HEYDƏR ƏLİYEV UCALIĞI

 

Mən bir MƏHƏBBƏT gördüm! Həyata, yer-göyə, insana, insanlığa, sökülən dan yerinə, açılan səhərə, doğan Günəşə, gecələri gündüzə çevirən ulduza-Aya, dövlətə, dövlətçiliyə, istiqlala, müstəqilliyə, bayrağa, gerbə, himnə, azadlığa, ucalığa, zirvəyə, yüksəlişə, tərəqqiyə, yeniliyə Heydər Əliyev məhəbbəti!

Mən bir LƏYAQƏT gördüm! Oturuşunda, duruşunda, danışığında, yerişində, söhbətində, sözündə, cümləsində, məntiqində, məclislərində, sadə zəhmət adamları ilə görüşdə, dünyanın aparıcı liderləri ilə ziyarətdə, qarşılanmalarda, yolasalmalarda, qəbullarda, ziyafətlərdə, ziyalılarla söhbətlərdə Heydər Əliyev ləyaqəti!

Mən bir CƏSARƏT gördüm! Qardaş qırğınını dayandıran, nifaq ocaqlarını söndürən, daxili didişmələrə son qoyan, xarici təzyiqlər önündə sal qayalar kimi dayanan, uzaq və yaxın səfərlərində qəhrəmanlıq nümunəsi göstərən, silahlı münaqişələri susduran, “sapı özümüzdən olan baltalara” vaxtında cavab verən, dünyanın ən böyük siyasətçilərini heyrətə salan Heydər Əliyev cəsarəti!

Mən bir SƏDAQƏT gördüm! İçdiyi anda, oxuduğu kitaba, yazdığı qələmə, tutduğu vəzifəyə, çıxdığı kürsüyə, dediyi sözə, arxalandığı xalqa, güvəndiyi dövlətə, yaratdığı orduya, inandığı insana, etibar elədiyi dosta, layiqli övlada, ləyaqətli varisə, işıqlı gələcəyə, inamlı sabaha Heydər Əliyev sədaqəti!

Mən bir TƏRAVƏT gördüm! Yediyim çörəkdə, içdiyim suda, udduğum havada, gəzdiyim yerdə, baxdığım göydə, üzdüyüm çiçəkdə, yazdığım kitabda, oxuduğum şeirdə, dünyanın axar-baxarında, gələn yazda, gedən qışda, dəyişən fəsillərdə, təzələnən siyasi havada, alimlərin düşüncəsində, şairlərin qələmində, rəssamların fırçasında Heydər Əliyev təravəti!

Mən bir ÜNSİYYƏT gördüm! Yüz yaşlı qocayla, yetkin cavanla, ərköyün uşaqla, çöllərə həyat verən suçuyla, bol məhsul yetirən pambıqçıyla, dərdimizin dərmanı həkimlərlə, torpağın dilini bilən insanlarla, həyatımızı etibar etdiyimiz sürücülərlə, təsərrüfat rəhbərləriylə, ictimai fəallarla, müəllimlər müəllimi olan şəxsiyyətlərlə, böyük mənada xalqla Heydər Əliyev ünsiyyəti!

Mən bir MƏDƏNİYYƏT gördüm! Dünyanı işıqlandıran insanlara, işıqlı ziyalılara, yaradıcı şəxsiyyətlərə - Hüseyn Cavidə, Səməd Vurğuna, Qara Qarayevə, Fikrət Əmirova, Süleyman Rüstəmə, Rəsul Rzaya, Süleyman Rəhimova, Mirzə İbrahimova, Mirvarid Dilbaziyə, İsa Hüseynova, Tahir Salahova, Rəşid Behbudova, Bəxtiyar Vahabzadəyə, Məmməd Araza, Xəlil Rzaya, Fikrət Qocaya, Yusif Səmədoğluna, yüzlərlə dəyərli şəxsiyyətə, dünyayla Füzuli dilində danışan, Dədə Qorqudu Bakıya gətirən, Bakını türk dünyasının mərkəzinə çevirən, dahilərimizə ikinci nəfəs verən, dilimizin qüdrətini yer üzünə yayan Heydər Əliyev mədəniyyəti!

