Mixail Qusman: Əgər
Andropovun siyasi ömrü bir qədər
uzun olsaydı, Heydər Əliyev SSRİ
Hökumətinin çox güclü
və qüdrətli başçısı olardı
Rusiyanın nüfuzlu “Moskovskiy komsomolets” qəzetinin 7 may tarixli nömrəsində bu nəşrin siyasi icmalçısı Mixail Rostovskinin İTAR-TASS agentliyinin baş direktorunun birinci müavini, agentliyin şef-redaktoru Mixail Qusman ilə müsahibəsi “Heydər-qalib” sərlövhəsi ilə dərc edilmişdir. AzərTAc həmin müsahibəni oxuculara təqdim edir.
Mayın 10-da yaxın keçmişimizin siyasi nəhənglərindən birinin - Azərbaycanın keçmiş prezidenti Heydər Əliyevin anadan olmasının 90 illiyi tamam olur. Heydər Əliyevin siyasi karyerası “Stalindən Putinə qədər” davam etmiş və ən ağlasığmaz peripetiyaları əhatə etmişdir. Hakimiyyət piramidasının demək olar ki, ən uca zirvəsinə çatmış Heydər Əliyev - SSRİ dövründə o, Azərbaycanın partiya lideri, siyasi bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini olmuşdur - Qorbaçovun ucbatından həmin zirvədən qəflətən aşağı düşmüşdür. Lakin bu, Heydər Əliyevin növbəti yüksəlişi üçün bir prelüdiya oldu: Postsovet dövründə baş alıb gedən qanunsuzluq və dağıntı şəraitində Heydər Əliyev çoxsaylı düşmənlərini məğlub edərək artıq müstəqil Azərbaycanın rəhbəri oldu.
Lakin Heydər Əliyevin karyerasında əsas məsələ Onun tutduğu vəzifələrin və layiq görüldüyü rütbələrin uzun siyahısı deyildir. Onunla görüşən insanların istisnasız olaraq hər biri Heydər Əliyevin fantastik xarizmaya, qeyri-adi dərəcədə güclü şəxsi energetikaya malik olmasını söyləyir. Heydər Əliyevin siyasi sirri nədən ibarətdir? Əgər Moskvada bu suala cavab verə biləcək bir adam varsa, bu, İTAR-TASS agentliyinin şef-redaktoru Mixail Qusmandır. Azərbaycan siyasəti üzrə hamının qəbul etdiyi mütəxəssis olan M.Qusman hələ məktəbli ikən Heydər Əliyev ilə görüşmüşdür.
- Mixail Solomonoviç, sizin fikrinizcə, Heydər Əliyevin məhz hansı keyfiyyətləri Ona sovet və postsovet dövründə siyasi nəhənglərdən biri olmağa imkan vermişdi?
- Dünyada siyasətçilərin mütləq əksəriyyətinin taleyi heç də həsəd aparılmalı deyildir. Onlar siyasi arenadan gedəndən cəmi bir neçə il, bəzən də bir neçə ay sonra öz ölkələrində unudulur. Nəinki tarixdə qalmaq, həm də bu tarixə getdikcə daha dürüst yazılmaq yalnız tək-tək insanlara qismət olur. Axı, bir sıra hadisələrin həqiqi mənası çox vaxt yalnız uzun illərdən sonra üzə çıxır.
“Barmaqla sayıla biləcək” bu cür siyasətçiləri qalan kütlədən ayıran onların hansı keyfiyyətləridir? Mənim fikrimcə, bir keyfiyyət var ki, onu nə tərbiyə etmək mümkündür, nə azaltmaq, nə də çoxaltmaq. Bu, fitri siyasi duyum, intuisiyadır. Mən sözün həqiqi mənasında böyük siyasətçi olan bircə nəfər də tanımıram ki, onun bu fitri atributu olmasın. Və əksinə, yalnız incə və güclü duyuma malik olan siyasətçilərin tarixə düşmək şansı vardır. Heydər Əliyev fenomenal siyasi duyuma malik idi. Bunu Onun tərəfdarları da etiraf edir, düşmənləri də.
- Siz Heydər Əliyevin əfsanəvi “şəxsi magiya”sını ilk dəfə öz üzərinizdə nə vaxt hiss etdiniz? Onunla ilk görüşünüzü necə xatırlayırsınız?
