri ilə müqavilələr imzalamış, ABŞ, Avropa, o cümlədən Çin, Yaponiya və Orta Şərq ölkələri ilə çoxşaxəli əlaqələrin inkişafına üstünlük vermişdir. Avropa İttifaqı, Avropa Şurası, ATƏT, NATO kimi regional və beynəlxalq təşkilatlarla əməkdaşlığa başlanmışdır.

1982-ci ildə Sovet İttifaqı Kommunist Partiyasi Mərkəzi Komitəsinin Siyasi Bürosuna seçilən ilk və tək türk kimi tarixə keçən Heydər Əliyev Türkiyə ilə münasibətlərdə xüsusi mövqe sərgiləmişdir. Bu istiqamətdə neft, qaz xətləri, dəmiryolu kommunikasiyası kimi ticari-iqtisadi körpülər yaradılmış, 20 sentyabr 1994-cü il tarixində “Əsrin müqaviləsi” imzalanmışdır.

Heydər Əliyevin Türkiyəyə qarşı həyata keçirdiyi isti və səmimi siyasətin arxasında məhz milli hisslər və düşüncələr durur. Bu məsələdəki mövqeyini “bir millət, iki dövlət” ifadəsi ilə nümayiş etdirən Heydər Əliyevin təsbiti haqqında Elçin Əfəndiyev demişdir: “Bu sözün Azərbaycan və Türkiyədə hər kəs tərəfindən bilinməsi onun hər iki tərəfin hissləri və düşüncələrini ifadə etməsini göstərir”.

Heydər Əliyev 2001-ci ildə Türkiyə Böyük Millət Məclisində (TBMM) etdiyi çıxışında bu məsələ ətrafındakı düşüncələrini aşkargeniş şəkildə ifadə etmişdir. Onun da xüsusilə vurğuladığı kimi, Azərbaycan ilə Türkiyə arasındakı münasibətlər köklü tarixi keçmişə malikdir. Eyni köklərə malik olan, tarixi, dili, dini, adət-ənənələri bir olan bu insanlar dostluq və qardaşlıq əlaqələri içərisində illər boyu bir-birilərini mühafizə etmişlər, hər cür təzyiq və siyasi maneələrə rəğmən, ortaq dəyərlərə bağlılıqları sayəsində bir-birilərindən uzaq düşürülə bilməmişlər.

Məhz bu gün Heydər Əliyev Türkiyə və Azərbaycan arasındakı dostluğun ən önəmli simvollarındandır. Belə bir qənaətə gəlməyə səbəb Onun bu istiqamətdə atdığı addımlar və Türkiyəyə olan xüsusi münasibətidir. Qeyd etmək lazımdır ki, Heydər Əliyevin Türkiyəyə qarşı xüsusi münasibəti, türklər haqqındakı düşüncələri rəsmi statusdan irəli gələn prosedur deyildi, mənbəyini milli kimlik şüurunun təşkil etdiyi gerçək milli yanaşma idi. Bu münasibət bundan öncəki dönəmdə - Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri olduğu zaman formalaşmışdı. Gənc yaşlarında kitablardan, qəzetlərdən Türkiyə dövləti və xalqı ilə bağlı yazılar oxuduğunu, Türkiyəyə böyük rəğbət bəslədiyini ifadə edən Heydər Əliyev TBMM-in fəaliyyətini, qəbul etdiyi qərarları böyük diqqətlə izləmiş, bu quruma olan dərin hörmətini ifadə etmişdir.

Heydər Əliyevin Türkiyəyə və türklərə bəslədiyi rəğbət bu ölkə xalqlarının daşıdıqları qardaşlıq hisslərinin bariz göstəricisidir. Məhz bu hisslər tarixi gerçəklikləri əks etdirir. Çünki Azərbaycan və Türkiyə keçmişdə də dəfələrlə qardaşlıq örnəyi olaraq bir-birilərinə yardım əllərini uzatmış, ən çətin şəraitdə maddi və mənəvi dəstəklərini əsirgəməmişlər. Bu baxımdan, 1918-ci ildə tarixdə ilk Türk cümhuriyyəti olan Azərbaycan Demokratik Respublikasının qurulması ərəfəsində Qafqaz İslam Ordusu ilə azərbaycanlı qardaşlarının yardımına gələn Türkiyənin xidmətlərini xüsusi qeyd etmək lazımdır. Gəncədə hökumət qurulub, amma Bakı hələ də düşmən əlindədir. Sovet hökuməti üçün son dərəcə önəmli olan bu şəhər bolşeviklərlə daha öncə İran, İraq, SuriyaLivandan gətirilərək Zəngəzur, Dilican, Göyçəgöl kimi bölgələrdə yerləşdirilən ermənilərin zülmü altındadır. Başda Bakı olmaqla Şamaxı, Quba, Lənkəran kimi bölgələrdə xalqa işgəncələr edilir və əziyyətlər verilir. Bu durumun fonunda Qafqaz İslam Ordusu Nuru paşanın komandanlığı altında 15 sentyabr 1918-ci il tarixində Bakıya daxil olmuşdur. Alxan Məmmədovun qeyd etdiyi kimi, Azərbaycan xalqı ümidsizlik içindəykən üzünü böyük qardaşı Osmanlı Türkünə çevirmiş, yardım istəmiş və qardaş səsinin sədasını eşitmişdir. Bu səsə cavab olaraq da Cəfər Cabbarlı, Abdulla Şaiq, Əhməd Cavad, Əli Şevki, Bədrəddin Seyidzadə, Maqsud Şeyxzadə, Əliyusif kimi görkəmli simalar öz əsərlərində Nuru paşanın timsalında Azərbaycanın müstəqilliyi üçün canlarından keçən Türk əsgərlərinə minnətdarlıq etmiş, onlara rəhmət diləmişlər.

