“10 ilin dövlət adamı” - Prezident İlham Əliyev

 

Sirr deyil ki, Azərbaycan Prezidenti İlham Əliyev dünyada nüfuzlu siyasi lider kimi tanınır. Belə ki, bir müddət öncə Britaniyanın “The Business Year” jurnalı dövlət başçımızı “İlin adamı” elan etmişdi. Bu günlərdə isə Prezident İlham Əliyev Türkiyənin nüfuzlu “Ekovitrin” jurnalı tərəfindən keçirilmiş rəy sorğusunun nəticəsinə görə, türk dövlətləri, Orta Asiya və Cənubi Qafqazda “10 ilin dövlət adamı” seçilib. Jurnalın keçirdiyi rəy sorğusunda 270 min 992 respondent iştirak edib. Jurnalda dövlət başçımızın Azərbaycan Respublikasının Prezidenti vəzifəsində səmərəli fəaliyyəti, qazandığı uğurlar barədə ətraflı məlumat verilib. Qeyd edilib ki, son 10 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan sürətlə inkişaf edib və dünyanın nüfuzlu ölkələrindən birinə çevrilib. Qeyd edək ki, Türkiyənin ən nüfuzlu media qruplarından biri olan “Ekovitrin” 14 ildir ki, iqtisadiyyat sahəsində müxtəlif proqramlar hazırlayaraq, qardaş ölkənin televiziya kanallarında nümayiş etdirir, ölkənin iqtisadi uğurlarını həm Türkiyə, həm də dünya ictimaiyyətinə çatdırır. Bu media qrupunun 2000-ci ildən buraxılan “Ekovitrin” aylıq jurnalı Türkiyənin ən sanballı nəşrlərindən birinə çevrilib. Türkiyə ilə yanaşı, Asiya regionunda da geniş yayılan “Ekovitrin” jurnalı ənənəvi olaraq iqtisadiyyat, biznes, sənaye, ixracat, maliyyə, investisiya, siyasət və yerli idarəçilik sahələrində “İlin adamları”nı seçir. Xatırladaq ki, 2005-ci ildə Türkiyədə və xaricdə yaşayan 9 minə yaxın oxucunun iştirakı ilə keçirilən sorğunun nəticələrinə görə Prezident İlham Əliyev “Avrasiyada ilin siyasət adamı” elan olunmuşdu. Göründüyü kimi, dövlət başçımız dünyada müsbət imici ilə tanınan nüfuzlu dövlət xadimlərindəndir. Bu uğurun təməlində dayanan səbəb isə ilk növbədə, Prezident İlham Əliyevin dövlət başçısı kimi fəaliyyətinin səmərəliliyinin Azərbaycanın daxili və beynəlxalq nailiyyətləri qismində əksini tapmasıdır. Ümumilikdə, dövlətimizin başçısının “10 ilin dövlət adamı” seçilməsini şərtləndirən strateji faktorlara nəzər salmaq üçün ölkəmizin daxili və xarici siyasət kursunun əsaslarına diqqət yetirmək lazımdır.

 

Dinamik iqtisadi inkişaf mütəmadi səciyyə daşıyır

 

Beləliklə, ilk növbədə qeyd etmək lazımdır ki, dövlətimizin başçısının rəhbərliyi ilə həyata keçirilən inkişaf siyasətinin ən effektiv nəticələrindən biri Azərbaycanın mütəmadi səciyyə daşıyan dinamik iqtisadi inkişafıdır. Belə ki, Azərbaycanın dinamik, müstəqil iqtisadi inkişaf strategiyası rasional səciyyə daşıyır. Ölkəmiz heç bir qurumdan, milli dövlətdən asılı olmayan iqtisadi siyasət yürüdür ki, bu da milli inkişafın fundamental komponenti kimi çıxış edir. Azərbaycanda aparılan uğurlu, məqsədyönlü siyasət nəticəsində ildən-ilə daha yüksək inkişaf göstəriciləri nümayiş etdirən iqtisadiyyatın formalaşdırılması ölkədə işgüzar fəallığın daha da yüksəldilməsinə, yoxsulluğun azaldılmasına əlverişli şərait yaradıb, əhalinin etibarlı sosial müdafiəsini təmin edib. Ötən illərdə dünyada baş verən qlobal böhran fonunda Azərbaycan iqtisadiyyatının davamlı inkişafı, bütün sosial proqramların tam həcmdə və vaxtında yerinə yetirilməsi əsası xalqımızın Ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş milli iqtisadi inkişaf modelinin möhkəm təməllər üzərində qurulmasının əyani göstəricisidir. Təbii ki, dünya iqtisadi sisteminə fəal inteqrasiya yolu seçən Azərbaycanın qazandığı nailiyyətləri şərtləndirən mühüm faktorlardan biri də qloballaşma prosesindən irəli gələn meyarların ölkə reallıqları ilə məharətlə uzlaşdırılması, onların milli maraqları təmin edən uğurlu vəhdətinin yaradılması olub. Hazırda makroiqtisadi sabitliyin qorunub saxlanması, enerji, ərzaq və ekoloji təhlükəsizliyin təmin olunması, iqtisadiyyatın diversifikasiyası, bütün sahələrdə ardıcıl inkişaf strategiyası uğurla həyata keçirilməkdədir. Ölkənin qeyri-neft sektorunda müşahidə olunan dinamizmi də iqtisadiyyatın diversifikasiyası ilə bağlı həyata keçirilən siyasətin mühüm nəticəsi hesab etmək olar. Xüsusilə Azərbaycan zəngin neft resurslarının satışından daxil olan valyuta ehtiyatlarını səmərəli şəkildə xərcləməklə, iqtisadiyyatın bütün sektorlarının dinamik inkişafı üçün əlverişli baza yaratmağa nail olub və hazırda qeyri-neft (turizm, sənayeləşmə, İKT və s.) sektoru valyuta gətirə biləcək strateji bölməyə çevrilib.