- Ən birincisini deyirsiniz? Bu görüş çox gülməli olmuşdu. Mən doqquzuncu sinifdə oxuyurdum. Bizim məktəbdə komsomol drujinaçıları vardı. Biz yaşadığımız mikrorayonda qayda-qanuna riayət olunmasına nəzarət edirdik. Yəni, çalışırdıq ki, orada xuliqanlar olmasın, pis oğlanlar bizim qızlara sataşmasınlar. Bir dəfə biz üç xuliqanı yaxalamışdıq. Onlar pəncərə şüşələrini qırmaq istəyirdi, biz buna imkan verməmişdik. Bununla əlaqədar, Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin sədrinin müavini Heydər Əliyev bizim məktəb drujinasını fəxri fərmanla təltif etməyə gəlmişdi.
- Yəqin ki, Heydər Əliyev haqqında növbəti dəfə O, respublikanın rəhbəri təyin ediləndə eşitmiş olarsınız, düzdürmü?
- 1969-cu ilin o
iyul gününü çox yaxşı xatırlayıram. Respublika
Kommunist Partiyası Mərkəzi Komitəsinin plenum iclası
gedirdi. Yeni birinci katib vəzifəsinə kimin seçiləcəyini
heç kəs bilmirdi. O vaxt mən anam və atamla
birlikdə şəhər ətrafındakı pansionata
istirahətə gedirdik. Biz ailəmizin dostu olan
bir nazirin yaşadığı evin yanından keçib
gedirdik. Onda valideynlərim mənə dedilər: Sən
yuxarı qalx, soruş görək kimi seçiblər. Mən nazirin evinə qalxıb öyrəndim ki, Əliyevi
seçiblər. Onda mən bir də soruşdum:
hansı Əliyevi? Axı Əliyev Azərbaycanda
çox populyar soyaddır. O vaxt respublikada Əliyev
soyadlı nazir də vardı, vilayət partiya komitəsinin
birinci katibi də. Amma mən eşidəndə
ki, söhbət bu adamların heç birindən deyil, Heydər
Əliyeviçdən gedir, bu, son dərəcə gözlənilməz
oldu. Onun bu vəzifəyə təyin edilməsi
ehtimalı barədə heç şayiə də
yayılmamışdı.
- Adamların Heydər Əliyevi başqa əliyevlərlə
dolaşıq salmaması üçün nə qədər
vaxt keçdi?
- Bu,
çox tez baş verdi. Heydər Əliyev
bütün səviyyələrdə siyasi elitanı kəskin
şəkildə yeniləşdirdi, elə addımlar
atmağa başladı ki, uzun illərdən sonra bu
addımlar Yeltsinin Moskva şəhər partiya komitəsinin
birinci katibi olduğu dövrdə Moskva reallıqları
nümunəsində bizə tanış gəldi.
Məsələn, günlərin birində O,
şəhəri gəzir, Bakının ticarət obyektlərinin
necə işlədiyini yoxlayırdı. Başqa
bir gün o, şəhər nəqliyyatına minir və
avtobusların necə işlədiyini yoxlayırdı.
Bu yerdə
qeyd etməliyəm ki, mənimlə eyni nəslə mənsub
olan insanlar keçən əsrin 60-cı illərində “Azərbaycanfilm”
kinostudiyasında çəkilmiş “Uzaq sahillərdə”
filmini yaxşı xatırlayırlar. Bu film
almanların arxa cəbhəsində fəaliyyət göstərən
əfsanəvi sovet kəşfiyyatçısı, Mixaylo ləqəbli
Mehdi Hüseynzadədən bəhs edirdi. Mehdi öz
partizanları ilə birlikdə tamamilə gözlənilməz
yerlədə peyda olanda almanlar telefonla xəbər verirdilər:
“Mixaylo şəhərdədir”. Heydər Əliyev
də Bakının müxtəlif ticarət obyektlərinə
qəfil səfərləri sayəsində xalq arasında
Mixaylo ləqəbi qazanmışdı. O vaxt
bakılılar tez-tez zarafatla deyirdilər: “Bax ha, Mixaylo yenə
şəhərdədir!”.
- Bəs,
Heydər Əliyev özü bu “fəxri adı” barədə
bilirdimi?
