Yeni Azərbaycan Partiyasının beynəlxalq əlaqələri daim inkişaf etməkdədir

 

Yeni Azərbaycan Partiyasının (YAP) beynəlxalq əlaqələr şöbəsinin müdiri, Milli Məclisin deputatı Asəf Hacıyev www.yap.org.az saytına müsahibə verib:

- Asəf müəllim, bu günlərdə YAP nümayəndə heyəti Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (İCAPP) Daimi Komitəsinin toplantısında iştirak edib. Təşkilatın toplantısında hansı məsələlər müzakirə olundu?

- Yeni Azərbaycan Partiyasının nümayəndə heyəti Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının Daimi Komitəsinin 19-cu iclasında iştirak etmək üçün Vyetnamın paytaxtı Hanoy şəhərində səfərdə oldu. Nümayəndə heyətinə Yeni Azərbaycan Partiyasını İcra katibinin müavini, millət vəkili Mubariz Qurbanlı və mən daxil idim. Səfər çərçivəsində İCAPP-ın Daimi Komitəsinin 19-cu iclasında iştirak etməklə yanaşı, tədbirə ev sahibliyi edən Vyetnam Kommunist Partiyasının rəhbər şəxsləri ilə görüş keçirmişik.

Əvvəlcə təşkilatın toplantısı haqqında məlumat verərək bildirmək istəyirəm ki, Daimi Komitənin 19-cu iclasının gündəliyinə bir çox məsələlər daxil edilmişdi. Burada qurumun keçirilmiş tədbirləri barədə məlumatlar dinlənildi. Buraya İCAPP-ın Daimi Komitəsinin Bakı şəhərində keçirilən 18-ci iclası, İCAPP-ın 7-ci Baş Assambleyası və təşkilatın Qadınlar Qolunun ilk iclası haqqında da məlumatların verilməsi daxil idi. Toplantıda bu tədbirlərin Bakı şəhərində yüksək səviyyədə təşkil olunması xüsusi vurğulandı. Bundan əlavə, toplantıda İCAPP-ın BMT-yə müşahidəçi statusunda üzv olması məsələsi də müzakirə mövzusu oldu. Bilirsiniz ki, ötən ilin noyabrında mən də daxil olmaqla, İCAPP-ın nümayəndə heyəti BMT Baş katibi Pan Gi Munla görüşərək bu məsələni müzakirə etmişik. Hazırda bu istiqamətdə işlər gedir və biz ümid edirik ki, İCAPP BMT-yə müşahidəçi statusla üzv qəbul olunacaq.

Onu da qeyd edim ki, bu ilin avqust ayında İCAPP-ın Gənclər Qolunun iclasının da Bakı şəhərində keçirilməsi nəzərdə tutulur. İclasda 200 qonağın iştirak etməsi gözlənilir. Bu fakt bir daha onu göstərir ki, nəinki Avropada, eləcə də, Asiya qitəsində Azərbaycana maraq artmaqdadır.

Səfərimiz çərçivəsində Yeni Azərbaycan Partiyası ilə Vyetnam Kommunist Partiyası arasında Əməkdaşlıq haqqında Memorandum imzalandı. Sənədi YAP İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı və Viyetnam Kommunist Partiyasının xarici əlaqələr şöbəsinin müdiri Xuanq Binh Quan imzaladılar. Partiyamızın nümayəndə heyəti olaraq həmçinin, Vyetnam Kommunist Partiyasının baş katibi ilə də görüşdük. Nəzərinizə çatdırım ki, baş katib bu ölkənin birinci şəxsidir. Onunla görüşdə partiyalarımız arasında gələcək əməkdaşlıq, eləcə də, İCAPP çərçivəsində fəaliyyət məsələləri müzakirə olundu.

Qeyd etmək lazımdır ki, Vyetnamda sürətli inkişaf gedir. Vyetnam Asiyanın böyük, aparıcı ölkələrindən biridir, əhalisinin sayı 90 milyon nəfərdir. Biz səfərimiz zamanı bu ölkədə sürətli inkişafı müşahidə etdik.

- YAP nümayəndə heyətinin Kambocaya səfəri hansı məqsəd daşıyırdı, səfər zamanı hansı məsələlər müzakirə edildi?