Mən bir BƏRƏKƏT gördüm! Ucalan binalarda, salınan yollarda, çəkilən körpülərdə, yaşıllaşan bağlarda, genişlənən quruculuq işlərində, şəhər və qəsəbələrdə, kəndlərdə Heydər Əliyev bərəkəti!

Mən bir QƏTİYYƏT gördüm! Vəzifə pillələri ilə yuxarı qalxdıqca xalqın içinə enən, bütün yenilməzlikləri yenən, xalqının gözündə zirvəyə dönən, çətinliklərə, qorxulara, təhlükələrə, gümanlara qələbə çalan, gözünün işığı, qəlbinin gücü, ağlının hökmüylə qalib gələn, yorulmaq bilməyən, işdən doymayan, mübarizədən çəkinməyən, vətəninə qiblə kimi tapınan, dövlətini dövlətlər, millətini millətlər yanında hörmətə mindirən Heydər Əliyev qətiyyəti!

Mən bir MÜNASİBƏT gördüm!

Evə-eşiyə, isti beşiyə, doğma ocağa, kökə-budağa, müqəddəs torpağa, xalqa-millətə, qurulan dövlətə, ləkəsiz sevgiyə, böyük sevincə, uzunömürlü həsrətə, həsrətdəki hörmətə Heydər Əliyev münasibəti!

Mən bir ƏZƏMƏT gördüm! Uca məhəbbətdə, böyük siyasətdə, yüksək təravətdə, saf niyyətdə, halal şan-şöhrətdə, insanlarla ünsiyyətdə, dönməz qətiyyətdə, göstərilən cəsarətdə, öz işinə sədaqətdə, tapındığı həqiqətdə Heydər Əliyev əzəməti!

Canında, qanında, cövhərində, ağlında, idrakında, təfəkküründə, siyasətində, bu cəhətləri birləşdirən, hamısında da müvəffəq olan, əsrin müqaviləsinə imza atan, böyük sazişlərə qol çəkən bir şəxsiyyət zamanın fenomeninə, məkanın ünvanına, əsrin dahisinə, Azərbaycan tarixinin ən uca şəxsiyyətinə çevrilə bilərdi, necə ki, çevrildi də!

Müstəqilliyimizi möhkəmləndirdi. Əymək istədilər, əyilmədi, sındırmaq istədilər, sınmadı, susdurmaq istədilər, susmadı, öldürmək istədilər, ölməz oldu. Sui-qəsdə, terrora, təxribata, bütün ağrılara sinə gərdi, dövləti, dövlətçiliyi möhkəmləndirmək, xalqı bəlalardan qurtarmaq üçün varlığını əsirgəmədi. Daxili sabitliyimiz də, əmin-amanlığımız da, iqtisadi yüksəlişimiz də, mənəvi dəyərlərimizin inkişafı da, əxlaqi sərvətlərimizin qorunması da ?lu öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır.

Azərbaycanda doğuldu. Böyük dünyaya can atdı. Qızıl Arslanın, Atabəy Məhəmmədin, Əbubəkr Əcəmi Naxçıvaninin torpağında böyüdü, Möminə Xatun türbəsinin əzəmətini, möcüzəsini gördü, Mirzə Cəlil yanğısının, Hüseyn Cavid həsrətinin içində böyüdü.

Mən Onu görmüşdüm!

Uzaq ölkədə, Çin səddində. Ən böyük bir dövlətin rəhbərləri ilə görüşəndə! Ordakı siyasi söhbətlər hələ də qulaqlarımda səslənir. O mənzərələr gözümün qabağından getmir. Çinin böyükləri ilə Azərbaycandan, Azərbaycanın dünənindən, bu günündən, gələcəyindən söhbət açır, xüsusilə, Qarabağ faciələri ilə bağlı dərdlərimizi dilə gətirir, bədnam qonşuların ucbatından xalqımızın çəkdiyi müsibətlərdən, gördüyü xəyanətlərdən danışırdı. Çin səddinin ucalığında özü də Çin səddi kimi uca və möhtəşəm görünürdü.