- Bilirsinizmi,
nə qədər qəribə olsa da, mən bu suala Onun
öz dili ilə cavab verəcəyəm. Qorbaçovun
hakimiyyətinin son vaxtlarında Moskvada istedadlı rejissor Murad
İbrahimbəyovun - mənim böyük dostum, Azərbaycanın
böyük yazıçısı Maqsud İbrahimbəyovun
oğlunun filminin premyerası idi. O vaxt artıq Siyasi
Büronun üzvü vəzifəsindən istefaya göndərilmiş
Heydər Əliyev Kino Evinə həmin filmin premyerasına gəlmişdi.
Yeri gəlmişkən, Heydər Əliyev oraya
köhnə “Moskviç” maşınında gəlmişdi.
Sükan arxasında Onun mühafizə dəstəsinin
keçmiş rəisi Saşa İvanov əyləşmişdi.
Bədəncə çox böyük olan Heydər
Əliyev həmin maşına güclə yerləşirdi.
Filmə baxışdan sonra, mənim təəccübümə
rəğmən, Heydər Əliyev banketə də qaldı,
hərçənd bu məclisdə Ondan başqa yalnız
kino işçiləri vardı. Siyasi Büronun
keçmiş üzvünü belə bir məclisdə
görmək çox qeyri-adi idi. Mən
Onun yanında əyləşmişdim. Maraq mənə
güc gəldi və soruşdum: “Siz bilirdinizmi ki, ləqəbiniz
Mixaylo olmuşdur?” Heydər Əliyev ürəkdən gülərək
dedi ki, əlbəttə bilirdim. Hiss olunurdu ki, bu ləqəb
Onun xoşuna gəlirdi.
- Bəs,
Onun Brejnevi hamıdan yaxşı tərifləməyi bacaran adam reputasiyası necə, bu da xoşuna gəlirdi?
Leonid İliç vəfat edəndə mənim
cəmi 7 yaşım vardı. Lakin
Brejnevin “Şiroko şaqayet Azerbaydjan” cümləsi hətta mənim
də yaddaşımda həkk olunmuşdur.
- Gəlin,
Sovet İttifaqının həyatının Brejnevlə
bağlı dövrünü karikaturaya çevirməyək.
Baş katibin belə bir cümlə işlətməsinə
nail olmaq üçün hünər lazım idi. Özü də bu, heç də ritorik vasitələrlə
qazanılan nailiyyət deyildi. Heydər Əliyevin
MK-nın birinci katibi olduğu dövrdə Sovet Azərbaycanının,
məsələn, neft hasilatında qazandığı
uğurlar barədə konkret rəqəmlər əsasında
söhbət açmağa hazır deyiləm, lakin baş
katibin müttəfiq respublikalardan hansına tez-tez getməsi və
onun məhz nə deməsi iqtisadi göstəricilər sayəsində
müəyyən olunurdu. Axı, hər kəs istəyirdi ki,
Brejnev məsələn, “Şiroko şaqayet Moldaviya” və ya
“Şiroko şaqayet Tadjikistan” desin. O isə bu sözləri
yalnız Azərbaycan haqqında demişdir. Əlbəttə,
bu fakt təkcə Brejnevin Heydər Əliyevə rəğbətinin
göstəricisi deyil, Heydər Əliyevin rəhbərliyi
altında respublikada görülmüş real işlərin
göstəricisi idi.
Amma bir məsələdə siz haqlısınız. Bilirsinizmi nə
məsələ? Sizin dediyiniz “tərifləmək
bacarığı” sözlərini “insanlarla ünsiyyət
qurmaq bacarığı” sözləri ilə əvəz etsəniz
düz hədəfə düşərsiniz. Heydər Əliyev lap əvvəldən olduqca
güclü xarizmaya malik idi. Onun gözəl
natiqlik istedadı vardı. Ən müxtəlif
yerlərdə həmişə odlu-alovlu
çıxışlar edirdi. Jurnalistikanın,
televiziya işinin əhəmiyyətini instinktiv duyurdu. Lakin Heydər Əliyevin həmkarları olan
respublika rəhbərləri arasında bu məziyyətə
malik olanlar yalnız sonradan faciəvi şəkildə həlak
olmuş Belarusun rəhbəri Pyotr Maşerov və
Gürcüstanda Eduard Şevardnadze idi.
- Demək
istəyirsiniz ki, piar baxımından Heydər Əliyev öz
zəmanəsini qabaqlamış siyasətçi idi?
