Şərqdə ilk demokratik cümhuriyyətin yaranmasından 95 il ötür
Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin elan olunmasından 95 il ötür. Azərbaycan tarixinin şanlı səhifələrindən olan, xalqımızın azadlıq mücadiləsinin məntiqi nəticəsi sayılan, müasir dövlətçilik tariximizdə önəmli yerə malik olan Azərbaycan Xalq Cümhuriyyəti özünün demokratik islahatları ilə müsləman şərqinin mayakına çevrildi. 1918-ci il mayın 28-də elan edilən Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşamasına baxmayaraq, böyük bir coğrafiyanın siyasi həyatında mühüm dəyişikliklərə təkan verdi.
Bu gün,
Cümhuriyyətin elanından 95 il ötməsinə
baxmayaraq, hər bir azərbaycanlı
bu şanlı tarix ilə
qürur duyur. XX əsrin sonunda yenidən
azadlığa qovuşan Azərbaycan
dövləti Ulu öndər Heydər Əliyevin
böyük siyasi
dühası, dəmir iradəsi və dünyamiqyaslı
şöhrəti sayəsində Azərbaycan Xalq
Cümhuriyyətinin taleyini yaşamaqdan, yəni, qısa zamanda
müstəqilliyini itirməkdən xilas oldu. Ulu öndər
Heydər Əliyev həmin dövrdə kövrək müstəqilliyimizi
qorudu və müasir,
güclü, böyük
bir regionda lider dövlətə çevrilən Azərbaycanın
təməlini qoydu. Bununla
belə, Ulu öndər Heydər Əliyev
bildirdi ki, müasir Azərbaycan dövləti məhz
1918-ci ildə yaranmış Azərbaycan Xalq
Cümhuriyyətinin varisidir. Bu nöqteyi-nəzərdən müasir
Azərbaycanın hər bir uğuru tariximizin parlaq səhifəsinə çevrilmiş
Azərbaycan Xalq Cümhuriyyətini
özündə yaşadır və inkişaf
etdirir...
* * *
Ötən əsrin ilk 20 ili bir sıra xalqların həyatında mühüm hadisələrlə yadda qaldığı kimi, Azərbaycan xalqının da tarixində silinməz izlər qoydu. Bu, o dövr idi ki, çar Rusiyasının dağılmasının ardından “xalqlar həbsxanası” sayılan böyük bir imperiyanın təsirində olan millətlər öz müstəqillikləri uğrunda mübarizəyə qalxır, istiqlaliyyətlərini bəyan edirdilər.
Həm qədim dövlətçilik ənənələrinə, həm də ən müasir idarəçilik mədəniyyətinə yiyələndiyi üçün müstəqil dövlət halında yaşamağa hazır Azərbaycanda da istiqlaliyyətin elan olunması istiqamətində fəaliyyətə başlanıldı. Azərbaycan Xalq Cümhuriyyəti xadimlərinin demokratik dövlət yaratmaq ideyaları onların hələ Rusiya Dövlət Dumalarında fəaliyyət göstərdikləri dövrdə formalaşmışdı. Buna görə də, Azərbaycan Xalq Cümhuriyyətinin parlamentli respublika kimi formalaşması tarixi reallıqdan doğurdu.
1917-ci ilin oktyabrında çar Rusiyasında baş verən hakimiyyət çevrilişi nəticəsində Cənubi Qafqazdan Rusiyanın Müəssislər Məclisinə seçilən deputatlar Petroqrada və Moskvaya gedə bilmədilər. Onlar 1918-ci il fevralın 14-də Tiflisdə Zaqafqaziyanın ali hakimiyyət orqanı olan Zaqafqaziya Seymini, başqa sözlə, Zaqafqaziya Parlamentini yaratdılar. Zaqafqaziya Seymində Müsəlman Fraksiyasını Müəssislər Məclisinə seçkilər zamanı Azərbaycanın, habelə, bütün Cənubi Qafqazın türk-müsəlman seçicisinin səsini qazanmış 44 deputat təmsil edirdi. Zaqafqaziya Seyminin Müsəlman Fraksiyası, faktiki olaraq, Zaqafqaziya Müsəlman Şurası, daha doğrusu, Zaqafqaziya Müsəlman Parlamenti funksiyasını yerinə yetirirdi. Zaqafqaziya Seyminin ən fəal üzvləri olan Azərbaycan nümayəndələri 1918-ci il aprelin 9-da Zaqafqaziya Seyminin-Zaqafqaziyanın müstəqilliyini elan etdi və Birləşmiş Zaqafqaziya Cümhuriyyəti yaradıldı. Bununla belə, istər daxili, istərsə də xarici siyasət sahəsində kəskin milli mənafe ziddiyyətlərinin ortaya çıxması Zaqafqaziya Seymini dağıtdı və mayın 25-də gürcü nümayəndələr, mayın 27-də Seymin Müsəlman Fraksiyası Seymdən ayrıldıqlarını elan etdilər. Zaqafqaziya Müsəlman Şurasının ayrıca iclasında isə Azərbaycanın müstəqilliyinin elan edilməsinə qərar verildi. 