Bakıda möhtəşəm Gül bayramı

 

Güllərdən hazırlanan rəngarəng ekspozisiyalarfiqurlar paytaxt sakinləri və şəhərimizin qonaqları tərəfindən böyük maraqla qarşılanıb

 

Hər il 10 may tarixindən başlayaraq, ölkəmizdə bir neçə gün ərzində qeyd olunan Gül bayramı bu dəfə də yaddaqalan olub. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90-cı ildönümü münasibətilə Heydər Əliyev Sarayının qarşısındakı eyniadlı parkda və Sahil bağında təşkil olunan möhtəşəm Gül bayramı şəhər sakinlərinin və qonaqların böyük marağı ilə qarşılanıb. Gül bayramına gələnlər bayram ilə əlaqədar təşkil olunan bir-birindən gözəl və rəngarəng ekspozisiyalardan razılıqlarını ifadə edərək, Ulu öndərin ölkədə həyata keçirdiyi quruculuq işlərini, Onun xalq qarşısındakı xidmətlərini minnətdarlıqla yad edirlər.

Bakı sakini Namiq Adilov Ümummilli lider Heydər Əliyevin Azərbaycan qarşısındakı tarixi xidmətlərinin unudulmaz olduğunu söyləyib: “Bildiyiniz kimi, 10 May tarixi Ulu öndər Heydər Əliyevin anadan olmasının ildönümüdür. Bir gənc olaraq Ulu öndərimizlə fəxr edirəm. Biz gənclər Ümummilli liderimizin əsasını qoyduğu strategiyanı və Onun yolunu davam etdirən Prezident İlham Əliyevin fəaliyyətini daim dəstəkləyirik. Azərbaycanın hər bir regionunun sosial-iqtisadi inkişafında dövlət başçımızın əvəzsiz rolu vardır. İldən-ilə daha gözəl təşkil olunan Gül bayramı isə Azərbaycanın sürətli inkişafının rəmzinə çevrilib”.

Bayramda iştirak etmək üçün Sahil bağına gələn Zamiq Əhədov Ulu öndərin xatirəsini rəğbət hissilə yad etdiyini deyib: “Bu gün Azərbaycanın hər bir yerində, təkcə ölkəmizdə deyil, bütün dünyada Ümummilli lider Heydər Əliyevi tanıyan, Onun siyasi irsini öyrənən hər bir kəs bu dahi şəxsiyyəti yad edir. Respublikamızda Ulu öndərin anadan olmasının 90 illiyinin və Gül bayramının qeyd olunduğu bir gündə hamı sevinir ki, Azərbaycanın Heydər Əliyev kimi tarixi şəxsiyyəti var. Gül bayramı hər il olduğu kimi bu il də yüksək əhval-ruhiyyə ilə qeyd olunur. Bu gün bu parka gələn hər bir kəs Ulu öndəri yad edir. Heydər Əliyev irsinin, Onun ideyalarının yaşadılması Onun həyat və fəaliyyətinin gənc nəslə öyrədilməsi ilə mümkündür. Heydər Əliyevin xatirəsi hər bir azərbaycanlının qəlbindədir. Azərbaycan dövləti yaşadıqca, Heydər Əliyev də yaşayacaqdır”.

Paytaxt sakini Tərlan Səfərov Gül bayramına marağın böyük olmasını Azərbaycan xalqının Ulu öndərimizin dövlət və xalq qarşısındakı əvəzsiz xidmətlərinə olan münasibəti kimi qiymətləndirib: “Göründüyü kimi, Ulu öndərin 90 illik yubileyi günündə şəhər sakinləri, bölgələrdən və xarici ölkələrdən olan qonaqlar Gül bayramında iştirak etmək üçün parklara, bağlara axın edirlər. Gül bayramı münasibətilə şəhərimizin gözəl bəzədilməsi istər böyüklərin, istərsə də uşaqların böyük marağı ilə qarşılanır. Ulu öndərin doğum günü təkcə Azərbaycanda deyil, əksər ölkələrdəki soydaşlarımız tərəfindən də qeyd olunur. Fikrimcə, gənclərimiz Ulu öndərin xalqına, ölkəsinə olan xidmətlərindən örnək götürməli və bu irsi gələcək nəsillərə ötürməlidir. Azərbaycan var olduqca, Ulu öndərimizin xatirəsi əbədi yaşayacaq”.