- Təkcə
piar baxımından yox. Məsələn,
partiya lideri Heydər Əliyevin dövründə respublika Mərkəzi
Komitəsinin plenumlarının və ya Ali Sovetin
sessiyalarının necə keçdiyini xatırlayıram.
Adətən, Heydər Əliyev o dövr
üçün qısa - qırx dəqiqəlik birinci məruzə
ilə çıxış edirdi. Sonra
daha 30 nəfər çıxış edə bilərdi.
Yekun sözündə Heydər Əliyev əvvəlki
natiqlərin demək olar ki, hər biri ilə dialoq və
diskussiya aparırdı. Üç saat, bəlkə
daha çox davam edən bu cür nitqlər çox
güclü təsir bağışlayırdı. İnsanlar hətta inana bilmirdilər ki, Heydər Əliyev
bütün çıxışları bu dərəcədə
diqqətlə dinləyir və hər kəs
üçün ya Onu dəstəkləyən sözlər,
ya da əks dəlillər tapırdı.
- Heydər
Əliyevin arxa otağında bir növ xüsusi analitik mərkəz
vardı?
- Xeyr,
Heydər Əliyevin fenomenal yaddaşı vardı. O,
ömrünün sonuna qədər neçə il əvvəl baş vermiş hadisələrin
ən xırda təfərrüatlarını və
nüanslarını xatırlayırdı. Heydər
Əliyevlə özümün söhbətlərimdə bunu
dəfələrlə yəqin etmək imkanım olmuşdur.
Bir halda ki, siz Heydər Əliyevin komandası
mövzusuna toxundunuz, bu barədə də danışım.
O, ən yaxın ətrafındakı insanlara münasibətdə
çox ciddi idi. Lakin Onun etimadını qazanan
insanlar həyatda, necə deyərlər, axıra qədər
Onunla yanaşı addımlamışlar.
- Heydər
Əliyevin Azərbaycana partiya lideri təyin edilməsi
gözlənilməz olmuşdu. Bəs, 1982-ci
ildə Onun Moskvaya çağırılması gözlənilməz
oldumu?
- Birmənalı
şəkildə deyirəm, mənim üçün bu,
gözlənilməz olmadı. Artıq 70-ci illərin
ortalarında məndə belə təəssürat
yaranmışdı ki, Heydər Əliyev şəxsiyyətinin
miqyası Onun rəhbərlik etdiyi respublikadan qat-qat
genişdir. Həyatda bəzən belə
olur. Bəzən də hər şey əksinə
olur, siyasətçinin şəxsiyyətinin miqyası
ölkənin miqyası ilə müqayisədə kiçik,
məhdud, bəsit, kobud olur. Bu, hətta
demokratiyanın inkişaf etdiyi ölkələrdə də
olur. Demokratik prosedurlar bəzən elə şəxsi
üzə çıxara bilər ki, ola
bilsin, həmin adamın hər xüsusiyyəti
yaxşıdır, amma ölkəni idarə edə bilmir. Məsələn, tarixçilərin çoxu deyir
ki, İkinci Dünya müharibəsi dövründə
görkəmli sərkərdə olmuş Duayt Eyzenhauer
ABŞ-ın prezidenti kimi çox zəif olmuşdur. Yaxud, ABŞ-ın digər prezidenti Cimmi Karteri
götürək. Onun Ağ Evə gəlişi
Amerika ictimaiyyətinin prezident Nikson dövründəki siyasi
qalmaqallar çirkabından təmizlənmək arzusundan irəli
gəlmişdi. Lakin Karter yalnız bir
müddət prezident oldu. O, cəmi 4 il
hakimiyyətdə olandan sonra peşman olmuş amerikalılar
ona qapını göstərmişdilər. Heydər
Əliyev Karterin tam əksidir.
- Bəs,
sonrakı hadisələr baxımından, Heydər Əliyevin
Moskvaya çağırılması həlledici səhv təsiri
bağışlamırmı? Əgər
Qorbaçov ölkəni dağıdan dövrdə Heydər
Əliyev Azərbaycana rəhbərliyi davam etdirsəydi nələr
baş verə bilərdi?
- Tarixin
alternativ versiyasını qurmaq cəhdləri hipotetik və əvvəlcədən
sadəlövh cəhddir. Lakin mən əminəm: Əgər
Heydər Əliyev respublikada qalsaydı, nə Dağlıq
Qarabağla bağlı münaqişə baş verərdi, nə
də Ermənistanla müharibə. Bilirsinizmi, nə
üçün mən bu cür qəti danışıram?
