HEYDƏR ƏLİYEV: XALQI BİRLƏŞDİRƏN LİDER

 

Dövlət başçısı İlham Əliyevin imzaladığı 21 yanvar 2013-cü il tarixli “Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi haqqında” Sərəncamı müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli lider Heydər Əliyevin ölkəmizin hərtərəfli inkişafı, beynəlxalq nüfuzunun artması, milli dövlətçilik ideyalarının bərqərar olması istiqamətində əvəzsiz xidmətlərinə işıq salınmasında əhəmiyyətli rol oynayır. Bu gün böyük fəxr hissi ilə qeyd etdiyimiz “Müstəqil Azərbaycan Ulu öndər Heydər Əliyevin şah əsəridir” fikri müstəqilliyimizin ilk illərindəki Azərbaycanın bugünkü Azərbaycanla müqayisəsi fonunda bir daha öz aydın ifadəsini tapır. Ümummilli lider Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə daim tərəqqisi üçün çalışdığı, zəngin mədəniyyəti, tarixi ilə qürur duyduğu Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxarmışdır. Uzun illər Azərbaycana rəhbərlik etməsinin özü Heydər Əliyev şəxsiyyətində formalaşan, müstəqilliyə və xalqına sədaqət, millilik və vətənə məhəbbət hissindən qaynaqlanan inamın təzahürüdür.

Sovetlər birliyi dövründə Azərbaycana rəhbərlik edən, bəşəri düşüncəli Ulu öndər ölkəmizi qabaqcıl respublikalar sırasına çıxardığı kimi 1993-cü ilin iyununda xalqın təkidli tələbi əsasında hakimiyyətə qayıdışı ilə dövlətçilik tarixinin yeni mərhələsinin, müstəqilliyi əbədiləşdirən uğurlu bir yolun başlanğıcını qoydu. 1960-cı illərin sonlarında Azərbaycan iqtisadi və mədəni tənəzzül dövrünü yaşayırdı. O zaman məhz Heydər Əliyevin hakimiyyətə gəlişi ilə cəmiyyət həyatının bütün sahələrində sürətli yüksəliş, milli ruhun inkişafı və mənəviyyatın tərəqqisi dövrü yaşanmışdı. Dahi şəxsiyyət 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqda da yenə özünün siyasi bacarığı ilə ölkəni vətəndaş müharibəsi təhlükəsindən, ictimai-siyasi pərakəndəlikdən, xaosdan, anarxiyadan xilas etdi, cəmiyyətin məqsədini, məramını öz varlığında, özünün şəxsiyyətində təzahür etdirərək, doğma xalqını vahid bir məfkurə-azərbaycançılıq ideyası ətrafında səfərbər edib, onların qəlbində sabaha inam hissi yaratmağı bacardı. Müstəqil, iqtisadi cəhətdən qüdrətli, beynəlxalq münasibətlər sistemində əhəmiyyətli rol oynayan, bütün dünya azərbaycanlılarının qürur mənbəyinə çevrilən Azərbaycan kimi bir dövləti yaratmaq Ona nəsib oldu. “Biz müstəqil Azərbaycan kimi əzəmətli bir abidənin təməlini qoyuruq, onu qururuq, yaradırıq. Onu indiki nəsillər üçün yaradırıq, gələcək nəsillər üçün yaradırıq. Bizim üzərimizə şərəfli vəzifə düşübdür və bunu layiqincə yerinə yetirməliyik. Güman edirəm ki, hər bir vətəndaş bu vəzifənin yerinə yetirilməsində öz yerini tapacaqdır”. Xalqına arxalanan Heydər Əliyev Azərbaycan dövlətçiliyinin inkişaf etdirilməsinə, ictimai-siyasi sabitliyin, ərazi bütövlüyünün təmin olunması kimi mürəkkəb vəzifələrin həlli üçün ölkə həyatında vacib olan işlərə- dövlət intizamının, qanunçuluğun, hüquq-mühafizə orqanlarının, ordunun möhkəmləndirilməsinə başladı. Bu fakt xüsusi olaraq önə çəkildi ki, demokratiya ictimai-siyasi sabitliyin, qanunun aliliyinin hökm sürdüyü şəraitdə inkişaf edə bilər. Azərbaycan demokratiya yolu ilə gedir, heç bir qüvvə bizi bu yoldan döndərə bilməz. Demokratik dövlət quruculuğunu şərtləndirən bütün amillərin mövcudluğu istiqamətində atılan zəruri addımlar da Azərbaycanın demokratik prinsipləri bu gününün və gələcəyinin əsası kimi qəbul etdiyini təsdiqlədi. 1995-ci il noyabrın 12-də Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan və ümumxalq səsverməsi ilə qəbul olunan Milli Konstitusiyamız demokratikləşmə prosesinin daha da sürətlənməsinə yol açdı. Dahi şəxsiyyət bildirmişdir ki, Konstitusiya-əsas qanun ölkədə sabitliyi təmin etməlidir. Hər bir kəs Konstitusiya və qanunlara dönmədən əməl etməli, ondan irəli gələn dövlət və cəmiyyət qarşısında vəzifələri layiqincə yerinə yetirməli, ölkəmizdə gedən demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesində yaxından iştirak etməlidir. Əsas qanunumuzda əksini tapan maddələrin üçdə iki hissəsi məhz insan hüquqlarının qorunmasına və müdafiəsinə xidmət edir. Müstəqil Azərbaycanın gələcək inkişaf yolunu müəyyənləşdirən Ümummilli lider Heydər Əliyev sivilizasiyalı dövlət quruculuğu istiqamətində önəmli islahatlar apararaq bugünkü Azərbaycan üçün etibarlı təməl yaratdı. “Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanılmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır. Mənim başqa məqsədim, amalım yoxdur. Bunu isə mən xalqla birlikdə, xalqın dəyərli insanları, hörmətli adamları ilə, xalqın irəli çəkdiyi nümayəndələri ilə birlikdə edə bilərəm”. Atdığı hər bir addımında xalqına güvənən, xalqından güc alan Ulu öndər Heydər Əliyev milli ideologiyamızın əks olunduğu dövlətçilik konsepsiyasını hazırlamaqla neçə-neçə onilliklər üçün Azərbaycanın inkişaf yolunu müəyyənləşdirdi.

