Ulu öndər Heydər Əliyev Azərbaycanda müstəqil enerji sisteminin yaradıcısıdır

 

Dünyaşöhrətli, dahi şəxsiyyət, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əlirza oğlu Əliyev özünün xarizması, dəsti-xətti ilə tariximizə adını qızıl hərflərlə yazmış, yaddaşlarda silinməz izlər buraxmışdır. Ulu öndərimizin bənzərsiz ömür yolu, gərgin ictimai-siyasi fəaliyyəti müasir tariximizin mühüm və şərəfli mərhələsini təşkil edir. O, respublikamızın ictimai-siyasi, eləcə də, sosial-iqtisadi həyatında həlledici və əzmkar tədbirləri, təşəbbüsləri ilə nəhəng tarixi missiya yerinə yetirmişdir. Ulu öndərimizin tarixə çevrilən misilsiz vətəndaşlıq missiyasının bəzi nüanslarını yaddaşımızda bir anlığa yenidən canlandırmaq zəruridir. Ona görə ki, Ümummilli liderin ölkəmizə rəhbərliyə başlamasından, şərəfli dövlətçilik erasına qədəm qoyulmasından onilliklər keçir. XX yüzilliyin ikinci yarısı 1969-cu ilin 14 iyulundan başlayaraq Azərbaycanın tarixinə əlamətdar bir gün kimi daxil olmuşdur. Belə ki, bu tarix azərbaycanlıların milli qürurunu, milli mentalitetini, dəyərlərini, ata-babalarımızdan miras qalmış adət-ənənələri yaşatmağa uğurlu yol açmış, eyni zamanda, dövlətimizin iqtisadi potensialının artaraq çoxşaxəli inkişafına səbəb olmuşdur.

Heydər Əliyevin Azərbaycana rəhbərliyi iki quruluşu - Sovet sosializmidünya kapitalizmi dövrünü əhatə edir. Lakin Heydər Əliyev bu əks qütblü ictimai-iqtisadi formasiyaların hər bir qayda-qanunlarına öz siyasi bacarığı ilə sinə gərərək özünün optimal idarəetmə prinsiplərini və metodunu yaratmışdır. Tarixi faktlar və reallıqlar bir daha sübut edir ki, Ulu öndər SSRİ idarəçiliyinin diqtəsi, şəraitin tələblərinə deyil, Vətənimizin və xalqımızın arzusuna, mənafeyinə söykənən fəaliyyətə əsaslanmışdır. Heydər Əliyev dühasının timsalında bir daha əminliklə belə bir qənaətə gəlməyə əsas var ki, şərait insanı yox, insan şəraiti dəyişir. Bir sözlə, tarixi şəxsiyyət hegemon imperiyanın diqtəsilə deyil, xalqının istək və arzusu ilə fəaliyyət göstərmişdir. Heydər Əliyev Sovet imperiyası dövründə sərt totalitar rejimdə və az da olsa, görünən imkanlardan maksimum istifadə edərək, bəzən isə məhdudlaşdırıcı qanunlardan məharətlə yan keçərək, Azərbaycanın sosial-iqtisadi, siyasi-mədəni inkişafı, bütövlükdə onun çiçəklənməsi üçün mümkün olan bütün tədbirləri reallaşdırmışdır. Ulu öndərimizin quruculuq və vətəndaşlıq missiyasını, həyata keçirdiyi siyasətin nəhəngliyini və incəliyini bu gün onilliklər keçsə də, bütün dolğunluğu ilə daha dərindən dərk edirik. Biz tarixi prosesləri ardıcıllıqla izlədikdə, tarixin gedişində şəxsiyyətin rolunun nə qədər əhəmiyyətli olduğunu dərk edirik. Məhz tarixi prosesdə insanın roluna diqqət yetirdikdə görürük ki, insan özü tarix yaradır. Bu kontekstdə Heydər Əliyevin Azərbaycan tarixi qarşısındakı xidmətləri tariximiz qədər böyükdür - desək, yanılmarıq.