Ona görə ki, bütün bu hadisələr
ilk növbədə həm Moskvada, Bakıda, Yerevanda, həm
də Dağlıq Qarabağın özündə yol
verilmiş çoxsaylı siyasi səhvlərin nəticəsidir.
Heydər Əliyev isə elə siyasətçi
idi ki, O, əvvələn özü bu cür səhvlər
etməzdi və ikincisi, qonşuları da, ittifaq mərkəzini
də bu səhvlərdən çəkindirə bilərdi.
Əlbəttə, mən demirəm ki,
ümumiyyətlə heç bir hadisə olmazdı. Lakin Heydər Əliyev elə edə bilərdi ki,
bütün bu hadisələr çoxlu qan tökülməsi
ilə nəticələnməsin. Onun
siyasi istedadı və məharəti bunun üçün
kifayət edərdi.
Üstəlik, həmin illərdə Ermənistanın rəhbəri
Karen Dəmirçiyanın Heydər Əliyevə necə
böyük hörmət bəslədiyini mən özüm
bilirəm. Yeri gəlmişkən, bu yaxınlarda mən Ermənistanın
indiki prezidenti Serj Sarkisyanla söhbət edirdim. O,
Stepanakert şəhərinin partiya işçisi kimi siyasi
karyerasında ilk dəfə Heydər Əliyevin yanında
müsahibədən keçmişdi. O da mənə dedi ki,
Heydər Əliyevə bu gün də çox böyük
hörmət bəsləyir.
- Bəs,
Heydər Əliyev 1982-ci ildə Moskvaya gedəndə
Bakıda öz yerinə nə üçün belə zəif
bir varis qoyub getmişdi?
- Bu,
yaxşı sualdır. Azərbaycanın yeni partiya lideri Kamran
Bağırov çox təmiz adam idi,
korrupsiyadan uzaq idi, lakin eyni zamanda çox zəif siyasi lider
idi. 1986-cı ildə məni Moskvada işə
köçürəndə Bağırov məni öz
kabinetinə dəvət etmişdi. Onun tərtəmiz
stolunu görəndə necə heyrətlənməyimi
heç vaxt unutmaram. Elə təsəvvür
yaranırdı ki, o, öz kabinetinə indicə daxil olub.
Stolunun üstündə heç bir kağız yox idi!
Lakin sizin sualınız 2013-cü ilin siyasi reallıqları
baxımından yaxşıdır. 1982-ci ildə Heydər
Əliyev Moskvaya gedəndə isə reallıqlar tamam
başqa cür idi. Sovet İttifaqı əla
vəziyyətdədir, sosializm çiçəklənir,
respublika şokoladı xatırladır. Ola
bilsin ki, həmin dövrdə Azərbaycana məhz belə bir
adamın rəhbərlik etməsi Heydər Əliyevə
lazım idi. Axı, O özü Moskvadan
respublikaya göz-qulaq olmağa hazırlaşırdı.
- 1982-ci il noyabrın 12-də Yuri Andropov Sov.İKP
MK-nın baş katibi seçildi. 12 gündən
sonra Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin
birinci müavini təyin edildi. Heydər Əliyev
Andropovun komandasının mühüm üzvü idimi?
- Tamamilə
doğrudur. Bir dəfə Heydər Əliyeviç
özü mən Ondan müsahibə götürərkən
söyləmişdi: 1969-cu ildə Onun Azərbaycanın
partiya lideri vəzifəsinə irəli sürülməsinin
təşəbbüskarı Yuri Andropov və Onun birinci
müavini Semyon Sviqunun şəxsində SSRİ DTK-nın rəhbərliyi
olmuşdur. Brejnevlə çox yaxın
münasibəti olan Sviqun Azərbaycan DTK-nın sədri kimi
Heydər Əliyevin bilavasitə sələfi olmuşdur.
Heydər
Əliyevin Moskvada işə keçirilməsi məsələsinə
gəldikdə isə mən belə bir versiyaya inanıram: əgər
baş katib Andropovun siyasi ömrü bir qədər uzun
olsaydı, Heydər Əliyevi Sovet İttifaqının
baş naziri vəzifəsi gözləyirdi. Təəssüf
ki, belə olmadı. Mənə belə gəlir
ki, Heydər Əliyev İttifaq hökumətinin çox
güclü və qüdrətli rəhbəri olardı.