Göründüyü kimi, ölkəmizdə həyata keçirilən mütərəqqi iqtisadi tədbirlər respublikamızın daha da güclənməsini təmin edib. Bu gün hər bir sektorda iqtisadi inkişaf müşahidə olunur ki, bunun da əsasında Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi siyasət dayanır.

Ümumiyyətlə, 2003-cü ildən etibarən Azərbaycanda liberal iqtisadi sistemin qurulması, sahibkarlığın inkişafına geniş şəraitin yaradılması, zəngin təbii sərvətlərdən və regionların potensialından səmərəli istifadə, qeyri-neft sektorunun inkişafı, investisiya mühitinin daha da yaxşılaşdırılması, yerli məhsulların rəqabət qabiliyyətinin yüksəldilməsi istiqamətində görülən tədbirlər ölkə iqtisadiyyatının yüksələn xətlə inkişafını təmin edib. Bütövlükdə, ötən 10 il ərzində ölkə iqtisadiyyatı 3 dəfə artıb, iqtisadiyyatın şaxələndirilməsi uğurla həyata keçirilib, müasir sosial-iqtisadi infrastruktur yaradılıb, qeyri-neft sektorunun dinamik inkişafı təmin edilib. 2003-cü ildə 1,5 milyard dollar olan dövlət büdcəsi 2013-cü ildə 25 milyard dollar həcmindədir. 2013-cü ilin ilk 3 ayında qeyri-enerji sektorunda ümumi daxili məhsulun artımı 11 faizdən çox olub. Bu gün Azərbaycan ümumi daxili məhsulla nisbətdə ən az xarici borcu olan ölkələrdən biridir və onun səviyyəsi cəmi 7 faizdir. Sabit maliyyə sistemi mövcuddur. Valyuta sabitdir. Yaxşı sərmayə imkanları və iqtisadiyyatın sürətli artımı müşahidə olunmaqdadır.

Hazırda Azərbaycanın bütün rayonlarında böyük infrastruktur layihələri həyata keçirilir. İqtisadiyyatın yeni sektorlarına fəal qaydada sərmayə yatırılır. Məsələn, informasiya və kommunikasiya texnologiyaları sahəsi prioritetdir. Cari ilin fevralında “Azərspace-1” ilk Azərbaycan peyki fəzaya buraxılıb və kosmos sənayesinin inkişaf etdirilməsi istiqamətində işlər aparılır.

Dövlət sərmayə proqramı genişlənir. Ötən il Azərbaycana 22 milyard dollar məbləğində sərmayə yatırılıb. Azərbaycan adambaşına düşən birbaşa xarici sərmayələrin həcminə görə keçmiş Sovet məkanında aparıcı ölkədir. Sərmayə mühiti olduqca müsbətdir. Qeyd edək ki, 2011-ci ildə ölkə iqtisadiyyatına qoyulan investisiyaların həcmi rekord həddə - 20 milyard dollara çatıb ki, bunlardan 13 milyard dollar daxili, 7 milyard dollar isə xarici investisiyalardır. Bu məbləğdən 15,7 milyard dollar iqtisadiyyatın qeyri-neft sektorunun payına, 4,3 milyard dollar isə neft sektorunun payına düşüb. Dünyada xarici investisiyaların həcminin azalma prosesi getdiyi və beynəlxalq maliyyə təşkilatları investisiyaları daxili mənbələr hesabına artırmağa çağırdığı bir dövrdə ölkəmizdə investisiya mühitinin yaxşılaşdırılması siyasəti uğurla həyata keçirilib. Azərbaycan iqtisadiyyatına bütövlükdə 130 milyard dollardan çox sərmayə qoyulub, ölkənin strateji valyuta ehtiyatları 46 milyard dolları ötüb.

Beləliklə, Azərbaycanda müşahidə olunan sabitlik və dayanıqlılığın əsas səbəbi ölkədə uzun müddət həyata keçirilən makroiqtisadi strategiya və siyasətdir. Bu gün Azərbaycan hökuməti qlobal risklərin qarşısını almaq üçün kifayət qədər manevr imkanlarına malikdir. Təkcə onu demək kifayətdir ki, Azərbaycanda dövlət borcu ümumi daxili məhsulun cəmi 7 faizini təşkil edir, valyuta ehtiyatları isə xarici dövlət borcunu 9 dəfə üstələyir.