Bu fenomen şəxsiyyətin Azərbaycana rəhbərlik etdiyi bir qərinədən çox zaman içərisində dövlətimiz və xalqımız naminə gördüyü işlər dövrünün imkanlarından çox-çox genişdirböyükdür. Heydər Əliyevin xalqımızın çoxəsrlik tarixinə ürəkdən bağlılığı Onun Azərbaycanın azadlığı, istiqlaliyyəti, təşəkkülü və inkişafı yolunda apardığı mübarizədə qazanılan qələbələrdə öz əksini tapmışdır. Məhz Ulu öndərin ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə- istər birinci (Sovet dövrü, 1969-1982-ci illər), istərsə də ikinci (müstəqillik dövrü, 1993-2003-cü illər) mərhələdə Onun bilavasitə şəxsi təşəbbüsü, böyük qayğısı, köməyi sayəsində bütün sahələri əhatə edən qərarlar qəbul edilmiş, fərmanlar və sərəncamlar imzalanmış və bunlar şəxsən Onun özünün rəhbərliyi, nəzarəti ilə uğurla icra olunmuşdur. Heydər Əliyev bir daha dünya miqyasında sübut edə bilmişdir ki, Azərbaycan təkcə əlverişli coğrafi məkan, təbii resurslarla zəngin region deyil, həm də insan potensialına malik olan layiqli bir ölkədir.

Dahi siyasətçi Heydər Əliyev Azərbaycanın müstəqil dövlətçiliyinin, iqtisadi layihələrin, sosial-iqtisadi quruculuq işinin təməlini hələ 1969-cu ildən qoymuşdur. Bu təməl üzərində yüksələn Azərbaycan dünyada özünün nüfuzlu mövqeyini qazanmış, dünya dövlətləri və beynəlxalq təşkilatlar cərçivəsində yerinirolunu təyin etmiş, möhkəmləndirmişdir. Bu gün ölkəmiz yeni dünya məkanında aktual məsələlərin, qlobal layihələrin həlli istiqamətində söz sahibi olaraq aparıcı mövqedən çıxış edir.

Ulu öndərin ictimai-siyasi xadim kimi Azərbaycan dövləti və xalqı qarşısındakı xıdmətlərindən çox danışılıb və eləcə də çox danışmaq olar.

Qeyd edək ki, Heydər Əliyevin müdrikliyi, uzaqgörənliyi ilə görülmüş işlər arasında enerji sahəsindəki həyata keçirilən layihələr nəticəsində effektli göstəricilər əldə olunub. Heydər Əliyevin başladığı islahatlar nəticəsində Azərbaycanda enerji təsərrüfatı sahəsində geniş, hərtərəfli işlər başladı və tezliklə uğurlu nəticələr verdi. Bu əməli sayəsində zülmət içərisində olan məmləkət sözün əsil mənasında nura boyandı.

Vətəndaşların sosial rifah halının yüksəldilməsini özünün mühüm fəaliyyət istiqamətlərindən biri sayan Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 1969-1982-ci illərdə əldə olunan ən mühüm nailiyyətlərdən biri də respublikanın elektrik enerjisi təhlükəsizliyi məsələsinin həll edilməsi oldu.

Sosial-iqtisadi həyatın mühüm sahələrindən olan elektrik enerjisi sisteminin də sürətli inkişafını təmin etmək məqsədilə, 1970-80-ci illərdə təxirəsalınmaz tədbirlər həyata keçirilmiş, bir sıra irimiqyaslı layihələr reallaşdırılmışdır. Ümummilli liderimiz Heydər Əliyev respublikanın elektrik enerjisinə olan tələbatını yerli imkanlar hesabına ödəməyi qarşıya məqsəd qoyaraq, bu istiqamətdə gərgin fəaliyyət göstərmişdir. Həmin işlərin miqyası isə olduqca geniş və əhatəlidir. Onların hər biri Azərbaycanın elektrik enerjisi sisteminin parlaq səhifəsi kimi yada salınır.

Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının elektrik enerjisinə olan tələbatının müəyyən hissəsinin daxili generasiya hesabına ödənilməsinin təmin edilməsi məqsədilə 1971-ci ildə Araz çayı üzərində gücü 22 MVt olanArazsu elektrik stansiyası, inkişafda olan Sumqayıt sənaye rayonunun istilikelekrtik enerjisinə artan tələbatını ödəmək üçün 1972-ci ildə 2 saylı Sumqayıt İstilik Enerji Mərkəzinin gücünü artırmaq məqsədilə, sonuncu - dördüncü turbin generatoru istismara təhvil verildi. Bununla da 2 saylı Sumqayıt İstilik Enerji Mərkəzinin gücü 220 MVt-yə çatdırıldı.