- Bilirsiniz ki, ötən il Bakı şəhərində Yeni Azərbaycan Partiyası ilə Kamboca Xalq Partiyası arasında əməkdaşlıq haqqında saziş imzalanıb və bizim səfərimiz bu partiyanın dəvəti ilə reallaşıb. YAP İcra katibinin müavini Mübariz Qurbanlı ilə mən Vyetnamdan sonra bu ölkəyə səfər etdik. Nümayəndə heyətimiz bu ölkədə yüksək səviyyədə qəbul olundu. Səfər proqramına uyğun olaraq, biz Kambocanın Baş naziri, KXP-nin lideri Xun Sen ilə görüşdük. Görüşdə YAP ilə KXP arasında əməkdaşlığın perspektivləri, İCAPP çərçivəsində fəaliyyətin istiqamətləri və bütövlükdə ikitərəfli əlaqələr müzakirə edildi. Baş nazir onu da bildirdi ki, vaxtilə SSRİ-yə səfəri çərçivəsində Azərbaycanda da olub.

Nümayəndə heyətimiz, eyni zamanda, KXP-in igamətgahında oldu, partiyanın baş katibi Say Çum və xarici əlaqələr şöbəsinin rəhbəri ilə görüşlər keçirdi. Bizə bu partiyanın strukturu və fəaliyyəti haqqında geniş məlumat verildi. Həmçinin, Kambocanın Baş nazirinin müavini, KXP-nin aparıcı şəxslərindən biri olan cənab Sok An ilə görüşdə isə İCAPP çərçivəsində perspektiv planlar müazakirə olundu. Asiyanın bu ölkəsi də inkişaf etməkdədir və bu, sevindirici haldır. Bu ilin iyul ayında Kambocada parlament seçkiləri keçiriləcək və YAP-ı bu seçkiləri müşahidə etməyə dəvət etdilər. Bu da onu göstərir ki, YAP beynəlxalq aləmdə yüksək nüfuza malikdir.

- Asəf müəllim, sizcə, partiyalar arasında əməkdaşlıq bütövlükdə dövlətlərin münasibətlərinin inkişafına nə dərəcədə təsir göstərir?

- Əlbəttə ki, siyasi partiyalar arasında əməkdaşlıq dövlətlərin münasibətlərinin inkişafına öz töhfələrini verir. Əgər həmin partiyalar iqtidar partiyalarıdırsa, onda onların əməkdaşlığı dövlətlərin münasibətlərinə çox müsbət təsir göstərir, bu münasibətlərə təkan verir. Kambocada və Vyetnamda da adını çəkdiymiz partiyalar iqtidardadır və hökumətlərin formalaşmasında xüsusi rol oynayır. Onlar parlament tipli ölkələrdir, nazirlər eyni zamanda millət vəkilləridirlər. Hakim partiyalar, təbii ki, ölkənin inkişafında böyük rol oynayırlar. Yeni Azərbaycan Partiyası da ölkəmizdə hakimyyətdədir, parlamentdə mütləq çoxluq təşkil edir. Parlamentdə qəbul olunan qanunlarda partiyamızı təmsil edən deputatların mövqeyi həlledicidir. Qəbul edilən qanunlar xalqımızın maraqlarına xidmət edir və bu qanunları icra edən də bizim iqtidardır. Yəni dövlətlər arasında əlaqələrin inkişafında siyasi partiyaların rolu danılmazdır və bu baxımdan, partiyaların əməkdaşlığı dövlətlərin münasibətlərinin inkişafına təkan verir. İnkişafın kökündə bir amil dayanır, bu da əməkdaşlıqdır. Hakim partiyalar arasında əlaqələr inkişaf edəndə dövlətlərin də münasibəti genişlənir.

- Yeni Azərbaycan Partiyasının beynəlxalq əlaqələrinin hazırkı səviyyəsi haqqında nə deyə bilərsiniz?

- Yeni Azərbaycan Partiyasının beynəlxalq əlaqələri yalnız Avropa məkanı ilə məhdudlaşmır. Partiyamız həm Avropa, həm də Asiyanın bir sıra nüfuzlu siyasi partiyaları ilə geniş əlaqələrə malikdir. Azərbaycan Avropa ilə Asiya arasında bir körpüdür və ona görə də, partiyamız tərəfindən Asiya qitəsi ilə də əməkdaşlıq məsələlərinə böyük önəm verilir.