Dövlət başçısı İlham Əliyevin məlum sərəncamında Ümummilli liderin ayrı-ayrı sahələrin inkişafı istiqamətində misilsiz xidmətləri öz əksini tapıb. Bu uğurları ümumiləşdirən ifadə isə budur ki, bütün nailiyyətlərin əsasında dahi şəxsiyyətin Vətənə, xalqına məhəbbəti, böyük azərbaycanlı olması dayanır. Onun formalaşdırdığı və inkişaf etdirdiyi azərbaycançılıq fəlsəfəsi Azərbaycanın müasir dünyada xüsusi yerini müəyyən etmiş, milli dövlətçiliyimizin bünövrəsini təmin edərək, dünya azərbaycanlılarının həmrəyli üçün möhkəm zəmin yaratmışdır. Azərbaycanlı olması ilə fəxr etidyini ən yüksək tribunalardan bəyan edən dahi şəxsiyyət Heydər Əliyev bunu harda yaşamasından asılı olmayaraq bütün azərbaycanlılardan tələb edirdi- Suverenliyimizi daim yaşatmaq, dövlət müstəqilliyimizi əbədi etmək üçün harada yaşamasından asılı olmayaraq bu gün hər bir azərbaycanlıdan müqəddəs Azərbaycan qayəsi ətrafında əməl və əqidə birliyi tələb olunur. Onun hakimiyyətə qayıdışından sonra daha çox diqqət göstərdiyi sahələrdən birinin məhz Azərbaycan diaspor quruculuğunun olması da səbəbsiz deyildi. Diasporun bir dövlətin xaricdə varlığı demək olduğunu önə çəkən Ulu öndər Heydər Əliyev onların təşkilatlanması istiqamətində ciddi səylər göstərdi. Onun xarici ölkələrə səfərləri zamanı orada yaşayan azərbaycanlılarla görüşmək, onların problemləri ilə yaxından tanış olmaq, Öz tövsiyələrini çatdırmaq istəyi də bu məqsəd və məramdan irəli gəlirdi. Ulu öndər Heydər Əliyevin xarici ölkələrə səfəri zamanı mən də dəfələrlə jurnalist nümayəndə heyətinin tərkibində olmuş, Onun Vətəninə, xalqına necə bağlı olduğunun şahidinə çevrilmişəm. Dövlət başçısı İlham Əliyevin sərəcamında da qeyd olunduğu kimi, Ümummilli liderin “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” sözləri dünya azərbaycanlılarının şüarı olmaqla, soydaşlarımızın həmrəyliyinin təməl daşına çevrilmişdir. Ümummilli lider Heydər Əliyev öncə soydaşlarımızın yaşadığı ölkələrdə birliyinin, həmrəyliyinin yaradılması istiqamətində səylərin göstərilməsinin vacibliyini bildirirdi. Həmin dövrdə yaranan, bu gün sayı artmaqda olan Azərbaycan mərkəzləri, cəmiyyətləri məhz bu məqsədə xidmət edirdi. Buna nail olduqdan sonra dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın və həmvətənlərimizin müstəqil Azəbaycanla əlaqələrinin daha da möhkəmləndirilməsi, dünya azərbaycanlıları arasında mənəvi, siyasi birliyin və həmrəyliyin təmin olunması, Azərbaycan icmaları, cəmiyyət və birliklərinin fəaliyyətinin gücləndirilməsi və əlaqələndirilməsi ilə bağlı məsələlərin ətraflı müzakirə edilməsini nəzərə alaraq, Ulu öndər Heydər Əliyevin 2001-ci il mayın 23-də imzaladığı sərəncama uyğun olaraq həmin ilin noyabrın 9-10-da Bakıda Dünya Azərbaycanlılarının I Qurultayı keçirildi. Bu addım diaspor hərəkatının inkişafında yeni mərhələnin başlanğıcını qoydu. Qurultayın işinə 1105 nümayəndə, o cümlədən dünyanın 36 ölkəsindən 403 təmsilçi qatılmışdır. Dünya azərbaycanlılarının I qurultayında Ulu öndər Heydər Əliyevin söylədiyi hər bir fikir soydaşlarımız üçün bir proqram xarakteri daşıdı. “İnsan hansı ölkədə yaşamasından asılı olmayaraq, gərək öz milliliyini qoruyub saxlasın. Dünyada eyni zamanda assimilyasiya prosesi də var. İnsanlar-mən azərbaycanlılar haqqında danışıram-gərək, yaşadıqları ölkədə, yenə deyirəm, o şəraiti mənimsəyərək, orda özləri üçün yaxşı mövqelər tutsunlar. Ancaq daim öz milli-mənəvi dəyərlərinə, milli köklərinə sadiq olsunlar. Bizim hamımızı birləşdirən, həmrəy edən azərbaycançılıq ideyasıdır, azərbaycançılıqdır” söyləyən Ulu öndər Heydər Əliyev böyük qətiyyətlə bəyan etmişdir: “Öz ürəyimdən gələn fikirləri bir daha bildirmək istəyirəm ki, hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam”.