Şəhər sakini Mahir Quliyev hər il Gül bayramında iştirak etdiyini bildirib: “Əvvəlki illərlə müqayisə etdikdə deyə bilərəm ki, Gül bayramı ildən-ilə daha möhtəşəm, daha yüksək səviyyədə qeyd olunur. Parkda yaradılan gözəlliklər hamını valeh edir. Təsadüfi deyil ki, bayram münasibətilə paytaxtın müxtəlif yerlərinin güllərlə bəzədilməsi hər il daha çox insanın bayramda iştirak etməsinə səbəb olur”.

Natiq Şıxızadə bir neçə ildir ki, Ulu öndərin doğum günündə Gül bayramı şənliklərinə qatıldığını söyləyib: “Hər il olduğu kimi, bu dəfə də mayın 10-da parkdakı gözəl yaradıcılıq nümunələrinə baxmağa gəldim. Hər dəfə Gül bayramında iştirak edərkən Ümummilli liderin gördüyü işləri bir daha xatırlayıram. Müstəqil Azərbaycanın qurucusu, xalqımızın dahi oğlu Heydər Əliyevin gərgin fəaliyyətinin nəticəsi olaraq bu gün ölkəmiz sürətlə inkişaf edir, əhalinin rifahı yaxşılaşır. Sevindirici haldır ki, Ulu öndərin əsasını qoyduğu daxili və xarici siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, təkcə paytaxtda deyil, ətraf qəsəbələrdə də, yəni ölkənin hər bir yerində əsaslı quruculuq işləri aparılır. Bu gün möhtəşəm şəkildə təşkil olunan Gül bayramı da ölkəmizin artan gücündən, imkanlarından xəbər verir”.

Paytaxt sakini Günay Vəliyeva Gül bayramına qızı ilə birlikdə qatılıb. Onun sözlərinə görə, belə şənliklər hamı kimi, uşaqlar üçün də olduqca maraqlıdır: “Sahil bağı bayram münasibətilə çox gözəl bəzədilib. Həmçinin, Heydər Əliyev parkında güllərdən yaradılan müxtəlif heyvan fiqurları uşaqların marağına səbəb olur. Nağıllardan və cizgi filmlərindən tanıdıqları qəhrəmanların güldən hazırlanmış fiqurlarını görmək qızımın, eləcə də, bütün azyaşlıların diqqətini daha çox cəlb edir. Bu bayram uşaqlara böyük sevinc gətirir. Əvvəlki illərdən fərqli olaraq, bu il, qədim maddi mədəniyyət nümunələrinin, qalaların, o cümlədən, işğal altındakı torpaqlarımızda yerləşən tarixi abidələrin maketlərinin hazırlanması çox təqdirəlayiqdir. Mən də qızıma bu bayramın Ulu öndərin doğum günü ilə bağlı olmasından, Heydər Əliyevin ölkə üçün gördüyü işlərdən, Onun necə bir tarixi şəxsiyyət olmasından danışıram”.

Mətanət Əmirxanova parkların güllərlə bəzədilməsinin insanların əhval-ruhiyyəsinə çox müsbət təsir göstərdiyini vurğulayıb: “Heydər Əliyev sarayının qarşısında və Sahil bağında təşkil olunan Gül bayramı çox möhtəşəmdir. Parklara gələn insanların çoxluğu da bayrama olan böyük marağı göstərir. Gül bayramı bütün yaş qruplarından olan insanlara, xüsusən də uşaqlara sevinc bəxş edir. Adi günlərdə də insanların istirahət etdiyi bu xoş məkanların bəzədildiyi bayram günlərində isə ziyarətçilərinin sayı dəfələrlə artır. Parka gələnlərin üzlərindəki sevinc hissini görmək insanda xoş təəssürat yaradır. Bu gözəlliyin yaradılmasına, ümumiyyətlə, respublikada görülən işlərə görə, ölkə rəhbərliyinə minnətdarlığımı bildirirəm”.

Türkiyəli qonaq Burak Taşkit ilk dəfədir ki, Gül bayramına gəldiyini söyləyib: “Parkın bəzədilməsi çox xoşuma gəldi. Gül bayramı insanlara çox müsbət hisslər bəxş edir. Güllərdən belə gözəl fiqurların düzəldilməsinin ilk dəfədir ki, canlı şahidi oluram. Belə gözəlliklər hər bir ölkədə yaradılmalıdır”.

