“Heydər Əliyev mənim həyatımda”
Yeni Azərbaycan
Partiyasının təşkilatçılığı ilə
“Azərbaycan” qəzetinin Ümummilli liderimiz Heydər Əliyevin
90 illik yubileyi münasibətilə hazırladığı
ikicildlik kitabın təqdimatı keçirilib
Dünən
Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı
ilə “Azərbaycan” qəzetinin Ümummilli liderimiz Heydər Əliyevin
90 illik yubileyi münasibətilə hazırladığı
“Heydər Əliyev mənim həyatımda” adlı ikicildlik
kitabın təqdimatı keçirilib. İkicildliyin məsləhətçisi
və “Ön söz”ün müəllifi Azərbaycan Prezidenti
Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevdir. Nəşrin
redaktoru tarix elmləri doktoru, professor Əli Həsənov,
buraxılışa məsul isə “Azərbaycan” qəzetinin
baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar
Sadıqovdur.
Təqdimat
mərasimində çıxış edən YAP Sədrinin
müavini-İcra katibi Əli Əhmədov “Heydər Əliyev
mənim həyatımda” kitabının Ümummilli lider Heydər
Əliyevə həsr olunmuş nəşrlər arasında
özünə xüsusi yer tutacağına
inandığını bildirib. Bu günlər Ümummilli
lider Heydər Əliyevin 90 illik yubileyinin xalqımız tərəfindən,
o cümlədən dünya ölkələrində
yaşayan azərbaycanlılar tərəfindən yüksək
səviyyədə qeyd olunduğunu deyən Əli Əhmədovun
fikrincə, 90 illik yubileyin belə yüksək, təntənə
ilə qeyd olunması Ulu öndər Heydər Əliyevə
olan dərin hörmət və ehtiramın ifadəsidir. YAP Sədrinin
müavini vurğulayıb ki, Heydər Əliyev Azərbaycan
xalqı qarşısında misilsiz xidmətlər göstərib
və yeni nəşrdə bu amil özünün xüsusi
olaraq əksini tapıb: “Azərbaycan xalqı Heydər Əliyevin
doğum gününü qeyd etməklə həm də bu
gün ölkəmizdə həyata keçirilən
Prezidentimizin rəhbərliyi ilə reallaşdırılan, Azərbaycanın
inkişafına xidmət edən və hər bir vətəndaş
üçün faydalar gətirən Heydər Əliyev siyasəti
dəstəklənmiş olur. Vətəndaşlar bu siyasətə
müsbət münasibətlərini ifadə edirlər. Bu tədbirlər
çox müxtəlif formalarda həyata keçirilməkdədir.
Onlardan biri də Heydər Əliyevin geniş fəaliyyətinə
həsr olunan müxtəlif kitabların hazırlanıb
işiq üzü görməsindən ibarətdir. Heydər Əliyev
haqqında yazılan hər bir kitab Onun fəaliyyətinin dəyərləndirilməsi
ilə yanaşı gələcək nəsillər
üçün Azərbaycanın inkişafına xidmət
edən fəaliyyətin tarixə çevrilməsi və gələcək
nəsillərə ötürülməsi üçün
verilən töhfələrdən ibarətdir. Azərbaycanda
Heydər Əliyev haqqında xeyli kitablar yazılıb və
bundan sonra da yazılacaq. Beləliklə də, bugünkü
nəslin bilavasitə iştirakı ilə gələcək
nəsillərdə Heydər Əliyev haqqında daha kamil təsəvvürlər
yaradan əsərlər yazılıb ortaya qoyulacaq”.
Əli
Əhmədov bildirib ki, bu tədbir Ümummilli lider Heydər Əliyevin
zəngin fəaliyyətinə həsr olunmuş və Heydər
Əliyevlə əlaqədar xatirələri özündə
ehtiva edən çox dəyərli kitabın təqdimatına
həsr olunub. Belə ki, “Heydər Əliyev mənim həyatımda”
adlanan ikicildlik topluda Ümummilli lider haqqında xatirələr,
Onun xalqımızın qarşısında xidmətlərini
əks etdirən fikirlər, düşüncələr
öz əksini tapıb. “Təbii ki, Heydər Əliyevin
hakimiyyəti dövründə yaşamış, Azərbaycanda
inkişafdan bəhrələnən, sabitlik, əmin-amanlığın
faydasını görən hər bir vətəndaşın
həyatında bu dahi şəxsiyyətin izi var.