Bu inamda ifadə olunmuşdur ki, qurultay qarşıda duran vəzifələrin yerinə yetirilməsində çox böyük rol oynayacaq, öz xidmətlərini göstərəcək. Qurultaydan bir neçə ay sonra Ulu öndər Heydər Əliyevin 2002-ci il 5 iyul tarixli fərmanı ilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi yaradıldı. Qeyd edək ki, Prezident İlham Əliyevin 19 noyabr 2008-ci il tarixli sərəncamı ilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin əsasında Diasporla İş üzrə Dövlət Komitəsi yaradılıb. Hazırda dünyanın müxtəlif ölkələrində 400-dən çox diaspor təşkilatımız fəaliyyət göstərir. Azərbaycan diasporunun daha da gücləndirilməsi, xaricdə yaşayan azərbaycanlılara öz milli-mənəvi dəyərlərini qoruyub saxlamaları, Azərbaycan həqiqətlərini təbliğ etmələri, yaşadıqları ölkələrin ictimai-siyasi həyatında fəal rol oynamaları üçün Azərbaycan dövlətinin atdığı addımlar davamlılığı ilə diqqət çəkir. Müasir qloballaşan dünyada xalqlar arasında gedən sürətli inteqrasiya prosesləri, diaspor və lobbi təşkilatlarının beynəlxalq siyasətdə rolunun getdikcə artması Azərbaycanın öz diasporu ilə sıx əməkdaşlığını zərurətə çevirir.