Bundan əlavə, Qarabağ bölgəsində kənd təsərrüfatının inkişaf etdirilməsi, məhsuldar torpaqların suvarılması üçün su anbarının tikilməsi, bölgənin elektrik enerjisi təchizatının yaxşılaşdırılması, həmçinin, enerjinin ötürülməsində itkilərin azaldılması məqsədilə Tərtər çayı üzərində 1976-1977-ci illərdə “Sərsəng” su anbarı və gücü 50 MVt olan eyni adlı su elektrik stansiyası istifadəyə verildi.

Ötən əsrin 70-ci illərinin sonunda respublikanın ümumi gücü 2882 MVt olan elektrik stansiyaları 15,4 milyard kilovat-saat elektrik enerjisi istehsal edirdi. Bununla belə, sürətlə inkişaf edən respublika iqtisadiyyatının durmadan elektrik enerjisinə artan tələbatı Azərbaycanı qonşu respublikalardan il ərzində 2,9-3,5 milyard kilovat-saat elektrik enerjisi idxal etmək məcburiyyətində qoyurdu. Bu çatışmazlığı aradan qaldırmaq üçün tez bir zamanda “Şəmkir SES”-inindiki “Azərbaycan” İES-in inşasına başlamaq qərara alındı. Lakin bu stansiyaların tikintisinə başlamaq o qədər də asan məsələ deyildi. Buna görə də, Ulu öndərin səyi və gərgin əməyi sayəsində keçmiş İttifaqın rəhbərliyi, müvafiq nazirliklər ilə dəfələrlə görüşlər keçirildi, danışıqlar aparıldı. Bütün bunlar öz müsbət nəticələrini verdi. 1980-cı illərdə gücü 380 MVt olan “Şəmkir SES” və Cənubi Qafqazın ən böyük istilik-elektrik stansiyası sayılan, gücü 2400 MVt olan 8 enerji blokundan ibarət “Azərbaycan” İstilik Elektrik Stansiyası istismara verildi. “Azərbaycan” İES-in istimara verilməsi həmin dövrdə respublikanın enerji təhlükəsizliyini tamamilə həll etdi. Bu stansiyanın birinci enerji bloku 1981-ci ilin sonunda işə salındı və bu möhtəşəm hadisə Azərbaycan energetikasının inkişafında yeni bir mərhələnin başlanğıcı oldu.

Qeyd etmək yerinə düşər ki, Heydər Əliyevin səyi nəticəsində bu stansiyanın inşası ümumittifaq miqyaslı bir tikinti elan edilmişdibu da ən peşəkar mütəxəssislərin işə cəlb olunmasına, müasir texniki vasitələrdən istifadəyə şərait yaratmışdı. Birinci enerji blokunun işə salınması ərəfəsində - 1981-ci il oktyabrın 20-də Ulu öndərimizin Mingəçevir şəhərinə gəlişi, stansiyanın vəziyyəti ilə tanış olaraq energetiklərə və inşaatçılara öz dəyərli tövsiyələrini verməsi unudulmaz tarixi hadisə idi. Bu hadisə ilə əlaqədar olaraq indi 20 oktyabr təqvimdə Azərbaycan energetiklərinin peşə bayramı günü kimi qeyd olunur. Ümummilli liderimizin xalqımıza bəxş etdiyi töhfələr sırasında xüsusi yeri, çəkisi olan “Azərbaycan” İES bu gün də müstəqil dövlətimizin enerji təhlükəsizliyinin təmin olunmasında müstəsna rola malikdir. Heydər Əliyevin rəhbərliyinin birinci dövründə yaradılmış potensial hesabına artıq 1980-ci illərdən etibarən, Azərbaycan nəinki özünü elektrik enerjisi ilə tam təmin edə bilirdi, həmçinin qonşu respublikalara da elektrik enerjisi ixrac edirdi. Məhz həmin illərdə Azərbaycanda hər kəndə, hər evə elektrik xətti çəkildi, Heydər Əliyev ölkəmizi və xalqımızı sözün həqiqi və məcazi mənasında işıqlığa çıxardı. İnsanı işığa çıxarmaq, onu zülmətdən azad etmək kimi şərəfli ola bilməz. Müqayisə üçün qeyd edək ki, əgər 1969-cu ildə Azərbaycan elektrik enerjisi idxal edən ölkə idisə, 1982-ci ildə artıq o, elektrik enerjisi ixrac edən respublikaya çevrilmişdi.