Mən Onu görmüşdüm!

Ərəbistanda, müqəddəs Məkkədə, Kəbədə, Kəbənin içində. Öz xalqının taleyi ilə bağlı Allaha dua edəndə. Qaradaşı öpüb böyük arzularını, şirin diləklərini həyata keçirmək üçün ömürdən vəfa, Allahdan möhlət istəyəndə.

Məkkədə Onu xalqımızın böyük şəxsiyyətləri, görkəmli ziyalıları müşaiyyət edirdi. Onun uzaqgörənliyi sayəsində Məkkəni yüzdən çox azərbaycanlı ziyarət edirdi. Hamının ürəyində Heydər Əliyevə minnətdarlıq duyğuları, müqəddəs məbədə böyük məhəbbət hissləri aşıb-daşırdı.

İndi o insanların çoxu həyatda yoxdur. Ancaq onlarla bağlı xatirələr qalıb ürəyimizdə. O xatirələr ki, Heydər Əliyevin böyüklüyü, ucalığı ilə bağlıdır.

Mən Onu görmüşdüm!

Qırğızıstanda - “Manas” dastanının 1000 illiyində, türkdilli dövlətlərin zirvə toplantısında. Türk dövlətlərinin cərgəylə oturan rəhbərləri arasında O, hamıdan uca görünürdü, ən çox diqqət Ona yönəlirdi, hamı Onunla görüşmək, Onunla söhbət etmək istəyirdi. Heydər Əliyev işıqla, sevgiylə, həyatla dolu idi. O, “Manas”dan danışanda Türk dünyasının ən böyük oğlu kimi danışırdı. Türkün qəhrəmanlığından, yenilməzliyindən, qorxmazlığından söhbət açırdı. Onu dinləyənlərin hamısını Manasa döndərirdi.

Heydər Əliyevdə yaradıcılıq, təşəbbüskarlıq, yenilik, qurub-yaratmaq eşqi çox güclü idi. Heç yadımdan çıxmaz. “Manas” dastanının tamaşasından sonra bizi bir çadırın altına dəvət etdilər. Ziyalılarımız hamısı çadırda idi. Heydər Əliyev “Manas”la bağlı təəssüratlarından sonra birbaşa mətləbə keçdi: Gəlin biz də Dədə Qorqudla bağlı bir tarixi tədbir keçirək. Bütün türk dünyasının say-seçmə nümayəndələrini Bakıya toplayaq.

Bu fikri hamı razılıqla qarşıladı. Dədə Qorqudun 1300 illik yubileyinin əsası Qırğızıstanda Heydər Əliyev tərəfindən qoyulmuşdu.

Mən Onu görmüşdüm!

Dövlət tədbirlərində, fəxri kürsülərdə, siyasi məclislərdə, şəxsi görüşlərimizdə, gündəlik qayğılarımızda, ürəyimizdə, ağlımızda, idrakımızda, təfəkkürümüzdə, yaradıcılığımızda.

Xatirəyə dönmək, xatirələrə çevrilmək, dastanlara sığışmayan bir ömür yaşamaq hamıya qismət olmur. Kim olarsa, o, əbədiyyətin adamı olur. Bundan ötrü ömrü xalq üçün, millət üçün, dövlət üçün, insanlar üçün yaşamalı, millətin sərvətinə, mənəvi xəzinəsinə çevrilməlisən - Heydər Əliyev kimi! O Heydər Əliyev ki, bünövrəsi sağlam, özülü möhkəm, himni dərin bir dövlətin əsasını qoydu. Onu bütün bəlalardan qorudu, bütün faciələrdən hifz elədi. Xalqı xalq, milləti millət edən şəxsiyyətlərə heykəl ucaltdı. N.Nərimanova da, Nəsimiyə də, C.Cabbarlıya da, H.Cavidə də heykəl ucaltmaqla O, ürəklərdə özünə heykəl qoydu. H.Cavidi Maqadandan Bakıya gətirməklə elə bil ki, bütün qürbətdə olanları vətənə gətirdi.