 

Dövlətimizin siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır

 

Azərbaycanda sürətli inkişaf təbii olaraq dövlət quruculuğunun bütün sahələrinə, o cümlədən, sosial sferaya ciddi sirayət edib və bir çox sosial proqram və layihələrdə real əksini tapıb. Sözsüz, ölkəmizin iqtisadi qüdrətinin artması vətəndaşların sosial rifahının yüksəldilməsinə yönəlmiş layihələrin həyata keçirilməsinə zəmin yaradıb. Azərbaycanda sosial siyasət elə şəkildə həyata keçirilir ki, dövlət ümummilli məhsulun təkrar bölüşdürülməsinin bazar mexanizmini tamamlayır və dəqiqləşdirir. Bu zaman minimal baza tələblərinin təminatlı şəkildə ödənilməsi və əhalinin daha artıq sosial müdafiə tələb edən hissəsinə sosial yardım göstərilməsi həyata keçirilir. Ölkəmizin dövlət büdcəsi də yuxarıda göstərilən prinsiplərə uyğun olaraq formalaşdırılır. Belə ki, büdcənin 30 faizdən çoxu sosial məsələlərə yönəldilir ki, bu da Azərbaycan üçün tamamilə məqbuldur. Bütövlükdə, 2003-cü ildən bu günədək ölkədə bir milyondan çox yeni iş yeri yaradılıb, əhalinin işsizlik səviyyəsi 5,1 faizə düşüb. Yoxsulluq 6 faizədək enib. Bu rəqəm yoxsulluqla mübarizə sahəsində dünyada ən yüksək göstəricilərdən biridir. Bütün bunların fonunda dövlətimizin başçısının “10 ilin dövlət adamı” seçildiyini sorğunun təşkilatçısı olan “Ekovitrin” jurnalı yazır: “Dövlət başçısı İlham Əliyev Azərbaycanın sosial-iqtisadi inkişafını öz siyasətinin başlıca istiqaməti kimi müəyyənləşdirmiş, qarşıya qoyulan məqsədlərə çatmaq üçün çoxsaylı dövlət proqramları, layihələr reallaşdırılmışdır. Azərbaycan iqtisadiyyatı şaxələndirilmiş, qeyri-enerji sektorunun sürətli inkişafı təmin edilmişdir. Son illər ölkənin sənaye, turizm, idman, bank fəaliyyəti, ticarət və digər sahələrində ciddi irəliləyiş müşahidə olunmaqdadır. Hazırda Azərbaycan Dövlət Neft Fondunda 30 milyard dollardan artıq vəsait toplanmışdır. Ölkənin strateji valyuta ehtiyatları isə 46 milyard dollara çatmışdır. Doqquz milyondan çox əhalisi olan Azərbaycan dünyanın 50 inkişaf etmiş iqtisadiyyatı sırasına daxil olmuşdur”.

Bir sözlə, sosial sahədə ardıcıl şəkildə həyata keçirilən layihələr onu göstərir ki, Azərbaycan hökuməti əhalinin maddi rifah halının yaxşılaşdırılması və onların bütün sosial qayğılarla əhatə olunmaları üçün güclü maliyyə imkanlarına və islahatları dərinləşdirmək iradəsinə malikdir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, sosial siyasət Azərbaycanın dövlət siyasətinin ayrılmaz hissəsidir: “Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır”.

 

Balanslaşdırılmış və çoxvektorlu xarici siyasət kursunun qanunauyğun nəticəsi...

 

Azərbaycanın sürətli inkişafının və yüksək beynəlxalq nüfuzunun fonunda toxunulması zəruri olan məsələlərdən biri də ölkəmizin rasional və praqmatik xarici siyasət kursudur. Qeyd etmək lazımdır ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxtərəfli və balanslaşdırılmış xarici siyasət nəticəsində Azərbaycan regionun ən güclü və suveren aktoruna çevrilib. Eyni zamanda, bəhs olunan xarici siyasət strategiyası bir neçə istiqamətdə ölkəmizi nəzərə alınan lokomotiv aktorlardan birinə çevirib. Qeyd etdiyimiz kimi, bu gün dünyanın aparıcı dövlətləri və təşkilatları Azərbaycanı Cənubi Qafqazın təhlükəsizlik qarantı, inkişaf mənbəyi adlandırırlar.

Beləliklə, ilk növbədə, ölkəmiz tərəfindən reallaşdırılan müstəqil və balanslaşdırılmış enerji siyasəti regionun və regionətrafı coğrafiyanın enerji təhlükəsizliyini təmin etməklə yanaşı, Azərbaycanı dünyanın enerji bazarında aparıcı ixracatçılardan birinə çevirib. Belə ki, bu gün praqmatik siyasəti ilə Xəzər hövzəsinin bayraqdarı hesab edilən Azərbaycan sahib olduğu zəngin enerji ehtiyatlarından səmərəli şəkildə istifadə etməklə beynəlxalq miqyasda enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan başlıca aktorlardan biri kimi çıxış edir. Ölkəmiz milli dövlətçilik prinsiplərinə müvafiq olaraq həyata keçirilən praqmatik və rasional əsaslara söykənən siyasət nəticəsində miqyasına görə regional, əhəmiyyətinə görə isə qlobal xarakterli transmilli layihələrin mərkəzi oyunçusu qismində çıxış etməkdədir. Təsadüfi deyil ki, Xəzər dənizinə xarici sərmayədarları ilk dəfə dəvət etməklə uzunmüddətli qarşılıqlı-faydalı əməkdaşlığın sağlam təməlini atan Azərbaycanın iştirakı olmadan bu gün regionda heç bir layihə gerçəkləşdirilə bilməz. Bu da Azərbaycanın dünya dövlətlərinin strateji əməkdaşlıqlar perspektivində kəsb etdiyi önəmi aydın şəkildə əks etdirir. Hazırda Azərbaycan sahib olduğu bütün bu üstünlüklərlə başlıca aktorların - dünyanın aparıcı dövlətlərinin və transmilli şirkətlərin uzunmüddətli perspektivdə əməkdaşlıq münasibətlərini inkişaf etdirməyə can atdığı tərəfdaş ölkələrdəndir. Digər tərəfdən, Prezident İlham Əliyevin rəhbərliyi ilə davam etdirilən balanslaşdırılmış xarici siyasət strategiyasının fonunda Azərbaycan Cənubi Qafqazın hərbi-siyasi və iqtisadi təhlükəsizliyinin təmin olunmasına birbaşa töhfələr verməkdədir. Təsadüfi deyil ki, bu gün dünyanın aparıcı dövlətləri və təşkilatları Azərbaycanı Cənubi Qafqazın təhlükəsizlik qarantı və inkişaf mənbəyi adlandırırlar. Təkcə onu demək kifayətdir ki, Azərbaycanın iştirakı olmadan regionda heç bir strateji əməkdaşlıq platforması gerçəkləşdirilmir. Gerçəkləşdirilən bütün regional layihələrin mərkəzi oyunçusu qismində məhz Azərbaycan çıxış edir və sözügedən layihə Cənubi Qafqazın təhlükəsizlik sisteminin strateji korreksiyasında əhəmiyyətli faktor kimi dəyərləndirilir. Eyni zamanda, məhz bu cür layihələr ölkəmizin milli maraqlarına adekvat olmaqla bərabər, Azərbaycanın suverenlik səviyyəsini, heç bir dövlətdən, təşkilatdan asılı olmadığını da təsdiq edir. Beləliklə, sadalananlardan belə bir qanunauyğun və məntiqi nəticəyə gəlmək olur ki, Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqeyi getdikcə güclənməkdədir. Həyata keçirilən praqmatik xarici siyasət strategiyası ölkəmizi dünya siyasətinin təmsilçisi qismində çıxış edən və müstəqil xarici siyasət yürüdən milli dövlətlərin etibarlı strateji tərəfdaşına çevirib.

