Novruz Məmmədov: Nalbandyan dünya ictimaiyyətini aldatmağa çalışır

 

 Ermənistan KİV-ləri öz yerli mənbələrinə istinadən belə bir məlumat yaydılar ki, Ermənistanın XİN rəhbəri Edvard Nalbandyan “əgər həmsədrlər Azərbaycanı da eyni addımı atmaq üçün yola gətirə bilsələr”, Minsk qrupu tərəfindən Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün təklif edilən 6 əsas prinsipi Ermənistanın imzalamağa hazır olduğunu bəyan edib. Siz bu məsələ ilə bağlı nə deyə bilərsiniz?

- Hələlik bu məsələ ilə bağlı konkret olaraq nə isə demək çətindir. Lakin mənə elə gəlir ki, bu, Ermənistanın tez-tez əl atdığı növbəti hiylələrdən biridir. Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşünün baş tutacağı ərəfədə belə bir bəyanatın səsləndirilməsinin arxasında nə dayana bilər? Həm də ki, soruşmaq lazımdır ki, məhz hansı prinsiplərdən söhbət gedir? Məhz hansı 6 prinsip Nalbandyan üçün bu qədər vacibdir? O, axı hər zaman bu barədə yalnız susmağa üstünlük verir. Digər tərəfdən, həmsədrlər bu məsələ ilə məşğuldurlar. Onlar danışıqlar prosesində birbaşa iştirak edirlər, fikir mübadilələri aparırlar. Əgər ermənilərin bu məsələ ilə bağlı hər hansı konkret mövqeləri varsa, onda yaxşı olardı ki, onlar bunu danışıqlardan sonra bəyan etsinlər. İndi ermənilərin əsas məqsədi dezinformasiya və yalan məlumatlar yaymaq yolu ilə dünya ictimaiyyətini, beynəlxalq təşkilatları aldatmaqdan ibarətdir və bununla da Ermənistanın münaqişənin tərəfi kimi konstruktiv mövqe nümayiş etdirdiyinə inam yaratmaqdır. Onlar hər zaman belə fəndlərdən istifadə edirlər. Düşünürəm ki, məhz buna görə də, XİN rəhbərlərinin görüşünün təşkil ediləcəyi bir ərəfədə belə bir bəyanat səsləndi ki, Ermənistan tərəfi guya 6 əsas prinsipi qəbul etməyə hazırdır və guya həmsədrlər Azərbaycan tərəfini razı sala bilsələr, münaqişəni nizamlamaq mümkün olacaq. Bir daha soruşuram, bunlar hansı prinsiplərdir? Bəlkə ermənilər istəyirlər ki, biz onlar tərəfindən davam etdirilən təcavüzkarlığa göz yumaq, onlara Dağlıq Qarabağın müstəqilliyi məsələsində güzəştə gedək, yaxud da digər işğal edilmiş rayonların işğalda saxlanması şərti ilə Laçın və Kəlbəcəri dəhlizə çevirək?! Yaxud da biz onlara icazə verməliyik ki, ölkədə 1 milyondan artıq qaçqın və məcburi köçkünümüz ola-ola ermənilər bizim ölkə ilə əməkdaşlıq qurmağa başlasınlar, Ermənistan da, xalqı da günə çıxsın? Yaxud da belə şərtlər daxilində biz razı olmalıyıq ki, Türkiyə ilə Ermənistan sərhədi açılsın, Rusiya ilə dəmiryolu xətti yenidən fəaliyyətə başlasın? Təkrar edirəm, bu erməni siyasətçilərinin çoxdan bəri adət etdikləri ənənəvi davranışlardan biridir- danışıqlar demək olar ki, 20 ildir ki, davam edironlar qəsdən hər dəfə belə hiyləgərliklərə əl ataraq, Azərbaycan tərəfinin guya necə qeyri-konstruktiv olduğunu nümayiş etdirməyə çalışırlar. Ancaq bütün dünyaya məlumdur ki, Azərbaycanın torpaqları işğal olunub və 20 ildən artıqdır ki, Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. Dağlıq Qarabağın işğal olunmasından əlavə, Ermənistan heç bir ərazi iddiası olmaya-olmaya Dağlıq Qarabağa bitişik olan 7 rayonu da 20 ildən artıqdır ki, işğal altında saxlamaqda davam edir. Mən erməni xalqının faciəsini onda görürəm ki, bu xalq artıq iki yüz ildir ki, öz avantürist rəhbərliyinin təxəyyülünün və iddialarla dolu mülahizələrinin əsirliyində yaşayır. Lakin Ermənistan rəhbərliyi başa düşməlidir ki, belə üsullarla o hakimiyyətdə çox qala bilməyəcək. Gün gələcək, Ermənistan xalqı bu fitnə-fəsadlara son qoymağı onlardan tələb edəcək.

