Azərbaycan Xalq
Cümhuriyyətinin yaranması ilə xalqımızın
müstəqillik arzuları gerçəkləşmişdir
1918-ci il may ayının 28-də Türk dünyasında və müsəlman Şərqində ilk demokratik respublika yaranmışdır
1918-ci il may ayının 28-də Türk dünyasında və müsəlman Şərqində ilk dəfə olaraq demokratik respublika - Azərbaycan Xalq Cümhuriyyəti yarandı.
1918-ci il may ayının 28-də Tiflisdə qəbul edilmiş və imzalanmış İstiqlal Bəyannaməsində Azərbaycan xalqının səlahiyyətli nümayəndələrinin müvəqqəti Milli Şurası tərəfindən bəyan edilirdi:
1. Bu gündən etibarən Azərbaycan xalqı hakimiyyətə malik olduğu kimi, Cənub-şərqi Zaqafqaziyanı əhatə edən Azərbaycan da tamhüquqlu müstəqil bir dövlətdir.
2. Müstəqil Azərbaycan dövlətinin idarə forması Xalq Cümhuriyyətidir.
3. Azərbaycan Xalq Cümhuriyyəti bütün millətlərlə, xüsusilə qonşu olduğu millətlər və dövlətlərlə mehriban münasibətlər yaratmaq əzmindədir.
4. Azərbaycan Xalq Cümhuriyyəti milliyyətindən, dinindən, sinfindən, silkindən və cinsindən asılı olmayaraq öz sərhədləri daxilində yaşayan bütün vətəndaşlarının hüquqlarının təminatçısıdır.
5. Azərbaycan Xalq Cümhuriyyəti öz ərazisi daxilində yaşayan bütün millətlərin sərbəst inkişafı üçün geniş imkanlar yaradır.
6. Müəssislər Məclisi toplanıncaya qədər Azərbaycanın başında xalqın seçdiyi Milli Şura və Milli Şura qarşısında məsuliyyət daşıyan Müvəqqəti hökumət durur.
Beləliklə, Xalq Cümhuriyyəti müasir dövlətçiliyin təməlini qoymaqla Azərbaycan tarixində yeni səhifə açdı. Heç də təsadüfi deyil ki, müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli lideri Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin 23 ay yaşamasına baxmayaraq, gördüyü işləri daim yüksək qiymətləndirmiş, onun qurucularını həmişə hörmətlə yad etmişdir. Ulu öndər Heydər Əliyev 27 may 1998-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin 80 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə demişdi: “Xalqımızın böyük insanları 1918-ci il may ayının 28-də Tiflisdə Azərbaycanın İstiqlal Bəyannaməsini elan edərək respublikamızın müstəqilliyinin əsasını qoydular. Azərbaycan Xalq Cümhuriyyətini yaratdılar. Məlumdur ki, o vaxt əvvəlcə Milli Şura yaranmışdı və Milli Şuranın qərarı ilə də İstiqlal Bəyannaməsi elan edilmişdi. Beləliklə, XX əsrin əvvəlində Azərbaycanda xalqımız milli azadlığını bəyan etdi, öz milli dövlətini yaratmağa başladı.
Azərbaycan Xalq Cümhuriyyətinin yaranması bizim vaxtilə itirilmiş dövlətçiliyimizi bərpa etdi. Eyni zamanda, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması xalqımızın tarixində ilk dəfə demokratik prinsiplər əsasında müstəqil Azərbaycan dövlətinin, hökumətinin yaranmasının əsasını qoydu”.
Ulu öndərin siyasi kursunun layiqli davamçısı, Prezident İlham Əliyev də Xalq Cümhuriyyətinin yaradılmasını xalqımızın tarixində mühüm əhəmiyyət kəsb edən hadisə adlandıraraq, xalqımızın və dövlətimizin AXC-nin qurucularının xatirəsinə böyük hörmət göstərdiyini bəyan etmişdir. 25 may 2012-ci ildə 28 May - Respublika Günü münasibətilə rəsmi qəbulda Prezident İlham Əliyev bunları bildirmişdir: “Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tarixi hadisə idi. Xalqımız üçün tarixi hadisə idi. Ona görə ki, Azərbaycan xalqı əsrlər boyu arzuladığı müstəqilliyə qovuşurdu. İslam dünyası üçün də tarixi hadisə idi, ona görə ki, ilk dəfə olaraq müsəlman Şərqində demokratik respublika yaranırdı.
Azərbaycan xalqı və dövləti Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının xatirəsinə böyük hörmətlə yanaşır. Bakının mərkəzində İstiqlal Bəyannaməsini imzalayan şəxslərin şərəfinə abidə ucaldılmışdır. Bugünkü müstəqil Azərbaycan Azərbaycan Xalq Cümhuriyyətinin varisidir.
Əfsuslar olsun ki, müstəqilliyimiz çox
qısamüddətli oldu. İki ildən
sonra Azərbaycan Demokratik Respublikası süqut etdi.
Ancaq bu iki il ərzində böyük işlər görüldü. Dövlət atributları qəbul edildi. Dövlət bayrağımız təsdiq edildi. Dahi bəstəkarımız Üzeyir
Hacıbəylinin əsəri
olan Azərbaycan dövlət himni qəbul olundu. Digər istiqamətlərdə müsbət
işlər görülmüşdür.
Dövlət strukturları yaradılmışdır.
Bir sözlə, ölkəyə
xas olan bütün atributlar mövcud idi.
Ancaq əfsuslar
olsun ki, müəyyən obyektiv və subyektiv səbəblər üzündən
müstəqillik uzunmüddətli
olmadı”.