Cismən səksən il yaşasa da, mənən səkkiz yüz illərə işıq salan bir ömür sahibi oldu. Azərbaycan tarixinin ən işıqlı şəxsiyyətlərindən birinə çevrildi.

On ildir ki, Heydər Əliyev cismən aramızda yoxdur. Ancaq mənən həmişə bizimlədir. Onun gur səsi də, isti nəfəsi də, kürsüləri titrədən natiqliyi də, ağsaqqallığı da, duruşu da gözümün qabağındadır.

Vaxt keçəcək, zaman dolanacaq, aylar-illər bir-birini əvəz edəcək. Əsrlər yerini dəyişəcək, dünyaya təzə nəsillər gələcək, analar həyata oğullar gətirəcək - qəhrəman oğullar, sərkərdə oğullar, başçı oğullar, insan oğullar, hər birinin öz yeri, öz mərtəbəsi, öz ucalığı.

Ancaq bir ucalığın mənzərəsi getdikcə böyüyəcək. Daha da aydın görünəcək. Bu ucalıq Heydər Əliyev ucalığıdır! Elə bir ucalıq ki, ordan baxanda Azərbaycan xalqının ömür yolu, mübarizə yolu, bütöv Azərbaycanımız, bölünən, parçalanan torpaqlarımız, bütövlüyə can atmalarımız, ömrü gödək müstəqilliyimiz, indiki müstəqilliyimizin uğurları, daxili və xarici siyasətimiz, onun xüsusiyyətləri aydın görünür.

Elə bir ucalıq ki, ordan baxanda dərk edirsən döyüş və mübarizə nədir, dövlət və dövlətçilik nədir, bütövlük nədir, əbədi yaşamaq eşqi nədir, “Yox millətimin xətti bu imzalar içində” nə demək idi, “Var millətimin xətti bu imzalar içində” nə deməkdir, yoxluqla varlığın arasındakı fərq nə deməkdir, özünü dərk etmək, böyüklüyünü, azadlığını, gücünü hiss etmək, azadlıq eşqi nə deməkdir! Bütün bunları bilmək üçün insana ucalıq mərtəbəsi lazımdır. O ucalıq ki, orda Heydər Əliyev zirvəsi var. Ordan baxmağı bacaran hər şeyi aydın və təmiz görür, uca görür və ucalıqda görür.

Elə bir ucalıq ki, ordan baxanda görürsən, Heydər Əliyev şəxsiyyəti, gücü, eşqi, varlığı, böyüklüyü Azərbaycan xalqı üçün nə deməkdir. Onun varlığı Azərbaycan dilinə, onun daha işlək olmasına, dövlət dili səviyyəsinə yüksəlməsinə, regional və beynəlxalq aləmdə nüfuzunun artmasına yeni bir təkan verdi.

Ulu öndərin dəfn mərasimini gözümün qabağına gətirirəm. Bütün xalq ayaq üstədir. Keçmiş SSRİ-nin hər yerindən - bütün nöqtələrindən nümayəndələr gəlib Azərbaycana. V.V.Putin, E.Şevardnadze, N.Nazarbayev kimi ölkə başçıları Azərbaycandadır. Bakının bütün küçələri insan selinə qərq olub, göylər göz yaşı tökür, yer də ağlayır, insanlar ağır kədər içində Fəxri Xiyabana sarı gedir. Bakı çox izdihamlar görüb, ancaq bugünkü izdiham indiyə qədər görünməmiş bir izdihamdır. Xalq öz böyük oğlunu son mənzilə yola salır. Böyük şəxsiyyətlərin Heydər Əliyevlə bağlı fikirləri insanları heyrətə gətirir.