- Ümumiyyətlə, ATƏT-in Minsk qrupunun fəaliyyətini necə qiymətləndirirsiniz?

- Həmsədrlərin fəaliyyəti bizi tamamilə qane etməsə də, biz hələ ki başqa, daha uyğun format tapa bilməmişik. Bundan əlavə, əlbəttə, biz istəyirik ki, dünyanın üç aparıcı dövlətini təmsil edən həmsədrlər dünyada baş verən prosesləri dəqiq təhlil edərək, ədalətli mövqe tutsunlar. Beynəlxalq hüquq, onun normaları və prinsiplərini öz missiyalarının əsası kimi götürsünlər. Bu halda, münaqişənin həllinə daha tez nail olmaq olar. Ancaq təəssüf ki, danışıqlar prosesi çərçivəsində olan müxtəlif görüşlər zamanı və onlardan sonra, həmsədrlərin beynəlxalq hüququn prinsiplərini unutduğu barədə təəssürat yaranır.

- Necə hesab edirsiniz, Ermənistanda keçirilən prezident seçkilərindən sonra rəsmi İrəvanın Dağlıq Qarabağ məsələsinin həll olunması ilə bağlı mövqeyində hansısa dəyişikliklərdən danışmaq olarmı?

- Dünya ictimaiyyəti Ermənistana qarşı bu ölkənin daimi dəstəklənməsi ilə özünü göstərən qəribə mövqe nümayiş etdirir. Ermənistanda keçirilən prezident seçkilərinə gəlincə isə, ölkənin Mərkəzi Seçki Komissiyasının (MSK) təqdim etdiyi siyahıya görə, 2,5 milyon seçicidən yalnız 1,5 milyonu seçkilərdə səsvermə hüququndan istifadə edib. Heç kim buna diqqət ayırmadı - nə beynəlxalq təşkilatlar, nə Amerika, nə də Avropa QHT-ləri. Ancaq belə bir şey Azərbaycanda olsaydı, onların hamısı əsl qalmaqal qaldırardılar. Bundan əlavə, bəzi beynəlxalq müşahidəçilər seçkilərin demokratik şəraitdə keçirildiyi barədə bəyanatlar səsləndirdilər. Bununla yanaşı, prezidentliyə namizədlərdən biri Paruyr Ayrikyanın həyatına sui-qəsd edilməsi ilə bunun əksi sübut olunur, ancaq onlar bu barədə də susurlar. Ola bilər ki, Ermənistanın danışıqlar prosesində qeyri-konstruktiv mövqeyinin səbəblərindən biri də elə bu cür münasibətdir. Əlbəttə, əgər indi, seçkilərdən sonra onlar ağıllarını başlarına toplaya və danışıqlar prosesindəki hazırkı vəziyyəti təhlil edə bilsələr, başa düşəcəklər ki, Azərbaycan ölkədə seçkilərin keçirilməsindən asılı olmayaraq, münaqişənin sülh yolu ilə həll olunmasında qəti addımlar atmağa hazırdır. Ancaq Ermənistan tərəfi bunu etmək niyyətində deyil. Öz havadarlarının dəstəyindən istifadə edərək, Ermənistan sülh prosesini ləngitməyə can atır. Bu isə öz növbəsində, bu ölkənin rəhbərlərinin heç də yüksək olmayan intellektual potensialından xəbər verir. Onların əsas eybi də elə budur. Onlar elə bil başa düşmürlər ki, bizim xalqları hər bir halda bu regionda qonşuluqda yaşamaq gözləyir, bu səbəbdən də ədalətsizliyə görə tez ya gec cavab vermək lazım olacaq. Bu qaçılmazdır.

 

 

 Yeni Azərbaycan.- 2013.- 18 may.- S.3.