İnsanların özünü layiqli vətəndaş hiss
etməsi həm də ona görədir ki, o möhtəşəm
bir dövlətin vətəndaşıdır. Sabaha inamla
baxan ölkənin sakinidir. Beləliklə də, hər
birimizin həyatındakı müsbət dəyişikliklərin
kökündə Heydər Əliyevin müəyyənləşdirdiyi
siyasət və bu siyasətin uğurla həyata keçirilməsi
və müsbət nəticələridir. Bütün vətəndaşlar
Heydər Əliyev siyasətini öz həyatında hiss edirlər.
Eyni zamanda, hələ uzun illər Azərbaycan vətəndaşları
Heydər Əliyevin müəyyənləşdirdiyi siyasətin
bəhrələrini, faydalarını görəcəklər.
Hər bir azərbaycanlı Azərbaycanın gələcək
perspektivlərinə inanır və beləliklə də, həyatımız
Heydər Əliyevin müəyyənləşdirdiyi siyasətin
gətirdiyi faydalar əsasında daha da zənginləşib.
Bu mənada hesab edirəm ki, Heydər Əliyev haqqında
deyilən hər bir fikir ürəkdən gəlir. Təqdimatına
toplaşdığımız kitabda da bu duyğuları
görmək olar. Bu kitab Ümummilli lider Heydər Əliyevin əziz
xatirəsinə layiq olan çox maraqlı kitabdır” - deyə,
YAP Sədrinin müavini vurğulayıb.
Tədbirdə
Baş nazirin müavini, Qaçqın və Məcburi
Köçkünlərin İşləri üzrə
Dövlət Komitəsinin sədri, YAP Siyasi
Şurasının üzvü Əli Həsənov
çıxış edərək bildirib ki, Ümummilli lider
Heydər Əliyevin 90 illik yubileyi Azərbaycanın hər
guşəsində böyük təntənə ilə qeyd
olunmaqdadır. Ə.Həsənovun fikrincə, bu tədbirlər
tarixi şəxsiyyət olan Heydər Əliyevin misilsiz xidmətlərinə
qədirbilən xalqımız tərəfindən verilən
qiymətin, sonsuz ehtiram və sevginin, inamın təzahürüdür.
YAP Siyasi Şurasının üzvü vurğulayıb ki, Azərbaycan
xalqının Ümummilli lideri Heydər Əliyev millətimizin
və dövlətimizin gələcəyi naminə misilsiz
xidmətlər göstərib. Bildirib ki, Ulu öndər Heydər
Əliyev hələ Sovet İttifaqının tərkibində
respublikamızda rəhbər vəzifələrdə
çalışdığı dönəmlərdə belə
Azərbaycanın və azərbaycanlıların gələcəyini
düşünmüş və bu günümüz
üçün böyük işlərin, layihələrin əsasını
qoyub. Ölkəmizin ikinci dəfə öz müstəqilliyini
əldə etdikdən sonra düşmüş olduğu
çətin dönəmlərdən də, məhz Ulu
öndər Heydər Əliyevin siyasi iradəsi və yüksək
bacarığı sayəsində xilas olduğunu söyləyən
Ə.Həsənov dövlətimizin sağlam, sarsılmaz təməllər
üzərində bərqərar olmasının əsasının
da o dövrlərdə qoyulduğunu vurğulayıb.