1918-ci il mayın 27-də keçirilən həmin iclasda Azərbaycan Milli Şurasının Rəyasət Heyəti və sədri seçildi. Məmməd Əmin Rəsulzadə Milli Şuranın sədri oldu. Mayın 28-də Həsən bəy Ağayevin sədrliyi ilə Azərbaycan Milli Şurasının tarixi iclası keçirildi. Həmin iclasda iştirak edən Həsən bəy Ağayev (sədr), Mustafa Mahmudov (katib), Fətəli xan Xoyski, Xəlil bəy Xasməmmədov, Nəsib bəy Yusifbəyli, Mir Hidayət Seyidov, Nəriman bəy Nərimanbəyov, Heybət Qulu Məmmədbəyov, Mehdi bəy Hacınski, Əli Əskər bəy Mahmudbəyov, Aslan bəy Qardaşov, Sultan Məcid Qənizadə, Əkbər Ağa Şeyxülislamov, Mehdi bəy Hacıbababəyov, Məmməd Yusif Cəfərov, Xudadat bəy Məlik-Aslanov, Rəhim bəy Vəkilov, Həmid bəy Şahtaxtinski, Firidun bəy Köçərlinski, Camo bəy Hacınski, Şəfi bəy Rüstəmbəyov, Xosrov Paşa bəy Sultanov, Cəfər Axundov, Məhəmməd Məhərrəmov, Cavad Məlik-Yeqanov və Hacı Molla Səlim Axundzadə Azərbaycanın İSTİQLAL BƏYANNAMƏSİNİ qəbul etdilər.
İstiqlal Bəyannaməsi bütün türk-müsəlman dünyasında, ümumiyyətlə, bütün Şərqdə, ilk dəfə olaraq, Azərbaycanda demokratik respublika idarə üsulunun-parlamentli respublikanın yaradılmasını özündə əks etdirirdi. Azərbaycan Milli Şurasının İstiqlal Bəyannaməsində göstərilirdi ki, artıq Azərbaycan xalqı hakimiyyətə malik olduğu kimi, Cənub-Şərqi Zaqafqaziyanı əhatə edən Azərbaycan da tamhüquqlu müstəqil bir dövlətdir. Müstəqil Azərbaycan dövlətinin idarə forması isə Xalq Cümhuriyyətidir. Azərbaycan Xalq Cümhuriyyəti bütün millətlərlə, xüsusilə, qonşu olduğu millətlər və dövlətlərlə mehriban münasibətlər yaratmaq əzmindədir: “Azərbaycan Xalq Cümhuriyyəti milliyyətindən, məzhəbindən, sinfindən, silkindən və cinsindən asılı olmayaraq, öz sərhədləri daxilində yaşayan bütün vətəndaşlarına siyasi hüquqlar və vətəndaşlıq hüququ təmin edir. Azərbaycan Xalq Cümhuriyyəti öz ərazisi daxilində yaşayan bütün millətlərin sərbəst inkişafı üçün geniş imkanlar yaradır. Müəssislər Məclisi toplanıncaya qədər Azərbaycanın başında xalqın seçdiyi Milli Şura və Milli Şura qarşısında məsuliyyət daşıyan Müvəqqəti hökumət durur”.
Azərbaycan Milli Şurası həmin iclasında, eyni zamanda, bitərəf Fətəli xan Xoyskinin başçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin ilk Müvəqqəti Hökumətinin tərkibini də təsdiq etdi.
23 ay yaşamasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti böyük dövlətçilik tarixinə malik Azərbaycanın həyatında mühüm rol oynadı. 1918-ci ilin 28 Mayında Şərqin ilk demokratik respublikası yaradıldı, Türk dünyasında ilk dünyəvi dövlət kimi tarixə düşdü. Cəmi 23 ay yaşayan cümhuriyyət dövlət quruculuğu sahəsində mühüm qərarları ilə də yadda qaldı. 1918-ci il iyunun 26-da Milli Ordunun yaranması, 27-də isə Azərbaycanın tarixində ilk dəfə olaraq, Azərbaycan dilinin dövlət dili elan edilməsi milli tariximizin qızıl səhifələrindəndir. 1918-ci il noyabrın 9-da Azərbaycanın indiki üçrəngli dövlət bayrağı qəbul edildi. Eyni zamanda, Azərbaycan vətəndaşları haqqında qanun da qəbul olundu.