Azərbaycan həm Avropa, həm də Asiya üçün çox cəlbedici ölkədir. Çünki bu gün ölkəmiz hərtərfli inkişaf edir və bu inkişaf digər dövlətlərdə maraqla qarşılanır. Bəzi ölkələr Azərbaycanın inkişaf təcrübəsini öyrənməyə çalışırlar. Bu mənada inkişafın Azərbaycan modelini bir çox dövlətlər öyrənmək istəyirlər. Bu modeldən istifadə etməyə çalışırlar. İnkişafın Azərbaycan modelinin xüsusiyyəti ondan ibarətdir ki, hər sahədə paralel inkişaf müşahidə olunur. Digər tərəfdən, bu modelin kökündə xalqla hakimiyyət, partiyamız arasında birlik dayanır. Bu birlik inkişaf prosesində böyük sıçrayışlara gətirib çıxarır.

Avropa məkanında YAP-ın Avropa Xalqları Partiyası ilə sıx əlaqələri var. Bu yaxınlarda AXP çərçivəsində AVRONEST-in toplantısı olacaq. YAP-in iki nümayəndəsi həmin tədbirə dəvət olunub. YAP bu təşkilatda hələ müşahidəçi statusu almasa da, onunla sıx əməkdaşlıq edir. Bu ilin fevralında Konrad Adenauer Fondunun dəvəti ilə partiyamızın nümayəndə heyəti Almaniyada səfərdə oldu, oradan isə AXP-nin dəvəti ilə Brüsselə gedərək bir sıra vacib görüşlər keçirdi. AXP Avropa Parlamentində ən böyük fraksiyadır.

Asiya qitəsinin siyasi partiyaları ilə münasibətlər də məlumdur. YAP İCAPP-da fəal təmsil olunur ki, bu təşkilatda 330-dan çox partiya iştirak edir. YAP təşkilatın Daimi Komitəsinin 22 üzvündən biridir. Partiyamız bu qurumun Daimi Komitəsində aparıcı ölkələrin partiyaları ilə birgə təmsil olunur. Belə ki, bu qurumda Yaponiya, Cənubi Koreya, Vyetnam, Rusiya və s. kimi böyük ölkələrin partiyaları var. MDB-dən isə bu təşkilatda yalnız Azərbaycan, Rusiya və Qazaxıstanın siyasi partiyaları təmsil olunur. Təbii ki, bu amil partiyamızın gücünün və nüfuzunun ifadəsidir.

YAP, həmçinin, Amerika qitəsinin siyasi partiyaları ilə də əməkdaşlıq edir. Belə ki, Latın Amerikası ölkələrinin siyasi partiyalarını təşkilatı olan COPPALL ilə əməkdaşlıq edirik. Yəni bütün bunlar göstərir ki, YAP-ın beynəlxalq əlaqələri bir çox istiqamətlərdə inkişaf etməkdədir.

Ümumiyyətlə, Azərbaycanın inkişafı Ulu öndər Heydər Əliyev ikinci hakimiyyətə qayıdandan sonra başlayıb. Ulu öndərin hakimiyyətə qayıdışı partiyamızın hakimiyyətə gəlişi demək idi. Məhz ötən illər ərzində YAP böyük inkişaf yolu keçərək Azərbaycanın siyasi həyatında aparıcı rol oynayır. Bu gün partiyamızın 600 min üzvü var və bu, YAP-ın böyük gücünün göstəricidir. Ölkəmizdə heç bir partiya YAP-la müqayisə olunmaq iqtidarında deyil, onlar bizim partiyamız qədər ictimai-siyasi proseslərdə rol oynaya bilmir, həmçinin, beynəlxalq əlaqələrə də malik deyillər. Yeni Azərbaycan Partiyası isə daim öz uğurlarını artırır, o cümlədən, beynəlxalq əlaqələrini genişləndirməkdə davam edir.

 

 

Yeni Azərbaycan.- 2013.- 4 may.- S.11.