Ə.Həsənov
Ümummilli lider Heydər Əliyevin respublikamıza rəhbərlik
etdiyi ilk dövrdə (1969-1982-ci illər) Azərbaycanın
sürətli inkişaf və tərəqqi mərhələsi
yaşadığını deyib. O qeyd edib ki, məhz o illərdə
xalqımızın milli ruhu formalaşıb, özünü
ifadə etmək qüdrəti yüksəlib,
iqtisadiyyatımız inkişaf edib, respublikamız
keçmiş ittifaqında tanınıb. Baş nazirin
müavini vurğulayıb ki, Ulu öndər Heydər Əliyev
Özünün ardıcıl və məqsədyönlü
dövlətçilik və siyasi fəaliyyəti ilə
müstəqil Azərbaycan dövlətinin banisi, xilaskarı
və qurucusu olmaqla bərabər, həm də XX əsrin
dünya siyasətində silinməz izlər qoymuş tarixi
şəxsiyyətdir. Ə.Həsənovun sözlərinə
görə, Ulu öndərin SSRİ kimi nəhəng bir
dövlətin rəhbərliyinə qədər yüksəlməsi
bütün Türk dünyasında qürurla
qarşılanıb.
Ulu
öndərin Azərbaycanın müstəqilliyinin qorunub
saxlanılmasında müstəsna xidmətlərindən
danışan Ə.Həsənov deyib ki, 1993-cü ildə
Heydər Əliyev hakimiyyətə qayıtmasaydı, bu
gün Azərbaycan dövlətinin mövcudluğundan
söhbət gedə bilməzdi. Onun sözlərinə
görə, ölkəmizdə azərbaycançılıq
ideologiyasının formalaşması, Azərbaycanın dinamik
və sürətli iqtisadi inkişafını təmin edən
neft strategiyasının müəyyənləşdirilməsi
və həyata keçirilməsi Heydər Əliyevin
müdrikliyi və sarsılmaz iradəsi sayəsində
mümkün olub: “Azərbaycan bu gün Ulu öndərin
qurduğu təməl üzərində sürətlə
inkişaf edir. Hazırda Heydər Əliyev siyasəti Prezident
İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Ölkəmizin başçısı indiyə kimi
qazanılan uğurla yanaşı gələcək hədəflərimizin
də nədən ibarət olduğunu bəyan edib. Bu hədəflər
Azərbaycanı daha da inkişaf edirmək və gücləndirməkdir
ki, bu istiqamətdə vacib addımlar atılır.
Şübhə yoxdur ki, Azərbaycan Heydər Əliyev siyasəti
nəticəsində bundan sonra da inkişaf edəcək və
xalqımıza xidmət göstərəcək”.
Azərbaycan
Ağsaqqallar Şurasının sədri, Milli Məclisin
deputatı Fəttah Heydərov da çıxışında
deyib ki, Ümummilli lider Heydər Əliyevə həsr
olunmuş kitab zəngin mənbədir. Ulu öndərin
xalqımız qarşısında xidmətlərindən
danışan F.Heydərovun sözlərinə görə,
Ümummilli lider Heydər Əliyevin nurlu zəkası daim Azərbaycana
işıq saçırdı: “Məhz bu işıq Azərbaycanı
və xalqımızı inkişaf etdirdi, onu zirvələrə
qaldırdı. Bu ilk əvvəl keçmiş sovetlər
ittifaqında baş verdi. Sonralar Heydər Əliyev
özünün yeni-yeni uğurları xalqımızı
zirvələrə ucaltdı. Ulu öndərimiz hər zaman
xilaskarlıq missyası yerinə yetirib. O, həmişə Azərbaycan
çətin məqamlarda olanda xalqımızın
harayına çatıb. İkinci dəfə belə bir hadisə
1990-cı illərin əvvəlində baş verdi. O zaman Heydər
Əliyev olmasaydı Naxçıvan da əlmizdən gedə
bilərdi”.
F.Heydərov
bildirib ki, Heydər Əliyevin rəhbər olaraq müəyyənləşdirdiyi
xətt Azərbaycanı inkişaf yoluna çıxarıb.