Həmçinin, 30 avqust 1991-ci il tarixdə SSRİ-nin dağılması ilə müstəqilliyini elan edən Azərbaycanı tanıyan ilk dövlət məhz Türkiyə olmuşdur. Eyni zamanda, Dağlıq Qarabağ münaqişəsinin və Xocalı qətliamının dünya ictimaiyyətinə çatdırılmasında Türkiyənin böyük dəstəyi olmuş, Türkiyə bu problem həll edilmədən Ermənistanla sərhədləri açmayacağını bildirmiş, bununla da bir daha azərbaycanlı qardaşlarının yanında olduğunu nümayiş etdirmişdir.

Heydər Əliyev həmişə Türkiyəni və Ulu öndər Atatürkü təqdir etmişdir. Anadolunun işğaldan qurtarılması və Cümhuriyyətin qurulmasını təqdir edən Heydər Əliyev bu məsələyə dair düşüncələrini TBMM-dəki çıxışında bu cür ifadə etmişdir: “Mən Türkiyə Cümhuriyyətinin tarixinə nəzər salarkən bu məqamlara diqqət yetirdim: 1923-cü ildə Türkiyədə demokratik cümhuriyyət qurulmuşdur. Lakin bunun ardınca Mustafa Kamal Atatürkün öndərliyi ilə Türkiyənin demokratik düşüncəli insanlarının əməyi sayəsində yeni islahatların həyata keçirilməsi ilə Türkiyədə gerçək demokratik toplumun formalaşdırılması bir neçə illik zaman aldı. Yəni 1923-cü ildə Türkiyədə ilk cümhuriyyət qurulsa da, bu cümhuriyyətin bütün xüsusiyyətləri, başqa sözlə, demokratik dövlətə xas bütün ünsürlər mərhələ-mərhələ formalaşdırıldı. Bu, bizim üçün təcrübə, nümunə kimi çıxış edir. Ümumiyyətlə, Türkiyə Cümhuriyyətinin 70 illik tarixi keçmişi müstəqil Azərbaycan Respublikası üçün nümunədir, təcrübə mənbəyidir. Biz sizin təcrübələrinizdən faydalanırıq və gələcəkdə də faydalanacağıq”.

Heydər Əliyev siyasi, iqtisadisosial sahələrdəki islahatları ilə yanaşı, mədəniyyət və incəsənət xadimlərinə yönəlik diqqət və qayğısı ilə də təqdir olunan öndərdir. Dönəmin Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov qeyd edirdi ki, Heydər Əliyevin böyük dövlət xadimi kimi nüfuz qazanmasında Onun siyasi bacarığı, səriştəsi ilə yanaşı, dil və mədəniyyət sahəsindəki təcrübə və qabiliyyətləri mühüm rol oynayır. O, Heydər Əliyevin Azərbaycanda milli-mənəvi dəyərlərin mühafizəsinə, Azərbaycan dilinin qorunması və inkişafına xüsusi diqqət yetirdiyini bildirir.

Bu baxımdan, Türkiyə ilə Azərbaycan arasındakı elm, mədəniyyət və incəsənət sahələrində dialoq zəmininin formalaşdırılmasına vacib töhfələr verən Heydər Əliyev TBMM-dəki çıxışında Atatürkün Türkiyə Cümhuriyyətinin yaranmasının onuncu ildönümündə etdiyi çıxışına istinad edərək dil, inanc, tarix kimi mənəvi körpülərin sağlam saxlanılması ilə köklərimizə qayıtmağımızın həmrəylik üçün mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırmışdır. O, Azərbaycanın illər boyu unutdurulmağa çalışılan tarixi əhəmiyyətli mədəni mirasının ortaya çıxarılması və gənc nəslə çatdırılmasında böyük rol oynamışdır. Azərbaycanın dahi şəxsiyyətlərindən biri olan Hüseyn Cavidin nəşi bilavasitə Onun təşəbbüsü ilə Sibirin qaranlıq çöllərindən qurtarılmış, Vətən torpağına gətirilmişdir. Dədə Qorqudun 1300 illik yubileyi Onun Sərəncamı ilə qeyd edilmişdir. Ölkəsini, millətini sevən bir çox elm, mədəniyyət və incəsənət adamları Rusiyanın təqibindən Onun himayəsinə sığınaraq qurtula bilmişlər.

 

 

Prof. Dr Fikrət Türkmən

 

Yeni Azərbaycan.- 2013.- 3 may.- S.5.