Türkiyə vətəndaşı Anıl Bayrakdar da Gül bayramına birinci dəfədir ki, qatılıb. O bildirib ki, park çox gözəl bəzədilib: “Çox bəyəndim. Bu gözəlliklər göz oxşayır. Ulu öndər Heydər Əliyevin doğum gününün bu cür gözəl qeyd olunması, insanların bayrama olan marağı Azərbaycanın dahi şəxsiyyətinə verilən yüksək qiyməti göstərir”.

Paytaxt sakini Elvira Rəcəbova bir neçə ildir ki, Gül bayramında iştirak etdiyini söyləyib: “Son iki ildə bayramın daha da möhtəşəm keçirildiyinin şahidi oluram. Bu ilki bayram digər illərlə müqayisədə daha təmtəraqlı keçir, hazırlıqlar daha yüksək səviyyədədir. Bu, bizim üçün çox xoşdur. Bayramın ildən-ilə daha yüksək səviyyədə keçirilməsi hər bir vətəndaş kimi məni də sevindirir. Bu bayram günündə hər bir azərbaycanlı Ulu öndərin xatirəsini yad edir. Ümummilli liderimizin dövlətimiz və xalqımız qarşısında xidmətləri əvəzolunmazdır”.

Tunarə Məmmədzadə artıq ikinci dəfədir ki, Gül bayramında iştirak etdiyini bildirib: “Bayram bu il daha təntənəli şəkildə keçirilir. Bu isə təsadüfi deyil. Bu gün Ümummilli liderin 90 illiyi qeyd olunur. Ulu öndər mənim üçün görkəmli dövlət başçısıdır. O, mənim yaddaşımda səmimi bir baba kimi qalıb. Uşaqlar Onu hər zaman çox sevərdi, bu gün də bu, belədir. Ulu öndər həm insani keyfiyyətlərinə görə, həm görkəmli dövlət xadimi, həm də dahi şəxsiyyət kimi hamıdan fərqlənir. Belə şəxsiyyətlər çox nadir hallarda dünyaya gəlir. Sevinirəm ki, Gül bayramı məhz Ulu öndərin doğum günündə qeyd olunur”.

Lamiyə İbayeva hər zaman Gül bayramına həvəslə qatıldığını və parkda yaradılan gözəlliklərə maraqla tamaşa etdiyini söyləyib: “Bayram hər dəfə çox gözəl təşkil olunur. Bu il isə daha möhtəşəm hazırlanıb. Burada güllərdən hazırlanan fiqurlar və digər bəzəklər parka gələnlərə xoş əhval-ruhiyyə bəxş edir. İnanıram ki, gələcəkdə bu bayram ölkənin hər yerində daha təntənəli şəkildə qeyd olunacaq. Bu bayram günlərində həm də Ümummilli liderimizin əziz xatirəsi yad edilir. Bu Gül bayramına böyüklər qədər uşaqlar da maraq göstərirlər. Bu bayram onlara əsl sevinc gətirir”.

Arzu Abbaslı hər il Gül bayramında iştirak etdiyini bildirib: “Əvvəlki illərlə müqayisə etdikdə, bu il Ulu öndərin anadan olmasının 90 illiyi münasibəti ilə hazırlıqların ən yüksək səviyyədə aparıldığını müşahidə etmək olur. Bu, mənim üçün və buraya gələn hər bir kəs üçün çox xoşdur. Ekspozisiyalar çox effektli təşkil olunub. Heydər Əliyevi Azərbaycan xalqı özünün Ümummilli lideri kimi qəbul edib. Parkların bəzədilməsi uşaqlar tərəfindən də çox gözəl qarılanır. Qohumlarımın arasında azyaşlı uşaqları hər il bayram münasibəti ilə bəzənən parklara gətiririk, Ulu öndərin kim olması ilə bağlı onlara məlumat veririk. Bu bayramda iştirakdan uşaqlar da çox məmnun qalırlar”.