Rasional xarici siyasət kursu həyata keçirən müstəqil milli dövlətlər ölkəmizi etibarlı tərəfdaş, güclü, nüfuzlu milli aktor kimi qəbul edirlər. Son olaraq 2011-ci ilin oktyabr ayının 24-də BMT Baş Məclisinin plenar iclasında gizli səsvermənin nəticələrinə əsasən, Azərbaycanın 2012-2013-cü illərdə Şərqi Avropa bölgəsini Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında (BMT TŞ) təmsil edəcək yeni qeyri-daimi (müvəqqəti) üzv seçilməsi bunun başlıca göstəricisidir.

Dolayısıyla, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli və balanslaşdırılmış xarici siyasət kursu Azərbaycan Respublikasının milli dövlət kimi müasir beynəlxalq münasibətlər sistemində gücünü və nüfuzunu artıran mexanizm qismində çıxış etməkdədir. “Ekovitrin” jurnalında da bütün bu məqamlara diqqət yetirilir və qeyd olunur ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə iqtisadi sıçrayış dövrünü yaşayan Azərbaycan həm də dünya birliyinin fəal və nüfuzlu aktorlarından birinə çevrilmişdir: “Rəsmi Bakı Amerika Birləşmiş Ştatları, Rusiya, Türkiyə, Avropa İttifaqı, İslam ölkələri ilə bərabərhüquqlu əməkdaşlıq edir. Azərbaycan 2011-ci ildə 155 ölkənin səsini qazanaraq BMT Təhlükəsizlik Şurasının üzvü seçilmiş və qlobal məsələlərin həllində, dünyada sülh və təhlükəsizliyin təmin olunmasında yaxından iştirak edərək beynəlxalq münasibətlər sisteminin fəal üzvü imicini möhkəmləndirmişdir. Elə həmin il Qoşulmama Hərəkatına daxil olmaqla, Azərbaycan öz xarici siyasətinin yeni vektorlarını müəyyənləşdirmiş, Latın Amerikası və Afrika ölkələri ilə səmərəli əməkdaşlıq əlaqələri qurmağa başlamışdır”.

 

Azərbaycanın praqmatik enerji siyasəti regional və beynəlxalq təhlükəsizliyə mühüm töhfələr verir

 

Qeyd etdiyimiz kimi, ölkəmizdə həyata keçirilən çoxşaxəli enerji siyasəti ilə Azərbaycan regional və qlobal əhəmiyyətli aktora çevrilə bilib. Azərbaycan, həmçinin, enerji üzrə əlaqələrdə regional və qlobal əhəmiyyətini, eləcə də özünün enerji potensialını düzgün qiymətləndirərək əlaqələri də bu əsasda qurur.

“Ekovitrin” jurnalı da ölkəmizin enerji siyasətinə xüsusi diqqət yetirir: “Prezident İlham Əliyev əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycanın neft strategiyasını uğurla davam etdirmişdir. Enerji resurslarının ixracının şaxələndirilməsində mühüm yer tutan Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz əsas ixrac boru kəmərlərinin tikintisi başa çatdırılmış, Azərbaycan nefti və qazı dünya bazarına çıxarılmış və ölkənin büdcəsinə milyardlarla dollar vəsait daxil olmağa başlamışdır”.