1991-ci il oktyabrın 18-də Azərbaycanın dövlət müstəqilliyinin yenidən bərpasından sonra azərbaycanlı gənclərin dünyanın müxtəlif ali məktəblərinə göndərilməsi siyasəti də yenidən formalaşmağa başlanmış, müxtəlif ölkələrlə əməkdaşlıq müqavilələri çərçivəsində ayrılmış təqaüd yerləri hesabına gənclərimizin müvafiq ölkələrdə ali təhsil almağa göndərilməsinə təkan verilmişdir. Dövlət başçısı İlham Əliyevin 16 aprel 2007-ci il tarixili Sərəncamı ilə təsdiqlənən “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” da Azərbaycan gənclərinin intellektual səviyyəsinin artırılmasına, elmi biliklərə dərindən yiyələnmələrinə, dünyanın qabaqcıl ölkələrinin təcrübəsini öyrənib, ölkəmizdə tətbiqinə, eyni zamanda, yeni texnologiyaların mənimsənilməsinə xidmət edir. Cənab İlham Əliyev bildirir: “Gənclərimizin əksəriyyəti böyük qürur hissi ilə deyə bilərlər ki, onlar artıq müstəqillik illərində formalaşmış nəslə mənsubdurlar. Azərbaycançılıq məfkurəsi ruhunda tərbiyə almış bu nəsil dövlətimizin iqtisadi və mədəni inkişafında mühüm rol oynayaraq ildən-ilə potensialının gerçəkləşdirilməsi üçün daha geniş imkanlar əldə edir.”

Ulu öndər Heydər Əliyev gənclərə Azərbaycanın müstəqillik yolu barədə dolğun məlumatların verilməsini qarşıya mühüm vəzifə kimi qoyurdu. Bildirirdi ki, bugünkü gənclərin Azərbaycanın müstəqillik yolunun nə qədər ağır dövr keçməsindən xəbəri yoxdu. Dahi şəxsiyyət yaradıcısı olduğu Yeni Azərbaycan Partiyasının sıralarında da gənclərin çoxluq təşkil etməsinin vacibliyini bəyan edirdi: “Həm indi partiyamızda üzv olan, həm də gələcəkdə üzv olacaq gənclərin hamısı bizim gələcək nəsillərimizdir. Onlar Naxçıvanda əsası qoyulan işlərin davamçıları və 1993-cü ildən hakimiyyətdə olan partiyamızın həyata keçirdiyi işin davamçıları olmalıdırlar. Hesab edirəm ki, biz elə nəsil tərbiyə etməliyik ki, onlar nəinki bizim dövrümüzdə, hətta bizdən sonra da Azərbaycanı fəlakətdən qorusunlar. Onlar düzgün, doğru yolla, milli hisslər yolu ilə getməli və partiyamıza sadiq olmalıdırlar”.

İllər bir-birini əvəzlədikcə Heydər Əliyevin dövlətimiz, xalqımız qarşısında xidmətlərinin miqyasının böyüklüyü daha aydın görünür. Dahi şəxsiyyət liderlik fəlsəfəsini əməlləri ilə doğrultdu. Ulu öndər yalnız yaşadığı dövr üçün deyil, Özündən sonrakı mərhələdə də Azərbaycanın inkişaf yolunun parametrlərini müəyyənləşdirdi. Prezident İlham Əliyevin 2003-cü ildə keçirilən andiçmə mərasimində bəyan etdiyi “Azərbaycanın daha güclü, qüdrətli dövlətə çevrilməsi üçün Heydər Əliyev siyasəti davam etdirilməlidir” fikri də Heydər Əliyev siyasətinin uğurlu gələcəyinə inamın, Onun ideyalarının Azərbaycanın dünəninə, bu gününə və gələcəyinə işıq saldığının təsdiqidir.

Uğurlu daxili və xarici siyasətin fonunda Azərbaycan dünya birliyində mövqeyini möhkəmləndirdi, ən nüfuzlu beynəlxalq təşkilatlara üzv qəbul olundu, həqiqətlərinin dünya ictimaiyyətinə çatdırmaq üçün tribunalar qazandı. Bu uğurların fonunda Ümummilli lider Heydər Əliyev bildirmişdir: “Biz bütün bu çətinliklərdən keçdik, bütün maneələrin qarşısını aldıq, Azərbaycanın düşmənlərinə layiqli cavablar verdik, ölkəmizin dövlət müstəqilliyini qoruduq, Azərbaycanı parçalanmaq təhlükəsindən xilas etdik. Azərbaycanın dövlət müstəqilliyini yaşadırıq və bundan sonra da yaşadacağıq!”