- Bəs,
sizin fikrinizcə, bu tandem Sovet İttifaqının vəhdətini
qoruyub saxlaya bilərdimi?
- Biz yenə
hipotetik mühakimələr müstəvisinə keçirik.
Amma siz soruşursunuzsa, mən də öz
nöqteyi-nəzərimi deyərəm. Mən
dərindən inanıram ki, tarixi perspektivdə hər bir
başqa imperiya kimi Sovet İttifaqının da
dağılması onsuz da qabaqcadan müəyyən
edilmişdi. Lakin SSRİ-nin
dağılmasının məhz həmin şəraitdə,
həmin gündə və saatda baş verməsi əvvəlcədən
müəyyən edilməmişdi. Məsələn,
şərait, o cümlədən iqtidardakı komandanın tərkibi
başqa ola bilərdi. Onda İttifaq
hansısa bir formada hələ müəyyən qədər,
bəlkə də xeyli müddət mövcud ola
bilərdi.
- Bəs,
necə oldu ki, Andropovun irəli çəkdiyi o biri adam - Mixail Qorbaçov hakimiyyətə gələn
kimi Heydər Əliyevi tezliklə pensiyaya göndərməyə
çalışdı? Yəni,
doğurdanmı vaxtilə Heydər Əliyeviçin
qızı Sevil xanımın dediyi kimi Qorbaçov Heydər Əliyevin
simasında öz təhlükəli rəqibini
görürdü?
- Mən
bu məsələni Mixail Qorbaçovun özü ilə - təbii
ki, o, prezident vəzifəsindən istefa verəndən sonra,
müzakirə etmişəm. Deməliyəm ki,
Mixail Sergeyeviç özünün indiki vəziyyətində
Heydər Əliyev haqqında çox yaxşı fikirdədir.
Onun sözlərinə görə o, Heydər Əliyevi
həmişə çox güclü siyasətçi və
rəhbər hesab etmişdir. Lakin yenilənmə,
siyasi elitanın dəyişməsi tələb olunurdu.
Dövlətin ali mənafeləri naminə
rəhbər işçilərin böyük bir qrupunun tərkibində
Heydər Əliyev pensiyaya göndərilmişdi.
Təbii ki, yuxarıda deyilənlərin hamısı
Qorbaçovun postfaktum, Heydər Əliyev pensiyaçıdan
fəal siyasi liderə çevriləndən sonra irəli
sürdüyü versiyadır. Lakin mən güman etmirəm ki,
Qorbaçov haçansa Heydər Əliyevi dövlətdə
ali vəzifə uğrunda mübarizədə
öz rəqibi hesab etmişdir. Stalinin
ölümündən sonra Ukrayna və Belarusdan başqa milli
respublikaların nümayəndələrinin SSRİ-yə
yenidən başçılıq etməyə heç vaxt
şansı olmamışdır.
- Amma, əvəzində
Heydər Əliyev başqa bir şansdan tam istifadə etdi: O,
nəyinki özü Azərbaycana yenidən rəhbərlik
etdi, həm də hakimiyyəti irsən öz oğluna verdi. İnkişaf etmiş
demokratik dövlətlərdə belə hal o qədər də
qəbul edilməmişdir, elə deyilmi?
- Sizinlə
mübahisə etməyə hazıram - həm sizin
sualınızın mahiyyəti barədə, həm də
sizin işlətdiyiniz “hakimiyyətin irsən verilməsi”
termini barədə. Tamamilə demokratik ölkə olan
Amerikada mənim dərin rəğbət bəslədiyim bir adam var - oğul Corc Buş. Məgər,
bunu inkar etmək olarmı ki, o, vaxtilə prezident atası tərəfindən
işlənib hazırlanmış siyasi mexanizmlər sayəsində
hakimiyyətə gəlmişdir? Bəs,
müasir Argentinanı demokratik dövlət hesab edirsinizmi?
Əgər belədirsə, onda Prezident vəzifəsinin
Nestor Kirxnerdən onun arvadı Kristina Fernandesə keçməsi
faktını necə qiymətləndirirsiniz?
- Lakin
oğul Buş və oğul Əliyev ilə bağlı vəziyyətlər
eyni dərəcədə əhəmiyyətlidirmi? Məgər ABŞ-ın və Azərbaycanın
siyasi sistemlərinin inkişaf səviyyəsini ciddi müqayisə
etmək olarmı?