Vurğulamaq gərəkdir ki, Azərbaycanın enerji siyasəti xarici neft-qaz mənbələrindən asılı olan Avropa ölkələrinin enerji təhlükəsizliyi baxımından çox böyük önəm kəsb edir. Dünya enerji bazarında ara-sıra baş verən proseslər göstərir ki, bəzi dövlətlər neft və qaz amilindən spekulyasiya edərək öz iqtisadi və siyasi məqsədləri üçün yararlanmağa çalışırlar. Azərbaycan isə bütün tərəfdaşları ilə səmimi, real bazar prinsiplərinə uyğun, hüquqi əlaqələr qurmaqla etibarlı partnyor imici qazanıb. Respublikamızın bu cür mövqeyə sahib olması və tarazlaşdırılmış siyasət aparması özünün enerji ehtiyatlarından etibarlı və uzunmüddətli tərəfdaşlıq qurmaq üçün istifadə etdiyini sübut etmiş olur. “Əsrin müqaviləsi”nin imzalanması ilə dünyada neft ölkəsi kimi tanınan Azərbaycanın təchizatçısı olduğu Bakı-Tbilisi-Ceyhan layihəsi ilə ölkəmiz qlobal enerji bazarında mühüm iştirakçıya çevrilib. Hazırda Azərbaycandan neft və neft məhsulları dünyanın 30-dək ölkəsinə ixrac edilir. Bəzi Avropa dövlətlərinin enerji balansında Azərbaycan neftinin 25-30 faiz təşkil etməsi kifayət qədər yüksək göstəricidir.

Eyni zamanda, ölkəmiz son illərdə təbii qaz ehtiyatlarına görə də diqqəti cəlb edir. Azərbaycanın mövcud qaz ehtiyatları bundan sonrakı 100 il ərzində respublikanın və tərəfdaş dövlətlərin mavi yanacağa olan tələbatının ödənməsinə imkan verəcək. Sadalanan amillər nüfuzlu dövlətlərin, o cümlədən beynəlxalq təşkilatların Azərbaycanla enerji sahəsində əməkdaşlığa daim maraq göstərməsinə səbəb olur. Hazırda Azərbaycan qazı Bakı-Tbilisi-Ərzurum və Türkiyə-Yunanıstan kəmərləri vasitəsilə Gürcüstan, Türkiyə, Rusiya, İran və Yunanıstana nəql olunur. Bu real göstəricilər Azərbaycanın zəngin enerji resursları ilə bölgədə böyük neft və qaz hasil və ixrac edən ölkəyə çevrildiyini şərtləndirir.

Azərbaycanın enerji siyasətinin növbəti uğuru 2012-ci ilin iyun ayında Azərbaycan və Türkiyə arasında Trans-Anadolu qaz kəməri (TANAP) layihəsi üzrə Hökumətlərarası Saziş və Ev Sahibliyi haqqında Sazişin imzalanması olub. Azərbaycan qazının Avropaya çatdırılmasının daha bir marşrutunu müəyyənləşdirən TANAP layihəsi qitə ölkələrinin enerji maraqlarına cavab verir. Belə ki, Azərbaycan enerji ixracı kəmərlərinin, Avropa ölkələri isə enerji idxalı mənbələrinin şaxələndirilməsində maraqlıdır. Bu layihə ilə Azərbaycanın Avropanın ən yaxın və etibarlı enerji tərəfdaşı olması bir daha təsdiqini tapır. TANAP layihəsi əsasında Avropa üçün nəzərdə tutulan qaz Türkiyə-Bolqarıstan, yaxud Türkiyə-Yunanıstan sərhədi vasitəsilə Avropaya çıxarılacaq.

Göründüyü kimi, bu gün Avropa dövlətlərinin yanacaq təminatında həlledici rol oynayan Azərbaycan hər il zəngin neft və qaz ehtiyatlarının həcmini artırmaqla yeni ixrac marşrutlarının yaradılmasına imza atır. Respublikamızın enerji sahəsində diversifikasiya siyasəti dünya yanacaq bazarına yeni keyfiyyət dəyişiklikləri gətirir. Bu faktorlar, eyni zamanda, Azərbaycanın 100 ildən artıq müddətdə dünya bazarında böyük qaz tədarükçüsü kimi etibarlı təchizatçı olacağına dərin əsaslar yaradır. Ümumiyyətlə, Azərbaycan enerji ehtiyatlarının ixracını çoxşaxəli şəkildə və bütün ölkələrin təminatında həlledici rol oynaya biləcək sistem üzrə həyata keçirəcək. Ölkəmizin mövqeyi enerji təchizatının şaxələndirilməsi siyasətinin davam etdirilməsi ilə bağlıdır və indiyədək istifadəyə verilən çoxşaxəli boru kəmərləri də bunun təsdiqi sayıla bilər.

 

Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü əsasında həll edilməsini strateji prioritet kimi müəyyənləşdirmişdir

 

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən müstəqil xarici siyasət strategiyasının mühüm istiqamətlərindən birini də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına əsasən həll edilməsi vəzifəsi təşkil edir. Beynəlxalq münasibətlər sisteminin aktoru kimi çıxış edən bəzi imperialist güclərin geostrateji planları və bu planların fonunda Ermənistanın təcavüzkar siyasətinin nəticəsində ortaya çıxan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına əsasən həll edilməsi üçün ölkəmiz bütün resurslarından səmərəli surətdə istifadə etməkdədir. Bu barədə yazan “Ekovitrin” jurnalında qeyd edilir ki, Azərbaycan Prezidenti İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli, beynəlxalq hüquq normaları əsasında həllini qarşıda duran başlıca vəzifə hesab edir: “Onun həyata keçirdiyi fəal hücum diplomatiyası beynəlxalq aləmdə Ermənistanın işğalçı siyasətinin ifşa olunmasını sürətləndirir. Bütün regional layihələrdən təcrid olunmuş, iqtisadiyyatı çökən, əhalisi başqa ölkələrə üz tutan Ermənistan ilə müqayisədə Azərbaycan parlayan ulduza bənzəyir”.