Azərbaycanın dövlət müstəqilliyinin qorunmasının Ulu öndər üçün nə qədər önəmli olduğu 1992-ci ilin oktyabrında xalqın böyük əksəriyyətinin istəyinin ifadəsi olan 91 nəfər ziyalının Yeni Azərbaycan Partiyasının yaradılması ilə bağlı “Azərbaycan Sizin sözünüzü gözləyir” müraciətinə “Yeni, müstəqil Azərbaycan uğrunda!” cavabında da aydın görürük: “Azərbaycan Respublikasının dövlət müstəqilliyi əldə etməsi tarixi hadisədir və şübhəsiz ki, bütün azərbaycanlıları, bütün Azərbaycan vətəndaşlarını hədsiz dərəcədə sevindirir. Eyni zamanda, bu əlamətdar hadisə müstəqil Azərbaycan dövləti, Azərbaycan xalqı qarşısında çox məsul, mürəkkəb, çətin vəzifələr qoyur. İndi əsas vəzifə dövlətçiliyin, müstəqilliyin bərqərar olunmasını, milli-demokratik dövlətin formalaşmasını, müstəqil Azərbaycanın suverenliyini, təhlükəsizliyini təmin etmək və vətəndaşlara azad, xoşbəxt, firavan həyat şəraiti yaratmaqdan ibarətdir. Bu xeyirxah və şərəfli işə hər bir vətənpərvər öz layiqli töhfəsini verməlidir”.

Ümummilli lider Heydər Əliyevin siyasi fəaliyyətinin bir hissəsi yaradıcısı olduğu və hazırda ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyası ilə sıx bağlıdır. Yeni Azərbaycan Partiyası tarixi zərurətdən yaranan, böyük sınaqlardan şərəflə çıxaraq, inkişaf yolunda inamla irəliləyən partiyadır. Ulu öndər Heydər Əliyev YAP-ın gələcəyinə inamını “Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır” tezisi ilə ifadə etmişdir. Bu gün partiyanın sıralarında 600 min üzvün birləşməsi də həmin inamın təsdiqidir. Dövlət başçısı İlham Əliyev bildirir ki, YAP nəinki ölkənin, bölgənin aparıcı siyasi təşkilatıdır. Bu gün partiyanın təşkilatçılığı ilə keçirilən beynəlxalq əhəmiyyətli tədbirlər onun artan nüfuzunu bir daha nümayiş etdirir. Ötən ilin noyabrında Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə Bakıda keçirilən Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının VII Baş Assambleyasında ölkəmizin və aparıcı siyasi təşkilat Yeni Azərbaycan Partiyasının uğurlarından geniş bəhs olunaraq onların davamlılığına böyük inam ifadə edilmişdir.

Azərbaycanın beynəlxalq əhəmiyyətli tədbirlər üçün əsas məkan seçilməsinin təməlində də Ulu öndər tərəfindən qoyulan daxili və xarici siyasətin uğurlu həlli dayanır. Bütün xalqlar və dövlətlərlə qarşılıqlı anlaşma və əməkdaşlıq siyasətini yeridən, Azərbaycanın ən tanınmış beynəlxalq təşkilatlarda təmsil olunub, söz sahibi nüfuzu qazanması müdrik bir siyasətin məntiqi nəticəsi kimi bu gün də özünü doğruldur. 2011-ci ilin mühüm uğurlarından olan Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi ölkəmizin 20 illik müstəqillik tarixində qazandığı uğurlara əsaslanır. 193 ölkədən 155-nin dəstəyini qazanmaq, təbii ki, böyük uğurdur.

Azərbaycanın diplomatik və iqtisadi uğurları ən mühüm problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə gedən yolu yaxınlaşdırır. Ulu öndər Heydər Əliyev xarici ölkələrə səfərləri zamanı əsas diqqəti bu münaqişəyə yönəldərək, Ermənistanın işğalçılıq siyasətini dünyaya bəyan etdi. İnformasiya mübarizəsini gücləndirmək, erməni yalanlarına qarşı tutarlı faktlar ortaya qoymaq, bir sözlə, tarixin saxtalaşdırılmasına yol verməmək Ulu öndər Heydər Əliyevin fəaliyyətinin əsas istiqamətlərindən biri idi. Onun hakimiyyətə qayıdışından sonra ilk görüşünü ziyalılarla keçirməsi də bu məqsədə xidmət edirdi. Təbii ki, bu da Ümummilli liderin vətəninə, xalqına, öz tariximizə bağlılıq hissindən qaynaqlanırdı. Ulu öndər Heydər Əliyev bildirirdi: “Gərək, biz tariximizi heç vaxt unutmayaq, onun hər səhifəsinə hörmətlə, ehtiramla yanaşaq”.