- Mənə
belə gəlir ki, bu halda mücərrəd nəzəri
mühakimələrdən imtina etmək düzgün
olardı. Gəlin, siyasi reallıqlardan
çıxış edək. Məsələn,
1993-cü ildə Heydər Əliyevin Azərbaycanda hakimiyyətə
hansı şəraitdə qayıtmasını
xatırlayırsınızmı? O vaxt Heydər Əliyev
doğma Naxçıvanda bacısının kiçik mənzilində
yaşayır, ömrünü orada başa vurmaq istəyirdi.
Lakin əvvəlcə Heydər Əliyevi bu
muxtar respublikanın parlamentinin rəhbəri vəzifəsinə
seçirlər, sonra isə onu Bakıya - ölkəni xilas
etməyə çağırırlar. Bakıya
gedəndə aeroportda Onu minlərlə insan
gül-çiçəklə qarşılayır. Bunun hansısa dövlət xidmətləri tərəfindən
təşkil edildiyini düşünməyin. O dövrdə
belə xidmətlər sadəcə olaraq yox idi. 1993-cü ildə Azərbaycan həm Ermənistanla
müharibə, həm də vətəndaş müharibəsi
ucbatından dağılmaq həddinə
çatmışdı.
Başqa bir misal, 1995-ci ildə nüfuzlu güc
qurumlarının rəhbərləri - Cavadov qardaşları
Azərbaycanda dövlət çevrilişi cəhdi göstərmişdi. Artıq gecədən
xeyli keçmiş Heydər Əliyev televiziya ilə
çıxış edərək xalqı Prezident
Sarayının yanında toplaşmağa
çağırdı və cəmi bir saatdan sonra orada onminlərlə
insan toplaşmışdı. Bu
adamların çoxu oraya əllərində Heydər Əliyevin
portretlərini tutaraq gəlmişdi. Bu
qiyam cəhdi bir neçə saat da davam gətirmədi.
Mən “filankəs öz xalqının gücünə
arxalanırdı” kimi pafoslu ifadələr işlətməyi
xoşlamıram. Lakin Heydər Əliyev barəsində bu
ifadə pafos deyil, sadəcə faktın xatırladılmasıdır.
Eyni qayda ilə 2003-cü ildə İlham Əliyev
də istər elitanın, istərsə bütün cəmiyyətin
nəzərində üstünlük verilən namizəd
oldu.
-
2003-cü ildən bəri on il keçib. Doğrudanmı bu müddətdə Azərbaycanda
ölkəyə rəhbərlik etməyə layiq olan,
soyadı Əliyev olmayan bir siyasətçi yetişməyib?
- Bir daha
təkrar edirəm: obyektiv reallıq deyilən bir
anlayış var. Azərbaycanda həmin reallıq bu gün
belədir: ölkədə öz şəxsiyyətinin
miqyasına görə İlham Əliyev ilə müqayisə
edilə biləcək siyasətçi yoxdur. Bu yaxınlarda mən
Bakıda Moskva Dövlət Beynəlxalq Münasibətlər
İnstitutunun məzunlarının birinci forumunun
tribunasından çıxış edərkən zarafatla
demişdim: “Mən burada MDBMİ-yə daxil olmayanların
böyük gildiyasını təmsil edirəm. 70 il ərzində sizin sayınız cəmi 40
min nəfər olmuşdur. Biz isə
milyonlarıq. Bizi iki hiss birləşdirir: bizə
münasibətdə ədalətsizlik hissi və sizə
münasibətdə həsəd hissi”.
Bəli, MDBMİ-nin məzunu və keçmiş müəllimi
İlham Əliyevə münasibətdə mənim “həsədim”
yalnız təmiz həsəddir. O, həqiqətən çox dərin,
ağıllı və iradəli insandır. Hətta
sizin arqumentlərinizi qəbul etsək belə, bunu sübut
etmək çətin deyil. Siz deyirsiniz ki,
İlham Əliyev “ölkəni miras kimi almışdır”.