Beləliklə, dövlətimizin başçısının rəhbərliyi ilə reallaşdırılan hücum diplomatiyasının fonunda Azərbaycan diplomatik cəbhədə əhəmiyyətli nailiyyətlər qazanıb, eləcə də, informasiya savaşında mühüm üstünlük əldə edib. Artıq münaqişənin həlli məsələsi mütəmadi qaydada beynəlxalq arenada gündəmə gətirilməkdə və bir sıra beynəlxalq toplantıların aktual müzakirə predmetlərindən birini təşkil etməkdədir. Müxtəlif zaman kəsiklərində Dağlıq Qarabağ münaqişəsinin həlli problemi istər BMT Baş Məclisinin geniş çərçivəli toplantılarında, istər digər beynəlxalq təşkilatların sessiyalarında, müxtəlif dövlətlərin qanunvericilik orqanlarında-parlamentlərində, istərsə də dövlətlərarası ikitərəfli və çoxtərəfli görüşlərdə ən yüksək səviyyə və formada gündəmə gətirilib. Təbii ki, bütün bunların əsasında dayanan fundamental amil Azərbaycan hakimiyyətinin uğurlu xarici siyasəti və yüksək diplomatik səriştəsidir. Ulu öndər Heydər Əliyevin təməlini qoyduğu praqmatik, rasional və realist xarici siyasi-strateji kursun bu gün Prezident İlham Əliyev tərəfindən müasir beynəlxalq münasibətlər sisteminin tələblərinə müvafiq qaydada uğurla davam etdirilməsi, sözsüz ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinin olduqca intensivləşməsinə səbəb olub. Artıq Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına əsasən həll edilməsinə dair bəyanatlar birmənalı şəkildə, bu və ya digər səviyyədə bütün dövlətlər tərəfindən mütəmadi olaraq səsləndirilməkdədir. Bir sözlə, bütün bunların fonunda Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına əsasən-Azərbaycan dövlətinin ərazi bütövlüyü çərçivəsində həll ediləcəyinə dair son dərəcə optimist fikirlər səsləndirilməkdədir. Bu isə belə bir proqnoz verməyə əsas verir ki, Azərbaycan Respublikasının həyata keçirdiyi hücum diplomatiyasının qanunauyğun nəticəsi kimi, ölkəmizin ərazi bütövlüyü mütləq surətdə bərpa ediləcəkdir. Əlbəttə ki, rasional, praqmatik və çoxvektorlu xarici siyasət kursu həyata keçirən Azərbaycan münaqişənin beynəlxalq hüquq normalarına əsasən həll olunması üçün özünün bütün resurslarından maksimum səviyyədə istifadə etməkdədir. Faktdır ki, Azərbaycan Respublikası Dağlıq Qarabağ münaqişəsinin həllini özünün xarici siyasət strategiyasının prioritet istiqaməti kimi müəyyənləşdirmişdir və bu yöndə hücumçu diplomatik siyasət kursu həyata keçirir. Başqa sözlə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına əsasən həll edilməsi Azərbaycan dövlətinin qarşısında duran ən öncül strateji vəzifələrdən biri və birincisidir. Onu da qeyd etmək lazımdır ki, Azərbaycan hələlik problemin həlli yönündə sülh danışıqlarına, diplomatik vasitələrə üstünlük verir. Bu isə ona dəlalət edir ki, xarici siyasi fəaliyyətində daim beynəlxalq hüquq normalarını əsas götürən ölkəmiz dinc vasitələri hələlik optimal və effektiv mexanizm kimi görməkdə davam edir. Amma bu, o demək deyil ki, danışıqlar prosesi istənilən nəticəni verməyəcəyi halda, Azərbaycan digər bir metoda, hərbi güc tətbiqinə baş vurmayacaq. Bu mübarizənin məntiqi və qanunauyğun sonluğa çatması - ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi üçün Azərbaycan dövləti hər bir vasitə və metoda baş vuracaq. Bu, ölkəmizin beynəlxalq hüquq normalarına əsasən təsbit olunmuş ali hüququdur. Silahlı müdafiə metodu və mexanizminə istinad da Azərbaycanın qarşısında duran hüquqi alternativdir. Ölkəmizin bu hüququ 1975-ci ildə qəbul edilmiş ATƏT-in Helsinki Yekun Aktında da beynəlxalq hüquq normaları və prinsipləri ilə tanınır və təsdiqlənir. Helsinki Yekun Aktında məsələyə məhz bu cür yanaşılır: “Ərazi bütövlüyü beynəlxalq hüququn başlıca norma və prinsiplərinin əsasını təşkil edir. Hər hansı bir dövlətə, onun ərazi bütövlüyünə qarşı xarici təcavüzkarlıq aktı baş verərsə, bu zaman təcavüzə məruz qalmış dövlət öz təhlükəsizliyini təmin etmək üçün silahlı qüvvələrdən istifadə edə bilər...”