Ulu öndər Heydər Əliyev diplomatik mübarizənin gücləndirilməsi ilə yanaşı “Bizim məqsədimiz müharibə etmək deyil. Ordumuzun yaranması, formalaşması, möhkəmlənməsi yalnız və yalnız Azərbaycan Respublikasının müstəqilliyini, ərazi bütövlüyünü, sərhədlərinin toxunulmazlığını təmin etmək üçün lazımdır. Biz düşdüyümüz vəziyyətdən sülh yolu ilə çıxmaq istəyirik” söyləyərək ordu qurculuğu sahəsində mühüm addımlar atdı. 1994-cü il mayın 12-də atəşkəsin əldə olunması Azərbaycanın hər bir sahədə inkişafının təmin olunmasında əhəmiyyətli rol oynadı. Bu gün tam əminliklə deyə bilərik ki, Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı azad etməyə qadirdir. Ordunun maddi-texniki bazası möhkəmləndirilmiş, dünya standartlarına uyğunlaşdırılmışdır. Hazırda hərbi büdcəmiz 3 milyard dollardan artıqdır. Bunu Azərbaycanın suveren hüququ kimi dəyərləndirən dövlət başçısı İlham Əliyev bildirir ki, Azərbaycanın tam haqqı var işğal altında olan torpaqlarını istənilən yolla azad etsin. Prezident İlham Əliyevin söylədiyi “Bizə heç kim təzyiq göstərə bilməz, heç kim öz iradəsini bizə qəbul etdirə bilməz” fikri belə bir həqiqəti də təsdiq edir ki, Azərbaycan öz siyasətində müstəqildir, böyüklüyündən, kiçikliyindən asılı olmayaraq bütün dövlətlərlə qarşılıqlı maraqlar və hörmət əsasında münasibətlərini qurur və inkişaf etdirir”.

Qeyd etdiklərimiz Ulu öndər Heydər Əliyevin Azərbaycan dövləti, xalqı qarşısındakı xidmətlərinin yalnız az bir hissəsidir. Bircə bunu qeyd etmək kifayətdir ki, əgər bu gün ölkəmiz dünyaya inkişafın Azərbaycan modelinin mövcudluğunu nümayiş etdirirsə və İnkişafın keyfiyyətcə yeni modelinin formalaşdırılması qarşıya başlıca məqsəd kimi qoyularaq dövlət başçısı İlham Əliyevin 29 dekabr 2012-ci il tarixli Fərmanı əsasında “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası təsbiqlənib, yeni hədəflər müəyyənləşdirilirsə, bu, Heydər Əliyev siyasətinin təntənəsi kimi dəyərləndirilməlidir. Heydər Əliyev ideyaları Azərbaycanın dünəni, bu günü və gələcəyidir. Ölkəmizi qarşıda daha möhtəşəm uğurlar gözləyir. Azərbaycanı inkişaf etmiş ölkələr sırasında görmək, bu günə qədər 3 dəfə artan ümumi daxili məhsulu daha iki dəfə artırmaq, yüksəkgəlirli ölkə kimi dünyaya təqdim etmək başlıca hədəfdir və onun qarşıdakı 10 ildə həyata keçiriləcəyinə böyük inamın olması ötən dövrlərin uğurlarına əsaslanır. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası beynəlxalq səviyyədə də təqdir olunur. Dünya Bankı ölkəmizdə 2020-ci ilədək ÜDM-nin iki dəfə artırılmasını böyük çağırış kimi dəyərləndirir. Bildirilir ki, bunu etmək üçün ölkə kifayət qədər güclü potensiala malikdir və ciddi uğur qazanacaq. O da qeyd edilir ki, iqtisadi inkişaf yoxsulluğun azalması ilə müşayiət olunur, bu sahədə Azərbaycan böyük sıçrayış etmişdir. BMT-nin İnkişaf Proqramının Azərbaycanda rezident nümayəndəsi Antonius Bruk İnkişaf Konsepsiyasını davamlı inkişaf çağırışları üçün bir yol xəritəsi kimi dəyərləndirmişdir.

 

 

Vüqar RƏHİMZADƏ,

“İki sahil” qəzetinin baş redaktoru,

YAP Siyasi Şurasının üzvü

 

Yeni Azərbaycan.- 2013.- 4 may.- S.7.