Şəhər sakini Nuranə Məmmədovanın sözlərinə görə, builki hazırlıqlara daha böyük zəhmət çəkilməsi hiss olunur: “Nəticə də çox gözəl alınıb. Üstəlik, bu bayrama xarici qonaqların da marağı böyükdür. Hesab edirəm ki, bu, turizmin inkişafı baxımından da faydalıdır. Heydər Əliyev mənim üçün Azərbaycan xalqının unudulmaz lideridir. Onun həyatı və fəaliyyəti gənclərə əsl örnəkdir. Ümummilli lider Heydər Əliyevin gərgin zəhməti hesabına bugünkü Azərbaycan gəncliyi müstəqil və əmin-amanlığın hökm sürdüyü bir dövlətdə yaşayır. Biz gənclər isə ölkəmizin inkişafı naminə əlimizdən gələni etməli, gələcək nəsillərə daha güclü və firavan Azərbaycanı bəxş etməliyik”.

Atilla Əhmədsoy bildirib ki, Gül bayramının belə yüksək səviyyədə təşkil olunması insanlarda fərəh hissi yaradır: “Ümumiyyətlə, respublikada təkcə Gül bayramı deyil, bütün milli bayramlar dövlət tərəfindən yüksək səviyyədə qeyd olunur. Bayramların bu formada, yəni zövqləri oxşayan tərzdə qeyd olunması, dövlət başçısının bayram şənliklərinə Şəxsən qatılması insanlarda böyük rəğbət hissi ilə qarşılanır. Gül bayramının isə bu dəfəki təşkili səviyyəsi insanları daha çox heyran qoyur. Dekorasiya işi çox gözəldir və daha yaradıcı yanaşılıb. Bu bayram turizmin inkişafına da müsbət təsir göstərir. Bayram günlərində şəhərimiz daha da gözəl görünür. Mən bu bayramda məmnuniyyətlə iştirak edirəm, çünki Ulu öndər Heydər Əliyev Öz həyat və fəaliyyəti ilə hər bir azərbaycanlı üçün örnəkdir. Biz Ondan dövlətini, xalqını necə böyük sevgi ilə sevməyi öyrəndik”.

Fəridə Mədətzadə Gül bayramının bütün yaş qruplarından olan insanlar tərəfindən böyük maraqla qarşılandığını söyləyib: “İnsanların daimi istirahət məkanı olan bu park Gül bayramının keçirildiyi günlərdə ziyarətçi axınına şahid olur. Parka gələnlərin üzlərindəki sevinc hissini görmək insanda xoş təəssürat yaradır. Bu gözəlliyin yaradılmasına görə ölkə rəhbərliyinə minnətdarlığımı bildirirəm. Azərbaycanın bugünkü inkişafı Ümummilli liderin adı ilə bağlıdır”.

Leyla Bayramova son 2-3 ildir ki, Gül bayramında ardıcıl olaraq iştirak etdiyini söyləyib: “Ulu öndərin 90 illiyi olduğu üçün bu il əvvəlkilərdən fərqlənir və xüsusi əhəmiyyətə malikdir. Yubiley ili münasibəti ilə əvvəlki illərlə müqayisədə bayram bu il daha yüksək səviyyədə təşkil olunub. Eyni zamanda, bütün yaş qruplarından olan insanlar, yaşlılar, gənclər, uşaqlar bu bayramı çox sevinclə qarşılayırlar. Bayrama çox yüksək şəkildə hazırlıq görülüb, güllərdən hazırlanan ekspozisiyaların tərtibatı çox gözəldir. Heydər Əliyev demokratik Azərbaycanı yaradan və bizə miras qoyan Ulu öndər, dahi şəxsiyyətdir. Ümummilli liderin ölkəmiz üçün nə qədər böyük işlər gördüyü hamıya məlumdur. Dövlətin əhaliyə daim diqqət və qayğı ilə yanaşması hər bir vətəndaşı daha məsuliyyətli olmağa, üzərinə düşən işi layiqincə yerinə yetirməyə ruhlandırır. Bu bayram, eləcə də, şəhərin müxtəlif yerlərində yaradılan gözəlliklər də məhz xalqımız üçündür. Sözsüz ki, xalqımız da dövlətin gördüyü işləri yüksək qiymətləndirir, həm daxili, həm də xarici siyasətdə ölkə başçısına dəstək olur”.

 

 

Hülya MƏMMƏDLİ,

 

Nurlan QƏLƏNDƏRLİ

 

 Yeni Azərbaycan.- 2013.- 11 may.- S.8-9.