 

Azərbaycan qlobal səciyyəli mərkəzə çevrilir

 

Bu da bir həqiqətdir ki, Azərbaycanın inkişafı onu siyasi, iqtisadi və mədəni cəhətdən nəinki regional, hətta qlobal mərkəzə çevirməkdədir. İlk növbədə, siyasi sahədə qazanılan nailiyyətlər Azərbaycanı beynəlxalq ictimaiyyətə daha yaxşı tanıtdırmaqla bərabər, dünyanın diqqətini respublikamıza yönəldə bilib. Bunun ən böyük təsdiqi, qeyd etdiyimiz kimi, 2011-ci ildə Azərbaycanın 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi olub. Bu, onun göstəricisidir ki, Azərbaycan dünya miqyasında böyük hörmətə malik olan bir dövlətdir. Ölkəmiz beynəlxalq birliyin müstəqil və tamhüquqlu subyekti kimi öz milli maraq və mənafelərini qarşılıqlı hörmət və ortaq faydalanma prinsipləri çərçivəsində həyata keçirir. Bu isə Azərbaycanın müstəqil inkişafını təmin etməklə yanaşı, öz gücünə inamını, eləcə də, ölkəmizə olan etimadı artırır. Azərbaycanın qlobal mərkəzə çevrilməsini göstərən ən bariz cəhətlərdən biri ölkədə çoxsaylı nüfuzlu beynəlxalq tədbirlərin keçirilməsidir. Ötən ildə keçirilən beynəlxalq tədbirlərdən Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (İCAPP) VII Baş Assambleyasını, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QİƏT) Parlament Məclisinin Baş Assambleyasının 40-cı plenar iclasını, QİƏT ölkələri qeyri-hökumət təşkilatlarının I forumunu, İqtisadi Əməkdaşlıq Təşkilatının XII sammitini, II Bakı Beynəlxalq Humanitar Forumu, İnternet İdarəçilik Forumunu və başqalarını qeyd etmək olar. Bu cür beynəlxalq tədbirlərdə dünyanın müxtəlif ölkələrindən olan yüzlərlə nüfuzlu siyasi xadim, ayrı-ayrı sahələr üzrə ekspertlər, həmçinin, mətbuat nümayəndələri bir araya gələrək müxtəlif məsələlər üzrə dialoq, fikir mübadiləsi aparır, qərarlar qəbul edirlər. Qeyd edək ki, Azərbaycan bu il də mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi ənənəsini davam etdirir. İCAPP-ın Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə yaradılan Qadın Qolunun Bakıda I iclasının və Dünya İqtisadi Forumunun Bakıda keçirilməsi bunu təsdiq edir. Bu, o deməkdir ki, Azərbaycan, xüsusən də, paytaxt Bakı qlobal problemlərin müzakirə olunduğu beynəlxalq əməkdaşlıq məkanına çevrilməkdədir.

Dünyanın nüfuzlu siyasi xadimlərinin, dövlət və hökumət başçılarının, iri şirkətlərin rəhbərlərinin qatıldığı Davos Forumunun Bakıda keçirilməsi Azərbaycanın iqtisadi mərkəzə çevrilməkdə olduğunu təsdiq edir. Bu hadisə Azərbaycanın qlobal iqtisadiyyatda artan rolunun beynəlxalq səviyyədə qəbul olunması deməkdir. Davos Forumuna ev sahibliyi etməklə, Bakı şəhəri regional və qlobal iqtisadi, siyasi məsələlərin ən yüksək səviyyələrdə müzakirə platformasına çevrilir. Ölkəmizin qlobal mədəniyyətlərarası dialoq mərkəzinə çevrilməsi təsadüfi xarakter daşımır. Çünki Avropa və Asiya qitələrini enerji layihələri və TRACECA çərçivəsində iqtisadi cəhətdən birləşdirmək imkanlarına sahib olan, beynəlxalq siyasi görüşlərin aparıldığı Azərbaycan tolerantlıq və multikulturalizm diyarı olaraq humanitar və mədəniyyət sahələrində də qlobal əməkdaşlıq üçün əlverişli məkandır.

Onu da qeyd edək ki, Azərbaycan təkcə siyasi, iqtisadi məsələlərdə deyil, humanitar, mədəni sahələrdə də yeni qlobal mərkəz rolunu oynayır. Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun və Humanitar Forumun keçirilməsi Azərbaycanın mədəniyyətlərin inteqrasiyasına verdiyi töhfələrdən xəbər verir. Bu tədbirlərin həyata keçirilməsində dövlət başçısının siyasətinə Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva da dəstək verir.

Azərbaycan bu gün dünyaya istər tolerantlıq, istərsə də iqtisadi inkişaf baxımından yeni model bəxş edib. Dünyada “sivilizasiyaların toqquşması” prosesinin cərəyan etdiyi, müxtəlif ölkələrdə cəmiyyətdaxili parçalanmalar nəticəsində dini, etnik zəmində konfliktlərin yaşandığı bir vaxtda Azərbaycan sabit və tolerant mühiti ilə diqqət çəkir. Azərbaycan mədəniyyətlərin inteqrasiyası və tolerantlıq təcrübəsinə malik olan bir ölkədir. Üstəlik, bir çox nüfuzlu beynəlxalq mədəniyyət və idman müsabiqələrinin, tədbirlərinin respublikamızda keçirilməsi də həm ölkəmizin inkişafından, həm də dünyaya açıq olmasından xəbər verir. Bütün bunlarla əlaqədar olaraq, ölkəmiz dünya sivilizasiyalarının qovuşmasının və multikulturalizmin nəzərə çarpan nümunəsi kimi dünyada tanınır.