Onun sözlərinə görə, müstəqillik illərində
qazanılan nailiyyətlər Ulu öndər Heydər Əliyevin
qurduğu müstəqil Azərbaycanın keçdiyi tarixi
bir yoldur. “Hamıya məlumdur ki, bugünkü müstəqil
Azərbaycan dövlətinin qurucusu, yaradıcısı Heydər
Əliyevdir və Onun bizlərə əmanət etdiyi dövlət
Ulu öndərin şah əsəridir. Ulu öndər Heydər
Əliyev bütün şüurlu həyatını, Azərbaycan
üçün, torpağımızın barlı-bərəkətli
olması üçün, insanlarımızın maddi rifah
halının yaxşılaşması üçün, Azərbaycan
xalqının tərəqqisi üçün sərf edib. Yəni
həyatın bütün sahələrində yaxşı nə
varsa, Heydər Əliyev həmişə onun
mövcudluğuna çalışırdı. Heydər Əliyev,
xüsusilə, Azərbaycana rəhbərliyinin ikinci
dövründə fəlakətlərə, faciələrə,
çətinliklərə düşmüş Azərbaycanımızın
xilas edilməsi, onun yenidən qurulması, bu günə gəlib
çatan yüksək nəticələrinin əldə
olunması üçün misilsiz fəaliyyət göstərdi.
Ulu öndər 1970-ci illərdə sovetlər hakimiyyəti
zamanı respublikamızın böyük inkişafına nail
olmuşdusa, Azərbaycan insanının nüfuzunu qaldıra
bildirmişdisə, təəssüflər olsun ki, Ulu öndər
Heydər Əliyev siyasi arenada olmadığı dövrdə
Azərbaycan özünün faciəli həyatını, mərhumiyyətlər
dövrünü yaşamışdı. O zamanlar Azərbaycan
torpaqlarının beşdə birini itirdi, müharibədə
20 min nəfərdən çox şəhid verdik,
Dağlıq Qarabağ problemi Heydər Əliyevin Azərbaycanda
olmadığı dövrdə yarandı. Qısa olaraq belə
deyə bilərik ki, bu problemlər Azərbaycanın
başında dünyanı dərk edə bilən, bu
xalqı doğru yolla apara biləcək, müstəqilliyimizi
qoruya biləcək bir rəhbərin yoxluğundan əmələ
gəlmişdi. Nə yaxşı ki, tale xalqı
sınağa çəkdi, Ulu öndər Heydər Əliyev
ikinci dəfə hakimiyyətə qayıtdı. Onun ikinci dəfə
hakimiyyətə qayıtması, xalqa, insanlara, torpağa olan
şəxsiyyət, ağsaqqal məhəbbəti bu xalqı
yeni müstəqil dövlət qurub onun başında möhkəm
dayanmağa gətirib çıxardı” - deyə, Azərbaycan
Ağsaqqallar Şurasının sədri vurğulayıb.
F.Heydərov
bildirib ki, indi Azərbaycanın uğurları göz
qabağındadır, ölkəmiz inkişaf edir, qısa
müddətdə xalqımız öz müstəqil dövlətinin
bütün atributlarını Heydər Əliyevin rəhbərliyi
ilə qura bildi. Heydər Əliyevin müəyyənləşdirdiyi
siyasət nəticəsində hüquqi-demokratik dövlət
quruldu. Bütövlükdə, dövlət müstəqilliyimizi
təmin edə biləcək işlək mexanizm
yaradıldı. Onun fikrincə, Azərbaycan xalqının bu
gün qarşısında duran əsas vəzifə
Ümummilli liderimizin bizə ərməğan etdiyi dövlətimizi
qorumaq, yaşatmaq və gələcək nəsillərə
ötürməkdən ibarətdir: “Nə yaxşı ki, Ulu
öndərimizin Azərbaycan üçün
gördüyü işlər Onun varisi olan cənab İlham Əliyev
rəhbərliyi ilə 10 ildir ki, davam edir. Prezident İlham Əliyev
təkcə Heydər Əliyevin siyasi məktəbinin deyil,
bütövlükdə həyat məktəbinin yetirməsidir.
Son 10 ilin nailiyyətləri sübut edir ki, Ulu öndərimizin
müstəqil Azərbaycanın gələcəyi
üçün bütün nəzərdə tutduğu
işlər böyük uğurla həyata keçirilir. Bu
gün hər bir vətəndaşımız ölkəmizin
uğurlarından qürur duyur. Qazanılan nailiyyətlər
xalqımızı daha böyük qələbələrə,
zəfərlərə ruhlandırır”.