Fərz edək elədir. Lakin onda o necə
nail ola bilmişdir ki, beynəlxalq statistikaya
görə Azərbaycan ÜDM-in artım sürətinə
görə artıq illər boyu mütəmadi olaraq dünya
liderləri üçlüyünə daxildir. Heydər Əliyevi
tanıyan bir adam kimi nəyə desəniz
and içməyə hazıram: əgər O, öz
oğlunun siyasi istedadına tam əmin olmasaydı, heç
vaxt ölkənin növbəti Prezidenti vəzifəsinə
Onu tövsiyə etməzdi. Mənim fikrimcə,
zaman bu seçimin müdrikliyini birmənalı şəkildə
sübut etmişdir.
- Bəs,
Heydər Əliyevin ünvanına başqa bir standart məzəmmətə
nə deyirsiniz - o, müstəqil Azərbaycanın Prezidenti
kimi Rusiyaya münasibətdə o qədər də
dostcasına fəaliyyət xətti yeritmirdi?
- Bu,
tamamilə boş sözdür. Bu tezisin xeyrinə
heç bir ciddi arqument gətirmək mümkün deyil.
Heydər Əliyev müstəqil dövlətin
lideri kimi ilk növbədə öz ölkəsinin mənafelərini
gözləməli, bununla bərabər Rusiyanın mənafelərini
də nəzərə almalı idi. Mənə
belə gəlir ki, O, bu məsələnin öhdəsindən
yüz faiz gəlmişdir. Heydər Əliyev
ilə Vladimir Putin arasında böyük etimada əsaslanan,
bu sözü işlətməkdən çəkinmirəm,
o qədər səmimi münasibətlər vardı ki, siyasətçilər
arasında belə münasibətlər çox nadir hallarda
olur.
Heydər
Əliyeviç özü mənə söyləyirdi ki,
onların ilk görüşü Kiyevdə ali
səviyyəli sammitlərin birində olmuşdur. Rəsmi iclas başa çatanda axşam saat 10-a
yaxın idi. Buna baxmayaraq, Heydər Əliyev
Vladimir Vladimiroviçi öz iqamətgahına, bir fincan
çay içə-içə söhbəti davam etdirməyə
dəvət etmişdi. O vaxt Heydər Əliyevin
yaşı 80-ni haqlamışdı. Vladimir
Vladimiroviç əvvəlcə cavab vermişdi ki, artıq
gecdir, bəlkə başqa bir vaxt söhbət edək.
Heydər Əliyev isə demişdir: Nə olsun ki, gecdir? Bir bax, mən səndən nə qədər
yaşlıyam, amma mən hazıram. Təbii ki, Vladimir
Vladimiroviç bu dəvəti qəbul etmiş və onlar az qala səhərə qədər oturub
söhbət etmişdilər.
Onların münasibətləri ilə bağlı daha
bir epizod barədə danışmaqdan özümü saxlaya
bilmirəm. Putin Bakıda səfərdə olarkən iki prezident
birlikdə Bakının Şən və Hazırcavablar Klubu
komandasının konsertinə getmişdi. Həmin
konsertdə belə bir zarafat səslənmişdi: Aleks və
Yustas görüşür. Onlardan biri Almaniyada,
digəri mərkəzdə işləyirdi. Bu zarafata həm Putin, həm də Heydər Əliyev
ürəkdən gülmüşdü.
- Heydər
Əliyevin siyasətdən kənar həyatı
vardımı? O, daha nə ilə maraqlanırdı?
- Heydər
Əliyeviçin ailəsi Mstıslav Rostropoviç və
Qalina Vişnevskaya ailəsi ilə səmimi dostluq edirdi. Rostropoviç emosional şəkildə söyləyirdi
ki, sən demə Heydər Əliyev musiqini çox
yaxşı bilirmiş. Bu söhbət mənim
yaddaşıma həkk olmuşdur. Bu
yaxınlarda, Heydər Əliyev haqqında film üzərində
işləyərkən, maraqlı bir videofraqment tapdım.
Heydər Əliyev “Gecə patrulu” kinofilmindən
“Quş da vətənsiz olmasın” mahnısını oxuyur.
Onu pianoda müşayiət edən isə mərhum
həyat yoldaşı Zərifə xanımdır.
Heydər Əliyev gəncliyində dram teatrında rollar
ifa etmişdir.
Bir dəfə mən Ona birbaşa sual verdim: uşaq vaxtı kim olmaq istəyirdiniz? Bu suala tamamilə
gözləmədiyim bir cavab aldım: memar. Obrazlı
şəkildə desək, əslində O, elə memar
olmuşdur - öz ölkəsinin memarı.
Yeni Azərbaycan.- 2013.- 8 may.- S.6.