Təsadüfi deyil ki, bu məqam sorğunun nəticələri barədə “Ekovitrin” jurnalında dərc olunan məqalədə xüsusi vurğulanıb. Yazıda qeyd olunur ki, müasir Azərbaycan sivilizasiyalararası dialoqun, qlobal siyasi, iqtisadi, mədəni problemlərin müzakirə olunduğu məkana çevrilib. Dünya İqtisadi Forumu, Krans Montana Forumu, Cənubi Qafqaz Forumu, “Eurovision” musiqi yarışması, Beynəlxalq Humanitar Forum, Mədəniyyətlərarası Dialoq Forumu, Dini Liderlərin Ümumdünya Sammiti və digər nüfuzlu tədbirlərə ev sahibliyi edən Bakı şəhəri artıq dünyanın qlobal səciyyəli mərkəzlərdən biri kimi qəbul olunur.

 

Prezident İlham Əliyev Azərbaycan xalqının alternativsiz lideridir

 

Beləliklə, Azərbaycandakı sosial, ictimai-siyasi mühiti öyrənən xarici qurumların gəldiyi ilk qənaət ondan ibarət olur ki, ölkədə tam sosial-siyasi sabitlik mövcuddur, əhali dövlətin siyasətindən razıdır və hazırkı dövlət başçısının cəmiyyətdə nüfuzu çox yüksəkdir. Məhz bu amil “10 ilin dövlət adamı” müəyyən edilməsində, demək olar ki, həlledici rola malik olub. “Ekovitrin” jurnalında dərc olunan yazıda bildirilir: “Azərbaycan xalqı Prezident İlham Əliyevin fəaliyyətini yüksək qiymətləndirir və onu dəstəkləyir. Növbəti dəfə Azərbaycan Prezidentliyinə namizədliyini irəli sürməyə hazırlaşan İlham Əliyevə rəqib ola biləcək şəxs yoxdur. Bu və digər səbəblər Prezident İlham Əliyevi “10 ilin dövlət adamı” elan etmək üçün tam əsas yaradır”.

Azərbaycanda müşahidə edilən inkişaf prosesinə, görülən işlərə nəzər saldıqda ölkə ictimaiyyətində dövlət başçımıza olan yüksək rəğbətin heç də təsadüfi olmadığı bir daha aydın görünür. Prezident İlham Əliyevin liderliyi dövründə Azərbaycan hər bir sahədə böyük inkişaf yolu qət edib. Təxminən, son 10 il müddətində bütün sahələrdə görülən işlər, qazanılan uğurlar onu göstərir ki, Azərbaycan doğru yolda irəliləyir, Azərbaycan xalqı düzgün seçim edib. Bu yol Ulu öndər Heydər Əliyevin yoludur. Ümummilli liderin əsasını qoyduğu inkişaf xətti Azərbaycan Respublikasının güclü dövlətə çevrilməsinə və əbədi mövcudluğuna, Azərbaycan xalqının rifahına, firavan yaşayışına və inkişafına görə dünya xalqları içərisində ön sıralarda dayanmasına hesablanıb. Ulu öndərin müəyyənləşdirdiyi yol aydındır və xalqımız bu yolun ölkəni hansı gələcəyə apardığını yaxşı bilir.

Məhz bu səbəbdəndir ki, Azərbaycan xalqı Ümummilli liderin yolunu davam etdirməyi qarşısına məqsəd qoyan cənab İlham Əliyevi özünün Prezidenti kimi gördü və zaman göstərdi ki, xalq öz seçimində yanılmayıb. Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan qarşıya qoyduğu bir çox məqsədlərinə nail olub. Prezident İlham Əliyevin ölkəni idarə etdiyi dövrdə, bir zamanlar yalnız xəyal kimi görünən nəhəng enerji layihələri, ölkənin hər yerində abadlaşma, müasirləşmə, Azərbaycanın dünyada tanınması və milli maraqlara xidmət edən çoxsaylı digər məqsədlər artıq gerçəkliyə çevrilib.

O da məlumdur ki, bu müddət ərzində Azərbaycanı yolundan döndərməyə, xalqı aldatmağa yönələn cəhdlər, ölkənin inkişafına yaradılan süni maneələr də olub. Lakin dövlət başçısının liderlik xüsusiyyətləri, siyasi iradəsi, möhkəm dövlət-xalq birliyi, vətəndaşların Prezidentin ətrafında sıx birləşməsi və ümumi gücün vahid məqsədə yönləndirilməsi sayəsində ölkəmiz bütün sınaqlardan uğurla çıxıb. Bu səbəbdəndir ki, Azərbaycan öz yolunda sürətlə irəliləyir və ölkənin nailiyyətlərinin miqyası daha da genişlənir. Bütün uğurlarla yanaşı, qarşıda hələ görüləcək işlərin də çox olması hazırkı daxili və xarici siyasət xəttinin davam etdirilməsinə zərurət yaradır.

Beləliklə, təsadüfi deyil ki, Azərbaycan xalqı cənab İlham Əliyevi 2013-cü ildən sonra da özünün Prezidenti kimi görür. Ölkənin 2020-ci il üçün müəyyənləşdirilən inkişaf konsepsiyasında qarşıya qoyulan məqsədlər və onların həyata keçirilməsi üçün hazırda mövcud olan möhkəm təməllər doğru seçimin nədən ibarət olmasına şübhə yeri qoymur. “Ekovitrin” jurnalının gəldiyi qənaət də təsdiq edir ki, Prezident İlham Əliyev builki prezident seçkilərində də alternativsiz namizəddir.

 

“Yeni Azərbaycan”ın Analitik Qrupu

 

 

Yeni Azərbaycan.- 2013.- 18 may.- S.4-5.