Ulu öndər SSRİ Nazirlər Sovetində işlədiyi dövrdə də respublika iqtisadiyyatının, o cümlədən, elektrik enerji sisteminin inkişafını daim diqqətdə saxlamış və lazımi köməklik göstərmişdir. Sonralar həmin şərəfli günləri xatırlayan müdrik rəhbərimiz deyirdi: “Biz o illər bütün bu imkanlardan istifadə edərək, eyni zamanda, düşünürdük ki, hər respublikanın özünü təmin edə bilən iqtisadi potensialı olmalıdır. Bu iqtisadi potensialın tərkibində ən mühüm yer tutan elektrik enerjisi istehsal edən müəssisələr yaradılmalıdır. Ona görə də, o illər Moskvanın etirazına, bu işimizə maneçilik törədən qüvvələrin çox güclü olmasına baxmayaraq, biz Azərbaycanın elektrik enerjisi müstəqilliyini, elektrik enerjisi sarıdan asılılıqdan qurtarmasını təmin etmək üçün respublikamızda güclü potensiala malik olan elektrik stansiyaları yaratmağa başladıq, buna da nail olduq”.

Ümummilli liderimiz Heydər Əliyevin energetika tarixində ən böyük xidmətlərindən biribudur ki, O, respublikamızın enerji təhlükəsizliyi məsələsinin həllinə hələ ölkəyə birinci rəhbərliyi dövründə nail olmuş, bu nailiyyət Azərbaycanın dövlət müstəqilliyinin elan edildiyi çətin və mürəkkəb siyasi şəraitdə ölkəmizi burada xüsusi maraqları olan kənar dövlətlərin enerji təhdidlərindən qorumuşdur. Məhz bunun nəticəsidir ki, 1990-cı ilin sonlarında elektrik enerjisi istehsalı 23,4 milyard kilovat-saata çatdırılmışdı. İstehlak isə 21,7 milyard kilovat-saata yaxın olmuşdur.

Həmin dövrdə 1,7 milyard kilovat-saat elektrik enerjisi ixrac edilmişdir. Adambaşına düşən elektrik enerjisi isə 3300 kilovat-saatdan artıq olmuşdur.

Ulu öndərimiz çıxışlarının birində demişdir: “1970-ci illərin əvvəllərində biz, şəxsən mən, Azərbaycanın gələcəyini düşünərək və bu mühüm sahədə respublikamızın asılı olmamağını təmin etmək üçün Azərbaycanda geniş elektrik enerjisi müəssisələri sisteminin tikilməsi, yaranması, istifadəyə verilməsi proqramını hazırladıq. Biz bu proqramı 1970-80-cı illərdə uğurla həyata keçirdik. Bütün bunların nəticəsində Azərbaycanda 5000 meqavat elektrik enerjisi istehsal edən enerji sistemi yaratdıq. Bu bütün Azərbaycanı təmin edirdi. Mən xoşbəxtəm ki, bu işlərin həyata keçirilməsində bilavasitə iştirak etmişəm və o illərdə, 1970-80-ci illərdə Azərbaycanın rəhbəri olduğum zaman ölkəmizdə müstəqil elektrik enerjisi potensialının yaradılmasına nail olmuşam”.