Çıxış
edən Azərbaycan Tibb Universitetinin rektoru, akademik, millət vəkili
Əhliman Əmiraslanov Ulu öndər Heydər Əliyevin
gördüyü işlərin miqyasının çox
böyük olduğunu deyib. Onun fikrincə, “Heydər Əliyev
mənim həyatımda” ikicildlik kitabı bu tarixi şəxsiyyətin
həyat və fəaliyyətinin geniş ictimaiyyətə
çatdırılması baxımından zəngin mənbədir.
Ə.Əmiraslanov Heydər Əliyev haqqında xatirələrini
danışaraq Ümummilli liderimizin Azərbaycan elminin və
təhsilinin himayədarı olduğunu, bu sahədə
çalışanlara, xüsusilə, səhiyyə
işçilərinə həmişə diqqət və
qayğı göstərdiyini xatırladıb. Akademik bildirib
ki, adı tarixdə əbədiləşən
dünyaşöhrətli siyasətçi Heydər Əliyevin
ölkəmizin dövlət müstəqilliyi bərpa edildikdən
sonra iki dəfə ATU-da olması, müəllim və tələbələr
qarşısında proqram xarakterli çıxışı
və gələcək həkimlərə dəyərli məsləhətlər
verməsi universitetin tarixində silinməz izlər qoyub. Ə.Əmiraslanov
diqqətə çatdırıb ki, Ulu öndərin səyi
nəticəsində 1998-ci ildə ATU-nun 11 mərtəbəli
yeni tədris binası tikilib istifadəyə verilib. Azərbaycanda
səhiyyənin inkişafı, universitetin maddi-texniki
bazasının möhkəmləndirilməsi və ölkəmizdə
tibb kadrlarının hazırlanması məhz Ulu öndərin
adı ilə bağlıdır.
ATU-nun
stomatoloji və onkoloji klinikalarının, Ümummilli lider
Heydər Əliyevin böyük qayğısı sayəsində
yaradıldığını diqqətə çatdıran
akademik vurğulayıb ki, Onun layiqli davamçısı
Prezident İlham Əliyevin dəstəyi ilə inşa
olunmuş universitetin çoxprofilli terapevtik klinikası ən
müasir avadanlıqla təchiz olunaraq əhaliyə dünya
standartlarına uyğun səviyyədə tibbi xidmət
göstərir. Ulu öndərin müəyyənləşdirdiyi
siyasətin Prezident İlham Əliyev tərəfindən
uğurla davam etdirildiyini vurğulayan Ə.Əmiraslanov
bildirib ki, bu siyasət dövlətimizi gələcək
nailiyyətlərə doğru aparır.
AMEA-nın
vitse-prezidenti, akademik İsa Həbibbəyli isə
Ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətinin
rəmzi olduğunu vurğulayıb. Müstəqil Azərbaycanın
Heydər Əliyevin şah əsəri olduğunu deyən
İ.Həbibbəylinin sözlərinə görə,
müasir Azərbaycanın inkişafı Heydər Əliyev
siyasətinin nəticəsidir. “Ümummilli lider Heydər Əliyev
ölkəmizin inkişafına özünün müdrik, cəsarətli
siyasəti, yorulmaz fəaliyyəti ilə nail olub. Təqdimatına
toplaşdığımız bu kitabda Ulu öndər Heydər
Əliyevin bütöv fəaliyyətini göstərməyə
çalışır”. İ.Həbibbəyli bildirib ki,
görkəmli dövlət xadimi Heydər Əliyev Azərbaycan
tarixində ilk dəfə olaraq ölkəmizdə azərbaycançılıq
ideyasını dövlətin siyasi ideologiyası səviyyəsinə
qaldırıb: “Azərbaycan və azərbaycançılıq
anlayışları qədim tarixə malik olsalar da, uzun əsrlər
boyu yalnız coğrafi yer adı kimi işlədilib, son
yüzillikdə həm də milli ideya olaraq formalaşıb.
Azərbaycançılığın dövlət siyasətində
milli ideologiyaya çevrilməsi Ümummilli liderimiz Heydər Əliyevin
Azərbaycan xalqı qarşısındakı böyük
tarixi xidmətlərindən biridir. Azərbaycanda milli birlik və
həmrəylik ideyasının həyata keçirilməsi də
azərbaycançılıq idealına xidmətin ifadəsidir.