Görkəmli dövlət xadimi, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin demişdir: “Heydər Əliyev təkcə Azərbaycanda deyil, bütün keçmiş ittifaq miqyasında tanınmış şəxsiyyət idi. Heydər Əliyevin miqyası Azərbaycan hüdudlarından çox-çox kənara çıxmışdı. Azərbaycanın bəxti gətirmişdir ki, dövlətinin başında Avropa və dünya miqyasında tanınan bir siyasətçi dururdu. Bu böyük insanın vəfatı Onu tanıyanların hamısını, o cümlədən, məni çox kədərləndirir. Qəbri nurla dolsun”.

Gürcüstanın sabiq dövlət başçısı Eduard Şevardnadze demişdir: “Heydər Əliyevin vəfatı təkcə Azərbaycan üçün deyil, bütün Qafqaz üçün, eləcə də, dünya üçün böyük itkidir. Mən Bakıya əziz və unudulmaz dostumla vidalaşmağa, Onun ailəsinin, yaxınlarının, Azərbaycan xalqının kədərinə şərik olmağa gəlmişəm”.

Qazaxıstanın prezidenti Nursultan Nazarbayev demişdir: “Hamımıza məlumdur ki, Heydər Əliyev həm MDB ölkələri, həm də Öz xalqı üçün çox iş görüb. Heydər Əliyev son nəfəsinə qədər öz xalqının rifahı üçün çalışdı. Allah Ona rəhmət eləsin”.

Bu cür fikirlərdən çox misal gətirmək olar. Çünki bu fikirlər tək-tək insanların yox, bütövlükdə millətin, izdihamın fikri idi.

Heydər Əliyevin dəfn mərasimi əslində Onun ölümsüzlük günü idi. Xalqı birləşdirən, milləti bütövləşdirən, dövlətin möhtəşəmliyini göstərən, insanları bir-birinə daha da yaxınlaşdıran, duyğuları doğmalaşdıran bir tarixi hadisə idi.

Böyük insanların, uca şəxsiyyətlərin ömrü təkcə öz zamanları, dövrləri, yaşadıqları günlərlə ölçülmür. Onların ömründə bir özünəsığmazlıq, onların sabahları, gələcək zamanları görmək qabiliyyəti olur, əbədi tarixə çevrilmək istedadı olur. Böyüklük ordadır ki, özündən sonra insanlara, cəmiyyətə elə bir sərvət, elə bir dövlət qoyub gedəsən ki, insanlar zaman-zaman ondan faydalansın, görüb-götürsün.

Heydər Əliyevin Azərbaycan xalqına verdiyi töhfələrin içində ən qiymətlisi, ləyaqətli varis kimi yetişdirdiyi övladı, bugünkü dövlətimizin ilhamçısı - möhtərəm Prezidentimiz İlham Əliyevdir. İlham Əliyevin apardığı siyasətdəki yeniliklər, dövlətçiliyimizdəki təkmilləşmələr bütün Azərbaycanın tikinti meydanına çevrilməsi, bütün sahələrdə yaradıcılıq işlərinin yeni vüsət alması dövlətimizə də, müasir tariximizə də başucalığı, üzağlığı gətirdi. Onun görüb-götürdüyü təhsil, təlim-tərbiyə sistemi, böyüdüyü siyasi aləmin içindəki incə xüsusiyyətlərə yiyələnmək qabiliyyəti, atasından aldığı təcrübəni müasir dövlətə tətbiq eləmək hünəri Heydər Əliyev zəhmətinin bəhrəsidir.

İndiki çətin məqamda, çətin anda şimaldan, cənubdan, şərqdən, qərbdən ölkəmizə, müstəqil dövlətimizə qarşı təzyiqlərin artdığı bir zamanda Heydər Əliyevin siyasi kursuna, əqidəsinə, inamına sadiq qalmaq hər bir Azərbaycan vətəndaşının borcudur. İlham Əliyevin apardığı siyasət də Heydər Əliyev ənənəsinin, siyasətinin məntiqi davamıdır. Dövlətçilikdə də, siyasətdə də bu məntiq - Heydər Əliyev məntiqi qalib gələcək, qələbə çalacaq.

 

 

Zəlimxan YAQUB,

Xalq şairi

 

Yeni Azərbaycan.- 2013.- 11 may.- S.10.