1993-cü ilin iyununda Ulu öndərimiz Heydər Əliyev xalqın istəyi və təkidli tələbi ilə yenidən hakimiyyətə qayıtdıqdan, müstəqil Azərbaycan dövlətinin sükanını öz qüdrətli əllərinə aldıqdan sonra da respublikanın enerji sisteminə xüsusi diqqət və həssaslıq göstərdi. Həmin ərəfədə iqtisadiyyatın bütün sahələrində olduğu kimi, elektrik enerjisi sistemində də böyük böhran vəziyyəti yaranmış və sistemin ahəngdar işi pozulmuşdu. Ümummilli liderimiz enerji sistemini böhrandan çıxarmaq, onun maddi-texniki bazasını yeniləşdirmək və möhkəmləndirmək üçün məqsədyönlü, genişmiqyaslı tədbirlər həyata keçirdi. Dünyanın aparıcı dövlətləri ilə qarşılıqlı faydalı əlaqələr qurulmasına yönəldilmiş strateji xətt elektrik energetika sisteminə də xarici sərmayələr cəlb olunmasına imkan yaratdı və bu imkanlardan Azərbaycanın enerji sisteminin mövcud potensialının səmərəliliyinin artırılması, elektroenergetika təsərrüfatının yenidən qurulması və yeni güclərin yaradılmasında hazırda da məqsədyönlü şəkildə istifadə olunur.

Ümummilli liderin diqqət və qayğısı sayəsində enerji sisteminin gücləndirilməsi, daha da inkişafı, respublikanın ayrı-ayrı regionlarında yeni elektrik stansiyalarının, ötürücü xətlərin istifadəyə verilməsi üzrə layihələrin icrası prosesi başlandı. Balanslaşdırılmış xarici siyasət xətti, dünyanın bir sıra inkişaf etmiş ölkələri ilə qurulan səmərəli əməkdaşlıq, Ulu öndərimizin müəyyənləşdirmiş olduğu strateji inkişaf kursu ölkəmizin elektroenergetika sektoruna xarici sərmayələrin cəlb olunmasına geniş imkanlar yaratmaqla bərabər, əldə edilən bu imkanlardan Azərbaycanın elektrik enerjisi sisteminin mövcud potensialının daha da gücləndirilməsinə, elektronergetika təsərrüfatının yenidən qurulmasına münbit şərait yaratdı.

Tikintisi hələ 1984-cü ildən yarımçıq qalmış “Şəmkir” SES-in davamı olan “Yenikənd” su hövzəsinin və su elektrik stansiyasının inşasının başa çatdırılması ilə enerji sistemində yeni inkişaf mərhələsinin əsası qoyuldu.

Qeyd etmək lazımdır ki, maliyyə çatışmazlığı ilə əlaqədar tikintisi uzun illər mümkün olmayan “Yenikənd” su hövzəsində işlərin başa çatdırılması üçün lazımi vəsaitin əldə edilməsi problemini Ulu öndərimiz Heydər Əliyev 1995-ci ilin dekabrında Böyük Britaniyaya işgüzar səfəri zamanı gündəmə gətirərək onun həllinə nail olmuşdur. Avropa Yenidənqurma və İnkişaf Bankı “Yenikənd” SES-ın inşası məqsədilə kredit ayırmış, respublika energetikləri və inşaatçılarının gərgin işi nəticəsində 2000-ci ilin dekabr ayında stansiya istifadəyə verilmiş, burada elektrik enerjisi istehsalına başlanılmışdır. Azərbaycan energetikləri 2001-ci il martın 19-da “Yenikənd” Su Elektrik Stansiyasının rəsmi açılış mərasimində iştirak edərək bu obyekti ərsəyə gətirən inşaatçıların və energetiklərin fəaliyyətini yüksək qiymətləndirən Ümummilli liderimizin dəyərli tövsiyələrini daim xatırlayacaqlar.

Ulu öndərin memarı olduğu “Əsrin müqaviləsi”, Xəzərin zəngin neftqaz ehtiyatlarından istifadə edilməsi üzrə digər müqavilələrdə nəzərdə tutulan tədbirlərin icrası, həmçinin, əsas istehsal obyektlərinin Abşeron yarımadasında yerləşməsi, burada yeni generasiya güclərinin işə salınması zərurətini yaratdı. Bu məqsədlə də, Almaniyanın “Bayerişe Landesbank Girosentrale” bankının krediti hesabına “Bakı” İEM-də hər birinin gücü 53,5 meqavat olan iki qaz-turbin qurğusu və Yaponiyanın Beynəlxalq Əməkdaşlıq Bankının krediti hesabına isə “Şimal” ES-də 400 meqavatlıq buxar-qaz qurğusu istismara verildi. Yeni generasiya güclərinin işə salınması ilə yanaşı, sistemtəşkiledici elektrik şəbəkəsinin yenidənqurulması məqsədilə, Almaniyanın KFW bankından kreditin ayrılmasına nail olundu.