Azərbaycan dili kimi Azərbaycan xalqı
anlayışının da ölkəmizdə bərqərar
olması müstəqil dövlətin daxili sabitliyinin təmin
edilməsinə, tolerantlıq mühitinin
formalaşdırılmasına xidmət edir. Heydər Əliyevin
Azərbaycan xalqı anlayışı azərbaycançılıq
prinsiplərinin ölkəmizdəki bütün etnik qruplar tərəfindən
vahid prinsip kimi qəbul edilməsinə imkan yaradan müdrik
bir dövlətçilik təlimidir”.
AMEA-nın
Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub
Mahmudov çıxışında Ulu öndər Heydər Əliyevi
Azərbaycan dövlətinin və xalqının xilaskarı
kimi səciyyələndirib. Onun sözlərinə görə,
Heydər Əliyev zəngin irsinin bundan sonra da dərindən
öyrənilməsinə ehtiyac var. Bu məqsədlə,
AMEA-nın Tarix İnstitutunda “Əliyevşünaslıq”
şöbəsinin yaradıldığını deyən
Y.Mahmudov Ulu öndər haqqında bir neçə kitab
yazdığını da xatırladıb. “Azərbaycan tarix
boyu bir çox sınaqlarla üz-üzə qalıb. Bu
sınaqlardan uğurla çıxmaq üçün daim
güclü liderə ehtiyac yaranıb. Heydər Əliyev elə
bir şəxsiyyətdir ki, proseslərin önündə gedərək
bütün sınaqlardan şərəflə
çıxıb” - deyə, o qeyd edib. Y.Mahmudov dünyanın
tarixi şəxsiyyətləri arasında Ulu öndər Heydər
Əliyevin ön sırada olduğunu bildirib. “Dünyada bir
sıra tarixi şəxsiyyətlər var. Amma Heydər Əliyev
həmin tarixi şəxsiyyətlərin zirvəsində
dayanır”, - deyən millət vəkili Heydər Əliyevin
adının Azərbaycan tarixinə xalqımızın
xilaskarı kimi düşdüyünü vurğulayıb.
Y.Mahmudovun sözlərinə görə, tarixin bütün
dönəmlərində Ulu öndər Azərbaycan
xalqına şərəflə xidmət edib, dövlətimizin
inkişafı üçün misilsiz fəaliyyət göstərib.
“Ümummilli
lider Heydər Əliyevin gücünü və qüdrətini
sübut edən amillərdən biri də iki bir-birinə zidd
olan sistemdə uğurla fəal göstərməsidir. Həm
sovetlər hakimiyyəti, həm də müstəqillik
dövründə Heydər Əliyev yalnız Azərbaycan
xalqının tərəqqisini, inkişafını
düşünüb və bu yolda yorulmadan
çalışıb. Sovetlər dönəmində Ulu
öndərimizin Azərbaycan xalqının milli
şüurunun formalaşmasında və oyanışında
da rolu əvəzedilməzdir” - deyə o, vurğulayıb.
Y.Mahmudovun fikrincə, təqdimatı keçirilən kitab Ulu
öndər Heydər Əliyevin böyüklüyünü
göstərən ciddi bir mənbədir.
“Azərbaycan”
qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar
Sadıqov isə çıxışında bildirib ki, bu
kitab Ulu öndər Heydər Əliyevə sonsuz hörmət
və ehtiramın ifadəsidir. Heydər Əliyevin qeyri-adi,
xarizmatik şəxsiyyət olduğunu deyən B.Sadıqovun
sözlərinə görə, Heydər Əliyevin siyasi kursu
daim Azərbaycanın inkişafını təmin edəcək.
O bu layihənin meydana gəlməsinin tarixindən də
danışaraq deyib ki, gələcək illərdə də
Ulu öndər Heydər Əliyev həsr olunmuş kitablar nəşr
olunacaq.
Nardar BAYRAMLI
Yeni Azərbaycan.- 2013.- 4 may.- S.5.