Azərbaycan Xalq Cümhuriyyəti sadəcə 23 ay mövcud
olsa da, bu qısa zamanda
çox böyük işlər görmüş,
xalqımızın demokratik
dəyərlər uğrunda
mübarizəsində unudulmaz
salnamə yaratmışdır. Cümhuriyyət hökumətinin fəaliyyətinin
mərkəzində isə
respublikanın beynəlxalq
aləmdə tanınması
məsələsi dayanırdı.
Gənc dövlətin rəhbərləri
Paris sülh konfransında
fəal iştirak edərək, bu istiqamətdə uğurlu
işlərə imza atmışdır.
Eyni zamanda, gərgin və mürəkkəb daxili və xarici ictimai-siyasi şərait fonunda ölkəni ağır böhrandan xilas etmək kimi ağır bir məsuliyyət də Xalq Cümhuriyyəti
hökumətinin üzərinə
düşürdü. Bu problem ADR-in
siyasi məkanını
prinsipial mübarizə
və qızğın
ideoloji diskussiyalar meydanına çevirdi.
Buna baxmayaraq, ADR-in fəaliyyətinin qısa
müddətində dövlət
tərəfindən həyata
keçirilən tədbirlər
Azərbaycan xalqının
tarixində dərin iz qoymuş və respublikamızın
gələcək müstəqilliyi
üçün möhkəm
əsas yaratmışdır.
ADR parlamentli respublikanın
klassik modelinə uyğun siyasi plüralizm və çoxpartiyalılıq zəminində
idarə olunurdu. Parlament ölkənin
bütün dövlət-hüquqi
qurumlarının funksiyalarını
və fəaliyyətini
müəyyən edirdi.
Hökumət parlament tərəfindən
formalaşdırılırdı və onun qarşısında
məsuliyyət daşıyırdı.
ADR-də hakimiyyətin
bölünmə prinsipi
qanunvericiliklə təsdiqlənirdi.
Belə ki, Azərbaycan parlamentinin ilk qərarlarından
biri parlament üzvlərinin icra strukturlarında vəzifə
tutmağı qadağan
edən qanun idi. Vəzifələrin belə birləşdirilməsi
yalnız nazirlərə
icazə verilirdi.
Demokratiya, dövlət quruculuğu,
iqtisadiyyat, mədəniyyət,
təhsil, hərbi sahələrdə atılmış
addımlar Azərbaycan
Xalq Cümhuriyyətinin
23 aylıq fəaliyyətini
əks etdirən əsas istiqamətlərdir.
Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay fəaliyyətdə
oldu. 1920-ci il aprel ayının 28-də
bolşeviklərin XI Qırmızı
Ordusu Bakını işğal etdi və respublika süqut etdi. “Qısa mərhələ
olmasına baxmayaraq, bir çox islahatları yerinə yetirmək mümkün oldu. Onlar müasir müstəqil Azərbaycanın inkişafının
təməlini qoydular”,
- Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev Madrid klubu və Nizami Gəncəvi Beynəlxalq
Mərkəzinin birgə
təşkil etdiyi I Cənubi Qafqaz Forumundakı nitqində demişdir (Bakı, 07 may
2013-cü il).
ADR-in əsas irsi
hüquqi dövlət
quruculuğunun demokratik
əsasları, əbədi
nailiyyəti isə xalqımızın gələcək
tarixi taleyini müəyyən etmiş
ideyadır. Bu, xalqın
özünün əbədi
dövlətçilik hüququ
kimi ADR-də gerçəkləşdirilmiş və Sovet Azərbaycanına
irsən keçmiş
əsas Azərbaycan ideyası idi.
Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları ölkəmizin
Azərbaycan adını
hüquqi sənədlərdə
bərpa edib təsdiqlədilər. Həmçinin, İmperiyanın sırıdığı
“Zaqafqaziya tatarları”
əvəzinə Azərbaycan
xalqının əsl
adı - türklər,
azərbaycan türkləri
adı bərpa edilmişdi. Bu istiqamət, “azərbaycanlılar”
etnoniminə daxil olaraq, Sovet Azərbaycanında
davam etdirilmişdi.
Azərbaycan Sovet Sosialist Respublikasının dövlət
suverenliyi bir çox hallarda formal şəkil daşıyırdı. Buna baxmayaraq,
siyasi, idarəçilik,
təşkilati funksiyalar
kompleksini yerinə yetirən Sovet Azərbaycanının rəhbərliyi
SSRİ-nin tərkibində
milli kvazi-dövlət
qismində ölkə
əhalisinin etnomədəni,
etnososial, ictimai-siyasi tələbatlarını, həmçinin,
millətin həyatında
birləşmə proseslərini
təmin edirdi. Beləliklə, dövlət yaradan
millət kimi Azərbaycan xalqının
ictimai inkişafına
yönələn ADR-in strateji
xətti davam etdirildi (aydındır ki, sovet ideologiyası
əsasında). Lakin
XX əsrdə Sovet təbliğatçıları Azərbaycan millətinin inkişafının əsas
nəticəsinə mane ola bilmədilər. Bu nəticə öz
taleyinin sahibi və beynəlxalq əlaqə və münasibətlərin subyekti,
dünya birliyinin suveren üzvü, azad, suveren dövlət
kimi Azərbaycan Respublikasının müasir
statusundadır.
Şəfəq Əhmədova,
Azərbaycan Respublikasının Prezidenti
yanında Dövlət
İdarəçilik Akademiyasının
doktorantı, YAP Gənclər
Birliyi Ofisinin koordinatoru
Yeni Azərbaycan.- 2013.- 30 may.- S.8.