Ümumiyyətlə, Ulu öndərimizin həyata keçirdiyi məqsədyönlü siyasət hesabına 3500 meqavata yaxın generasiya gücü işə salınmışdır. Elektrik enerjisi istehsalı isə təxminən 12 milyard kilovat-saatdan 22 milyard kilovat-saatadək, yəni 1,8 dəfədən çox artmışdır. İqtisadiyyatın sürətli inkişafı, əhalinin həyat tərzinin yaxşılaşması sayəsində istehlak 11,3 milyard kilovat-saatdan 23 milyard kilovat-saata kimi, yəni 2 dəfədən çox artmışdır. Bununla yanaşı, Azərbaycan elektrik enerjisi sisteminin bağlandığı qonşu ölkələrin enerji sistemləri ilə sıx əlaqəsi təmin olunmuşdur. Bu, həm də ölkələrimiz arasında qarşılıqlı münasibətlərin daha da inkişafına, regionda sülhün, sabitliyin, təhlükəsizliyin qorunub saxlanmasına şərait yaradan ciddi amillərdən biridir.

Qeyd etmək lazımdır ki, Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu və Azərbaycanın hərtərəfli inkişafına hesablanmış siyasi kurs Prezident İlham Əliyev tərəfindən yüksələn xətlə, uğurlainamla davam etdirilir. Heydər Əliyev ideyaları xalqın arzu və istəyini özündə ehtiva edir. Bu ideyalar yaşayır və daim yaşayacaqdır. Ona görə ki, dünyada Azərbaycanın layiqli yerini tutması və tam inkişaf etmiş ölkəyə çevrilməsi bu ideyaların reallaşmasından keçir. İlham Əliyevin praqmatikliyi, işgüzarlığı, çoxvektorlu xarici siyasət kursu və şəxsi əlaqələri, dünyada geniş nüfuzlu Prezident statusu və digər keyfiyyətləri mühüm faktordur. İlham Əliyev dünyanın təhlükəsizlik sisteminin konfiqurasiyasının dəyişməsini nəzərə alaraq, Azərbaycanda iqtisadiyyatla siyasətin səmərəli qarşılıqlı əlaqəsini yaratmış, ölkəmizin sürətli inkişafını təmin etmişdünya birliyində mövqeyini möhkəmləndirərək, beynəlxalq aləmdə ölkəmizi qlobal enerji dəhlizinə çevirmişdir. Hazırda iqtisadiyyatı gündən-günə inkişaf edən, elektrik enerjisi sisteminin dayanıqlığı getdikcə artan ölkəmizdə yeni generasiya gücləri tikilib istifadəyə verilir. Həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində bu gün Azərbaycan elektrik enerjisi sistemində 13 yeni elektrik stansiyasının istismara verilməsi və mövcud stansiyaların yenidənqurulması nəticəsində 2000 MVt-dan artıq güc artımı əldə edilmişdir.

Ümumilikdə, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə respublika elektrik enerjisi sistemində aparılan modern islahatların nəticəsidir ki, iqtisadi-texniki göstəricilər daha da yaxşılaşdırılmış və bu ənənə davamlı inkişaf yolundadır. Bu gün Azərbaycanda elektirik enerjisi təsərrüfatı kollektivi qarşısında duran vəzifələr layiqincə yerinə yetirilirbu istiqamətdə daim səfərbərlik müşahidə olunur. Eləcə də, energetika sistemimizin daha da təkmilləşməsi və müasirləşməsi üçün yeni tədbirlər hazırlanır. Məhz bütün bunların nəticəsidir ki, respublikamızda elektrik stansiyalarının səmərəli işləməsi təmin edilmiş və hazırda Azərbaycan elektrik enerjisi ixrac edən ölkəyə çevrilmişdir.

 

 

Etibar PİRVERDİYEV,

Azərenerji” ASC-nin prezidenti

 

 Yeni Azərbaycan.- 2013.- 7 may.- S.9.