Azərbaycan Xalq Cümhuriyyəti həm də xalqımızı dünyaya tanıtmaqla, mühüm bir tarixi missiyanı yerinə yetirmiş oldu. Bu mənada yürüdülən xarici siyasətin ən önəmli uğurlarından biri kimi Versal Ali Şurası tərəfindən 1920-ci ilin yanvarında Azərbaycanın de-fakto müstəqil dövlət kimi tanınmasına nail olunması xüsusi qeyd edilməlidir. Artıq 1919-cu ilin sonlarında Azərbaycan Xalq Cümhuriyyəti 20-dən artıq ölkə ilə diplomatik əlaqələr yaratmışdı.
Amma təəssüf ki, bu işlər hamısı yarımçıq qaldı və zəngin yeraltı, yerüstü sərvətlərə malik Odlar Diyarı daha bir işğal faktı ilə üzləşdi. Azərbaycan Xalq Cümhuriyyəti Sovet Rusiyasının hərbi təcavüzü nəticəsində 1920-ci il aprelin 28-də süqut etdi.
Tarix hər zaman ədalətin gec də olsa bərpa olunması ilə təkrarlanıb. XX əsrin əvvəlində böyük işlər görməyi qarşısına məqsəd qoyan Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan 71 il sonra xalqımız bir daha müstəqillik əldə etdi. Bəzən tarix təkrar olunur deyirlər və 1993-ci ildə də tarixin təkrar olunmaması, müstəqilliyin əldən getməməsi üçün xalqımız Ümummilli liderimiz Heydər Əliyevi Azərbaycan siyasi hakimiyyətinə dəvət etdi. Azərbaycan dövlətçiliyini, milli maraqlarımızı hər şeydən üstün tutan, böyük siyasi xadim, xalqımızın Ümummilli lideri Heydər Əliyev hər zaman Azərbaycan Xalq Cümhuriyyətinin ölkəmizin müstəqillik tarixində mühüm yerə malik olduğunu bildirirdi. Azərbaycan Xalq Cümhuriyyətinin 85 illiyi münasibətilə xalqa müraciət edən Ulu öndər Şərqdə ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətini Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini üzvi şəkildə birləşdirən yeni dövlət və cəmiyyət nümunəsi kimi xarakterizə edirdi: “Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, ilk respublika dövründə həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdi. Gördüyü bir sıra məqsədyönlü işlər Xalq Cümhuriyyəti Hökumətinin yürütdüyü siyasətin miqyasını, mahiyyət və mənasını əyani şəkildə səciyyələndirir”.
Azərbaycan Xalq Cümhuriyyətinə, onun yaradıcılarına hörmət bu gün də davam edir. 2007-ci ildə Bakıda “İstiqlaliyyət Bəyannaməsi” abidəsinin açılışı oldu. Açılış mərasimində iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev 1918-ci il mayın 28-də Tiflisdə elan edilən Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasını dünya miqyasında tarixi hadisə adlandırdı.
Azərbaycan Xalq Cümhuriyyətinin taleyi bir daha sübut etdi ki, müstəqilliyi əldə etməklə, onu qoruyub saxlamaq eyni dərəcədə vacib məsələdir. Bu mənada Ümummilli liderimiz Heydər Əliyev 1993-cü ildə həm də xalqımızın milli müstəqilliyinin xilaskarıdır. 1993-cü ildə də 1920-ci ildə baş verənlərin təkrarlanmaması, milli dövlətçiliyimizin süquta uğramaması, xilası birbaşa Ulu öndərimizin adı ilə bağlıdır. Bu gün Azərbaycanın inkişafını özündə ehtiva edən siyasi kursu uğurlu davam və inkişaf etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müstəqilliyin əldə edilməsi ilə yanaşı qorunub saxlanmasının da mühüm bir vəzifə olduğunu hər zaman önə çəkib: “Azərbaycan Xalq Cümhuriyyətinin qısa tarixi bir daha onu göstərir ki, hər hansı bir qələbəni, nailiyyəti əldə etməkdən daha çətin, daha məsuliyyətli vəzifə onu qoruyub saxlamaqdır. Müstəqilliyi də əldə etmək onu qoruyub saxlamaqdan daha da asan məsələ idi. Azərbaycanın müasir tarixi onu bir daha göstərdi. Azərbaycan xalqının müdrikliyi sayəsində Ulu öndər Heydər Əliyevin rəhbərliyə gəlməsi nəticəsində Azərbaycan bu bəlalardan qurtuldu və 1993-cü ildən başlayaraq öz inkişaf dövrünü yaşayır”.
Pərviz SADAYOĞLU
Yeni Azərbaycan.-
2013.- 22 may.- S.4.